Məhkəmə qərarları › İş №2-1(112)-3351/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3351/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3351/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X7 qarşı dayandırılmış əmək pensiyasının bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə təyin edilmiş pensiyasının bərpa edilməsi və ondan alınmış pulun özünə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02.12.2020-ci il tarixli, 2-1(120)-1739/2020 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu X9 Masallı rayon şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 16.02.2020-ci il tarixdə dayandırılmış əmək pensiyasının dayandırıldığı gündən bərpa edilməsi və həmin tarixdən başlayaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət çilingər vəzifəsində işləmişdir. 1997-ci ildən 2005-ci il tarixə kimi Lənkəran Təmir Tikinti İdarəsində çilingər kimi işləmişdir. Əvvəllər işlədiyi illərlə bağlı əmək kitabçası olsa da Lənkəran şəhərində işlədiyi idarədə əmək kitabçası yazılmamış qalmışdır. İşlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən məhkəməyə mürcət etmiş və Lənkəran rayon məhkəməsinin 2(049)- 6765/2017 saylı qətnaməsi ilə onun həmin idarədə işləməyi və həmin illər üzrə iş stajının olması barədə qətnamə qəbul edilmişdir. Bununla bağlı DSMF-nin Masallı rayon şöbəsinə müraciət etmiş və qanunla ona güzəştli şərlərlə pensiya verilmişdir. Lakin bu son aylar onun pensiya dayandırılmış və o DSMF-nin Masallı şöbəsinə yaxınlaşmışdır, oradan ona bildirmişlər ki, guya onun sənədləri düz deyil və daha ona pensiya verilməyəcək. Hətta onun bu illər ərzində aldığı pensiyasını da geri istəmişlər. Demişlər ki, o pensiyanı geri qaytarmalıdır, əgər araşdırmadan sonra onun pensiyası təsdiqlənsə o, yenə pulu onlardan alacaq. O da bankdan kredit götürüb 6000 manata yaxın pulu DSMF-in hesabına köçürmüşdür. Sonradan pensiyası məsələsi ilə bağlı hüquqşünaslarla söhbət aparanda ona məlum olmuşdur ki, onu aldadıblar və pensiyası haqsız yerə dayandırılmışdır. Bir necə dəfə DSMF-nin Masallı rayon şöbəsinə getmiş və pensiyasının dayandırılması barədə ona rəsmi məktubun verilməsini xahiş etsə də heç kim ona pensiyasının konkret olaraq hansı səbəbdən dayandırılmasını deyə bilmirlər və bu barədə rəsmi məktub verə bilmirlər. Ona güzəştli şərtlərlə təyin edilmiş pensiyası qanuni olduğundan həmin pensiyası sonradan əsassız olaraq dayandırılmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya məxsus 07 may 1979-cu il tarixli, ******* nömrəli əmək kitabçasında 26.06.1978-07.05.1979, 26,10.1981-1996-cı illərdə əmək fəaliyyəti ilə məşğul olmasına, 20.05.1979-15.06.1981-ci illərdə isə hərbi xidmət keçməsinə dair qeydlər mövcuddur. Sözügedən əmək kitabçasında sonuncu qeyd 30.10.1996-cı il tarixində işdən azad edilməsi ilə bağlıdır. Belə ki, əmək kitabçasındakı qeydlərə əsasən müəyyən olunur ki, iddiaçının ümumi iş stajı 25 ildən az (16 il 7 ay 26 gün) təşkil edir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Masallı rayonu Təzəkənd kəndində doğulmuşdur. - Masallı rayon İcra Hakimiyyəti başçısın Tazəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 554 №-li, 14.10.2020-ci il tarixli arayışından görünür ki, Eyvazov X3 rayonu Təzəkənd kəndində qeydiyyatdadır. Hal-hazırda Təzəkənd kəndində yaşayır. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, iddiaçı 24.05.1979-cu ildən 15.06.1981-ci ilə qədər (2 il 10 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin 462 №-li, 13.08.2020-ci il tarixli aryışından görünür ki, İddiaçı 24.05.1979-cu ildən 15.06.1981-ci ilə qədər (2 il 10 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı 26.06.1978-ci ildən 07.05.1979-cu ilə qədər Azərbaycan Dəmiryollarının Ələt dayanacaq stansiyası vaqon depoda refrijerator qatarında mexanik (10 ay 12 gün), 20.05.1979-cü ildən 15.05.1981-ci ilə qədər Sovet ordusunda xidmət (1 il 11 ay 26 gün), 26.10.1981-ci ildən 30.10.1996-cı ilə qədər Azərbaycan Dəmiryolları refrijerator qatarında mexanik (15 il 0 ay 5 gün) vəzifələrində işləmişdir. - Lənkəran rayon məhkəməsinin 2(049)-6765/2017 saylı, 04.11.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ərizə təmin edilmiş, ərizəçi İddiaçı 06.01.1997-ci il tarixdən 28.12.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti Sahəsində çilingər işləməsi faktı müəyyən edilmişdir. - Lənkəran rayon məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış 1611/2021 №-li, 19.04.2021-ci il tarixli məktubdan görünür ki, Lənkəran rayon məhkəməsinin 2(049)- 6765/2017 saylı, 04.11.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qeyd olunan qətnamə 18.12.2017-ci il tarixdə qanuni qüvvəyə minmişdir. - Məhkəməyə təqdim edilmiş İddiaçı aid pensiya işinin materiallarından görünür ki, İddiaçı 19.06.2017-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Yükdaşımalar Departamenti Yeni X4 Deposu tərəfindən verilmiş 13.06.2017-ci il tarixli, 13.06.2017-ci il tarixli məktuba əsasən İddiaçı həqiqətən 26 iyun 1978-ci ildən 07 may 1979-cu ilədək və 26 oktyabr 1981-ci ildən 30 oktyabr 1996-cı ilədək refrijerator qatarının (seksiyasının) mexaniki vəzifəsində işləyib. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının “Nəqliyyat” bölməsinin 21,4 bəndinə əsasən refrijerator qatarının (seksiyasının) mexanikləri güzəştli şərtlə 12 il 6 ay iş stajı ilə təqaüdə çıxa bilər. İddiaçı güzəştli şərtlə iş stajı 15 il 10 ay 16 gündür. İddiaçı məxsus 06.01.1997-ci il tarixli, İT-1945471 №-li əmək kitabçasının surətindən görünür ki, İddiaçı 06.01.1997-ci ildən 28.12.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti Sahəsində çilingər vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin 11.09.2017-ci il tarixli, 1/5-214 nömrəli məktubundan görünür ki, İddiaçı 1997-2005-ci illərdə Lənkəran Təmir Tikinti sahəsində işləməsi müəssisənin arxiv sənədləri saxlanılmadığı üçün X5 rayon filialına təhvil verilmədiyindən həmin faktın yoxlanması imkan xaricindədir. Müəssisə Dövlət Sosial X6 şəhər şöbəsinə 2006-cı il tarixədək fəaliyyət göstərmiş və heç bir borcu olmamışdır. DSMF-nin Masallı rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanlanmış 19.09.2017-ci il tarixli məktubdan görünür ki, sənədlərin yerində qarışılıqlı yoxlamasının həyat keçirmək mümkün olmadığı üçün onun əmək pensiyası hüququndan imtina edilir. Lənkəran rayon məhkəməsi tərəfindən DSMF-nin Lənkəran şəhər şöbəsinə məhkəmənin 2(049)-6765/2017 saylı mülki iş üzrə 14.11.2017-ci il tarixli qətnaməsi göndərilmişdir. DSMF-nin Masallı rayon şöbəsi tərəfindən qəbul edilmiş 629 №-li, 15.12.2017-ci il tarixli qərara əsasən İddiaçı 10.04.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. - Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon filialı tərəfindən məhkəməyə ünvanlanan **********1 №-li, 30.11.2020-ci il tarixli məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və Auidit şöbəsinin Fondun Masallı rayon şöbəsində 2020-ci ilin fevral ayında apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı adına olan əmək kitabçasında onun 1997-2005-ci illərdə Lənkəran təmir-tikinti idarəsində işləməsi barədə qeydlərin olmasına baxmayaraq, işləməsini təsdiq edən möhür isə Lənkəran Yol təmir-tikinti idarəsinə məxsusdur. Lənkəran şəhər Məhkəməsinin 2(049)6765/2017 saylı qətnaməsi ilə İddiaçı 1997-2005-ci illərdə Lənkəran təmir-tikinti idarəsində işləməsi faktını təsdiq etmişdir. İddiaçı əmək kitabçasında 1997- 2005-ci illərdə Lənkəran təmir-tikinti idarəsində işləməsi barədə qeydlərin olmasına baxmayaraq, işləməsini təsdiq edən möhür isə Lənkəran Yol təmir-tikinti idarəsinə məxsus olduğu və Fondun Lənkəran şəhər şöbəsinin verdiyi məlumata əsasən Lənkəran Yol təmirtikinti idarəsinin 1999-2005-ci il tarixlərdə sosial-sığorta ödəyicisi olmaması səbəbindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.1-ci maddəsinə əsasən işçini işə götürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işin müddəti sığorta stajına daxil edildiyi üçün yaşa görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası ləğv edilmiş, artıq aldığı vəsait geri qaytarılmışdır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan 22.04.2021-ci il tarixli, **********6 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq, İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi 16.02.2020-ci il tarixindən dayandırılmışdır. İddiaçı pensiya ödənişinin bərpa edilməsi barədə bu günədək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hər hansı məlumat daxil olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 26.06.1978-ci ildən əmək fəaliyyətinə başlamış, 26.06.1978-ci ildən 07.05.1979-cu ilə qədər Azərbaycan Dəmiryollarının Ələt dayanacaq stansiyası vaqon depoda refrijerator qatarında mexanik vəzifəsində işləmiş, 20.05.1979-cü ildən 15.05.1981-ci ilə qədər Sovet ordusunda xidmət etmiş, hərbi xidmətdən qayıtdıqdan sonra 26.10.1981-ci ildən 30.10.1996-cı ilə qədər Azərbaycan Dəmiryolları refrijerator qatarında mexanik, 06.01.1997-ci ildən 28.12.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti Sahəsində çilingər vəzifələrində işləmişdir. İddiaçı 19.06.2017-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon Şöbəsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, inzibati orqan sənədlərin yerində qarışılıqlı yoxlamasının, yəni Lənkəran Təmir Tikinti sahəsində işləməsinin müəyyən edilməsinin mümkün olmamasını əsas gətirərək ona pensiyanın təyin edilməsində imtina etmişdir. Bundan sonra Qüdrət Eyvazov məhkəməyə müraciət edərək onun 06.01.1997-ci il tarixdən 28.12.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti Sahəsində çilingər işləməsi faktının təsdiq edilməsini xahiş etmiş və Lənkəran rayon məhkəməsinin 2(049)-6765/2017 saylı, 04.11.2017-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. DSMF-nin Masallı rayon şöbəsi tərəfindən qəbul edilmiş 629 №-li, 15.12.2017-ci il tarixli qərara əsasən İddiaçı 10.04.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilməyə başlanılmışdır. İddiaçı Yəhya Eyazova təyin edilmiş ödəniş 16.02.2020-ci il tarixindən dayandırılmışdır. Cavabdeh inzibati orqan yaşa görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının dayandırılmasını (ləğv edilməsini) İddiaçı əmək kitabçasında 1997-2005-ci illərdə Lənkəran təmir-tikinti idarəsində işləməsi barədə qeydlərin olmasına baxmayaraq, işləməsini təsdiq edən möhür isə Lənkəran Yol təmir-tikinti idarəsinə məxsus olduğu və Fondun Lənkəran şəhər şöbəsinin verdiyi məlumata əsasən Lənkəran Yol təmir-tikinti idarəsinin 1999-2005-ci il tarixlərdə sosial-sığorta ödəyicisi olmaması səbəbindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.1-ci maddəsinə əsasən işçini işə götürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işin müddəti sığorta stajına daxil edilməsi ilə əsaslandırmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçıya təyin edilmiş pensiya ödənişinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş hər hansı inzibati akt məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Məhkəmə mübahisə ilə bağlı Qüdərt Eyvazova güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərara münasibət bildirilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. İddiaçının 57 yaşının tamam olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə cavabdeh inzibati orqanın iddiaçının 1997-2005-ci illərdə Lənkəran təmirtikinti idarəsində işləməsi ilə bağlı dövrün sığorta stajına daxil edilməməsi və bununla da iddiaçınin ümumi iş stajının 25 ildən az olmasına dair dəlili ilə bağlı qeyd edir ki, iddiaçının 06.01.1997-ci il tarixdən 28.12.2005-ci il tarixədək Lənkəran Təmir Tikinti Sahəsində çilingər işləməsi faktı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Bundan əlavə “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş (iddiaçının işlədiyi dövrdə qüvvədə olan) "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Məhkəmə qeyd edir ki, iddiaçının 06.01.1997-ci il tarixdən 28.12.2005-ci il tarixədək əmək fəaliyyəti ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə araşdırılması zamanı iddiaçının qeyd olunan dövrlər və vəzifələr üzrə əmək fəaliyyəti ilə məşğul olmamasını təsdiq edən sübutlar müəyyən edilməmişdir. Əksinə iddiaçının məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi də nəzərə alınmaqla ümumilikdə 26 il 11 ay 17 gün ümumi iş stajının mövcud olması müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. - 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. - 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. İddiaçının işlədiyi müəssisə tərəfindən MDSS haqqları ödənilməmiş olsa belə, qanunvericiliklə həmin müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə 01.01.2006-cı il tarixə yaranmış borcları 01.04.2018-ci il tarixdən silinmişdir. Bu hal isə iddiaçının pensiya hüququnun təmin olunmasına şərait yaradır. Beləliklə tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 26 il 11 ay 2 gün ümumi və 15 il 10 ay 17 gün (Yeni-X4 deposunda refrijerator qatarının (seksiyasının) mexaniki vəzifəsində işlədiyi peşə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının XXVİİİ bölməsinin 23001000—23598 şifrinə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlanan 21.4cü Bölməsində nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri peşəsinə uyğundur) güzəştli iş stajı mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə 629 №-li, 15.12.2017-ci il tarixli qərar qanunvericiliyin tələblərinə uyğun qəbul edilmişdir. Həmin qərarla təyin edilmiş əmək pensiyasının dayandırılmasına əsas olan hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın hərəkətləri qanuni olmamamış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsinin dayandırılması ilə iddiaçının qanunla qorunan etimad hüququ pozulmaqla ədalətli tarazlığa da riayət edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.4-cü maddəsinin tələblərinə görə inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 16.02.2020-ci il tarixdən dayandırılmış əmək pensiyasının dayandırıldığı gündən bərpa edilməsi və həmin tarixdən başlayaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 16.02.2020-ci il tarixdən dayandırılmış əmək pensiyasının dayandırıldığı gündən bərpa edilməsi və həmin tarixdən başlayaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Xüsusi Şərtlərlə Təyinat X7 həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar