Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3345/2020 09.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı pasport qeydiyyatına alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşadığı ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı hal-hazırda ünvan 1 ünvanında yaşayır. Formal olaraq isə qeydiyyatı Gədəbəy rayonu, Göyəlli kəndinədir. Lakin uzun illər öncə yaşayış ünvanını dəyişmiş, X3 ilə faktiki nikah münasibətlərinə daxil olaraq ünvan 1 ünvanında yaşamışlar. Birgə nikahlarında övladları olmamışdır. Həyat yoldaşı 03 noyabr 2015-ci il tarixdə ağciyəri xərçəngindən vəfat etmişdir. Hazırda o, həmin mənzildə yaşayır və mənzil onun istifadəsindədir. Həmin mənzilin kommunal ödənişlərini o həyata keçirir. Həmin mənzildə uzun illərdir ki, yaşamasını qonşuları, şahid ifadələri də təsdiq edə bilər. Lakin faktiki olaraq yaşadığı yaşayış yeri üzrə qeydiyyata düşə bilmir. Bununla bağlı cavabdehə yazılı ərizə ilə müraciət etmiş, 03 fevral 2020-ci il tarixli məktubu ilə ona cavab verərək, zəruri sənədlər təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınmasının imkan xaricində olduğu göstərilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in bu müddəasının tələblərini və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2020-ci il tarixli Məlumatına əsasən Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 02 iyul tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 2020-ci il 08 iyul tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Cavabdeh Bakı şəhəri Cavabdeh məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmişdir. İddiaçı şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazı məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq icraatı mərhələsində iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 073-2053H- 1220 saylı imtina məktubundan görünür ki, iddiaçının qeydiyyata alınma barədə ərizəsinə baxılmış, onun ünvana qeydiyyata alınması üçün yaşayış sahəsinə köçməyə əsasən verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlərin) təqdim olunmasının vacib olduğu, göstərilən sənədlər təqdim olunmadığından qeydiyyata alınmanın imkan xaricində olduğu göstərilmişdir. İşdə olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Göyəlli kəndində qeydiyyatdadır. İddiaçı hazırda ünvan 1 ünvanında yaşadığına əsaslanaraq, onun yaşadığı yer üzrə qeydiyyata alınmasını cavabdehdən tələb edir. Məhkəmə araşdırması zamanı iddiaçının qeydiyyata düşmək istədiyi mənzilə dair mülkiyyət hüquqlarını təsdiq edən hər hansı sənədinin olmadığı müəyyən edilmişdir. Bununla belə, iddiaçı tələbinin əsası kimi mənzilin mülkiyyətçisi mərhum X3 ilə rəsmi nikahda olmasa da, uzun illərdir faktiki ər-arvad münasibətində olduğuna, qonşular tərəfindən həmin mənzildə yaşamasının təsdiq edildiyinə, hazırda bütün kommunal ödənişlərin onun tərəfindən ödənildiyini, lakin faktiki yaşadığı ünvana qeydiyyata düşə bilmədiyinə istinad etmişdir. İşdə olan sübutlarla iddiaçının istinad etdiyi hallar öz təsdiqini tapsa da, həmin sübutlar iddiaçının qeyd edilən mənzilə pasport qeydiyyatına alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə görə əsas olmadığından, məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, qeydiyyatın həyata keçirilməsi və şəxsiyyət vəsiqəsinin verilməsi üçün yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi tələb olunur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Məhkəmə qeyd edir ki, qeydiyyata alınmaq üçün qanunvericiliklə tələb olunan sənədlər nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim olunmadığından, bununla da, cavabdehin imtinası əsaslı olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə pasport qeydiyyatına alınması üçün qanunvericiliklə tələb olunan əsaslar olmadığından, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3345/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3345/2020
09.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver