Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3349/2022 16.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (ünvanı: Bakı şəhəri, Neapol küçəsi, ev 19 yataqxanası) iştirakı ilə, iddiaçı- İddiaçı cavabdeh - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 12 fevral 2017-ci il tarixindən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə kimi qüvvədə olmuş redaksiyasının güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləği fərqinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 16.02.2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında pensiya hüququnun yarandığı tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən pensiya təyin edilməsi və müraciət tarxindən əvvəlki son 36 ay üçün yaranmış pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. 12 fevral 2017-ci il tarixinə kimi kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci bəndinin 01 iyul 2017-ci il tarixinə kimi qüvvədə olmuş redaksiyasına əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və müarciət tarixindən əvvəlki son 36 ay üçün ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 15 sentyabr 2021-ci il tarixli **********9 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, işlədiyi paylayıcı qapalı avadanlığın təmiri üzrə elektrik çilingəri vəzifəsi güzəştli pensiya hüququ verən vəzifə və peşələrin göstərildiyi siyahıda qeyd edilən elektrik çilingəri vəzifəsi ilə üst-üstə düşmür və bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur və eyni səbəblə, qanunvericiliyin tələbləri baxımından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün hesab edilmir. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. 12.02.2017-ci il tarixdə 57 yaşı tamam olmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh inzibati orqan imtina məktubunu onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 6 dekabr 1979-cu il tarixli ПT-İ ******* nömrəli əmək kitabçasında 05.10.1983-16.05.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azbaşenerji’’nin “Azərenerjisazlama” müəssisəsinin Yüksək Gərginlikli açarların təmiri və sazlanması üzrə və 16.05.2002-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin Elektrik Avadanlıqlarının təmiri və sazlanması sexinin Paylayıcı Qapalı avadanlığın təmiri üzrə elektrik çilingəri peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi peşə yuxarıda qeyd olunan peşəyə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 25 ildən artıq ümumi iş stajının olması mübahisələndirilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə hesab edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi hərbi xidmət keçdiyi vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına hərbi (alternativ) xidmət müddəti də daxil edilir. 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş. qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (01.01.2006-cı il tarixə qədər) qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin «c» bəndinə (qüvvədə olan «Əmək pensiyaları haqqındav Qanunun 21.2.3-cü maddəsinə) əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) sosial sığorta stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. (“Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalan”nın 3.1.1-ci bəndinə əsasən də bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). Qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq iddiaçının əmək kitabçasının işdə olan notarial qaydada təsdiq edilmiş surətinə əsasən aşağıdakı sığorta stajı müəyyən edilir: 27.06.1977-ci il tarixdən 05.11.1979-cu il tarixədək “Lalvar” sovet təsərrüfatı zavodunda işçi (02 il 04 ay 09 gün); 08.05.1980-ci il tarixdən 16.06.1982-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət (02 il 01 ay 08 gün); 25.11.1982-ci il tarixdən 24.08.1983-cü il tarixədək “Lalvar” sovet təsərrüfatı zavodunda işçi (fəhlə); (08 ay 30 gün) 05.10.1983-cü il tarixdən 15.05.2002-ci il tarixədək Yüksək "xxxx" müəssisəsində Yüksək gərginlikli söndürücülərin (kommutasiya aparatları) sazlanması və təmiri sexinə 2ci dərəcəli paylayıcı qurğuların təmiri üzrə elektrik çilingəri (daha sonra 3-5-ci dərəcələr verilmişdir); (18 il 07 ay 10 gün) 16.05.2002-ci il tarixdən 07.03.2003-cü il tarixədək "xxxx" ASC "xxxx" MMC (2008ci ildən "xxxx" ASC adlandırılıb) Elektrik avadanlıqların təmiri və sazlanması sexinin yüksək gərginlikli açarların təmiri və sazlanmasının Bakı sahsinə PQ avadanlıqlarrın təmiri üzrə 5-ci dərəcə elektrik çilingəri; (09 ay 19 gün) 07.03.2003-cü il tarixdən 21.07.2008-ci il tarixədək həmin idarədə 6-cı dərəcəli elektrik çilingəri; (05 il 04 ay 14 gün, o cümlədən 01.01.2006-cı ilə qədər 02 il 09 ay 25 gün). İddiaçının əmək kitabçasının qeydləri üzrə iş stajı toplandıqda, onun 01.01.2006-cı il tarixinə, yəni, «Əmək pensiyaları haqqında» Qanun qüvvəyə minənə qədər onun 27 il 05 ay 13 gün (yəni 25 ildən çox) ümumi sığorta stajı toplanır. "xxxx" ASC-nin iş materiallarında olan, 23.06.2021-ci il tarixli işin xarakteri haqqında arxiv arayışında qeyd olunur ki, İddiaçı 05 oktyabr 1983-cü ildən - 08 oktyabr 2020-ci il tarixlərində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”nın 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik mantyorları, bütün adlardan olan elektrik çilingərləri bəndinə tam identik olması səbəbilə, ona həmin staj əsasında yaşa görə əmək pensiyası təyin edilməsi məqsədəuyğundur. İddiaçı 05 oktyabr 1983 - 08 oktyabr 2020-ci il tarixlərində topladığı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək stajı: 37 il, 03 gün təşkil edir. Həmin Siyahının qeyd olunan 24-cü fəslində (hissəsində) aşağıdakılar nəzərədə tutulur: - «a» (fəhlələr) bəndinin 25-ci yarımbəndinə əsasən qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; 36-cı yarımbəndinə əsasən, eyni zamanda, gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan); - «b» (rəbər və mütəxəssislər) bəndinin 4-cü yarımbəndinə əsasən avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) - xüsusilə ağır iş şəraiti olan peşələrə aid edilmişdir. İddiaçının əmək kitabçasının sadalanan qeydlərinə əsasən qeyd olunan ağır iş şəraiti ilə elektrik çilingəri peşəsində 37 il, 03 gün iş stajı vardır. Yəni 12 il 6 aydan çox xüsusilə ağır şəraitdə çalışmışdır. Əslində, iddiaçı 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajını 01.01.2006-cı il tarixə qədər topladığını nəzərə alsaq, «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin tələbi baxımından onun güzəştli şərtlərlə pensiya hüququ həmin tarixə qədər qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun qeyd edilən 13-cü maddəsinin «b» bəndinə əsasən - Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» üzrə yaranır. Belə ki, həmin Siyahının da Xİİİ hissəsinin «a»(fəhlələr) bəndinin «2140000a- 18455» və «214000a-19834» kodları üzrə yarımbəndlərində iddiaçının çalışdığı, qeyd olunan elektrik çilingəri peşəsi ağır iş şəraitin aid olan peşələr sırasına aid edilmişdir. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun qeyd olunan 13-cü maddəsinə edilən dəyişiklikdən göründüyü kimi, həmin Siyahı üzrə çalışanların pensiya yaş həddi, 01.08.2000-ci il tarixdən 57 yaş təşkil etmişdir ki, iddiaçının da məhz tələb olunan 25 il sığorta stajı həmin tarixdən sonra tamamlanır. Beləliklə də iddiaçıya, 57 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu öz təsdiqini tapır. Belə olan halda cavabdehin onun qeyd olunan yaşından əmək pensiyası təyin edilməsindən imtinası iddiaçının hüquqlarını pozur. İddiaçının 57 yaşının tamam olduğu 12.02.2017-ci il tarixdə Əmək pensiyaları haqqında» Qanunun 32.1-ci maddəsində isə nəzərədə tutulurdu ki, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Eyni zamanda, Qanunun həmin vaxt qüvvədə olan 37.7-ci maddəsində əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, həmçinin 57 yaşı 12.02.2017-ci il tarixdə tamam olduğundan, İddiaçı əmək pensiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 57 yaşdan təyin olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 12.02.2017-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı 12.02.2017-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3349/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3349/2022
16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver