Məhkəmə qərarları › İş №2-1(112)-335/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-335/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-335/2024 09.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 və İstismarı Birliyi tərəfindən xx.xx.1999-cu il tarixdə 28525 saylı müqavilə ilə mərhum X8 ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, sahəsi 1200 kv.m. təşkil edən 920B nömrəli bağ sahəsinin mərhum X8 mülkiyyət hüququ üzrə məxsus olması haqqında Arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iş üzrə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 920B nömrəli bağ sahəsi keçmiş X3 və İstismarı Birliyi (bundan sonra X11) tərəfindən xx.xx.1999-cu il tarixdə 28525 saylı müqavilə ilə mərhum həyat yoldaşı X8 ayrılmışdır. Həmin vaxtdan fasiləsiz olaraq onların istifadəsindədir. Bağ sahəsini mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq qərarına gəldi. Bunun üçün vərəsəlik məktubunu da əlavə etməklə xx.xx.2021-ci il tarixində cavabdeh təşkilata ********** saylı ərizə ilə müraciət etdi. Ərizənin cavabı olaraq xx.xx.2021-ci il tarixli **********64 saylı “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə “Bildiriş” verildi. Bildirişdə hüquqların qeydiyyata alınmasından imtina edilməsinə səbəb kimi göstərildi ki, bağ sahəsi ümumi hasar daxilində yerləşməklə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən qeyd olunan ərazidə digər bağ nömrələri yerləşir, 920В bağ nömrəsinə uyğun gəlmədiyi məlum olmuşdur. Bu səbəbin ziddiyyətli, eyni zamanda həqiqətə uyğun olmayan səbəb olduğunu məhkəmənin diqqətinə çatdırmaq istəyir. Belə ki, bəhs edilən ərazi keçmiş X7 istifadəyə verdiyi bağlardır. Bundan başqa, bağ nömrəsinin sxematik xəritədə öz əksini tapmaması ilə bağlı da mövqelərini məhkəməyə bildirmək istəyir. Yuxarıda haqqında bəhs etdiyi ərazi sxematik xəritədə olsa da, verilmiş nömrələrin sxematik xəritəyə işlənməsi sadəcə olaraq başa çatdırılmamışdır. Fikrincə, bu səbəbin hüquqların dövlət qeydiyyatına imtina üçün əsas kimi götürülməsi qanunsuzdur. Çünki, bağ sahəsini qanuni istifadəsinə almış vətəndaş sxematik xəritənin tərtib edilməsi məsələləri ilə bağlı məsuliyyətli deyil. Sxematik xəritənin keçmiş X11 tərəfindən axıradək işlənməməsi ucbatından vətəndaş kimi malik olmalı olduğu mülkiyyət hüququndan məhrum olur. Hesab edir ki, cavabdeh təşkilatın ixtiyarında olan və fəaliyyətini həyata keçirərkən istifadə etdiyi müasir texniki vasitələr bağ sahəsinin məhz ona ayrılmış olan bağ sahəsi olduğunu müəyyən edə bilər. Sadəcə olaraq, cavabdeh təşkilat tərəfindən vətəndaş müraciətinə lazımi diqqət göstərilməmiş, lazım olan dəqiqləşmə aparılması yerinə, ərizənin icrasından imtina edilməsini daha rahat çıxış yolu hesab etmişdir.

4. Cavabdehin iddiaçının müraciətinə imtina məktubunda qeyd edilmişdir ki, “tərəfinizdən göstərilən bağ sahəsi ümumi hasar daxilində yerləşməklə, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən qeyd olunan ərazidə digər bağ nömrələri yerləşir, “920B” bağ nömrəsinə uyğun gəlmədiyi məlum olmuşdur.”

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd edilmişdir ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi ümumi hasar daxilində yerləşməklə, bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və digər bağ sahələrinin ərazisinə uyğun gəlir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və bu barədə **********64 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Əlavə olaraq bildiririk ki, sözügedən torpaq sahəsinə dair digər fiziki şəxsin (X1) İdarəyə müraciəti olmuşdur. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur.

6. xx.xx.1999-cu il tarixli bağın icarəyə verilməsi haqqında 28525 nömrəli müqaviləyə əsasən Nardaran bağ massivində yerləşən 0,12 ha olan 920B nömrəli torpaq sahəsi X6 icarəsinə verilmişdir.

7. AZ-İ seriyalı 887422 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.2017-ci il tarixli vəfat etmişdir.

8. Bakı şəhəri 5 saylı Notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanan xx.xx.2021-ci il tarixli 896 nömrəli məktubunda qeyd edilmişdir ki, X6 xx.xx.2017-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, Nardaran qəsəbəsi 920b bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinə dair çıxarışın verilməsi xahiş olunur.

9. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin ünvanlandığı xx.xx.2023-cü il tarixli 3- 21-3-30/2-6324/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi qonşu bağlarla ümumi hasar daxilində yerləşir və ara sərhədləri yoxdur. Ümumi hasardaxili ərazinin sahəsi 1.0288 ha təşkil edir. Bundan əlavə torpaq sahəsinin arxiv qovluğunda cizgisi olmadığından və sözügedən ərazidə hasarlanma işləri plan üzrə aparılmadığından bağ sahəsinin naturada yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq tərəfimizdən mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim olunan koordinatlar ilə müraciətdə qeyd olunan özəl bağ sahəsi üst-üstə düşmür.

10. Məhkəmənin 2-1(112)-1759/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertin qarşısında suallar qoyulmuşdur: 1.1. X3 və İstismarı Birliyi ilə baglanmış 28525 saylı 17 oktyabr 1999-cu il tarixli müqaviləyə əsasən mərhum X6 istifadəsinə verilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran bağ massivində yerləşən 920B nömrəli bağ sahəsinin konfiqurasiyası, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti, tikililərin mövqeyində hər hansı uyğunsuzluğun və sahə fərqinin olubolmaması, bağların sxematik xəritəsinə uyğun olub-olmaması, uyğunluq olmadığı halda nədən ibarət olması müəyyən edilsin. 1.2. İddia olunan bağ sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2015-ci il tarixli çıxarışa əsasən X10 mülkiyyətinə verilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran bağ massivində yerləşən sahəsi 12 ha olan 920b nömrəli bag sahəsinin faktiki yeri və koordinatları ilə kəsişirmi və ya üst-üstə düşürmü, əgər kəsişmə və ya üstüstə düşmə mövcuddursa, həmin hal nədən ibarət olması müəyyən edilsin. 1.3. İddia olunan bağ sahəsi Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və İstismarı birliyi Nardaran bağlar sahəsindəki 119 nömrəli BTK-nın 10 nömrəli orderin təsdiq edilmiş surətinə əsasən X2 ayrılmış Nardaran bağlar sahəsində 119 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 920 b nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları ilə kəsişirmi və ya üstüstə düşürmü, əgər kəsişmə və ya üst-üstə düşmə mövcuddursa, həmin hal nədən ibarət olması müəyyən edilsin.

11. İş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının nəticələrinə dair xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/6474 nömrəli ekspert rəyinə əsasən, göstərilən torpaq sahəsi qonşu bağlarla ümumi hasar daxilində yerləşir və ara sərhədləri yoxdur. Ümumi hasardaxili ərazinin sahəsi 1,0288 ha təşkil etdiyi müəyyən olunmuşdur. Bundan əlavə torpaq sahəsinin arxiv qovluğunda cizgisi olmadığından və sözügedən ərazidə hasarlanma işləri plan üzrə aparılmadığından bağ sahəsinin naturada yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim olunan koordinatlar ilə müraciətdə qeyd olunan özəl bağ sahəsi üzrə üst-üstə düşmədiyi müəyyən edilmişdir.

12. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia tələbini təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazı müdafiə edərək iddia tələbini təmin edilməməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

15. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, X3 və İstismarı Birliyi tərəfindən xx.xx.1999-cu il tarixli 28525 saylı müqavilə ilə X8 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, sahəsi 1200 kv.m. təşkil edən 920B nömrəli bağ sahəsinin ayrılmışdır, həmin şəxs isə xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. 5 saylı Notariat Ofisi tərəfindən cavabdehə məktub ünvanlayaraq iddiaçının vəfat etmiş şəxsin varisi olmasını bildirmiş, sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənədin verilməsini xahiş edilmişdir.

20. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

23. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

24. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

26. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

28. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

29. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, bağ sahəsi ümumi hasar daxilində yerləşməklə, bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və digər bağ sahələrinin ərazisinə uyğun gəlir.

30. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Nardaran bağ massivində yerləşən 0,12 ha olan 920B nömrəli bağ sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. xx.xx.1999-cu il tarixli bağın icarəyə verilməsi haqqında 28525 nömrəli müqaviləyə əsasən X8 icarəyə verilmişdir. Həmin müqavilə səlahiyyətli dövlət orqanı tərəfindən bağlanılmış və halhazıradək qüvvədədir. Həmin müqavilənin ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədən düşməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. 920B nömrəli bağ sahəsi bağlı hər hansı mübahisə mövcud deyil.

31. Bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərindədir.

32. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının mərhum ərinin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

33. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının nəticələrinə görə torpaq sahəsinin özəl bağ sahəsi üzrə üst-üstə düşmədiyi müəyyən edilmişdir (daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əsasən X10 mülkiyyətinə verilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran bağ massivində yerləşən sahəsi 12 ha olan 920b nömrəli bag sahəsinin faktiki yeri və koordinatları ilə və X2 ayrılmış Nardaran bağlar sahəsində 119 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 920 b nömrəli bağ sahəsinin faktiki yeri və koordinatları ilə üst-üstə düşmür).

34. Beləliklə məhkəmə hesab edir ki, inzibati orqan 920 B saylı (hüquq müəyyənedici sənəd üzrə 1200 kv.m) bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.

35. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

36. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəbdinndə göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

37. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

38. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

39. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. X3 və İstismarı Birliyi tərəfindən xx.xx.1999-cu il tarixdə 28525 saylı müqavilə ilə mərhum X8 ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, sahəsi 1200 kv.m. təşkil edən 920B nömrəli bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X8 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar