Məhkəmə qərarları › İş №2-1(112)-3342/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3342/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3342/2024 22.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “riskli vergi ödəyicisi siyahısından çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul olunmuş 01 dekabr 2022-ci il tarixli “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə **********619400 saylı qərarın ləğv edilməsi və iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixində Bakı şəhəri X7 Departamenti tərəfindən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və ona fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə təqdim edilmişdir(VÖEN: **********). xx.xx.2023cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə baş İdarəsinə məktub ünvanlanaraq bildirilmişdir ki, İddiaçı məxsus avtoservis xidmət sahəsində fəaliyyət göstərir və heç bir mal satışı olmamışdır. Qeyd edilən qaimələr səhvən göndərilmişdir, bu səbəbə riskli vergi ödəyicisi siyahısına salınma barədə qərar alındıqdan sonra qaimələrdə düzəliş edilərək yenidən təqdim edilmiş, lakin riskli vergi ödəyicisi siyahısından çıxarılmamışdır. xx.xx.2023-cü il tarixli məktubla riskli vergi ödəyicisi siyahısından çıxarılmağları xahiş edilmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixində yenidən məktub ünvanlanaraq bildirilmişdir ki, səhvən göndərilmiş qaimələrə düzəliş edilərək yenidən göndərilməsinə baxmayaraq müraciət nəzərə alınmamış və şəxsi hesab vərəqəsində 15.720,67 borc olmasına baxmayaraq, cəmi ödənilməli borc 31.385,02 hesablanmış və bank hesabına sərəncam qoyulmuşdur. Bu səbəblə, qeyd edilənlər nəzərə alınaraq şəxsi vərəqədə azalmanın təmin edilməsi xahiş edilmişdir. 15 sentyabr 2023-cü il tarixində vergi orqanı tərəfindən müraciətə baxılması barədə məktub ünvanlanaraq bildirilmişdir ki, araşdırma zamanı təqdim edilmiş riskli elektron qaiməfakturaların qismən ləğv edildiyi, lakin xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş cəmi 910 manat dəyərində olan iki riskli elektron qaimə-fakturaların ləğv edilmədiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşmalar aradan qaldırılmadığından riskli vergi ödəyiciləri siyahısından çıxarılma mümkün olmamışdır. Lakin İddiaçı məxsus avtoservis xidmət sahəsində fəaliyyət göstərir və heç bir mal satışı olmamışdır. Qeyd edilən qaimələr səhvən göndərilmişdir, bu səbəbə riskli vergi ödəyicisi siyahısına salınma barədə qərar alındıqdan sonra qaimələrdə düzəliş edilərək yenidən təqdim edilmişdir. Müraciətə baxılması barədə məktubda qeyd edilmiş, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş cəmi 910 manat dəyərində olan iki elektron qaimə-fakturanın ləğv edilməsi texniki səbəbdən baş tutmamışdır. Bu barədə vergi orqanına məlumat verilsə də, iddiaçı riskli vergi ödəyicisi siyahısından bu günə qədər çıxarılmamışdır. Odur ki, İddiaçı mülkiyyətində olan avtoservisin realda heç bir mal satışını həyata keçirməməsini, qaimələrin səhvliklə göndərilməsini, bu barədə məlumat alındıqdan sonra tərəfdən qaimələrin 48.3 min manat dəyərində qaimələrə düzəliş edilərək yenidən göndərilməsini, bu qaimələrdən sadəcə 910 manat dəyərində 2 elektron qaimənin texniki səbəblərdən ləğv edilə bilməməsini nəzərə alaraq iddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3342/2024 nömrəli qərardadı ilə iddia tələbi “İddiaçı riskli vergi ödəyicisi” siyahısından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” şəklində icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, fiziki şəxs İddiaçı fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı xx.xx.2022- 04.11,2022-ci il tarixlərində cəmi 48,3 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "sit, Karobka, sağ sol səs boğucu qazan, Sağ fara və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında və istehsalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmiş və vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********456700 nömrəli “Riskli əməliyyatların və (və ya) riskli vergi ödəyicilərinin meyarlarının (meyarının) müəyyən edilməsi barədə” bildiriş göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci bəndlərinə əsasən İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2022-ci il tarixli **********619400 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Təhlil zamanı vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırdığı, əsas fəaliyyət növünün obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, obyektin vəziyyətinin bağlı olması səbəbindən vergi ödəyicisinə məxsus təsərrüfat subyektinə müvafiq struktur tərəfindən yerində baxış keçirilməklə həmin təsərrüfat subyektində (obyektində) hansı fəaliyyət növü ilə məşğul olduğunun, mal qalığının, işçi sayının, o cümlədən əmək müqaviləsi olmadan işçilərin işlərə cəlb edilməsi hallarının olub-olmamasının, nağd pul hesablaşmaları qaydalarına düzgün riayət edilməsi vəziyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində təqdim edilmiş 47.4 min manat dəyərində olan 22 ədəd riskli elektron qaimə-fakturaların ləğv edildiyi, digər 2 ədəd 910 manat dəyərində olan riskli elektron qaimə-fakturanın isə ləğv edilmədiyi və təqdim edilmiş elektron qaiməfakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi aşkar edilmişdir. Göründüyü kimi, araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Odur ki, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********619400 nömrəli qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********619400 nömrəli qərarından görünür ki, ƏDV sub-uçot hesabı üzrə mədaxilməxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 48,3 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "sit, Karobka, sağ sol səs boğucu qazan, Sağ fara və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 3.1.1 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin tələblərini rəhbər tutaraq, vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş iddiaçının xx.xx.2023-cü il tarixli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə ünvanlanan İddiaçı ərizəsinə əsasən bildirmişdir ki, ona məxsus avtoservis xidmət sahəsindədi heç bir mal satışı olmayıb sadəcə qaimə yalnışlıqla düz yazılmadığı üçün riskli vergi ödəyici siyahısına salınmışdır. İddiaçı qaimələrə düzəliş edib təzdən təqdim etməyinə baxmayaraq hələ də onu riskli vergi ödəyici siyahısından çıxarmamışlar. Göstərilənlər nəzərə alaraq onları riskli vergi ödəyici siyasından çıxarılmağını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli müraciətə baxılması barədə məktubuna əsasən məlum olduğu kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.1-ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Qeyd olunan “Meyarlar"ın müddəalarına əsasən Sizin fəaliyyətiniz təhlil olunmuşdur. Təhlil zamanı tərəfinizdən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 48.3 min manat dəyərində təqdim edilmiş elektron qaimə-faktura üzrə "sit, karobka, sağ sol səs boğucu qazan, sağ fara” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaiməfaktura üzrə vergi ödəyicisinin fəaliyyət növünün həyata keçirilməsi üçün satış gününə qədər olan alışınızda, idxalınızda mallar (iş, xidmət) müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1,-ci və 3.1.1-ci bəndlərinə əsasən riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2022-ci il tarixli **********619400 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq Sizin elektron qutunuza göndərilmişdir. Araşdırma zamanı tərəfinizdən təqdim edilmiş riskli elektron qaiməfakturaların qismən ləğv edildiyi, lakin xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş cəmi 910 manat dəyərində olan iki riskli elektron qaimə-fakturaların ləğv edilmədiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşmalar aradan qaldırılmadığından Sizin riskli vergi ödəyiciləri siyahısından çıxarılmağınız mümkün olmamışdır. Eyni zamanda tərəfinizdən riskli elektron qaimə-faktura ləğv edildikdən, ləğv edilmiş elektron qaiməfakturaya görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlər təqdim edildikdən və digər kənarlaşmalar aradan qaldırıldıqdan sonra müraciətinizə yenidən baxılacaqdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyəti üzrə isə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı vergi ödəyicisinin əsas faəliyyət sahəsi avtoservis xidməti sahəsidir. Vergi orqanı tərəfindən araşdırma ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 48,3 min manat dəyərində qaiməfakturalar əsasında "sit, Karobka, sağ sol səs boğucu qazan, Sağ fara və s." malları təqdim etmiş, lakin satdığı həmin mallar onun elektron qaimə-faktura üzrə alışında və idxalında aşkar olunmamışdır. Qeyd edilən əsasa görə iddiaçı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********619400 nömrəli riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Hazırkı iddiasında iddiaçı onun riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını mübahisələndirir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: -1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. -2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrədövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. -3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İşin hallarından görünür ki, vergi orqanı iddiaçının xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 48,3 min manat dəyərində elektron qaimə-fakturalar təqdim etdyini, lakin elektron qaimə faktura üzrə iddiaçının alışında, idxalında qeyd edilən malların müəyyən edilmədiyini əsas gətirərək iddiaçını Meyarların 2.1.1, 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi siyahısına salmışdır. İşdən görünür ki, iddiaçı bu qərarla razılaşmış və riskli əməliyyatlara dair elektron qaimə-fakturalarından böyük qismini ləğv etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş riskli vergi ödəyiciləri pəncərələrinə daxil olmuş e-qaimə fakturaların siyahısına əsasən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş 24 sayda elektron-qaimə fakturalardan dəyəri 47.4 min manat olan 22 sayda qaimə-faktura ləğv edilmiş, xx.xx.2022-ci il tarixli əldə edən "xxxx" MMC EBCE seriyalı 542455 nömrəli dəyəri 380 manat və xx.xx.2022-ci il tarixli əldə edən "xxxx" MMC EBCİ seriyalı 533473 nömrəli dəyəri 530 manat olan elektron qaimə fakturalar ləğv edilməmişdir. Bu cavabdeh tərəfindən də mübahisələndirilməmiş, vergi orqanı elektron qaiməfakturaların ləğv edildiyini qəbul etmiş, yalnız cəmi 910 manat məbləğində 2 qaimə fakturanın ləğv edilmədiyini əsas gətirərək iddiaçını riskli vergi ödəyicisi siyahısında saxlamışdır. İddiaçı tərəf avtoservis xidməti fəaliyyəti həyata keçirdiyini, ümumən qeyd edilən qaimə fakturalar üzrə hər hansı mal alışı və satışı olmadığını, xidmət müqabilində ödənilməli xidmət haqqına görə qaimələrin yalnış tərtib edildiyini, qeyd edilən yalnışlığın aradan qaldırılaraq ləğv edildiyini (düzəliş edildiyi), yalnız iki qaimə fakturanın ləğv edilə bilməməsinin səbəbinin qaimə üzrə xidmətin göstərildiyi müəssisənin qaimələrin ləğvi ilə razılaşmadığı ilə əsaslandırmışdır. Bununla əlaqədar iddiaçı adları çəkilən e-qaimələrin əsasında dayanan xx.xx.2022ci il tarixli “Avto təmir xidmətlərinin göstərilməsi haqqında” 04/22 nömrəli müqaviləni təqdim etmişdir. Həmin müqavilədən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC X2 şəxsində, bundan sonra «Sifarişçi» adlandırılacaq, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən fiziki şəxs "İddiaçı", bundan sonra "İcraçı" adlandırılacaq. «Sifarişçi» avtomobillərin təmiri xidmətlərinin göstərilməsini sifariş verib «İcraçı»ya razılaşdırılmış xidmət haqqı ödəməyi, «İcraçı» isə «Sifarişçi»nin müəyyən etdiyi qaydada avtomobillərin təmiri üçün lazımı xidmətləri (bundan sonra "Xidmət") göstərməyi öhdəsinə götürmüşdür. Eyni zamanda təqdim edilmiş xx.xx.2024-cü il tarixli 5/24 nömrəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin arayışından görünür ki, fiziki şəxs İddiaçı xidmət göstərdiyi xx.xx.2022-ci il tarixli EBCE 542455 nömrəli və xx.xx.2022-ci il tarixli EBCİ 533473 nömrəli elektron qaimələr üzrə heç bir ehtiyyat hissəsi alış-verişi olmamışdır. İşin hazırkı hallarından görünür ki, iddiaçı riskli vergi ödəyicisi siyahısına salınmasına əsas olmuş halları aradan qaldırmış, riskli əməliyyatlar hesab edilən eqaimələri ləğv etmiş və bu ləğv etməni vergi orqanı qəbul etmişdir. Qeyd edilən dövr üzrə mübahisəli 48,3 min manat dəyərində qaimə-fakturalardan yalnız bir vergi ödəyicisi ilə aparılmış əməliyyat üzrə cəmi 910 manat dəyərində e-qaimələr ləğv edilməmişdir ki, qeyd edilən q-qaimələrin ləğv edilməməsi hazırkı halda iddiaçıdan asılı deyil, iddiaçı birtərəfli qaydada həmin qaimələrin ləğvini həyata keçirə bilmir. Qeyd edilən qaimə faturalar üzrə tərəflər arasında xidmət göstərilməsi barədə müqavilə iddiaçı tərəfindən təqdim edilmiş, eləcə də əldə edən tərəf həmin qaimələr üzrə iddiaçı ilə hər hansı ehtiyat-hissə, mal alışı və satışı olmadığını bildirmişdir. İddiaçı hazırkı iddia tələbini dəqiqləşdirməklə onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğvini deyil, qərarda göstərilənlərin nəzərə alınaraq müvafiq tədbirlər görülməklə vergi ödəyicisindən asılı olan halları aradan qaldırdığından riskli vergi ödəyicisi siyahısından çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” ilə vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edildiyi və riskli vergi ödəyicisi siyahısına daxil edilməsinin hüquqi əsasları qeyd edilmiş olsa da, lakin hazırkı tarixədək vergi ödəyicisinin riskli vergi ödəyici siyahısından çıxarılmasının hüquqi əsasları (meyarları) qanunvericiliklə tənzimlənməmişdir. Bu halda məhkəmə hesab edir ki, bir halda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısında saxlanılması daimi hesab edilə bilməz, o zaman müvafiq olaraq riskli vergi ödəyicisi siyahısına daxil edilməsinə əsas verən və ödəyici tərəfindən aradan qaldırılması mümkün olduğu hallar aradan qalxdığında vergi ödəyicisi riskli vergi ödəyicisi siyahısından çıxarılmalıdır. Yuxarıda göstərildiyi kimi, qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması hallarını (meyarlarını) tənzimləməsə də, bu, müvafiq qərarın qəbul edilməməsi üçün əsas ola bilməz. Belə ki, müvafiq tənzimləməni təmin etmək üçün zəruri tədbirlərin görülməsi vergi sahəsində dövlət siyasətini həyata keçirən cavabdeh orqanın vəzifəsidir və qanunvericilikdəki bu boşluq vergi ödəyicisinin hüquqlarının pozulmasına səbəb ola bilməz. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan görünür ki, riskli vergi ödəyicisi ilə bağlı vergi orqanı iki növ qərar qəbul deə bilər: 1.Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə; 2.Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə. Vergi ödəyicisi onun riskli vergi ödəyicisi olması barədə qərarın o zaman ləğv edilməsini tələb edə bilər ki, həmin qərarda göstərilənlərlə razılaşmasın və onun barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktın qanunsuz olduğunu iddia etməklə onu mübahisələndirsin. Bununla ödəyici həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına nail olur. Qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün onun barəsində qəbul edilmiş riskli vergi ödəyicisi olma barədə qərarın ləğvini nəzərdə tutmamışdır. Belə ki, şəxs barəsində qəbul edilən riskli vergi ödəyiciləri siyahısından çıxarılma barədə qərar qəbul edildiyi vaxtdan etibarən qüvvəyə minir və həmin tarixdən sonra əvvəlki qərarın hüquqi nəticəsini aradan qaldırır. İşin hazırkı halında iddiaçı tərəfindən barəsində müvafiq qərarın qəbul edilməsinə əsas olan hallar aradan qalxdığından, məhkəmə hesab edir ki, bu, onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar