Məhkəmə qərarları › İş №2-1(112)-3339/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3339/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3339/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X49 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X14 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 3 saylı evin 7 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-X4 əsl cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əvəz edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 3 saylı evin 7 saylı mənzilin əsas kirayəçisi mərhum atası Qasımov Böyük-Kişi İbrahim oğlu olmuşdur. Atasının ölməsi ilə əlaqədar olaraq, həmin mənzilə dair verilmiş 262 saylı, 26 may 1956-cı il tarixli orderdə göstərilən şəxslərdən yeganə sağ qalan şəxs odur və hazırda həmin mənzilin yeganə istifadəçisi olmaqla orada yalnız o, yaşayır. Hazırda tərəfindən ərizə ilə cavabdehə müraciət edilərək, həmin mənzilə dair verilmiş 262 saylı, 26 may 1965-cı il tarixli orderdə göstərilən şəxslərdən sağ qalan şəxs yalnız özünün olmasının nəzərə alınaraq, həmin mənzilin onun adına keçirilərək, şəxsi hesab açaraq onunla müqavilə bağlanmasını xahiş etmişdir. Lakin, müraciətinə cavab olaraq 02.12.2020-ci il tarixli məktubla bildirilmişdir ki, yaşadığı mənzilin onun adına sənədləşməsi ilə əlaqədar Birliyə ünvanladığı müraciətə baxılaraq araşdırılmış və araşdırma zamanı məlum olmuşdur ki, adı orderdə olmasına baxmayaraq, o, göstərilən ünvanda pasport qydiyyatında olmamışdır. Daha sonra müxtəlif səbəblərdən mənzilin əvvəlki kirayəçiləri qeyd olunan ünvanda pasport qeydiyyatından çıxarılmışdır (ölüm və ya başqa səbəblərdən). Bir müddət sonra qeydiyyata və heç bir kirayəçisi olmayan mənzilə balans saxlayan idarənin razılığı olmadan pasport qeydiyyatına düşmüşdür. Odur ki, dövlət mənzil fonduna aid olan mənzilə pasport qeydiyyatına düşməsinə əsas olan amillər tərəfindən araşdırılacaq, zərurət yarandığı təqdirdə, pozulmuş hüquqların bərpa olunması ilə əlaqəli müvafiq qaydada məhkəməyə müraicət ediləcəkdir. Yuxarıda göstərilənlərə əsasən xahişinin təmin edilməsi mümkün olmamışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, məhkəməyə iddia ərizəsinə qarşı hər hansı bir münasibət (etiraz) təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 151 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 208 nömrəli, 13.10.2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı 02.07.2020-ci il tarixdən qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Azərbaycan küçəsindəki 3 saylı, 5 mərtəbəli evin, 4-cü mərtəbəsində, 34.40 kv.m sahəsi olan 2 (iki) otaqlı 7 saylı mənzildə yaşayır. Mənzil tam kommunal şəraitlidir. İşdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan SSR Neft Sənayesi Nazirliyinin Təsərrüfat Kontoru tərəfindən verilmiş 262 nömrəli, 26 may 1956-cı il tarixli orderin surətindən görünür ki, Hüsü Qədimov küçəsi, ev 136 ünvanında yerləşən 2 otaqlı, 7 nömrəli mənzil 6 nəfər ailə üzvü ilə birlikdə Qasımov Böyük-Kişi İbrahim oğluna verilmişdir. Həmin orderdə ailə üzvü kimi X1, X22, X5, X11, İddiaçı, X8 adları qeyd olunmuşdur. İşdə olan notarial qaydada təsdiq edilmiş Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən 06.04.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 528019 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 05.06.2000-ci il tarixdə ölmüşdür. İşdə olan notarial qaydada təsdiq edilmiş Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən 29.12.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 506005 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X44-kişi oğlu 16.12.2011-ci il tarixdə ölmüşdür. İşdə olan notarial qaydada təsdiq edilmiş İİ-ЖГ seriyalı, 493752 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 23.09.1995-ci il tarixdə ölmüşdür. İşdə olan notarial qaydada təsdiq edilmiş 3 saylı Bakı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən qeydiyyat şöbəsi tərəfindən 02.08.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 05403 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X19 14.07.2019-cu il tarixdə ölmüşdür. İşdə olan notarial qaydada təsdiq edilmiş 1 saylı Bakı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən qeydiyyat şöbəsi tərəfindən 12.03.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 933777 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X23 10.03.2018-ci il tarixdə ölmüşdür. İşdə olan notarial qaydada təsdiq edilmimş Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən 16.10.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 046819 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 03.06.2007-ci il tarixdə ölmüşdür. İşdə olan 151 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 220 nömərli, 27.10.2020-c il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Ailə tərkibi – Atası mərhum X12 2000-ci il tarixdə vəfat edib, X6 1995-ci il tarixdə vəfat etib, X36 2018-ci il tarixdə vəfat etdib, X16 2011-ci il tarixdə vəfat edib, X19 2019-cu il tarixdə vəfat edib, X15 2007-ci il tarixdə vəfat edib. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1181/2016 saylı, 08.04.2016-cı il tarixli qərarının surətindən görünür ki, iddiaçılar İddiaçı Böyük-kişi qızı və iddiaçı X18 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı 3-cü şəxs X26 işə cəlb edilməklə ünvan 2 ünvanında yerləşən 7 saylı mənzilə dair X44-kişi oğlunun adına aparılmış ilkin qeydiyyat əsasında verilmiş 23.08.2000-ci il tarixli reyestr kitabı 1112, səhifə 167068, qeydə alınmış 3/167068 üzrə qeydə alınmış qeydiyyat vəsiqəsinin ləğv olunması barədə iddia ərizəsi ilə 1 sayı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin sözügedən qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 2 ünvanında yerləşən 7 saylı mənzilə dair X44-kişi oğlunun adına aparılmış ilkin qeydiyyat əsasında verilmiş 23.08.2000-ci il tarixli (reyestr kitabı 1112, səhifə 167068, qeydə alınma 3/167068 üzrə qeydə alınmış) qeydiyyat vəsiqəsinin ləğv olunması qərara alınmışdır. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2326/2018 saylı, 10.09.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X20 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 3 ünvanında yerləşən 7 saylı mənzilindən istifadə hüququnun itirilməsi və cavabdehin qeyd olnan mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sözügedən qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, X17 Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 3 saylı evin 7 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilmişdir. Həmin qətnamənin cavabdeh X17 Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 3 saylı evin 7 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması göstərilmişdir. İşdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-142/2020 saylı, 11.03.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqraisya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 4 ünvanında yerləşən 7 saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sözügedən qərarına əsasən iddia tələbi təmin edilmiş, İddiaçı Böyükkişi qızının ünvan 4 ünvanında yerləşən 7 saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildir ki, ünvan 5 ünvanında yerləşən 7 saylı mənzil Azərbaycan SSR Neft Sənayesi Nazirliyinin Təsərrüfat Kontoru tərəfindən verilmiş 262 nömrəli, 26.05.1956-ci il tarixli orderə əsasən iddiaçının mərhum atası X3 ayrılmışdır. Həmin orderdə ailə üzvləri kimi X2, X22, X9, X11, İddiaçı Böyükkişi qızının və X7 adları qeyd olunmuşdur. Sözügedən mənzil sonralar X44-kişi oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, həmin qeydiyyat əsasında X44-kişi oğlunun adına aparılmış ilkin qeydiyyat əsasında verilmiş 23.08.2000-ci il tarixli (reyestr kitabı 1112, səhifə 167068, qeyd alınma 3/167068 üzrə qeydə alınmış) qeydiyyat vəsiqəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 29.03.2016-cı il tarixli, 2-1(81)-1181/2016 saylı qərarı ilə ləğv edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2326/2018 saylı, 10.09.2018-ci il tarixli qətnaməsinə əsasən isə X17 həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilmişdir. Hazırda sözügedən mənzildə yalnız İddiaçı qeydiyyatda olmaqla yaşayır, belə ki, Azərbaycan SSR Neft Sənayesi Nazirliyinin Təsərrüfat Kontoru tərəfindən verilmiş 262 nömrəli, 26.05.1956-ci il tarixli orderdə adları qeyd olunmuş digər şəxslərin ölməsinə dair iş materiallarında ölüm haqqında şəhadətnamələr mövcuddur. Hazırki iş üzzrə mübahisəli mənzilə dair hüquqların 2009-cu il oktyabr ayının 1-dək yarandığını, iddiaçının həmin mənzillə bağlı hüquqlarının əvvəlki Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yarandığını nəzərə alaraq, məhkəmə qeyd edilən Məcəllənin maddələrinin tələblərinə istinad etməlidir: Belə ki, 08 iyul 1992-ci il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən - Yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçündür. Həmin Məcəllənin 10-cu maddəsinin 1-ci, 2-ci, 6-cı və 7-ci hissələrinə əsasən-Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. Vətəndaşlar yaşayış evlərindən və yaşayış sahələrindən şəxsən varlanmaq, əməksiz gəlir əldə etmək məqsədilə və başqa tamah məqsədləri ilə, habelə cəmiyyətin mənafeyi zərərinə istifadə edə bilməzlər. Mənzil hüquqlarının digər vətəndaşların hüquqlarını pozmaqla həyata keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 28-ci maddəsinin 1-ci hissəsinə əsasən - həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Həmin Məcəllənin 52-ci maddəsinin 2-ci hissəsinə əsasəndövlət və ya ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla birlikdə bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən-SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Həmin Məcəllənin 85-ci maddəsinin 1-ci hissəsinə əsasən-İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-bülluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Hazırki işin hallarından göründüyü kimi, mənzilin icarədarı 2000-ci il tarixdə, onun ailə üzvü olan digər şəxslər - X6, X36, X16, X19 və X13 müxtəlif vaxtlarda vəfat etmişlər. Hazırda həmin mənzildə icarədarın sağ qalan yeganə ailə üzvü İddiaçı qeydiyyatda olmaqla yaşayır və bu hallar qüvvədə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-142/2020 saylı, 11.03.2020-ci il tarixli qərarı ilə də, müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı istisna olmaqla, icarədarın digər ailə üzvləri vəfat etdiyindən, hazırda həmin mənzildə yalnız iddiaçı qeydiyyatda olmaqla yaşadığından, beləliklə, həmin mənzil faktiki olaraq iddiaçının qanuni sahibliyində və istifadəsində olduğundan, iddia tələbi qanuni və əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 73, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 3 saylı evin 7 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar