Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-334/2023 27.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı "vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi" tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı cavabdehlər Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nətəcəsində ona vurulmuş real zərərin məbləği – 23338.20 manat, pul vəsaitinin ödənilməsini gecikdirilməsinə görə bank faizinin uçot dərəcəsinin məbləği – 11182.83 manat, mənəvi zərərin məbləği – 10000 manat, hüquqi yardıma görə ödənilən xərclər – 100 manat, cəmi 44621.03 (qırx dörd min altı yüz iyirmi bir manat üç qəpik) manat məbləğində vurulmuş ziyana görə kompensasiyanın cavabdehlərdən tutulub onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iş üzrə üçüncü şəxs kimi cəlb edilməklə cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş real zərərin məbləği 23338.20 manat, pul vəsaitinin ödənilməsini gecikdirilməsinə görə bank faizinin uçot dərəcəsinin məbləği – 11182.83 manat, mənəvi zərərin məbləği – 10000 manat, hüquqi yardıma görə ödənilən xərclər – 100 manat, cəmi 44621.03 (qırx dörd min altı yüz iyirmi bir manat üç qəpik) manat məbləğində vurulmuş ziyana görə kompensasiyanın cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən dövlət büdcəsi hesabından tutulub onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 22 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8192/2021 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, hazırki iş üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1481/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı bu qərardaddan apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-2227/2022 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1481/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddiaçı bundan sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş real zərərin məbləği – 19 338,20 manat, pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə bank faizinin uçot dərəcəsinin məbləği – 15 933,84 manat, mənəvi zərərin məbləği – 10 000 manat, hüquqi yardıma görə ödənilən xərclər – 100 manat, pul vəsaitinin indeksasiyası – 13884,83 manat, ümumilikdə isə cavabdeh tərəfindən ailəmizə vurulmuş zərərin məbləği – 59 256, 87 (əlli doqquz min iki yüz əlli altı manat səksən yeddi qəpik) manat məbləğində vurulmuş ziyana görə kompensasiyanın cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsindən dövlət büdcəsi hesabından tutulub onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddiaçının artırılmış tələblə məhkəməyə qədər cavabdeh orqana müraciəti olmadığından məhkəmə tərəfindən iddia tələbinin dəyişdirilməsi icraata qəbul edilməmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4399/2013 nömrəli, 07 noyabr 2013-cü il tarixli qətnaməsi ilə onun cavabdeh X6 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh S.S.Quliyevdən vurulmuş maddi ziyana görə 13446 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbavcan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, mənəvi ziyana görə 300 manat, məhkəmə xərclərinə görə 180 manatın onun xeyrinə tutulması qət edilmişdir. 7 ildən artıq müddətdir ki, 23 338,20 manat məbləğində pulun tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olsa da, lakin borclu S.Quliyev və Xətai rayon İcra şöbəsi həmin məhkəmə qətnaməsini qərəzli olaraq icra etmirlər. Məhkəmə qətnaməsinin icrası ilə bağlı o, dəfələrlə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, İcra Baş idarəsinə, Xətai rayon İcra şöbəsinə, Xətai Rayon Məhkəməsinə və digər orqanlara müraciət etsə də, bu günə kimi heç bir nəticə olmamışdır. İcra işi icra məmuru Vüsal Umarovun icraatında olduğu müddət ərzində o, icra sənədinin icrası ilə bağlı kifayət qədər zəruri hərəkətlər etməmiş, yalnız 2020-ci ilin yanvar ayında müvafiq sorğular, mart ayında isə xatırlatma məktubu göndərməklə kifayətlənmiş, borclunun işləməsinə, bununla da yerinin müəyyən edilməsinin mümkün olmasına baxmayaraq, bu istiqamətdə real heç bir addım atmamış, faktiki olaraq öz passivliyi (hərəkətsizliyi) ilə icra sənədinin icra olunmadan qalmasına şərait yaratmışdır. Aşkar görünür ki, həyata keçirilmiş hərəkətlər uzun fasilələrlə edilmiş və edilmiş hərəkətlər üzrə miivafıq nəticələrin əldə edilməsinə nail olmamışdır. Digər tərəfdən, borclu Sənan Quliyevin MMC-nin direktoru olmaqla kifayət qədər qazancı və gəliri olsa da, lakin uzun müddətdir ki o borc pulunun ödəməkdən qəsdən yayınır, icra məmurunun tələblərini yerinə yetirməyərək məhkəmə qətnaməsini qəsdən icra etmir. Ona görə də S.S.Quliyevin haqqında cinayət işi başlanmalı və o cinayət məsuliyyətinə cəlb olunmalı idi. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki: -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4399/2013 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək X4 vurulmuş maddi ziyana görə 13446 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, mənəvi ziyana görə 300 manat, məhkəmə xərclərinə görə 180 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. -Daha sonra tələbkar İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4399/2013 nömrəli icra sənədinin icra edilməməsi ilə bağlı Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsinə və borclu X7 barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarılmasına dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(011)-392/2020 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4399/2013 nömrəli icra sənədinin icra edilməməsi ilə bağlı Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 hərəkətsizliyi qanunsuz hesab edilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-551/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə İcra məmuru tərəfindən həmin qərardaddan verilmiş apellyasiya şikayəti təmin olunmamış, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı hazırda həmin qətnaməyə istinad edərək cavabdehin hərəkətsizliyi nəticəsində ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini xahiş edir. Kompensasiyanın məbləği kimi isə:
1. borclu Sənan Quliyevin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4399/2013 saylı qətnaməsinə əsasən iddiaçıya ödəməli olduğu 23338,2 manatın;
2. həmin pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə bank faizinin uçot dərəcəsinin məbləği olan 11182.83 manatın;
3. mənəvi zərərin vurulmasına görə 10000 manatın;
4. hüquqi yardıma görə ödənilən 100 manat xərcin tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş qərarı ilə iddiaçıya ödənilməli pul vəsaitinin ödənilməməsi nəticəsində ona ziyan dəyməsi ağlabatandır. Lakin dəymiş ziyanın əvəzinin cavabdeh tərəfindən ödənilməsi üçün ilk növbədə onun tərəfindən təqsirli olaraq hüquq pozuntusunun törədilməsi müəyyən olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırkı işdə iddiaçının dəlillərinə əsasən zərərin əvəzinin ödənilməsi cavabdeh tərəfindən hüquq pozuntusundan irəli gəlmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Yəni vurulmuş zərərin əvəvzinin ödənilməsi məzmununda iddianın təmini üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Onlardan birinin aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir, digər əlamətlərin araşdırılmasına gərək yoxdur. İşdən görünür ki, cavabdeh məhkəmə qərarın icrası ilə bağlı məhkəməyə təqdim etdiyi məlumatda qeyd etmişdir ki, Xətai Rayon Məhkəməsinin 2(011)-4399/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu X4 13446 ABŞ dolları məbləğində borc, mənəvi ziyana görə 300 manat və məhkəmə xərclərinə görə 180 manat tutularaq tələbkar İddiaçı Tofıqoviçin xeyrinə ödənilməlidir. Xətai rayon icra şöbəsinin icra məmuru Oqtay İsayev tərəfindən xx.xx.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə borclu qərarın icrasını könüllü təmin etmədiyindən məcburi icra tədbiri olaraq əmlak və gəlirlərinin müəyyən olunması məqsədilə müvafiq qurumlara sorğular verilmiş, adına daşınar əmlaklar “Mercedes Benz 190” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. xx.xx.2014-cü ildə borclunun izahatı alınmış, izahatında qətnamədən apelyasiya şikayəti verəcəyi bildirilmişdir. 25 may 2015-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul olunaraq Yasamal Rayon Polis İdarəsinə və Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. xx.xx.2016-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq Xətai Rayon Məhkəməsinə baxılması üçün göndərilmişdir. Xətai Rayon Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli qərarı ilə borclu barəsində 10 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2017-ci il tarixdə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimat baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Xətai Rayon Məhkəməsi tərəfindən 05 iyun 2017-ci il tarixli qərardadla təqdimat təmin edilmiş və borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. 04 oktyabr 2017-ci il tarixdə məhkəməyə təqdimat verilmiş və Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli, 8(011)-2317/2017 nömrəli qərardadla avtomobillərin üzərinə həbs qoyulmuşdur. xx.xx.2017-ci il tarixdə Xətai rayon icra və probasiya şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)- 4399/2014 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə borclu X5 mülkiyyətində olan “Mercedes Benz 190” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillər barəsində icra məmurunun axtarış qərarı icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə Xətai RPİ-si tərəfindən borclu kimi axtarışda olan X1 Xətai rayon İcra və Probasiya şöbəsinə təqdim edilmişdir. Həmin gün borclunun izahatı alınmış və izahatında avtomobillərlə verilən suala cavab olaraq həmin avtomobilləri uzun müddət əvvəl satdığını, harada olması barədə məlumatının olmamasını bildirərək borcun ödənilməsi üçün 2 ay vaxt verilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xətai Rayon Məhkəməsinə verilmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli, 3(011)-2016/19 nömrəli qərarla borclu barəsində 10 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2019-cu il tarixdə həmin icra sənədlərinin icrası ilə bağlı icra məmuru Toğrul Baxşəliyev tərəfindən borcluya 10 gün müddətində məhkəmə qərarının icrası üçün yenidən vaxt verilmiş, yeni könüllü icra müddəti bitdikdən sonra tələb icra edilmədiyində barəsində cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı təqdimat aidiyyəti istintaq orqanına təqdim ediləcəyi barədə bildiriş təqdim olunmuşdur. xx.xx.2019-cu il tarixdə hazırkı icra işi icra məmuru V.Umarov tərəfindən təhvil alınmış, sözügedən məhkəmə qərarının icrası ilə bağlı yenidən borclunun əmlak və gəlirlərinin müəyyən olunması məqsədilə müvafiq qurumlara sorğular verilmiş, borclu X5 yerinin məlum olmaması səbəbindən xx.xx.2020-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmiş və Xətai RPİ tərəfindən borclu barəsində xx.xx.2020-ci il tarixdə axtarış işi açılmışdır. xx.xx.2020-ci il tarixdə Xətai Rayon İcra və Probasiya şöbəsinin icraatında olan 21925/2014, 40156/2015, 74715/2016, 270327/2017, 83765/2019,13410/2013 saylı işlər bir icraatda birləşdirilmişdir. xx.xx.2020ci il tarixdə DİN-in BDYPİ-nə borclunun mülkiyyətində olan “Mercedes Benz 190” minik markalı və “VAZ 21074” minik markalı icra məmurunun axtarış qərarının nəticəsi barədə şöbəyə məlumat verilməsi xahiş olunmuş, lakin bu günədək məktuba cavab verilməmişdir. Verilmiş sorğulara cavab olaraq ƏMDK yanında DƏDRX-nin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, müxtəlif bankların, AR-nın Fövqəladə Hallar Nazirliyinin sorğulara cavab məktubunda adına heç bir əmlakın olmadığı qeyd edilmişdir. Borcluya son inzibati həbsdən sonra işi istintaqa göndərmək üçün tələb olunan qanunla nəzərdə tutulmuş yeni icra müddəti barədə bildirişin verilməsi, onun yeni izahatının alınması, Elektron icra sisteminə inteqrasiya olunmamış orqanlardan borclunun əmlakı barədə sorğulara cavabların alınması, həmçinin borcluya məxsus üzərinə həbs qoyulmuş axtarışda olan avtomobillər barədə DİN-in BDYPİ-yə ünvanlanmış sorğuya cavab verilmədiyindən və borclu barəsində axtarış uzun müddət nəticə vermədiyindən işi ibtidai istintaq aparan orqana göndərmək mümkün olmamışdır. xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə borclu S.Quliyevin direktor olduğu "xxxx" MTK-da borclunu tapmaq mümkün olmamışdır. xx.xx.2021-ci il tarixdə Xətai rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinə axtarış qərarının nəticəsi barədə şöbəyə məlumat verilməsi barədə məktub ünvanlanmış, lakin bu günədək məktuba cavab verilməmişdir. xx.xx.2021-ci il tarixdə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xətai Rayon Məhkəməsinə verilmişdir. Borclu xx.xx.2021-ci il tarixdə 2000 manat məbləğində pulu Xətai rayon icra şöbəsinin depozit hesabına keçirtmişdir. Xətai Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli qərarla borclunu 500 manat mələğində cərimə etmişdir. xx.xx.2021-ci il tarixdə borcluya yeni könüllü icra müddəti barədə bildiriş verilmiş, izahat yazmış, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdarlıq tərtib olunaraq borcluya təqdim olunmuşdur. xx.xx.2021-ci il tarixdə cinayət məsuliyyətinə cəlb olunma barədə təqdimat tərtib olunaraq Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Xətai RM-nın 8(011)-906/2022 saylı xx.xx.2022-ci il tarixli indeksasiya ilə bağlı qərardadı icra olunması üçün şöbəyə daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə X7 barəsində axtarış qərarı qəbul olunaraq Xətai RPİ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə borclu Quliyev Sənanın cinayət məsuliyyətinə cəlb olunması barədə təqdimat və materiallar əlavə icra tədbirlərinin həyata keçirilməsi üçün geri qaytarılmışdır. Cavabdehin təqdim etdiyi icra işi üzrə materiallar bu halları təsdiq edir. Məhkəmə işin istinad olunan hallarına əsasən qeyd edir ki, cavabdeh məhkəmə qərarının icrasını təmin etmək üçün icra haqqında qanunvericiliklə zəruri olan hərəkətləri yerinə yetirmişdir, onun bu hərəkətlərinin (hərəkətziliyinin) hüquqa zidd və təqsirli olması müəyyən edilmir. İşdən görünür ki, iddiaçı hazırkı iddianı qaldırarkən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə istinad etmişdir. Həmin məhkəmə qərarında məhkəmə qeyd etmişdir ki, “qanunverici bir qayda olaraq borclunun icra məmurunun onun qanuni tələblərini yerinə yetirmədiyi və borclu tərəfindən borcun ödənilməsi icra edilmədiyi halda məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozduğu üçün cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra xidmətinin rəhbəri tərəfindən təsdiq olunan təqdimatla müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana müraciət etməsini müəyyən etmişdir.” İşdən görünür ki, cavabdeh məhkəmənin bu qərarından sonra qərardadda nəzərdə tutulan hərəkətləri həyata keçirmiş, müvafiq təqdimatla aidiyyəti orqana da müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, işin araşdırılan halları ilə cavabdeh inzibati orqanın hərəkətində təqsirli davranış nəticəsində törədilmiş hüquq pozuntusu müəyyən edilmədiyindən iddia təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova