Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3343/2022 05.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.08.2021-ci il tarixli **********812100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə Qərar”ın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış vergi məbləğlərinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı metal qırıntılarının toplanması ilə məşğul olmuşdur. Topladığı metal qırıntılarını müxtəlif metal qəbulu məntəqələrinə akt əsasında təhvil vermişdir. Bir neçə müddət sonra ona məlum olmuşdur ki, vergi orqanı onun fərdi sahibkar kimi vergi orqanında qeydiyyata durmadığı və topdansatış fəaliyyəti ilə məşğul olduğu qənaətinə gələrək onun hər hansı müraciəti olmadan onu fərdi sahibkar kimi vergi orqanında qeydiyyata almış və 04.08.2021-ci il tarixli **********812100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar” əsasında ona 2020-ci il üzrə 24290,03 manat gəlir vergisi hesablamışdır. Hesab edir ki, cavabdehin müraciəti olmadan fərdi sahibkar kimi qeydiyyata alması ilə bağlı hərəkətləri və barəsində qəbul etdiyi 04.08.2021-ci il tarixli **********812100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə Qərar” qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçının nümayəndəsi və vəkili 16 dekabr 2021-ci il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi göstərilməklə iddia tələbinin “13 dekabr 2021-ci il tarixli **********251600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin 21 fevral 2022-ci il tarixli qərardadı ilə, iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi, iddia tələbinin “13 dekabr 2021-ci il tarixli **********251600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirişdir ki, 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən gəlir vergisi bəyannaməsi təqdim edilmədiyindən vergi ödəyicisinə 11.06.2021-ci il tarixli, **********102300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub göndərilmiş, lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində cari bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən müvafiq dövr üzrə vergi ödəyicisinin vergi orqanında uçotda olmasına baxmayaraq mallar üzrə elektron qaimə-faktura tərtib edilməli olduğu halda malların alış aktları ilə təqdim etdiyindən vergi ödəyicisinin xərcini müəyyən etmək mümkün olmadığı üçün Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən vergi ödəyicisinin real gəlirləri əsas götürülməklə, belə ki, alış aktı ilə 728 701,00 manat gəlirinin olduğu nəzərə alınmaqla 24290,03 manat əlavə vergi mələği hesablanmış və bu barədə vergi ödəyicisinə 04.08.2021-ci il tarixli **********812100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Lakin aparılmış araşdırma zamanı vergi ödəyicisi 28.10.2021-ci il tarixdə 2020-ci il üçün dəqiqləşdirilmiş bəyannamə göstəricilər olmadan təqdim edilmişdir. Kənarlaşma aradan qaldırılmadığı üçün 13.12.2021-ci il tarixdə vergi məbləği bərpa edilərək **********251600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13.12.2021-ci il tarixli, **********251600 saylı qərarına əsasən, 2020-ci il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış gəlir vergisi məbləği 24.290,03 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə baxışının predmetini iddiaçının mübahisələndiridiyi cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13.12.2021-ci il tarixli, **********251600 saylı qərarı təşkil edir. Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin faktiki hallarından göründüyü kimi, iş üzrə cavabdeh olmuş Bakı şəhəri X2 üzrə Baş İdarəsi iddianın ilkin olaraq predmeti olmuş 04 avqust 2021-ci il tarixli qərarın qəbul edilməsinin əsası kimi iddiaçının fəaliyyətinin sahibkarlıq fəaliyyəti olması və həmin fəaliyyətin uçotda durmadan həyata keçirilməsini göstərmişdir. Daha sonra Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən hazırda mübahisələndirilən 13 dekabr 2021-ci il tarixli qərarla vergi məbləği bərpa edilmişdir ki, onun da əsası kimi iddiaçının vergi orqanında uçotda olmasına baxmayaraq uçotda olmayan fiziki şəxs kimi alınmış mallara görə alış aktı tərtib etməsi göstərilmişdir. Göründüyü kimi, hal-hazırda qərarın qanuniliyinin müəyyən edilməsi ilə bağlı iddiaçının fəaliyyətinin sahibkarlıq fəaliyyəti olub-olmamasının aydınlaşdırılması zərurəti vardır ki, məhkəmə hesab edir ki, metal qırıntılarının toplanması ilə bağlı iddiaçının fəaliyyəti aşağıda qeyd olunanlar da nəzərə alınmaqla sahibkarlıq fəaliyyəti hesab edilə bilməz. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsindən də müəyyən edilir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.37-ci maddəsin əsasən, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Lakin cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti göstərməsi barədə mövqeyi yuxarıda adıçəkilən qanunvericiliyin sahibkarlıq fəaliyyətinin kriteriyalarına uyğun olmamış, metal qırıntılarının toplanması barədə fəaliyyət ehtimallara əsaslanaraq sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilmişdir. Bu zaman, iddiaçının fərdi sahibkar kimi vergi uçotunda olması da vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, iddiaçının metal qırıntılarını toplaması əsası ilə vergi uçotuna alınması vergi qanunvericiliyin pozulması ilə həyata keçirilmişdir ki, məhkəmə hər nə qədər iddia tələbində ayrıca göstərilməsə belə, qərarın ləğvi ilə bağlı iddia tələbinin mahiyyətinə, eləcə də işin digər faktiki hallarına da nəzər yetirdikdə müəyyən edir ki, hazırkı qərarın qəbulu şəxsin vergi uçotunda olması ilə birbaşa bağlıdır. Bu səbəbdən, məhkəmə iddiaçının sahibkar olub-olmaması, qərarın düzgün olubolmamasının müəyyənləşdirilməsi üçün onun barədə vergi uçotu ilə bağlı hərəkətlərin qiymətləndirməsini zəruri hesab edir və məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 33.1-ci maddəsinə əsasən, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; 33.3-cü maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər; 33.4-cü maddəsinə əsasən, vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir; 33.5-ci maddəsinə əsasən, bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir; 34.1-ci maddəsinə əsasən, vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 34.2-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Eləcə də, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 3 may 2019cu il tarixli qərarı ilə təsdiq edilmiş, “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydalar”ının: 1.3-cü bəndinə əsasən, aşağıda qeyd edilən şəxslər vergi orqanlarında uçota alınırlar: 1.3.1. Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslər; 1.3.2. ailə kəndli təsərrüfatlarının başçıları; 1.3.3. torpaq mülkiyyətçiləri. 2.2-ci bəndinə əsasən, fiziki şəxsin uçota alınması, yenidən uçota alınması, uçotdan çıxarılması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi barədə təqdim edilən ərizələrin forması və onların doldurulma qaydaları, fiziki şəxslərin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilir; 2.3-cü bəndinə əsasən, vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir; 2.4.-cü bəndinə əsasən, fiziki şəxsi uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma məsələlərində etibarnamə əsasında səlahiyyət verilmiş şəxs təmsil edə bilər. Bu Qaydaların məqsədləri üçün təqdim edilən ərizələr yalnız fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalana bilər. Ərizəni qəbul edən vergi orqanı əməkdaşı onun yalnız buna səlahiyyəti olan şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra bu Qaydalarda göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etməlidir. Ərizələrin səlahiyyətli olmayan şəxslərdən, yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Ərizədə göstərilənlərin düzgünlüyünə fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi cavabdehdir. Eyni tələblərə vergi orqanı tərəfindən hazırlanmış sənədlərin forması Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilən jurnalda imza edilməklə verilməsi zamanı da əməl edilməlidir. Sadalanmış normalarının təhlilinə keçməzdən əvvəl, məhkəmə vergi qanunvericiliyinə görə VÖEN (Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) ifadəsini ehtiva edən anlayışın nədən ibarət olmasına münasibət bildirir. Belə ki, vergi ödəyicisi olan hüquqi şəxs, onun filialları və nümayəndəlikləri və ya digər təsərrüfat subyektləri (obyektləri) olduğu yer üzrə, fərdi sahibkar və VM-in müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxs isə yaşadığı yer üzrə vergi orqanında uçota alındıqdan sonra onlara bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə verilən və Azərbaycan Respublikasının bütün ərazisində vahid olan fərdi say nömrəsidir. Vergi orqanlarından VÖEN almaq vergi ödəyicisinin əsas vəzifələrindən biridir. VÖEN vergi ödəyicisinin uçota alındığını təsdiq edən sənəddir. Mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən VÖEN verilməklə aparılır. Ümumməlum arqumentlərdən biri odur ki, vergi hüquq münasibətlərinin ən kütləvi iştirakçıları vergi ödəyiciləridir. Vergi ödəyiciləri Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir ki, onların hüquq və vəzifələri Vergi Məcəlləsinin, o cümlədən vergi qanunvericiliyinə daxil olan digər normativ-hüquqi aktlarla müəyyən edilir. Nəzərə alınmalıdır ki, vergi ödəyicisinin vergi uçotuna alınması, ona VÖEN və bunun əsasında şəhadətnamə verilməsi qanunvericilikdə müəyyən edilmiş prosedurlar çərçivəsində həyata keçirilir. Yuxarıda səciyyələnmiş qanunvericiliyin normalarından göründüyü kimi, qanunvericilik vergi ödəyicisinin vergi orqanında uçota alınması onun tərəfindən forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən ərizə verilməsi və ərizəyə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməsi ilə şərtləndirilmişdir. Vergi ödəyicisi tərəfindən və ya onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən ərizə şəxsiyyət vəsiqəsi ilə birlikdə vergi orqanına təqdim olunur, bundan sonra qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alınaraq VÖEN verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə VM-nin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. Bir daha qeyd olunur ki, yuxarıda adı çəkilən normaların tələblərindən də görünür ki, Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir. Vergi orqanında uçota alınması üçün vergi ödəyicisinin özünün müvafiq ərizə ilə müraciət etməsi tələb olunur. İşdən müəyyən olunur ki, iddiaçı vergi ödəyicisi kimi uçota alınmasına dair ərizə ilə cavabdehə hər hansı müraciət etməmiş, nə də cavabdeh iddiaçının belə ərizə verməsi barədə mübahisə açmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.1-ci maddəsinə nəzər yetirdikdə müəyyən olunur ki, vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi qanunvericilik qanunla müəyyən olunmuş müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmasını nəzərdə tutmuşdur. Lakin cavabdeh qeyd edilən səlahiyyətindən istifadə edərək iddiaçını maliyyə sanksiyasına cəlb etmək yerinə, Vergi Məcəlləsində nəzərdə tutulmamış qayda və üsullardan istifadə edərək iddiaçını məcburi qaydada vergi ödəyicisi kimi uçota almışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə, bu kontekstdə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2536/2019 saylı iş üzrə qəbul etdiyi 22.10.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, “Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1186/2020 saylı iş üzrə qəbul etdiyi 03.07.2020-ci il tarixli qərarında da həmin mövqe bir daha təsdiq edilmişdir. Ümumiyyətlə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdeh inzibati orqanda əsaslı şühbələrin olması şəxsin vergi ödəyicisi qismində uçota alınması və ona VÖEN təqdim edilməsi ilə nəticələnməməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının, eləcə də Ali Məhkəmənin məhkəmə təcrübəsini formalaşdıran qərarlarından da göründüyü müvafiq müraciət olmadan şəxsin vergi ödəyicisi qismində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə bir daha vurğulayır kli, şəxsin vergi uçotunda olması, onun sahibkarlıq fəaliyyəti həyata keçirməsini təsdiq etmir. Məhkəmə, həmçinin qərarın ləğvi ilə bağlı aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir; 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur; 62.1-ci maddəsinə əsasən, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Bununla yanaşı, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5 və 3.5.2-ci maddələrinə əsasən, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulu zamanı mallar nağd qaydada satın alına bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.6-cı maddəsinin qüvvədə olmuş maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 150.1 və 150.1.14-cü maddələrinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Məhkəmə qeyd edir ki, iddiaçı hər nə qədər vergi uçotuna alınmış olsa da, reallıqda əlvan və qara metal qırıntılarını təhvil verən zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Bununla yanaşı “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsində vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulunun miqdarı və ya dövriliyi ilə bağlı hər hansı bir şərt qeyd edilməmişdir. Belə olan halda qanunvericiliklə müəyyən olunmayan bir əsas üzrə şəxsə vergi hesablanması ilə bağlı cavabdehin hərəkətləri əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda adıçəkilən müddəalarına bir daha nəzər saldıqda aşkar surətdə görünür ki, fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulu ilə bağlı vergi öhdəliyinin hansı formada olması konkret olaraq tənzimlənmişdir. Bu zaman iddiaçının vergi ödəyici kimi qeydiyyata alınması ilə bağlı öhdəliyi qeyd edilməmiş, 2 faiz dərəcə ilə verginin ödənilməsi öhdəliyi qırıntıları təqdim edən şəxs üzərində yox, qəbul edən (ödəmələr verən) hüquqi şəxslər və fərdi sahibkarlar üzərində olmuşdur. Göründüyü kimi cavabdeh həm metal qırıntılarını qəbul edən şəxsi, həm də təqdim edən şəxsi vergi öhdəliyi daşıması barədə mövqe nümayiş etdirir ki, məhkəmə həmin hərəkətləri vergi qanunvericiliyin ümumi prinsiplərinə uyğun hesab etmir və yuxarıda adıçəkilən əlvan və metal qırıntıları ilə bağlı vergi öhdəlikləri ilə bağlı konkret şərtlərin pozulmasına yönələn hərəkət kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdehin mövqeyi ehtimallara əsaslanmış, sübut edilməmiş, vergi uçotuna alınma, bəyannamənin verilməsinin tələb edilməsi ilə bağlı hərəkətləri qanunsuz olmuşdur ki, bu da qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13.12.2021-ci il tarixli, **********251600 saylı qərarı ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13.12.2021-ci il tarixli, **********251600 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-3343/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3343/2022
05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver