Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3350/2024 16.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1993-cü il tarixdən 1994-cü il tarixədək Qarabağ uğrunda gedən hərbi döyüşlərdə işitirak etməyini, həqiqi hərbi xidmət keçərkən 10 yanvar 1994-cü il tarixdə aldığı xəsarətlə bağlı 11 yanvar 1994-cü il tarixdən 26 yanvar 1994-cü il tarixədək M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasında «Sol sağrının yumşaq toxumalarının dəlib keçən odlu güllə yaralanması, Baş beyin silkələnməsi.» diaqnozu ilə müalicə olunmağını nəzərə alaraq «Müharibə veteranı adının və vəsiqəsinin» verilməsini cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə Tovuz rayonunda anadan olmuşdur. xx.xx.1980-cı il tarixdən – xx.xx.1982-ci il tarixədək SSRİ SQ-da müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1993-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərlikdə həqiqi hərbi xidmətə göndərilmişdir. O, döyüş zonasında həqiqi hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə aldığı xəsarətlə bağlı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Diaqnoz «Sol sağrının yumşaq toxumalarının dəlib keçən odlu güllə yaralanması, Baş beyin silkələnməsi.» xx.xx.2019-cu il tarixli 758 saylı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Hərbi travmadır. Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Almışdır” rəyini almışdır. Həmin qərarda da göstərilmişdir ki, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli HP/3579 nömrəli məktubuna əsasən onun barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmişdir. Qərarı alandan sonra o Müdafiə Nazirliyinə Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmişdir. Lakin ona imtina verilmişdir. Həmin imtinada göstərilmişdir ki, o hərbi hissəni guya tərk etmişdir. Əgər o hərbi hissəni özbaşına tərk etmişdirsə niyə görə Füzuli Hərbi prokurorluğu məktubda onun barəsində təqsirləndirici materialın və cinayət işinin olmadığını qeyd etmişdir. Qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi və müraciət barədə qərarla razılaşmadıqda həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququnun olması ona izah edilmişdir. Azərbaycan Respublikasının Qanunlarının tələbləri pozulduğu səbəbindən məhkəməyə müraciət edir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi arxiv arayışına əsasən N nömrəli hərbi hissədən xidmət yerini özbaşına tərk etmə faktı olduğuna və xx.xx.1994-cü il tarixdən (müalicədən) sonra xidmətinizi təsdiq olmadığına, görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə veteranı” adının verilməsi mümkün deyildir.”
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, Komissiyanın məktubunda qeyd olunmuşdur ki, arxiv arayışına əsasən iddiaçının N nömrəli hərbi hissədən xidmət yerini özbaşına tərk etmə faktı olduğuna və xx.xx.1994-cü il tarixdən (müalicədən) sonra hərbi xidməti təsdiq olunmadığından, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunur. Məhkəmə iş materiallarına əlavə olunmuş 1994-cü il tarixli arayışdan görmək olar ki, ona xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək 21 gün müddətində xidmətdən azad olunmalıdır və orada göstərilmişdir ki, həmin müddət bitəndən sonra hərbi hissəyə yollanmalıdır. Lakin iddiaçı xidmət etdiyi hərbi hissəyə qayıtmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara xx.xx.1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq alma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, qanuni əsaslarla ehtiyata buraxılması da şərtdir. Buna görə yuxarıda göstərilmiş Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olması barədə sənəd təqdim etməmişdir. MN MHHK-nın xx.xx.2019-cu il tarixli qərarında “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” göstərilsə də, bu əlillik statusunun olması deyil. Çünki, əlilliyin verilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamənin 3.1.2-ci bəndinə əsasən: “əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək vəzifəsinə aiddir.
5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli 2289 saylı məktubda bildirilmişdir ki, İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 135 nömrəli, xx.xx.1994-cü il tarixli 8 nömrəli və xx.xx.1996-cı il tarixli 69 nömrəli nizami hissə üzrə əmrlərindən arxiv çıxışları göndərilir. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994 - xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir. - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 2 №-li əmrinə əsasən (əsas: səh-336) İddiaçı hərbi hissənin tərkibinə gəlmiş hesab edilərək siyahılara və bütün növ təminatlara qoyulmuşdur. - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 8 №-li əmrinə əsasən (əsas: səh-59) Fizuli rayonunun Qaraxanbəyli ərazisində gedən döyüşlərdə yaralanmış İddiaçı xx.xx.1994-cü il tarixdən müalicə üçün hospitala getmiş hesab edilərək qazan təminatından çıxarılmışdır. - N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli N №-li əmrinə əsasən (əsas: səh-2) hissəni özbaşına buraxmış İddiaçı şəxsi heyətinin siyahısından və bütün təminatlardan çıxarılmışdır.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.
9. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.
11. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
13. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
15. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən həmin bəndin qeyd hissəsi nəzərə alınmaqla aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır. - 1-ci hala münasibətdə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 2 №-li əmrinə əsasən İddiaçı hərbi hissənin tərkibinə gəlmiş hesab edilərək siyahılara və bütün növ təminatlara qoyulmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 8 №-li əmrinə əsasən Fizuli rayonunun Qaraxanbəyli ərazisində gedən döyüşlərdə yaralanmış İddiaçı xx.xx.1994-cü il tarixdən müalicə üçün hospitala getmiş hesab edilərək qazan təminatından çıxarılmışdır. - xx.xx.1994-cü il tarixli arayışa əsasən, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək 21 gün müddətində xidmətdən azad edilmiş və həmin müddət bitəndən sonra hərbi hissəyə qayıtması qeyd edilmişdir. İddiaçı xidmət etdiyi hərbi hissəyə qayıtmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli N №-li əmrinə əsasən hərbi hissəni özbaşına buraxmış İddiaçı şəxsi heyətinin siyahısından və bütün təminatlardan çıxarılmışdır. - İş materiallarında olan MN MHHK-nın xx.xx.2019-cu il tarixli qərarında “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” göstərilsə də, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olması barədə sənəd təqdim etməmişdir. - 2-ci hala münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində iddiaçının məhkumluğunun olmadığı müəyyən edilir. Lakin məhkəmə qeyd edir ki, hər iki hal eyni zamanda mövcud olduğu təqdirdə iddiaçının müvafiq hüququ təmin oluna bilər.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
17. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
18. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
19. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
20. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
21. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva