Məhkəmə qərarları › İş №2-1(112)-3339/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3339/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3339/2022 14.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Firudin oğlunun iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı riskli vergi ödəyicilərinin siyahısından çıxarılma tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və İddiaçı MMC-nin riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məlumat üçün bildirir ki, sahibkarlıq fəaliyyəti bağlı müvafiq iş və xidmətlərin görülməsi ilə əlaqədar 2020-ci ildə İddiaçı MMC və "xxxx" MMC arasında müvafiq müqavilələr bağlanmış və həmin müqavilələr əsasında işlər görülmüşdür. Lakin, 2020-ci ilin aprel ayında aparılmış əməliyyatlar üzrə əvəzləşmələr (ƏDV) vergi orqanı tərəfindən nəzərə alınmamış və onun dövlət büdcəsinə 69281,56 manat təsdiqlənməmiş azalması yaranmışdır. Bu xüsusatla bağlı, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin və 195 çağrı mərkəzinin əməkdaşları ilə apardığı telefon danışıqları zamanı ona adı yuxarıda qeyd olunan müəssisə ilə əməliyyatlar aparması səbəbindən İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısına daxil edildiyi bildirilmişdir. İddiaçı MMCnin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi ilə bağlı tərəflərindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyat nömrəsi **********284300) nömrəli ərizəyə xx.xx.2021-ci il tarixədək heç bir münasibət bildirilməmişdir. Aşağıda qeyd olunan xüsusatlara əsasən hesab edir ki, cavabdehin üzərinə onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək öhdəliyi qoyulmalıdır. İlk növbədə bildirir ki, vergi orqanı ilə aralarında baş tutmuş elekton yazışmalarda onun riskli vergi ödəyiciləri siyahısına salınma səbəbləri barədə hər-hansı rəsmi məlumat verilməmiş və hər dəfə Lokal gəlirlər Baş İdarəsinin aidiyyəti strukturlarına müraciət etməsi tövsiyyə edilmişdir. Qeyd olunan müraciətlər zamanı isə ona şifahi şəkildə yuxarıda adı qeyd olunan şirkətlə aparılmış əməliyyatlara görə riskli vergi ödəyiciləri siyahısına salındığı bildirilmişdir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Meyarlar təsdiq edildikdən sonra riskli vergi ödəyiciləri, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyiciləri barədə məlumatlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilməyə başlanmışdır. Bununla yanaşı, riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunmağa başlanılmışdır. Digər tərəfdən Meyarlara əsasən riskli əməliyyatlar aparan vergi ödəyiciləri ilə əməliyyatların aparılması vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısına salınması üçün əsas deyildir. Belə ki, Meyarların 2.1.2-ci bəndinə qeyd olunur ki, aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilə bilər. Başqa sözlə, hətta qarşı tərəfin riskli vergi ödəyicisi olması halında belə onunla apardığı əməliyyatların riskli olması keçirilmiş vergi nəzarət tədbiri ilə sübuta yetirilməyibsə onun riskli vergi ödəyicisi siyahısına salınması əsassıdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3339/2022 saylı, 27 aprel 2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən etiraz təqdim olunaraq iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cəmiyyətin riskli vergi ödəyiciləri siyahısına daxil edilməyi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmə öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Dövlət Vergi Xidməti aşağıda qeyd olunan səbəblərə əsasən hesab edir ki, iddia tələbi mümkün hesab edilməməlidir. Belə ki, iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, "xxxx" MMC ilə bağlanmış müqavilələr və həmin müqavilələr əsasında görülmüş işlərə görə 2020-ci ilin aprel ayı üzrə təqdim edilmiş elektron hesab fakturalar nəzərə alınmamış və ƏDV-nin əvəzləşdirilməsi mümkün olmamışdır. Nəticədə şəxsi hesab vərəqəsində 69.281,56 manat məbləğində təsdiqlənməmiş azalmanın yarandığını qeyd etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin ƏDV depozit hesabına "xxxx" MMC-dən (VÖEN: **********) 282,9 min manat ƏDV məbləği vəsait daxil olmuş, elektron qaimə fakturalara əsasən satışda "görülmüş işlər (kod üzrə: körpülərin və yerüstü avtomobil yollarının qurulması üzrə ümumtikinti işləri)" qeyd olunmuşdur. "xxxx" MMC tərəfindən qeyd olunan dövr ərzində 2,6 min manat vəsait büdcəyə, 27,0 min manat "xxxx" MMC-nin (VÖEN: **********), 92,3 min manat "xxxx" MMC- nin (VÖEN: **********), 26,0 min manat "xxxx" MMC-nin (VÖEN: **********), 42,1 min manat "xxxx" MMCnin (VÖEN: **********), 70,7 min manat vəsait isə "xxxx" QSC-nin (VÖEN: **********) depozit hesablarına köçürülmüşdür. Müəssisənin elektron qaimə fakturalarına əsasən alışında "müqaviləyə əsasən görülən tikinti işləri, dəmir boru, metal tor, Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisində görülən işlərə görə" müəyyən edilmişdir. Lakin "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin depozit hesabına köçürülmüş 92,3 min manat məbləğ riskli əməliyyat kimi müəyyən edilmişdir. Belə ki, "xxxx" MMC-dən əldə edilmiş 92,3 min manat ƏDV dəyərində elektron qaimə üzrə alışda qeyd edilmiş "görülmüş işlər (kod üzrə: körpülərin və yerüstü avtomobil yollarının qurulması üzrə ümumtikinti işləri)" uçot-baza məlumatlarına əsasən təsdiqini tapmamışdır. Əlavə olaraq, “BAKİ YENİDƏNQURMA TİKİNTİ" MMC- tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 12,3 min manat vəsait isə büdcəyə, 94,8 min manat vəsait gömrük orqanına köçürülmüş, müəssisənin idxalında isə "əl arabaları və onun hissələri, plitələr, izolyasiya örtüyü, profillər, qapı və pəncərə sistemləri və onun hissələri" müəyyən edilmişdir. Beləliklə, iddiaçı "xxxx" MMC ilə "xxxx" MMC arasında həyata keçirilən əməliyyatlar riskli hesab edilərək vergi ödəyicisinə müvafiq uyğunsuzluq məktubları ünvanlanmışdır. Bildirməlidir ki, qüvvədə olan Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 13.2.81-ci maddəsinə əsasən isə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyatlardır. Bu cür əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (VM, 109.9 maddə) və həmin əməliyyatların rəsmiləşdirildiyi sənədlər Vergi Məcəlləsinin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir (VM, 178.11 maddə). Qeyd edirlər ki, riskli əməliyyatlar aparan vergi ödəyicilərinin siyahısı Dövlət Vergi Xidmətinin https://www.e-taxes.aov.az saytında “Məlumat-axtarış sistemi”nə yerləşdirilmiş və həmin ödəyicilər barədə məlumatları “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” altsisteminin vasitəsi ilə əldə etmək mümkündür. Hazırki iş üzrə isə İddiaçı MMC riskli vergi ödəyicisi kimi həmin bazaya daxil edilməmişdir. Lakin, iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhər Lokal Gəlirlər Baş idarəsi tərəfindən ona şifahi olaraq riskli vergi ödəyiciləri siyahısına daxil edildiyi bildirilmişdir. Həmçinin o, riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə xx.xx.2021-ci il tarixli məktubla Dövlət Vergi Xidmətinə müraciət etdiyini, lakin xx.xx.2021-ci il tarixədək həmin məktubun cavablandırılmadığını qeyd etmişdir. Bununla bağlı qeyd edirlər ki, İddiaçı MMC-nin xx.xx.2021-ci il **********284300 nömrəli məktubu cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə **********102400 nömrəli məktubla cavablandırılmışdır (müvafiq məktublar etiraza əlavə edilir). İddiaçı İnzibati Prosessual Məcəllənin 33-cü maddəsinin müddəalarına istinad edərək, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçının onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bildiyini qeyd etmişdir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən 33.1 -ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Ancaq tələbinə nəzər saldıqda onun “Cəmiyyətin riskli vergi ödəyiciləri siyahısına daxil edilməyi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və “Kars" MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmə öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar ibarət olduğu görülür. Lakin, hazırki iddia ərizəsində məhz cavabdeh Dövlət Vergi Xidməti tərəfindən hansı hərəkətləri və ya hərəkətsizlikləri nəticəsində iddiaçının qanunla qorunan hansı hüquqlarının və maraqlarının pozulduğu, hansı inzibati aktın qəbul edilməsini tələb etdiyi, aydın ifadə edilməmişdir. Bu isə öz növbəsində iddiaçının iddia tələbinin əsassız olduğunu göstərir ki, bu da iddianın mümkün sayılmaması üçün əsasdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış **********284300 nömrəli, xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsinə dair müraciət etmişdir. İşdə olan İddiaçı tərəfindən verilmiş şəxsi hesab vərəqəsinin surətindən görünür ki, İddiaçı MMC-nn 2020-ci ilin fevral-aprel ayı üzrə aparılmış əməliyyatlara görə şəxsi hesab vərəqəsində 69281.56 manat dövlət büdcəsinə azalması yaranmışdır. İşdə olan iddiaçının təqdim etdiyi www.taxes.gov.az saytından əldə edilmiş məlumatdan görünür ki, bu vergi ödəyicisi İddiaçı (VÖEN: **********) əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir. Qeyd edilən vergi ödəyicisinin fəaliyyəti aktiv deyil. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********765400 nömrəli məktubdan görünür ki, şəxsi hesab vərəqəsində yaranmış kameral yoxlanılmalı məbləğin silinməsi barədə müraciətə baxılaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, şəxsi hesab vərəqəsində kameral yoxlanılmalı məbləğin yaranmasına səbəb tərəfindən 2020-ci ilin aprel, 2021-ci ilin yanvar ayları üçün ƏDV və 2020-ci il üçün mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi olmuşdur. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 iş günü müdətində keçirilir. Bununla əlaqədar olaraq təqdim etdiyi ƏDV və mənfəət vergisi bəyannamələri üzrə qeyd edilən müddət ərzində kameral vergi yoxlaması keçiriləcək və kameral vergi yoxlamasının nəticəsi üzrə Vergi Məcəlləsinin tələblərinə uyğun qanunvamüvafiq tədbirlər görüləcəkdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarix aralığında xx.xx.2020-xx.xx.2020-ci il tarix aralığında İddiaçı MMC-in ƏDV sub-uçot hesabına "xxxx" MMC-dən (VÖEN: **********) 282,9 min manat (ƏDV məbləği) vəsait daxil olmuş, təqdim edilmiş elektron qaimə-fakturalarda "görülmüş işlər (kod üzrə: körpülərin və yerüstü avtomobil yollarının qurulması üzrə ümumtikinti işləri)" qeyd olunmuşdur. "xxxx" MMC tərəfindən qeyd olunan dövr ərzində 2,6 min manat vəsait dövlət büdcəsinə, 27,0 min manat "xxxx" MMC-nin (VÖEN: **********), 92,3 min manat "xxxx" MMC-nin (VÖEN: **********), 26,0 min manat "xxxx" MMC-nin (VÖEN: **********), 42,1 min manat "xxxx" MMC-nin (VÖEN: **********), 70,7 min manat vəsait isə "xxxx" QSC-nin (VÖEN: **********) ƏDV sub-uçot hesabına köçürülmüşdür. Müəssisənin əldə etdiyi elektron qaimə-fakturalarında "müqaviləyə əsasən görülən tikinti işləri, dəmir boru, metal tor, Bakı- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisində görülən işlərə görə" qeyd edilmişdir. Lakin, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin ƏDV sub-uçot hesabına köçürülmüş 92,3 min manat vəsait riskli əməliyyat kimi müəyyən edilmişdir. Belə ki, "xxxx" MMC-dən daxil olan 92,3 min manat vəsait üzrə əldə edilən elektron qaimə-fakturada qeyd edilmiş "görülmüş işlər (kod üzrə: körpülərin və yerüstü avtomobil yollarının qurulması üzrə ümumtikinti işləri)" uçot-baza məlumatlarında öz təsdiqini tapmadığından, əlavə olaraq, “BAKİ YENİDƏNQURMA TİKİNTİ" MMC tərəfindən xx.xx.2020-xx.xx.2020-ci il tarix aralığında daxil olan vəsaitin 12,3 min manatı dövlət büdcəsinə, 94,8 min manat isə gömrük orqanlarına köçürülmüş, müəssisənin idxalında "əl arabaları və onun hissələri, plitələr, izolyasiya örtüyü, profillər, qapı və pəncərə sistemləri və onun hissələri" müəyyən edildiyindən, iddiaçı "xxxx" MMC ilə "xxxx" MMC arasında həyata keçirilən əməliyyatlar cavabdeh tərəfindən riskli hesab edilərək, vergi ödəyicisinə müvafiq uyğunsuzluq məktubları ünvanlanmışdır. Göründüyü kimi, iddiaçı xx.xx.2020-xx.xx.2020-cu il üzrə apardığı əməliyyatlara görə, cavabdeh orqan tərəfindən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” əsas götürülərək, riskli vergi ödəyicisi hesab edilmişdir. Halbuki, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı xx.xx.2020-ci il tarixdən qüvvəyə mindiyindən, sözügedən qərara əsasən vergi ödəyicilərinin, habelə onların apardıqları əməliyyatların riskli hesab edilməsi qərar qüvvəyə mindikdən sonra aparılan əməliyyatlara münasibətdə tətbiq edilməlidir. Cavabdeh sözügedən xüsusatı özü iddiaçıya göndərdiyi xx.xx.2021-ci il tarixli “Vergi qanunvericiliyinə dair müraciətə baxılması haqqında” məktubunda da, bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Cavabdeh tərəfindən isə qanunvericiliyin normaları kobud surətdə pozularaq, xx.xx.2020-ci il tarixdən etibarən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında göstərilən meyarlar əvvəlki dövrə (xx.xx.2020-xx.xx.2020-ci il dövrləri) şamil edilərək, iddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Lakin, iş materiallarında cavabdeh tərəfindən belə bir qərarın qəbul edilməsi müəyyən edilmir (cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsinin məzmunundan da, belə bir qərarının mövcudluğu müəyyən edilmir). Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin müddəalarına əsasən – 52.1. səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. 52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə riayət edilməmiş, qanunvericiliyin digər normaları işin faktiki hallarına düzgün tətbiq edilməmiş, bununla da, işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar