Məhkəmə qərarları › İş №2-1(112)-3340/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3340/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3340/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan ölçünün verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsi, ev 31 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Əzizbəyov (indiki Xəzər) Rayon Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 407/286 nömrəli sərəncamı ilə ayrılan torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Həmçinin müvafiq sərəncam əsasında digər şəxsin adına verilmiş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) sənədi mövcuddur. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş 10 may 1994-cü il tarixli, 407/286 nömrəli sərəncam əsasında Xəzər rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsi 31 ünvanında olan fərdi yaşyış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bunun əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsi 31 ünvanında yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında X7 almış, alqı-satqı müqaviləsinə əsasən 0.12045 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 65 kv.metr yaşayış sahəsi, 23,3 kv.metr köməkçi sahəsi olan 31 nömrəli fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ 26 mart 2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Özəlləşdirilmiş fərdi yaşayış evinin torpaq sahəsi ilkin mülkiyyətçi X10 fərdi ev tikintisi üçün keçmiş Əzizbəyov (indiki Xəzər) rayon icra hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli 407/286 nömrəli sərəncamı ilə ayrılmış, həmin sərəncam evin alqı-satqısı zamanı F.Bağırov tərəfindən iddiaçıya təqdim olunmasına baxmayaraq sonuncu yaşayış evinin altındakı torpaq sahəsinin özəlləşdirilməsi üçün həmin sərəncam-hüquqmüəyyənedici sənəddən uzun müddət istifadə etməmiş, yəni aldığı evin torpaq sahəsini həmin sərəncam əsasında özəlləşdirmək üçün cavabdehə müraciət etməmiş, F.Bağırov yaranmış bu “boşluqdan, vəziyyətdən sui-istifadə edib, istifadəsində olan başqa torpaq sahəsini özəlləşdirmək üçün evi satan zamanı iddiaçıya vermiş olduğu həmin sərəncamdan istifadə edərək başqa ünvanda yerləşən torpaq sahəsini özəlləşdirib digər bir vətəndaşa alqı-satqı müqaviləsi vasitəsi ilə satmışdır. F.Bağırovun cinayətkar, saxtakar əməlləri iddiaçıya sonradan, yəni 2021-ci ildə məlum olmuşdur. Belə ki, İddiaçı F.Bağırovdan alqı-satqı yolu ilə aldığı fərdi yaşayış evini sonradan sökərək yerində məlumatlandırma icraatı qaydasında yeni yaşayış evi tikmiş, həmin yaşayış evi üzərində mülkiyyət hüququnu sənədləşdirmək üçün 27 avqust 2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin İdarə tərəfindən fərdi yaşayış evinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilmiş, imtinanın əsası kimi məktubda qeyd olunmuşdur ki, arxiv məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 10 may 1994-cü il tarixli 407/286 nömrəli sərəncam əsasında digər torpaq sahəsinə digər fiziki şəxs tərəfindən kadastr planı alınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və həmin torpaq sahəsi özgəninkiləşdirilmiş, bu şəbədən ərizənin icrası mümkün olmamışdır. Bundan sonra İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, sözügedən sərəncamdan istifadə edilərək adına başqa ünvanda torpaq sahəsi özəlləşdirmiş şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı haqqında aparılmış qeydiyyatın və bunun əsasında verilmiş çıxarış və plan-ölçü sənədinin ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Əzizbəyov (indiki Xəzər) rayon icra hakimiyyəti başçısı tərəfindən verilmiş 10 may 1994-cü il tarixli 407/286 nömrəli sərəncam əsasında Bakı şəhəri Əzizbəyov (“indiki Xəzər”) rayonu, Mərdəkan qəsəbəsi, 5/260 saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsinə dair X9 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********04 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2-1(112)-651/2023 nömrəli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, F.Bağırovun iddiaçıya satdığı yaşayış evi adıçəkilən Əzizbəyov (indiki Xəzər) rayon icra hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli 407/286 nömrəli sərəncam əsasında ayrılmış torpaq sahəsi üzərində tikilmişdir. Əzizbəyov (indiki Xəzər) rayonu, Şağan qəsəbəsi, 5/260 saylı sahədə Fazil Bağırov tərəfindən tikilimiş ev Bakı şəhəri Əzizbəyov rayon icra hakimiyyəti başçısının 26 nömrəli xx.xx.2006-cı il tarixli sərəncamına əsasən qeydiyyata alınmış və 17 fevral 2006-cı il tarixdə F.Bağırov tərəfindən biddiaçıya-İddiaçı satılmışdır. Fazil Bağırovun Bakı şəhər icra hakimiyyətinin Memarlıq və Şəhrsalma Baş İdarəsinə müraciəti əsasında həmin sahədə tikilmiş evə Şağan qəsəbəsi, M.ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair 11 fevral 2006-cı il tarixdə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 1200 kv.m, həqiqi isə 1204,5 kv.m, tikinti altında 156,5 kv.m. olması göstərilmişdir. Fazil Bağırov həmin evi İddiaçı satdıqdan sonra qeyd edilən evin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə sözügedən sərəncamdan qanunsuz istifadə edərək Mərdakan qəsəbəsi, 5/260 saylı sahədə yerləşən 0,12 ha başqa torpaq sahəsini ilkin olaraq öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmiş, sonradan xx.xx.2007-ci il tarixli, 4Ə/3- 418 nömrəli alqı-satqı müqüaviləsi əsasında X3, sonuncu isə həmin torpaq sahəsini xx.xx.2007-ci il tarixdə öz adına özəlləşdirmişdir. xx.xx.2014-cü il tarixdə isə torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə vahid əmlak kimi **********04-10301 reyestr nömrəsi ilə X5 adma dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi F.Bağırov adıçəkilən sərəncam vastəsi ilə digər torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmuş, bu qanunsuzluq nəticəsində İddiaçı məlumatlandırma icraatı qaydasında tikdiyi yeni yaşayış evini sənədləşdirə bilməmişdir. Bu vəziyyət eyni zamanda iddiaçı tərəfindən yaşayış evinin altında olan torpaq sahəsinin özəlləşdirilməsini də qeyri-mümkün etmişdir. Cavabdeh təşkilat isə Fazil Bağırov tərəfindən həmin sərəncamdan qeyri-qanuni istifadə olunması ilə müşayiət olunan qanunsuzluğun qarşısını almaq üçün vaxtında müvafiq tədbir görməmişdir. Ona görə də qeyd olunan sərəncamdan qanunsuz istifadə edilməklə Fazil Bağırovun adına digər torpaq sahəsinin özəlləşdirlməsinə dair aparılmış qeydiyyatın və bunun əsasında verilmiş çıxarışın məhkəmənin 30 mart 2023-cü il tarixli 2-1(112)-651/2023 nömrəli qərarı ilə ləğv edilməsi tam qanuni və əsaslı olmuşdur. Həmin məhkəmədə eyni zamanda toplanmış təkzibolunmaz sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı və Nərgiz Sofiyevaya məxsus fərdi yaşayış evləri və onların altında yerləşən torpaq sahələri ayrı-ayrı ünvanlarda yerləşir, üst-üstə düşmür, hər iki fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələri üçün hüquqmüəyyənedici sənədin 5/260 nömrəli sahədə 1200 kv.m. torpaq sahəsi ayrılması barədə Əzizbəyov rayon icra hakimiyyəti başçısının 407/286 nömrəli 10 may 1994-cü il tarixli sərəncamı olmuşdur, eyni hüquqmüəyyənedici sənəd əsasında fərqli torpaq sahələrinə və üzərlərində inşa edilmiş fərdi yaşayış evlərinə dair hüquqların dövlət qeydiyyatına alınması mümkün olmadığından, həmçinin sözügedən sərəncam əsasında F.Bağırova ayrılmış torpaq sahəsində sonuncu tərəfindən tikilmiş fərdi yaşayış evinin ilkin olaraq iddiaçıya satılması və üstünlük hüququnun iddaçıda olması nəzərə alınaraq iddia tələbi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5302/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərardadı ilə F.Bağırov və A.Sofiyeva iş üzrə zəruri cəlbetmə qaydaslında 3-cü şəxs qismində cəlb edilmişlər, lakin iddia tələbinin təmin edilməsi haqqında qərardan narazı qalan X8 tərəfindən apellyasiya və kassasiya şikayəti verilərək, qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir Nərgiz Sofiyevanın məhkəmə qərarından verdiyi apellyasiya və kasssiya şikayətləri əsassız olduğundan təmin olunmamış, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Fazil Bağırovun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış hüquqların dövlət qeydiyyatının və bunun əsasında verilmiş çıxarışın ləğvi barədə olan məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra cavabdeh tərəfindən icra olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Əzizbəyov (indiki Xəzər) Rayon Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 407/286 nömrəli sərəncamı ilə ayrılan torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Həmçinin müvafiq sərəncam əsasında X9 adına digər sahəyə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) sənədi mövcuddur. Elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinə dair idarənin arxivində mövcud olan texniki pasportla faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verdi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 407/286 nömrəli sərəncamından görünür ki, Mərdəkan qəsəbəsi, Oktyabr küçəsi, 2 nömrəli evdə yaşayan, heç bir yerdə işləməyən X10 Mərdəkan qəsəbəsində 5/260 №-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 26 nömrəli sərəncamından görünür ki, Şağan qəsəbəsi, 5/2602 saylı sahədə vətəndaş X11 tikdiyi, 2 mərtəbəli, mansardlı, 4 yaşayış otaqlı, sahəsi – 64.9 kv.m, köməksi sahə-112.8 kv.m, açıq eyvan-41.5 kv.m, mansard-67.5 kv.m, torpaq sahəsində tikili olmayan cəmi torpaq sahəsi-1200 kv.m-dən ibarət olan yaşayış evinin və torpaq sahəsinin qeydiyyata alınması barədə sərəncam verilmişdir. İşdə olan 17 fevral 2006-cı il tarixli AN-İ №0053225 saylı daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, X13 Bakı şəhəri Tİ və MHQİ-nin 17.0.2006-cı il tarixli arayışına əsasən ümumi sahəsi 155,80 kv.m, yaçayış sahəsi 65,0 kv.m, köməkçi sahəsi 90,80 kv.m olan 4 otaqlı 1200 kv.metr torpaq sahəsində yerləşən Şağan qəsəbəsi, E.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsində istifadədə olan 0.12045 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 65 kv.m yaşayış, 23.3 kv.m köməkçi sahədən ibarət 31 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə 1 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsi, ev 31 ünvanında yerləşən, yaşayış evinin yerləşdiyi torpaq sahəsinin iki tərəfi yol, iki tərəfi qonşudur. Çıxarış və texniki pasporta əsasən A yaşayış evi rekonstruksiya olunaraq genişlənmiş və təqdim olunmuş layihəyə uyğundur. Layihəyə əsasən A və B yaşayış evlərində dəyişiklik yoxdur. Sənədlə toraq sahəsi 1200.0 kv.m, faktiki isə 1430.0 kv.m-dir. 230.0 kv.m torpaq artıqdır. A yaşayış evinin 1-ci mərtəbəsinin döşəmə səviyyəsindən mansardın tavanına kimi hündürlük 10.65 metrdir. Sənədlər toplusunda olan sərəncamda qeyd olunana X9 adına digər sahə üçün kadastr planı alınmışdır. İddiaçı hazırda onun faktiki istifadəsində olan bu torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, yerli icra hakimiyyəti orqanlarının aktlarını bu əsaslardan birinə aid etmişdir, hansı ki, iddiaçı bu əsası – Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 10 may 1994-cü il tarixli sərəncamını cavabdehə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243.2-ci maddəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. İşin yuxarıda qeyd edilən hallarını və istinad olunan maddi hüquq normalarının tələbini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı ona mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüquqununun qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən: 1.Əzizbəyov (indiki Xəzər) Rayon Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 407/286 nömrəli sərəncamı ilə ayrılan torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməməsinə; 2.müvafiq sərəncam əsasında X9 adına digər sahəyə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) sənədinin mövcud olmasına istinad etmişdir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır və qeyd edir ki, işdən görünür ki, mübahisəli torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir və həmin evə dair texniki pasport tərtib edilmiş, orada torpaq sahəsinin və onun üzərində yerləşən evin konfiqurasiya ölçüləri qeyd olunmuşdur. Bundan əlavə, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-359/2024 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 407/286 nömrəli sərəncam əsasında Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 5/260 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsinə dair X9 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********04 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2-1(112)- 651/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 10 may 1994-cü il tarixli 407/286 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 5/260 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsinə dair X9 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********04 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Üçüncü şəxs X12 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)- 2821/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-651/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs X12 həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin həmin qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2821/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarında göstərmişdir ki, “...işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 407/286 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamına əsasən, Mərdəkan qəsəbəsində 5/260 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi X10 ayrılmışdır. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 26 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncamına əsasən, Şağan qəsəbəsi, 5/260 saylı sahədə X9 tikdiyi 2 mərtəbəli mansardlı 4 yaşayış otağı sahəsi – 64.9 kv.m., köməkçi sahə -112.8 kv.m., açıq eyvan - 41.5 kv.m., mansard – 67.5 kv.m., torpaq sahəsində tikili olmayan cəmi torpaq sahəsi -1200 kv.m-dən ibarət olan yaşayış evi və torpaq sahəsi qeydiyyata alınmışdır. X9 müraciətinə əsasən, Əzizbəyov rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsindəki X17 tərəfindən tikilmiş fərdi yaşayış evinə “Şağan qəsəbəsi, M.ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair 11 fevral 2006-cı il tarixdə Texniki İnventarlaşdıma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən texniki pasport tərtib edilmiş, tərtib edilmiş texniki pasportda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü sənədlə 1200 kv.m, həqiqi 1204.5 kv.m, tikinti altında 156.5 kv.m. göstərilmişdir. Bakı şəhəri 7 saylı dövlət notariat ofisində təsdiq edilmiş 17 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən, X13 Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2006-cı il tarixli arayışına əsasən, Şağan qəsəbəsi, M.Cəbrayılov 31 ünvanında 1200 kv.m torpaq sahəsində yerləşən evini iddiaçıya satmışdır. Buna baxmayaraq, F.Bağırov həmin sərəncam əsasında ona ayrılmış 5/260 saylı sahədə yerləşən torpaq sahəsinə dair Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının birinci müavini tərəfindən təsdiq edilmiş cizgi də əldə edərək, xx.xx.2007-ci il tarixdə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış və həmin torpaq sahəsini müvafiq çıxarış əsasında xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2. Göründüyü kimi, Fazil Bağırov tərəfindən eyni sərəncam əsasında torpaq sahələrinə dair başqa-başqa yerləşmə cizgiləri əldə edilmiş, iddiaçıya satılmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində fərdi yaşayış evi tikdikdən sonra aidiyyəti qurumdan başqa ünvan alaraq, fərqli torpaq sahələrinə dair adına qeydiyyat vəsiqələri əldə etmişdir. Nəticə etibarı ilə eyni sərəncam əsasında fərqli torpaq sahələri və üzərində inşa edilmiş fərdi yaşayış evləri ayrı-ayrılıqda həm iddiaçıya, həm də üçüncü şəxs X1. İddiaçı və Nərgiz Sofiyevaya satılmış torpaq sahələrinin sənəd üzrə başqa-başqa ünvanlarda yerləşməsi, fərdi yaşayış evlərinin və altlarında yerləşən torpaq sahələrinin üst-üstə düşməməsi, hər iki fərdi yaşayış evinin yerləşdiyi torpaq sahələrinin verilməsi üçün hüquqmüəyyənedici sənəd qismində Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 407/286 nömrəli xx.xx.1994cü il tarixli sərəncamının qeyd olunması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri düzgün olaraq belə nəticəyə gəlmişlər ki, eyni hüquqmüəyyənedici sənəd əsasında fərqli torpaq sahələrinə və üzərində inşa edilmiş fərdi yaşayış evlərinə dair hüquqların dövlət qeydiyyatına alınması mümkün olmadığından, üstünlük hüququ iddiaçıda saxlanılmaqla, sözügedən sərəncam əsasında Fazil Bağırovun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2007-ci il tarixli torpağa dair qeydiyyat və həmin qeydiyyat əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilməlidir. Belə ki, sözügedən sərəncam əsasında Fazil Bağırova ayrılmış torpaq sahəsində sonuncu tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilkin olaraq iddiaçıya satılmışdır. Bu səbəbdən üstünlük hüququ iddiaçıda saxlanılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası üçüncü şəxs N.Sofiyevanın kassasiya şikayətinin əsas dəlili kimi vicdanlı alıcı hesab olunmaqla, onun mülkiyyət hüququnun mülkiyyətçiyə münasibətdə daha üstün tutulmalı olmasına münasibət bildirərək qeyd edir ki, vicdanlı əldə etmə institutu mülki hüququn tərkib hissəsi olduğundan, vicdanlı əldə etmə mülki mühakimə icraatı qaydasında qiymət verilməli məsələdir və bu səbəbdən inzibati məhkəmə icraatının predmetini təşkil etmir. Odur ki, inzibati məhkəmə araşdırması çərçivəsində şəxsin vicdanlı əldə edən olub-olmamasını müəyyən etmək yolverilməzdir. Həmçinin qeyd olunmalıdır ki, hazırkı icraat çərçivəsində üçüncü şəxs F.Bağırovun adına dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmişdir. Bu isə üçüncü şəxs N.Sofiyevanın adına aparılmış qeydiyyatın mexaniki olaraq ləğv edilməsi anlamına gəlməyə əsas vermir.” Görüdündüyü kimi, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 407/286 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamı ilə F.Bağırova ayrılmış torpaq sahəsinin məhz iddiaçıya satılmış torpaq sahəsi olması qanuni qüvvəsini almış məhkəmə qərarları ilə öz təsdiqini tapmış, F.Bağırovun həmin sərəncama istinad edərək sonradan əldə etdiyi cizgi mötəbər hesab edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır, buna görə də təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş 10 may 1994-cü il tarixli, 407/286 nömrəli sərəncam əsasında Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.Cəbrayılov küçəsi 31 ünvanında yerləşən fərdi yaşyış evinin yerləşdiyi 1200 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan və ölüçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar