Məhkəmə qərarları › İş №2-1(112)-3346/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3346/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3346/2022 04.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, Cavabdeh X6, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7) “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MTK cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11D, giriş 1, 1a saylı mənzilə dair X5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı 10.09.2016-cı il tarixli çıxarışın etibarsız hesab edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 cavabdeh İddiaçı MTK, “Office Line” şirkəti və üçüncü şəxs Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ilə bağlı bildirilir ki, iddiaçı X7 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11D, giriş 1, 1a saylı mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı ******* saylı 10.09.2016-cı il tarixli çıxarış verilmişdir. X1 mənzilə dair çıxarış verildiyi 10.09.2016-cı il tarixdə mənzilin yerləşdiyi Bakı şəhəri, Süleyman Vəzirov 11D ünvanında yerləşən binaya dair istismar aktı alınmamışdır. Belə olan halda iddiaçı X5 həmin mənzilə dair qanunsuz əsaslarla çıxarış verilmişdir. Çünki istismar aktı olmayan, istismara yararlılığı təsdiqlənməmiş binada yerləşən mənzilə dair çıxarışın alınması həmin çıxarışın qanunsuz olduğunun bariz sübutudur. X4 həmin çıxarışın hansı yolla alması məhkəmə tərəfindən araşdırılmalı və bu hala hüquqi qiymət verilməlidir. Bununla bağlı tərəflərindən ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət olunaraq, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11D, giriş 1, 1a saylı mənzilə dair X5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı 10.09.2016-cı il tarixli çıxarışın etibarsız ləğv edilməsini xahiş etmişlər. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ərizəyə hər hansı cavab verilməmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 29.10.2021-ci il tarixli qərardadı ilə X7 inzibati iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı müvafiq tələblə 13.10.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir fiziki və hüquq şəxs yalnız özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Hazırkı iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı, X4 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı iddia qaldırmaqla ona məxsus hansı hüquq və azadlığın, eləcə də marağın pozulduğunu qeyd etməmişdir. İnzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddələri rəhbər tutularaq məhkəmədən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X9 iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə olunmuş 10.08.2020-ci il tarixli hüquqi şəxslərin dövlət qeydiyyatına dair çıxarışdan müəyyən olunur ki, qurumun əvvəlki adı "xxxx" X3, qurumun hazırkı adı İddiaçı, qeydiyyata alındığı tarix 28.12.1998-ci il, qanuni təmsilçi X2r. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11D, giriş 1, 1a saylı mənzilə dair xüsusi mülkiyyət hüququ X4 adına 10.09.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hazırkı işin hallarından müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11D, giriş 1, 1a saylı mənzilə dair mülkiyyət hüququ X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı Mənzil Tikinti Kooperativi üçüncü şəxs A.Ə.Sərdarovun adına aparılmış qeydlərin etibarsızlığını hazırkı məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. İnzibati Prosessual Məcəllənin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. -140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -141.1-ci maddəsinə görə əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. -141.2-ci maddəsinə görə bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. -141.3-cü maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 23.1-ci maddəsinə görə qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, qeydlərin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Reyestrdə aparılmış qeydlər yalnız həmin qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxsin müraciəti əsasında mübahisələndirilə bilər. Hazırkı iş üzrə üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər mövcuddur. İddiaçı üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin etibarsızlığı ilə bağlı inzibati məhkəmə icraatında iddia qaldırmış olsa da mübahisələndirilən qeydlərin onun hansı subyektiv hüquq və qanunla qorunan mənafelərini pozduğunu əsaslandıra bilməmişdir. Halbuki, iddiaçının qeydlərin mahiyyətinə keçməzdən öncə bu qeydləri mübahisələndirmək üçün tələb hüququnun mövcudluğunu iddiasında bilavasitə əsaslandırması, onun subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim etməsi tələb olunurdu ki, hazırkı iş üzrə iddiaçı nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, nə də məhkəmə icraatı gedişində belə sübut və əsaslandırmanı məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hazırkı iddia tələbi üzrə iddiaçının iddia tələbini qaldırmaqda subyektiv hüququnu müəyyən etmədiyindən iddianın mümkün sayılmaması nəticəsinə gəlir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı MTK-nın cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar