Məhkəmə qərarları › İş №2-1(112)-3352/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3352/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3352/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqənin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək döyüş əməliyyatlarında iştirakını nəzərə alaraq müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-cı illərdə erməni silahlı birləşmələrinin ölkəmizə silahlı hücumları zamanı Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə xidmətə çağrılmışdır. O, xidmətini N saylı hərbi hissədə başlayaraq döyüş əməliyyatlarında iştirak etmiş, bundan sonra 701, N saylı hərbi hissələrdə xidmət etmiş və N may 1994-cü il tarixinə atəşkəs elan edilən günə kimi xidmət etdiyi hərbi hissənin tərkibində və dislokasiyasında torpaqların müdafiəsində dayanmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 1996-cı il tarixli müvafiq əmri ilə ordudan qanuni əsaslarla təxris edilmiş və Müdafiə nazirinin müvafiq əmri ilə yanaşı xidmət etdiyi hərbi hissə komandirinin əmri hərbi biletində təsdiqlənmiş qaydada göstərilmişdir. Xidməti dövründə döyüş əməliyyatlarında iştirakının olduğu üçün Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etsə də komissiyanın xx.xx.2024-cü il tarixli qərarı ilə Veteran adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir ki, bu da onun döyüş əməliyyatları zamanı döyüşlərdə iştirakını, Müdafiə Nazirliyinin müvafiq əmrini, Nazirlər kabinetinin qərarı, və onun konstitusiya hüququ kobud qaydada pozulmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Mərkəzi Arxivin arayışına əsasən döyüş əməliyyatları aparıldığı dövrdə iddiaçının 701, N və N nömrəli hərbi hissələrin tərkibində hərbi xidməti barədə məlumat olmadığından, ona “Müharibə veteranı” adının verilməsindən imtina olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 №-li Qərarına görə hərbi biletdə olan yazılar əmrlərlə və ya arxiv arayışları ilə təsdiq edildiyi halda mötəbər sayıla bilər. Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli 1795 nömrəli arxiv arayışına əsasən iddiaçının hərbi biletində olan yazılar arxiv sənədləri ilə təsdiq olunmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçıya məxsus MH ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı 29 may 1987-09 iyun 1989-cu il tarixlərində SSRİ ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi biletdə iddiaçının xx.xx.1993-cü ildən xx.xx.1993-cü il tarixinədək N nömrəli hərbi hissədə xidmət etməsi, habelə xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixinədək N nömrəli hərbi hissənin tərkibində Ağdam, Tərtər və Kəlbəcər istiqamətlərində erməni ekstrimistlərinə qarşı döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat qeyd edilmişdir. Cavabdehin məhkəmə sorğusuna 15 noyabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin yanvar-dekabr 1992-ci il, mart-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, N №-li hərbi hissə komandirinin yanvardekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və N №-li hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.1992xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin 1990-cı il, yanvar-fevral 1993-cü il tarixli nizami hissə üzrə əmrləri, N №-li hərbi hissə komandirinin 1990-cı il tarixli nizami hissə üzrə əmrləri, N №-li hərbi hissə komandirinin 1990-cı il, xx.xx.1993xx.xx.1993-cü il, 1994-cü il tarixli nizami hissə üzrə əmrləri və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, N №li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək və N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, 1969-cu il təvəllüdlü İddiaçı keçmiş Qaradağ rayon hərbi komissarlığı tərəfindən xx.xx.1997-ci il tarixdə 006961 nömrəli “Müharibə Veteranı” vəsiqəsi verilmişdir. xx.xx.2008-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən daxil olan məktuba əsasən (hərbi xidmət keçməsi barədə məlumat olmadığı üçün) “Müharibə Vetaranı” vəsiqəsi geri götürülərək, məhv olunmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, təqdim olunmuş sənədlərə və Mərkəzi Arxivin arayışına əsasən döyüş əməliyyatlarının aparıldığı dövrdə 701, N və N nömrəli hərbi hissələrin tərkibində hərbi xidməti barədə məlumatlar olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildirilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətində şikayət vermək hüququna malikdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr 1992-ci, mart-dekabr 1993-cü, yanvar-may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr 1992-ci, yanvar-dekabr 1993-cü il, yanvar-may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərdə və N nömrəli hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi arxivində olan xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Eyni arxiv arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin 1990-cı il, yanvar-fevral 1993-cü il tarixli nizami hissə üzrə əmrləri, N nömrəli hərbi hissə komandirinin 1990-cı il tarixli nizami hissə üzrə əmrləri və N nömrəli hərbi hissə komandirinin 1990-cı il xx.xx.1993- dekabr 1993-cü il 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq iddiaçının qeydiyyat kartası və Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məktubunun təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş qeydiyyat kartasında göstərilmişdir ki, iddiaçı xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək N nömrəli hərbi hissədə xidmət etmiş, Ağdam, Tərtər və Kəlbəcər istiqamətlərində erməni ekstrimistlərinə qarşı döyüş əməliyyatlarında iştirak etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 07 aprel 2010-cu il tarixli məktubunda göstərilmişdir ki, N və N saylı hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan əmr kitablarında iddiaçının fevral -aprel 1993-cü il tarixlərdə xidmətdə olması və mart-aprel 1996-cı il tarixlərdə ehtiyata tərxis edilməsi barədə heç bir məlumat yoxdur. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 258 №-li əmrində Qaradağ RHK-dan çağırılmış şəxsi heyətin ümumi say siyahısı göstərildiyi üçün onun hərbi hissəyə qəbul edilməsi əmr kitabına əsasən araşdırıla bilinmir. Xidməti barədə dəqiq araşdırma aparılması üçün Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə hərbi biletin surətinin göndərilməsi məqsədəmüvafiqdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnamənin qeyd edilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın N-dək aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş və həmin tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə əsaslanaraq ona veteran adı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. İddiaçı öz tələbinin sübutu kimi ona məxsus hərbi biletdə aparılmış qeydə əsaslanmışdır. Məhkəmə tərəfindən iddiaçının qeyd edilən dövrdə hərbi xidmətinin araşdırılması üçün müvafiq sorğular verilmişdir. Əldə edilmiş məlumatlardan görünür ki, döyüş əməliyyatlarının aparıldığı dövrdə 701, N və N nömrəli hərbi hissələrin tərkibində iddiaçının hərbi xidməti barədə məlumatlar aşkar edilməmişdir. Başqa sözlə iddiaçının həqiqətən qeyd edilən dövrdə olan xidməti arxiv materalları ilə təsdiq edilmir. Qeyd edilməlidir ki, “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda göstərilmişdir ki, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: döyüş əməliyyatlarında iştirak edərkən; hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; ezamiyyətdə olarkən; müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; toplanışlar keçərkən; hərbi xidmət yerinə gedib-gələrkən; əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən (27.1.). İddiaçının hərbi biletində olan qeydlər müvafiq arxiv məlumatları ilə təsdiq edilmədiyi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-2509/2019 saylı, xx.xx.2019-cu il taruxli qərarında belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks edilməsidir. Hazırkı işin hallarından isə müəyyən edilir ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməsini təsdiq edən sənəd kimi yalnız hərbi biletinə istinad edir. Lakin qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi hərbi bilet özüözlüyündə yetərli deyildir, onunla yanaşı həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqənin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar