Məhkəmə qərarları › İş №2-1(112)-3347/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3347/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3347/2024 23.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı «ASAN xidmət» X2 qarşı “adın, soyadın dəyişdirilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı «ASAN xidmət» X2 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək adının "Aleksandr"dan "Yuri'yə, soyadının "Quzlayev"dən "Krupenko”ya dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini və icra olunması üçün 6 Saylı Bakı "ASAN xidmət" X2 göndərilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbinin “İddiaçı doğum haqqında akt qeydində və şəhadətnaməsində adı qrafasında “Aleksandr” adının dəyişdirilib “Yuri”, soyadı qrafasında “Quzlayev” soyadının dəyişdirilib “Krupenko” kimi qeyd edilməsi öhdəliyinin cavabdeh 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən 04 noyabr 1972-ci il tarixli "Doğum haqqında şəhadətnamə" verilmiş və həmin "Doğum haqqında şəhadətnamə"də "Ata qrafasında" ata adı yazılmamış, ata adı Pavloviç kimi göstərilmişdir. Ata adının və soyadının yazılmaması onun üçün bəzi problemlər yaradır və istəyir ki, doğum haqqında şəhadətnaməsində "Ata qrafasında" atasının adı Aleksandr deyil "Yuri", soyadının isə Quzlayev deyil "Krupenko" kimi yazılsın. 6 Saylı Bakı "ASAN XİDMƏT" X2 ərizə ilə müraciət edərək, adının "Aleksandr"dan "Yuri'yə, soyadının "Quzlayev"dən "Krupenko"ya dəyişdirilməsini xahiş etmişdir. 6 Saylı Bakı "ASAN XİDMƏT" Mərkəzi iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli, 05/58-69 Saylı məktubla imtina cavabı vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi hər hansı üzrlü səbəb bildirilmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, həmçinin bildirdi ki, onu övladlığa götürən atalığının adını götürmək istəyir. Beləliklə, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən soyadının və adının dəyişdirilməsi məqsədəmüvafiq heasb edilmədiyindən iddiaçının tələbinin təmin ediməsindən imtina edilmişdir. -Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli doğum haqqında akt qeydinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4 Yevgenyevnadır. -Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1968-ci il tarixdə 466 nömrəli qeyd aparılmışdır. Ata adı qeyd edilməmişdir, anası- X3. - ASAN 6 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. -Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 87 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -Xətai Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 101-34595-1222 nömrəli rəyindən görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Nizami Rayon Məhkəməsinin xx.xx.1990-cı il tarixli qərarına əsasən CM 207.2, Xətai Rayon Məhkəməsinin xx.xx.1993-cü il tarixli qərarına əsasən CM 83.3, Nizami Rayon Məhkəməsinin xx.xx.1993-cü il tarixli qərarına əsasən CM 83.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Göstərilənləri nəzərə alaraq, vətəndaş İddiaçı soyadını və adını dəyişməsi məqsədəmüvafiq hesab edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.4. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. 6.5. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. 6.6. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir. 6.12. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X1 Reyestri Xidmətinə sorğu verir. 6.15. Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. 6.16. Rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. 6.17. Qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir (2 nömrəli əlavə). 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsaslardan biri kimi adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmış şəxsə qanunla müəyyən edilmiş hallar daxilində öz adını, ata adını və soyadını dəyişdirmək hüququ vermişdir. İstinad olunan qanunvericilik normaları isə müvafiq akt qeydlərində bu dəyişikliyin aparılması şərtlərini və qaydasını müəyyənləşdirmiş, dəyişikliklərin aparılması mümkünlüyünü kifayət qədər əsasların mövcud olması ilə məhdudlaşdırmışdır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarını nəzərdə saxlamaqla hesab edir ki, aparılmış araşdırma ilə iddiaçının tələbinin təmin edilməsi ilə bağlı şərtlər ödənilmir. Belə ki, iddiaçının 18 yaşı tamam olsa da, onun barəsində yaşayış yeri üzrə müvafiq polis idarəsində (şöbəsində) aparılmış araşdırma nəticəsində adının və soyadının dəyişdirilməsi məqsədəuyğun hesab edilməmişdir. Bu baxımdan cavabdehin imtinası əsassız deyil. Odur ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar