Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3353/2023 27.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən əmək pensiyasının yenidən hesablanaraq əmək pensiyasının artırılması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə eyni zamanda, iddiaçının iddia tələbinə dəqiqləşmə verərək İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əvvəla Məhkəmə diqqətə çatdırır ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məbləğinin artırılaraq yenidən hesablanmasını arzulayır. Cavabdeh inzibati orqan isə iddiaçıya hesablanmış pensiya məbləğinin təminat xərcliyinə uyğun olaraq hesablandığını, təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsinin nəzərə alındığını, bununla da hesablanmış pensiya məbləğinin düzgün olduğu qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan hesablamalar və bunun əsasında müəyyən edilmiş pensiya məbləği düzgün olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1.Əmək pensiyası dedikdə bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi başa düşülür. 1.0.3. Hərbi qulluqçular dedikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər başa düşülür. 1.0.5 Təminat xərcliyi (pul təminatı) dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür. 9.5.1.Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın: 1.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. 2.«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.
3. Hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır. Göründüyü kimi, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılan hərbi qulluqçuların, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilməklə, xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə məlumat vərəqəsi qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib edilir. Xidmət illəri hesablandıqdan sonra hərbi qulluqçuya bu barədə elan edilir. Hərbi qulluqçunun etirazı olduğu halda hərbi qulluqçunun etirazına baxılır və nəticədə hərbi qulluqçusunun ehtiyata buraxılması barədə qərar qəbul edilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. İşin faktiki hallarından görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinin tələblərinə uyğun qaydada idiaçıya 11 oktyabr 2015-ci il tarixdən 36 il 1 ay 12 gün xidmət müddətinə görə təminat xərcliyinin (718,50 manat) 100 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Daha sonra Daxili İşlər Nazirliyi tərəfindən cavabdeh inzibati orqana yeni məlumat vərəqəsi təqdim olunmuşdur ki, həmin məlumat vərəqəsində iddiaçının : -Vəzifəsi: “Bakı şəhəri, Nərimanov rayon mühafizə idarəsinin tağım komandiri”; -Rütbəsi : “mayor”; -Xidmət müddəti: 36 il 1 ay 12 gün (təqvimi xidmət illəri 28 il 6 ay 28 gün, güzəştli xidmət illəri 7 il 6 ay 14 gün; -Ehtiyyata buraxıldığı tarix: xx.xx.2015-ci il; -Ehtiyyata buraxılma səbəbi: yaşa görə; -Vəzifə maaşı 270,00 manat; -Rütbə maaşı 130,00 manat; -Xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi -200,00 manat; -Məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi-94,50 manat; -Ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 758,50 manat göstərilmişdir. Cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1 -1 -ci və 37.7-ci maddələrini rəhbər tutaraq 1 yanvar 2018-ci il tarixdən etibarən sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 297,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi - 213,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi - 103,95 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 808,45 manat təşkil etdiyini nəzərə almış, vəzifə və rütbə maaşındakı müvafiq artımlar əsasında iddiaçının əmək pensiyasını yenidən hesablamış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinin tələblərinə uyğun qaydada iddiaçıya təminat xərcliyinin (808,45 manat) 100 faizi miqdarında əmək pensiyası müəyyən etmişdir. 1 mart 2018-ci il tarixdən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 327,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi-228,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi -114,45 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 863,95 manat təşkil etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə təyin olunmuş pensiya məbləğinin hesablanması zamanı həmçinin təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsi də nəzərə alınmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən iddiaçının əmək pensiyasının təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1 -ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla 36 il 1 ay 12 gün xidmət müddətinə görə aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; -20 ildən artıq xidmət müddətinin (16 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (16x2) təminat xərcliyinin 32 faizi; -natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,17 faizi. Göründüyü kimi iddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 87,17 faiz təşkil edir. 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyinin (808,45 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı təminat xərcliyi (863,95 manat) arasındakı fərq məbləğinin (55,50 manat) 87,17 faizi-48,38 manat 1 mart 2018-ci il tarixədək olan pensiyasının (808,45 manat) üzərinə əlavə olunmaqla İddiaçı 856,83 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixdən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşının 400,00 manat, rütbə maaşının 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi -275,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi-140,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1029,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs edilən 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanına uyğun qaydada iddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 87,17 faiz təşkil edir. 1 sentyabr 2019-cu il tarixədək olan təminat xərcliyi (863,95 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (1029,00 manat) arasındakı fərq məbləğinin (165,05 manat) 87,17 faizi-143,87 manat 1 sentyabr 2019-cu il tarixədək olan pensiyanın (856,83 manat) üzərinə əlavə olunmaqla 1000,70 manat məbləğində əmək pensiyası müəyyən edilərək iddiaçıya ödənilir. Məhkəmə xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab edir ki, iddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 1762,92 manat fərq məbləği Əmək pensiyası haqqında Qanunun 32.1-1 -ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (48,97 manat) əmək pensiyasının (1000,70 manat) üzərinə əlavə olunmaqla (1000,70+48,97=1049,67 manat) iddiaçıya ödənilir. Məhkəmə qeyd edir ki, iddiaçı əmək pensiyasının artırılaraq, yenidən hesablanmasını arzulasa da, hesablanmış həmin məbləğin artımına səbəb olar halın nədən ibarət olmasını əsaslandıra bilməmiş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilən pensiya məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən hər hansı səhvə yol verildiyini sübut edə bilməmiş, bununla da əmək pensiyasının artımına səbəb olan halı əsaslandıra bilməmişdir. Məhkəmə tərəfindən aparılan qiymətləndirmə nəticəsində iddiaçıya təyin olunmuş pensiya məbləğinin hesablanması zamanı qanunvericiliyin tələblərinə zidd hal müəyyən edilməmiş, bunun tam əksinə hesablamanın məhz təminat xərcliyinə uyğun, həmçinin artımlar nəzərə alaraq aparıldığını müəyyən edilmişdir ki, göstərilən bu halların hər biri iddiaçının irəli sürdüyü tələbin əsassız olduğunun göstəricisidir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının pensiya hüquqlarının pozulmasına səbəb olmur. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov