Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3347/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə (bundan sonra –Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirinin xx.xx.2024-cü il tarixli, 554-K saylı əmrinin ləğv edilməsi və ədliyyə orqanlarına xidmətə bərpa edilməsi, ötən müddət üçün almadığı əmək haqqının, məzuniyyət pulunun, maddi yardımın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 2003-cü ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr pilləsini, 2005-ci ildə isə həmin Universitetin “Cinayət hüququ“ ixtisası üzrə magistr pilləsini bitirmişdir. Ədliyyə orqanlarına işə qəbul edilməmişdən əvvəl hüquqşünas kimi fəaliyyət göstərmiş və 2010-cu ildə ədliyyə orqanlarına işə qəbul edilmişdir. İşlədiyi 14 il ərzində bir ədliyyə zabiti olaraq xidmət göstərdiyi orqanın nüfuzunu aşağı sala biləcək heç bir hərəkətə yol verməmişdir, bu müddət ərzində şərəf və vicdanla xidmət etmişdir. Həm İcra xidmətində, həm də Probasiya xidmətində fəaliyyət göstərdiyi zaman haqqında korrupsiya və digər prosessual pozuntularla bağlı heç bir vətəndaş şikayəti daxil olmamışdır. Probasiya xidməti yarandığı gündən öz xahişi ilə probasiya üzrə icra məmurlarından biri də iddiaçı olmuş, yeni yaranmış xidmətin inkişafı üçün bacardığı köməkliyi etmiş, xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün təkliflər vermiş, Probasiya xidmətinin elektron sisteminin hazırlanması üçün yaradılmış işçi qrupun üzvü olmuş və əlindən gələn köməyi əsirgəməmişdir. Hətta məzuniyyətdə və bülletendə olduğu vaxtlarda belə iş yükünün çoxluğundan öz istəyi ilə işə çıxmışdır. Buna baxmayaraq Ədliyyə Nazirinin xx.xx.2024-cü il tarixli, 554-K saylı əmri ilə xidməti vəzifələrinin icrası zamanı kobud qanun pozuntusuna yol verməyi əsas gətirilməklə ədliyyə orqanlarından xaric edilmişdir. Əmrin verilməsinə səbəb Probasiya Xidmətinin yeni rəhbərliyinin əsassız təqdimatı olmuşdur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Probasiya xidmətinin Ədliyyə nazirinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhər probasiya idarəsinin rəis müavini, rəis vəzifəsini icra edən Elşad Əbülrəhimzadə və böyük icra məmuru İddiaçı tərəfindən həmin idarənin qeydiyyatında olan, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (elektron nəzarət vasitəsi tətbiq edilmiş) Tural Rüstəmovdan pul müqabilində həmin nəzarət vasitəsinin onun üzərindən çıxarılması, uzun müddət nəzarətsiz saxlanılması və bundan əlavə bir sıra digər qanun pozuntuları ilə bağlı xidmətə məlumat daxil olmuşdur. Bununla əlaqədar Bakı şəhər probasiya idarəsinə xidməti yoxlamanın təyin edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. 26 avqust 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhər probasiya idarəsində başlanılmış icraat üzrə oğurluq və dələduzluq etdiyinə görə 1 il 9 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Tural Rüstəmovun üzərinə yaşadığı ünvanı saat 00:00-06:00 aralığında, habelə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək və s. vəzifələr qoyulmuşdur (icra məmuru Aynur Yadigarova). xx.xx.2023-cü il tarixdə məhkumun məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, o, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə ona elektron nəzarət vasitəsi tətbiq edilərək vaxt məhdudiyyətlərini pozması ilə bağlı 5 və 17 noyabr 2023-cü il tarixlərdə töhmət verilmiş (məhkum ilkin tənbehdən xəbərsiz olduğunu və müvafiq qərardakı imzanın ona məxsus olmadığını deyir), bununla belə şəxsi iş idarənin rəisi vəzifəsini icra edən Elşad Əbdülrəhimzadə tərəfindən nöqsanların aşkar edilməsi bəhanəsi ilə (məhkumun qeydiyyata alındıqdan sonra ENV tətbiq edilənədək keçən 3 həftə ərzində müvafiq göstərişin tələblərinə riayət olunmaması, onun əl-barmaq izlərinin götürülməməsi və s.) xx.xx.2023-cü il tarixdə məqsədli olaraq böyük icra məmuru Rövşən İbrahimova həvalə edilmişdir (bundan sonra da həmin nöqsanlar aradan qaldırılmayıb, iş uzun müddət hərəkətsiz saxlanılıb və ciddi pozuntulara münasibət bildirilməyib). Elektron monitorinq idarəsi cari ilin yanvar ayından iyun ayınadək məhkumun hərəkət trayektoriyasının müəyyən olunmaması barədə dəfələrlə icra məmuruna məlumat vermiş və səbəbinin həmin idarəyə bildirilməsini tapşırmış, bununla belə məlumatlar araşdırılmamış, Elektron monitorinq idarəsi də nəticə ilə maraqlanmamış, Bakı şəhər probasiya idarəsinin rəisi vəzifəsini icra edən Elşad Əbdülrəhimzadə isə hökmün icrasının düzgün həyata keçirilməsi üçün şəxsi işi digər icra məmuruna həvalə etsə də, məsələni nəzarətdə saxlamamışdır. Probasiya xidmətinin müdaxiləsi ilə məhkumun məcburi gətirilməsi xx.xx.2024-cü il tarixdə qərara alınmış, xx.xx.2024-cü il tarixdə o, axtarışa verilmiş, lakin xx.xx.2024-cü il tarixdən onun başqa cinayət işi üzrə - dələduzluq əməlinə görə tutulduğu müəyyən olunmuşdur. X7 izahatlarında göstərmişdir ki, A.Yadigarova ona bahalı geyimdə və avtomobildə idarəyə gəlməməsini, əks halda idarənin rəisi vəzifəsini icra edən Elşad Əbdülrəhimzadənin ondan pul istəyəcəyini bildirmiş, o, xx.xx.2023-cü il tarixdə peşə bayramı münasibəti ilə icra məmuru A.Yadigarovaya ətir hədiyyə etmiş (A.Yadigarova hədiyyəni icra məmuru R.İbrahimov vasitəsilə qaytardığını bildirir, sonuncu bunu təsdiq etmişdir), sonradan icra məmuru ona zəng vuraraq hədiyyəyə görə incidildiyini və işin əsassız olaraq ondan alındığını söyləmişdir. Bundan sonra icra məmuru İddiaçı ona zəng vuraraq idarəyə dəvət etmiş, 2023-cü ilin dekabr ayının əvvəlində onu şöbənin rəisi vəzifəsini icra edən Elşad Əbdülrəhimzadə qəbul etmiş və pozuntulara yol verdiyi üçün hədə-qorxu gəlmiş, icra məmuru Rövşən İbrahimovu dəvət edərək şəxsi işin həmin icra məmurunda olacağını, lakin bütün məsələləri icra məmuru İddiaçı bildirməsini söyləmiş, bundan sonra onlar xidməti otaqdan çıxdıqda Rövşən İbrahimov getmiş, o icra məmuru İddiaçıla təklikdə söhbət etmişdir. Əldə edilmiş razılığa əsasən 2023-cü ilin sonunda ENVnin açılması üçün icra məmuru İddiaçı təklikdə 3.000 manat pul vermiş (icra məmuru həmin puldan 500 manatının ona çatdığını, qalan 2.500 manatı Elşad Əbdülrəhimzadəyə verdiyini bildirmişdir), İddiaçı tapşırığı ilə mobil qurğunu evində qoyaraq Nərimanov rayonu ərazisində “KapitalBank" ASC-nin filialının yaxınlığında maşında gözləmiş, İddiaçı ona verdiyi tanımadığı şəxsə zəng vurmuş və sonuncu onun avtomobilində əyləşərək ENV-ni ayağından açmış (bu zaman cihaz səs edib, lakin həmin şəxs əlindəki qurğunu ENV-yə yaxınlaşdırdıqda səs dayanmış, ENV-nin açılması müqabilində ona 100 manat verib) və hərəkət trayektoriyasının dəyişməsi üçün mobil qurğunun daşınması ona tapşırılmışdır. Bundan sonra hər ay 500 manat, bir dəfə isə əlavə 200 manat olmaqla 6 ay ərzində icra məmuru İddiaçı cəmi 3.200 manat pul vermiş (bəzən pulları ENV-ni açan şəxsin bank kartına köçürmüş), habelə icra məmuru İddiaçı və idarənin rəhbərliyinə bahalı ətir hədiyyə etmiş, həbs edildikdən sonra isə qaynı Amin Muradlı və həyat yoldaşı Bahar Muradlı vasitəsilə 4.500 manat pulu İddiaçı geri götürmüş (1.500 manat ödənişi təsdiq edən qəbz təqdim olunub), icra məmuru bu məlumatları təkzib etməsini müxtəlif vasitələrlə ondan xahiş etmiş, hətta təqsirləndirildiyi yeni cinayət işi üzrə ona vəkil də tutmuşdur. Məhkum T.Rüstəmov görüşlərin birinə icra məmuru İddiaçı 3 xanımla gəldiyini, onların da üzərindən ENV-nin açıldığını və hər ay onlardan 300 manat götürüldüyünü qeyd etmişdir (yalnız adlarını deyir, bununla əlaqədar hazırkı araşdırma çərçivəsində onların şəxsiyyətini müəyyən etmək mümkün olmadı). İcra məmuru Aynur Yadigarova və məhkumun qaynı Amin Muradlı izahatlarında aidiyyəti hissələrdə məhkumun dediklərini təsdiq etmişlər. Əldə edilmiş səs yazılarından məlum olur ki, məhkumun həyat yoldaşı Bahar Muradlı İddiaçı zəng vuraraq pulun qismən ödənildiyini söyləyir, İddiaçı bu məsələyə münasibət bildirmir (inkar da etmir), məhkuma köməklik etmək istədiyini deyir, lakin bunun qarşılığında ondan şikayət olunmasına etiraz edir, qardaşı ilə rəhbərliyi tərəfindən başqa icra məmuruna həvalə edildikdən sonra yol verilmiş çoxsaylı ciddi pozuntular işə əlavə edilməmiş və bununla bağlı tədbirlər görülməmiş, idarə rəhbərliyi tərəfindən öz göstərişinə əməl edilməsi vəziyyəti nəzarətdə saxlanılmamış, nəticədə məhkumun islah edilməsinə nail olunmamış və o, yeni cinayət törətməkdə təqsirli bilinib həbs olunmuş, icra məmuru A.Yadigarova məhkumla xidmətdənkənar lüzumsuz danışıqlara yol vermiş, həmçinin məhkum həbs olunandan sonra əvvəlcədən onun üzərindən açılmış ENV qaynı tərəfindən İddiaçı təhvil verilsə də, xx.xx.2024-cü il tarixli formal akt tərtib olunaraq ENV-nin böyük icra məmuru R.İbrahimov və Elektron monitorinq idarəsinin məsləhətçisi Amil Məlikov tərəfindən məhkumun üzərindən açılaraq təhvil alınması qeyd olunmuşdur. Göstərilənlərə əsasən aşkar olunmuş pozuntulara görə (məhkum T.Rüstəmovun şəxsi işi və Bakı şəhər probasiya idarəsinin fəaliyyətinin yoxlanılması üzrə) böyük icra məmuru İddiaçı və idarənin rəisi vəzifəsini icra edən Elşad Əbdülrəhimzadənin ciddi intizam məsuliyyətinə cəlb olunmaları, toplanmış materialların onlara aid hissədə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilməsi, bununla yanaşı fəaliyyətində yol verdikləri nöqsanlara görə icra məmuru Aynur Yadigarovanın, böyük icra məmurları Rövşən İbrahimov və Məmməd Sərdarovun, Elektron monitorinq idarəsinin məsləhətçisi Amil Məlikovun intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması, Bakı şəhər probasiya idarəsinin fəaliyyətinin yoxlanılması üzrə verilmiş təkliflər üzrə tədbirlər görülməsi və məhkum T.Rüstəmov üzərində lazımi probasiya nəzarətinin və qanunauyğun tədbirlərin həyata keçirilməsinin Probasiya xidmətinin rəhbərliyinə tapşırılması məqsədəuyğundur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 554-K nömrəli əmrindən çıxarışdan görünür ki, Probasiya xidmətinin məlumatı əsasında məhkumun şəxsi işi üzrə aparılmış araşdırma ilə Bakı şəhər probasiya idarəsinin böyük icra məmuru İddiaçı tərəfindən qanunazidd hərəkətlərə, çoxsaylı pozuntulara və nöqsanlara yol verildiyi aşkar edilmişdir. İddiaçı iş icraatında olmadığı halda məhkumla təklikdə görüşərək elektron nəzarət vasitəsinin onun üzərindən açılması müqabilində korrupsiya hüquqpozması təəssüratı yaradan hərəkətlərə yol vermiş, probasiya nəzarətinin olmaması nəticəsində yeni cinayət törədərək həbs olunmuş məhkumun tanışı və onun qardaşı ilə xidmətdənkənar münasibətlər qurmuş, habelə sonuncu ilə görüşərək elektron nəzarət vasitəsini təhvil almışdır. Araşdırma zamanı həmçinin İddiaçı verdiyi izahatlarda qeyrisəmimilik göstərmişdir. Göstərilənlərə əsasən, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu, 11-ci, 31.1.8-ci, 31.5-ci, 32.1-ci və 40.1.11-ci maddələrini, Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 16.5-ci bəndini və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın 3.1-ci və 3.3-cü bəndlərini rəhbər tutularaq “Xidməti vəzifələrinin icrası zamanı kobud qanun pozuntularına yol verdiyinə görə Bakı şəhər probasiya idarəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu İddiaçı ədliyyə orqanlarından xaric edilmişdir. İddiaçı hazırda bu əmri mübahisələndirərək, hər hansı pozuntuya yol vermədiyindən onun ləğv edilməsini və ədliyyə orqanlarına xidmətə bərpa edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 3.1. Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. - Maddə 10.0. Ədliyyə orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər: ...10.0.3. başqa ədliyyə işçilərinin işini çətinləşdirən, yaxud ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 10.0.4. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli;... 10.0.7. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; ...10.0.11. etik davranış və intizam qaydalarına əməl etməlidirlər. -maddə 11.2. Ədliyyə orqanları işçisinin aşağıdakılara ixtiyarı yoxdur: 11.2.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmalar törətməyə; - maddə 31.1. Ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: ... 31.1.8. ədliyyə orqanlarından xaric etmə; - maddə 31.2. Ədliyyə orqanlarının işçisi intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. -maddə 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. - maddə 32.3. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda ədliyyə orqanının rəhbəri tərəfindən araşdırma aparılır, işçidən yazılı izahat alınır. Zərurət olduqda ədliyyə orqanının rəhbəri xidməti yoxlama təyin edir. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - maddə 32.9. İntizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmiləşdirilir və ədliyyə orqanları işçisinin şəxsi işinə əlavə olunur (penitensiar və tibb xidmətlərinin əməkdaşları üçün intizam tənbehinin tətbiqi barədə qeydlər onların şəxsi işlərinin xidməti vərəqələrinə yazılır). Verilmiş əmr üç gün ərzində işçiyə elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir. - maddə 40.1. Aşağıdakı əsaslar olduqda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir: 40.1.1. öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə;... 40.1.11. ədliyyə orqanlarından xaric edildikdə; - maddə 40.3. Bu Qanunun 40.1.2-40.1.11-ci maddələrində göstərilən əsaslara görə ədliyyə orqanları işçilərinin qulluq keçməsinə xitam verilməsi ədliyyə orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir. İstinad olunan normalardan görünür ki, ədliyyə işçisi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntuya yol verdikdə, həmçinin qulluqla bir araya sığmayan hərəkətlər etdikdə o, ədliyyə orqanlarından xaric edilməklə qulluq keçməsinə xitam verilir. İşdən görünür ki, Bakı şəhər probasiya idarəsinin rəis müavini, rəis vəzifəsini icra edən Elşad Əbülrəhimzadə və böyük icra məmuru İddiaçı tərəfindən həmin idarənin qeydiyyatında olan, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (elektron nəzarət vasitəsi tətbiq edilmiş) Tural Rüstəmovdan pul müqabilində həmin nəzarət vasitəsinin onun üzərindən çıxarılması, uzun müddət nəzarətsiz saxlanılması və bundan əlavə bir sıra digər qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında xidməti yoxlama aparılmış, yoxlama çərçivəsində X7, iddiaçı və digər şəxslərin izahatları alınmışdır. Belə ki, işdə olan X2 izahatından görünür ki, o, verilən suallara cavab olaraq bildirmişdir ki: “xx.xx.2023-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin hökmünə əsasən barəmdə seçilmiş həbsdə olma müddətini çıxdıqdan sonra 1 il 9 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olundum. Təxminən bir ay ərzində məni axtaran olmadı, ona görə narahat oldum, dedim elə başa düşülər ki, cəzanın icrasından yayınıram və məhkəmədə hakimin köməkçisinə zəng vurdum (məhkəmə nəzarətçilərindən aldım) və mənim işimin Aynur adlı icra məmurunda olduğunu öyrəndim. Təxminən may 2023-cü ildə Probasiya idarəsinin əlaqə nömrəsini əldə etdim (nəzarətçilərdənn almışdım), ora zəng vuraraq işimin Aynur xanımda olduğunu bildirdim və əlaqə nömrəmi verdim (55-399-00-01), mənimlə əlaqə saxlanılacağını bildirdilər. Sonra Aynur xanım mənimlə əlaqə saxladı və xatırladığıma görə may ayının 20-25-i aralığında Aynur xanımla idarədə onunla (içəri daxil olarkən düz gedəndə sondakı otaqda) görüşdük, ilkin tanışlıq oldu, özünü təqdim etdi və cəzanın icrasına onun nəzarət edəcəyini bildirdi və əlaqə nömrələrimi götürdü, hazırda qolbağın olmadığını, qolbağ olanda xəbər edəcəyini bildirdi. Təxminən 10-15 gün sonra məni idarəyə dəvət etdi və yanında olan kapitan rütbəli şəxs qolbağı ayağıma bağladı, sonra cihazı götürdüm, bir müddət çöldə gəzdim, cihazın işlək vəziyyətdə olduğunu dəqiqləşdirdilər. Yaşadığım ünvana getdim (Pirşağı), olduğum yerin məkan bildirişini (zaldan atmışdım) Aynur xanıma göndərdim. Mən həyət evində yaşadığım üçün zaldan digər otağa keçərkən cihaz siqnal verirdi. Digər otağa keçə bilmirdim.Sonra müvafiq video çəkiliş edib Aynur xanıma göndərdim ki, həyət daxilində radiusu artırsınlar. Bundan sonra həyət daxilində gəzməkdə çətinlik olmadı. Qolbağ tətbiq olunandan noyabr ayınadək mənimlə bağlı cəzanın icrasına Aynur xanım nəzarət edib. İş Aynur xanımın icraatında olduğu müddətdə təxminən noyabr ayının 15-də saat 24 radələrində bir dəfə cəzanın icrası qaydasını pozmuşam, təxminən yarım saat gecikdim (mənə müddət 06-dan 24-dək müəyyən olunub) (avto qəza etmişdim, xəsarət almamışdım), gecə vaxtı olduğu üçün hadisə ilə bağlı votsap vasitəsilə Aynur xanıma məlumat verdim, o, xx.xx.2023-cü il tarixdə məni idarəyə dəvət etdi, izahatımı aldı və şifahi xəbərdarlıq etdi. Bundan sonra Aynur xanım məni hər 10 gündən bir idarəyə dəvət edib cəzanın icrası vəziyyətinə nəzarət edirdi. xx.xx.2023-cü il tarixdə bayram münasibətilə Aynur xanıma bir ədəd ətir (120 manata), və 12-13 manatlıq tort aldım və aprıb idarədə Aynur xanıma verdim. Təxminən 15 gün sonra bir nömrədən mənə zəng gəldi (55 555-05-25) özünü Nəsimi adlı şəxs kimi təqdim edərək bildirdi ki, rəhbərlik mənimlə görüşmək istəyir idarəyə gəlməlisən. Həmin vaxt Aynur xanımla əlaqə saxladım, Nəsimi adlı əməkdaşın olmasını soruşdum, təsdiq etdi və maraqlanıb mənə geri dönüş edəcəyini bildirdi. Sonra mənə zəng vuraraq dedi ki, sənə bildirmişdim ki, bura bahalı maşınla, bahalı geyimlərlə gəlmə (əvvəllər bu barədə mənə bildirmişdi), burdakılar imkanlı olan məhkumlardan müxtəlif vasitələrlə pul, aylıq haqq alırlar. Həmin vaxt Aynur xanım ətir və torta görə onu incitdiklərini, bu məsələni mənim bildirdiyimi deyərək sonradan bununla bağlı mənə SMS yazmışdı. Telefon danışığı zamanı o, həmçinin bildirdi ki, əvvəlki tarixə mənə töhmət verməyə onu məcbur etdiklərini bildirərək idarəyə gəlməyimi dedi (hazırkı araşdırma zamanı- Probasiya idarəsinin əməkdaşı izahatımı alarkən daha bir töhmətim olduğunu bildim, orda mənim adımdan izahat yazılıb). Dekabr ayının əvvəllərində təxminən ayın 1-2-si olardı. Getdim probasiya idarəsinə, Nəsimi məni qarşılayıb, özünü təqdim elədi və onunla birlikdə Elşad adlı şəxsin yanına qalxdıq (əvvəllər izahat verməyə gələndə Elşad məni görmüşdü). O, qaydanı pozduğun üçün sənə hədə-qorxu gəldi və nəzarət edən icra məmurunu dəyişdiyini bildirərək, Rövşən adlı şəxsi çağırdı və bundan sonra icra məmurunun Rövşən olacağını bildirdi. Ondan sonra Rövşən və Nəsimi ilə birlikdə binanın birinci mərtəbəsinə düşdük, Rövşən bizdən ayrıldı, otağına getdi, Nəsimi ilə tək qaldıq. Binadan çıxarkən solda “Siqaret çəkmək üçün yer” var, ora keçdik. Nəsimi mənə “əgər istəsən ayağındakını çıxararıq” dedi, bunun necə olacağını soruşdum. O, mənə əl barmaqları ilə 3 rəqəminə işarə etdi. Mən 3 000 olduğunu dəqiqləşdirdim. Qolbağın açılmasına 3 min, hər ay isə 500 manat verəcəyimlə bağlı razılaşdıq. Mən ona xəbər edəcəyimi bildirdim. 2 gün əlaqə saxlaya bilmədin, bundan sonra mənə Rövşən vasitəsilə təzyiq göstərməyə başladılar. Nəsimiyə zəng vurub gedəcəyimi bildirdim. Təxminən dekabr ayının 5-də (dəqiq vaxt telefonda var) Probasiya idarəsinə getdim, idarənin yanında, binanın çölündə qarşıdan baxanda sağ tərəfdə siqaret çəkmək üçün olan yerin yanında 3000 mantı Nəsimiyə verdim (Bu hadisəni kənardan mənimlə gələn dostum (adını demək istəmədi) telefon vasitəsilə qeydə alıb). Həmin vaxt Nəsimi mənə şəxsi avtomobilimi idarənin yanında saxlayıb taksi vasitəsilə evə getməyimi, cihazı evə qoyub geri qayıtmağımı və Nərimanov metrosunun yanında mənə zəng vurmağımı bildirdi. Cihazı evə qoyub geri qayıtdım, avtomobilimi götürdüm, metronun yanında ona zəng vurdum, bir qədər gözləməyimi və mənə zəng vurulacağını bildirdi. Tanımadığım (alçaq boylu, orta çəkili) şəxs mənə zəng vurdu, uyğun yerdə maşını saxlamağımı bildirdi. KapitalBankın qarşısında Keçmiş Çudo-Peçkaya çatmamış, Poçtun yanında maşını saxladım və maşının qabaq oturacaqda sürücü yerində oturdum, həmin şəxs qabaqda sərnişin yerində oturdu. Ayağımı qaldırıb maşının ön şüşəsinə tərəf şitin üzərinə qoydum. Həmin şəxsdə vint açan və digər cihaz var idi (xüsusi olaraq qolbaq açmaq üçün), həmin alətlərlə qolbağı açdı, qolbağ səs etdi, xüsusi cihazla səsi kəsdi. Həmin vaxt Nəsimi telefon vasitəsilə həmin şəxsə 50-100 manat verməyimi bildirdi. Sevindiyimdən həmin şəxsin kartına tətbiq vasitəsilə 100 AZN göndərdim (müvafiq təsdiqedici sənədləri təqdim edə biləcəyini bildirir). Qolbağı özümlə aparıb evə qoydum, evdə olan şəxslər (qulluqçu,bağban) cihazı işlək vəziyyətdə saxlamaq üçün onu vaxt-aşırı olaraq enerji yığmaq üçün cərəyana qoşurdular. Bundan sonra Nəsimiyə yanvar ayında 500 manat nəğd (GREEN Kafe adlı yerdə-Keçmiş Mərakeş adlanan kafedə qonaqlıq verirdim, 3 nəfər iş yol daşları (video yazı var) ilə gəlmişdi, 300 AZN hesab verdim, Həmin vaxt Nəsimi nəzarət vasitəsinə “Pişik” kod adını verdiyini və arada onu gəzdirməyimi bildirdi), fevral ayında 500 manat nəğd, mart ayında qolbağı açan şəxsin kartına (albalı kart) 700 manat (500 aylıq, 200 bayramlıq), aprel ayında 500 manat nəğd Nəsimiyə, may-iyun ayında hər ay 500 manat qolbağı açan uşağın kartına göndərmişəm (cəmi 3200 aylıq üçün). Sual: pulu nə üçün Nəsiminin öz kartına göndərmirdiniz? Cavab: Nəsimidən kart tələb etdikdə o, qolbağı açan şəxsə yönləndirirdi. Pulu köçürdükdən sonra qəbzləri həmin şəxsin telefonuna göndərirdim (təqdim edə biləcəyini deyir). Sual: Nəğd şəkildə verdiyiniz məbləğlərin verilməsini təsdiq edən sübutlarınız varmı? Cavab: Bəli var. Həmin vaxt görüş vaxtı müvafiq danışıqlarımızı yazmışam (səs yazılarının evdə olan ipone 14 Pro Max markalı telefonda olduğunu bildirir (seyfdə saxlayırlar)). Nəsimi pulları rəhbərlik adlandırdığı Elşad adlı şəxsə verdiyini bildirirdi. Həmçinin bildirmişdi ki, əvvəl verdiyim 3000 manatın 2500-ü Elşadın 500 -ü isə onundur. Sual: Bu məsələ ilə bağlı başqa nə deyə bilərsiniz? Cavab: xx.xx.20224-cü il tarixdə tutulandan sonra qaynım Nəsimiyə zəng vuraraq qolbağın ona qaytarılmalı olduğunu bildirib və onunla görüşüb qolbağı Nəsimiyə verib. Məsələnin üstü açılandan sonara, probasiya xidmətinin əməkdaşlarının məndən ifadə alacaqlarını öyrənən Nəsimi mənim mobil nömrənə (055 399-00-01) zəng vurub, telefonu yoldaşım açıb, danışıq zamanı “ona kart göndərməyini bildirərək, güya mənə kömək etmək üçün pul göndərəcəyini bildirib” və ifadə verdiyim gün 1500 manat, səhəri isə 3000 azn olmaqla cəmi 4500 manat pulu ona göndərilən plastik karta (**********162153 seriyalı Plastik kart, Kapital Banka), göndərib (tutulandan sonar yoldaşımla danışanda Nəsimidən pulun bir hissəsinin geri qaytarmağı ona bildirməyi demişdim. Yoldaşım pulu istəyəndə, o, imtina edərək bu məsələ ilə bağlı onun izahatının alındığını, mənim onu "işə saldığımı” deyərək pulu qaytarmaqdan imtina etmişdi). Əlavə olaraq qeyd edirəm ki, Nəsimi ilə görüşlərimizin birində (arada görüşürdük, qonaqlıq verirdim) özü ilə 3 nəfər "qız” gətirmişdi, onlara da məni kimi kömək göstərib qolbağlarını açmışdı, məndə olan məlumata görə onlar aylıq 300 AZN verirdilər (ikisinin adını deyir Natəvan və Səbinə) (Bu görüşün də video yazısının olduğunu qeyd edir). Həmçinin bidirirəm ki, əlavə olaraq Nəsimiyə və Elşada müvafiq olaraq 370 ABŞ dolları və 322 Avro dəyərində ətir alıb vermişəm (təsdiqedici subutları var). Onu da qeyd etmək istəyirəm ki, qolbağın açılması münasibətilə qonaqlıq söz vermişdim. Təxminən dekabr ayının əvvəli Nəsimiyə zəng vurub söz verdiyim qonaqlığı 24 dekabrda vermək istədiyimi bildirdim. xx.xx.2023-cü il tarixdə onların seçdiyi-"Green Kafe” adlanan yerdə görüşdük. Nəsimi ilə birlikdə Elşad və daha iki nəfər adlarını xatırlamadığım Ədliyyə Nazirliyinin əməkdaşları gəlmişdi. Bundan başqa Nəsimi iki dəfə (bir dəfə yuxarıda qeyd etdiyim qızlarla, bir dəfə isə oğlu ilə gəlib) mənim Pirşağıda yerləşən bağıma gəlib, orda ona qonaqlıq vermişəm. Bir daha qeyd edirəm ki, bütün bu hadisələrin hər birinin səs və video yazıları var və qeydlərin hamısı "İpone 13 Pro Max” markalı telefondadır, telefon Pirşağıda yerləşən bağ evində olan seyfdə saxlanılır, təqdim oluna bilər.”. X1 əlavə izahat verərək qeyd etmişdir ki: “xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Ramin Vəliyev mənimlə görüşə gəldi. Hazırda təqsirləndirildiyim işlə bağlı bəzi sənədlərə qol çəkdirdi. Sonra mənə dedi ki, Elşad ona zəng vurub bildirib ki, "Turalı necə sıxa bilərik ki, şikayətini geri götürsün”, o isə Elşada “məni bu işə qatmayın” deyib. Bunun mənə məlumat üçün bildirdi. xx.xx.2024-cü il tarixdə isə ailə üzvlərim tərəfindən tutulmuş vəkil X3 (18 saylı vəkil bürosu) mənimlə görüşə gəldi. Görüş zamanı vəkil mənə dedi ki, Nəsimi və Elşadın tanışları ona zəng vurub bildirib ki, “onunla danışa bilərsən ki, bizdən şikayət eləməsin, nə lazımdırsa ona kömək edərik”, təki bizdən şikayət eləməsin. Vəkilim isə sözlərini mənə çatdıracağını, lakin şikayətlə bağlı məsələnin mənim şəxsi işim olduğunu deyib.”. Göründüyü kimi, T.Rüstəmov izahatında iddiaçıya elektron nəzarət vasitəsinin açılması üçün pul verdiyini bildirmiş, bu faktla bağlı iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsinə əsasən cinayət işi başlanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası ədliyyə nazirinin 29 noyabr 2007-ci il tarixli 41-T nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”na əsasən: -bənd 3. Ədliyyə işçilərinin korrupsiyaya qarşı davranışı -3.1. Ədliyyə işçisi tərəfindən qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etmək və ya qərarlar qəbul etmək qadağandır. Ədliyyə işçisi onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyrimaddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. Qanunvericiliklə müəyyən olunmuş ödəniş məbləğləri istisna olmaqla, şəxslərə xidmət (xidmətlər) göstərən ədliyyə işçisi buna görə hər hansı haqq tələb edə bilməz. - 3.2. Ədliyyə işçisi qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər ədliyyə işçisinə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun qulluq keçdiyi ədliyyə orqanına akt üzrə təhvil verilməlidir. Tərəflərdən biri ədliyyə orqanı olan əqdlərdə bu orqanlarda qulluq keçən ədliyyə işçisi digər tərəf ola bilməz. - 3.3. Ədliyyə işçisi xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. Ədliyyə işçisi hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir. -3.4. Ədliyyə işçisi qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Ədliyyə işçisi xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda o, qanunvericiliyə müvafiq olaraq ədliyyə orqanlarına qulluğa qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə ədliyyə orqanının rəhbərinə məlumat verməyə borcludur. Ədliyyə işçisinə başqa vəzifəyə keçmə ilə əlaqədar edilən təkliflər maraqların toqquşmasına səbəb ola bilərsə, o, bu barədə ədliyyə orqanının rəhbərinə əvvəlcədən məlumat verməlidir. Bütün hallarda maraqların toqquşmasına səbəb ola bilən məsələlər, vəzifəyə namizəd barəsində müvafiq təyinat aparılanadək aradan qaldırılmalıdır. Ədliyyə orqanlarında qulluq keçməsinə xitam verildikdən sonra ədliyyə işçisi qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbul edilə bilməz. Ədliyyə işçisi maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir. Ədliyyə işçisi qulluğa qəbul edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə əlaqədar normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını və maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, işin yuxarıda qeyd edilən halları iddiaçı tərəfindən xidməti mövqeyindən şəxsi mənafe üçün istifadə etdiyi qənaətinə gəlməyə əsas verir. Bu isə onun ximdəti vəzifələrinin icrası zamanı kobud pozuntuya yol verməsi, həmçinin qulluqla bir araya sığmayan hərəkətlər etməsi deməkdir. Məhkəmə bu zaman onu nəzərə alır ki, iddiaçının xidməti mövqeyindən şəxsi mənafe üçün istifadə etməsi təkcə şəxsi qazancın əldə edilməsini deyil, həmçinin hərəkətin bu məqsədlə edilməsini də ehtiva edir, hansı ki, bununla səlahiyyətli şəxs dövlət orqanı və cəmiyyət qarşısında hörmət və etimadını geri dönülməz şəkildə itirir. Hazırkı halda məhz bunun baş verməsini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının xidmətdən xaric edilməsi onun hərəkətlərinə adekvat olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan məhkəmə hesab edir ki, hazırkı halda inzibati aktın qanunsuz olması müəyyən edilmədiyindən onun ləğv edilməsi üçün əsas yoxdur. Buna görə də iddiaçının Ədliyyə Nazirliyinin 7 sentyabr 2024-cü il tarixli 554-k nömrəli əmrinin ləğv edilməsi barədə tələbi və həmin tələbin həllindən asılı olan işə bərpa olunmasına dair qərar qəbul edilməsi barədə tələbi təmin olunmamalıdır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-3347/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3347/2025
13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver