Məhkəmə qərarları › İş №2-1(112)-3351/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3351/2024

19.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3351/2024 19.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyinə qarşı “ixtisas üzrə təhsil müəssisəsinə köçürülmə” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyinə qarşı “ixtisas üzrə təhsil müəssisəsinə köçürülmə” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci il tarixdə DİM imtahanından 199,8 bal toplayaraq müsabiqədən keçməmiş, 12 oktyabr 2022-ci il tarixdə X4 Universiteti X1nin biotibbi mühəndislik bölməsinə daxil olmuşdur. Hal-hazırda təhsilini davam etdirir. Lakin, ailəsinin maddi imkanı onun 4 il ödənişli əsaslarla təhsil almasına imkan vermir. Köçürülmə üçün təhsil müəssisəsinə müraciət etmiş, müəssisə tərəfindən müraciəti təmin edilmiş, lakin cavabdehə elektron müraciəti heç bir qanuni əsas olmadan təmin edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh onun Azərbaycan Respublikasında təhsil almaq hüququnu pozmaqdadır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının DİM imtahanında topladığı bal 199,8 olmaqla köçürülməsini tələb etdiyi ixtisas balına (200 bal) uyğun olmamışdır. Bu səbədən də müraciətin təminindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X2 test imtahanlarında toplanan ballar və müsabiə nəticəsi haqqında arayışdan görünür ki, iddiaçı yay imtahanı əsasında İ ixtisas üzrə ümumi 199,80 bal toplamışdır. İ ixtisaslar və keçid balı üzrə cədvəldən görünür ki, iddiaçının ixtisasına uyğun olaraq iddia ərizəsində köçürülməsini tələb etdiyi Azərbaycan Texniki Universitetində olan ixtisası üzrə minimum keçid balı 200-dir. Ümumiyyətlə həmin baldan aşağı bal üzrə hər hansı ixtisas müəyyən edilmir. Tələbə biletindən görünür ki, iddiaçı X1 biotibbi mühəndislik bölməsi üzrə təhsil almaqdadır. Bərabərlik hüququnun tətbiqi ilə bağlı cavabdehə ünvanlanmış məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının köçürülməsini istədiyi ixtisasa 200 baldan aşağı bal toplamış ərizəçilərin köçürülməsi halı müəyyən edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Təhsil haqqında”Qanunun: 2.1. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Məktəbəqədər təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarından, təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 26.1. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. 26.2. Ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydaları”nın: 1.1. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların (bundan sonra - tələbələrin) köçürülməsi, tələbələr sırasından xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar (bundan sonra - Qaydalar) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 3.9-cu bəndinə uyğun hazırlanmış və tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələlərini tənzimləyir. 1.6. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. 1.8. Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. 2.2. Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya (və) ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar X3 (bundan sonra - DİM) tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. 2.3. Ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. 2.4. Aşağıdakı hallarda bakalavriat səviyyəsində (hüquqşünaslıq və əsas (baza ali) tibb ixtisasları istisna olmaqla) tələbənin köçürülməsi DİM tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal nəzərə alınmadan aparılır:[4] 2.4.1. Bakıda yerləşən dövlət ali təhsil müəssisəsindən ölkənin regionlarında (Sumqayıt şəhəri istisna olmaqla) yerləşən ali təhsil müəssisəsinə (öz ixtisası üzrə) köçürüldükdə; 2.4.2. Ölkənin bir regionunda yerləşən ali təhsil müəssisəsindən digər regionda yerləşən (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisəsinə (öz ixtisası üzrə) köçürüldükdə; 2.4.3. akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edildikdə; 2.4.4. ölkə ali təhsil müəssisələrinə beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT, TOEFL İBT, İELTS və s.) əsasında qəbul olunduqda. 2.7. DİM tərəfindən keçirilən imtahanlarda iştirak etdikləri halda əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkə ali təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülməsi bu Qaydaların 2.2.-2.3-cü bəndlərində birinci cümləsində qoyulan şərtlər daxilində aparılır. 2.11. Köçürülmə üçün əsas olmadığı hallarda Elm və Təhsil Nazirliyi tərəfindən ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir. Köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin təhsil aldığı ali təhsil müəssisəsinə akademik transkript blankının ayrılması barədə (bir ali təhsil müəssisəsindən digərinə köçürülənlər üçün), köçürülmək istədiyi ali təhsil müəssisəsinə isə köçürülməyə razılıq verilməsi barədə Elm və Təhsil Nazirliyi tərəfindən məktub göndərilir. Xarici ölkə ali təhsil müəssisəsindən köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə razılıq məktubu göndərilir. Qanunvericiliyin tələblərindən də göründüyü Qanun, Fərman, Qərar ilə yanaşı digər normativ hüquqi aktlar da qanunvericilik sisteminin tərkib hissəsi kimi çıxış edir ki, yuxarıda adıçəkilən Qanunun 2.1-maddəsinin tələbinə əsasən digər normativ hüquqi akt kimi cavabdeh tərəfindən qəbul edilmiş Kollegiya Qərarı hazırkı mübahisə üzrə tətbiq edilməli olan madddi hüquq normalarını özündə ehtiva edir. İşin faktiki hallarından isə göründüyü kimi iddiaçı xaricdə oxuduğu ixtisasa uyğun olaraq ölkə ərazisində yerləşən təhsil müəssisəsinin uyğun ixtisasına köçürülməyə razılıq tələb edir ki, həmin mübahisəyə münasibətdə tətbiq edilməli olan maddi hüquq normaları konkret olaraq yuxarıda adıçəkilən Qaydalarda təsbitini tapmışdır. Həmin Qaydaların 2.7-ci bəndinin tələbindən də göründüyü kimi iddiaçının ölkə ərazisində idddia ərizəsində göstərdiyi ixtisas üzrə köçürülməsinin mümkün olması DİM tərəfindən keçirilən imtahanlarda iştirak etdikləri halda əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkə ali təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülməsi bu Qaydaların 2.2.-2.3-cü bəndlərində birinci cümləsində qoyulan şərtlər daxilində qiymətləndirilməlidir. 2.2-2.3-cü bəndlərdə isə göstərilmişdir ki, Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya (və) ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır və DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Lakin, işin faktiki hallarından da göründüyü kimi sonuncu şərt iddiaçıya münasibətdə ödənilməmiş, iddiaçı DİM imtahanında 199,8 ballıq nəticə göstərmişdir ki, həmin nəticə müvafiq ixtisas üzrə minimal keçid balından azdır. Minimal keçid balının 200 bal, iddiaçının yığdığı balın 0,2 bal ondan az olması da məhkəmə hesab edir ki, vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, minimal keçid balından az olmama ilə bağlı tələb konkretdir ki, hazırkı halda 200 baldan aşağı olma istər yığılan balın 1, 2,100,199.9 və s olmasından asılı olmayaraq eyni qiymətləndirmə tələb edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar