Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3353/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “elmi müəssisədə etibarlı əmək stajının mövcud olduğunun müəyyən (təsdiq) edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun elmi müəssisədə 25 il etibarlı əmək stajının mövcud olduğunun müəyyən (təsdiq) edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 22 avqust 2023-cü il tarixdə 1 saylı Bakı DOST Mərkəzində rəsmi qaydada cavabdehə müraciət etmiş və onun elmi müəssisədə tələb olunan 25 il iş stajına malik olduğu, elmi müəssisə və təşkilatlarda çalışdığı faktının araşdırılmasını xahiş etmişdir. Müraciətinə 12 oktyabr 2023-cü il tarixdə ona şəxsən təqdim edilən xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-203467/2023 nömrəli cavab məktubu ilə müəyyən etmişdir ki, cavabdeh, "Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün" təsis edilməsi haqqında 30 dekabr 2020-ci il tarixli (№1229) Fərmana əsasən həmin təqaüdün təyin edilməsi üçün tələb olunan elmi müəssisədə 25 il əmək stajına malik olduğu faktını inkar edir, təqaüdün təyin edilməsindən imtina edir. Halbuki, iddiaçı təqaüdün təyin edilməsi üçün müraciət etməmişdir. İddiaçıya 12 oktyabr 2023-cü il tarixdə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3- 17-1/2- H-203467/2023 nömrəli cavab məktubunda göstərilən imtina səbəbləri tələb olunan stajının olmaması, işləməyə davam etdiyi, VÖEN sahibi olduğu göstərilir. İddiaçı həmin imtina səbəblərindən biri olan "tələb olunan stajının olmaması" əsası ilə razı deyil. Lakin onun cavabdehə müraciət etməkdə məqsədi müvafiq təqaüdün təyin olunması yox, həmin təqaüdün təyin edilməsi üçün tələb olunan əsaslardan birinin yəni, elmi müəssisədə 25 il çalışdığı faktını təsdiq etmələrinə nail olmaq idi. Cavabdeh isə iddiaçıya müvafiq təqaüdün təyin edilməsi ilə bağlı imtina cavabı vermişdir. Halbuki iddiaçı müvafiq təqaüdün təyin edilməsi üçün müraciət etməmişdir. Hazırda iddiaçı "Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün" təsis edilməsi haqqında 30 dekabr 2020-ci il tarixli (№1229) Fərmana əsasən, onun elmi müəssisədə 25 il əmək stajına malik olduğu faktının araşdırılması və müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi məqsədilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı elmi sahədə əmək stajının mövcud olduğunun təsdiq edilməsi məqsədilə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. İddiaçı İ.X3 daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-203467/2023 nömrəli məktubla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş əmək kitabçasının surətinə və digər sənədlərə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi sığorta stajı qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az olduğu (16 il 10 ay 23 gün), aktiv əmək müqaviləsi (“Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Neftqazelmitədqiqatlayihə İnstitutu) və eyni zamanda aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 1969 nömrəli Fərmanına əsasən xx.xx.2023-cü il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 500 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manata çatdırılmışdır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya təqaüdün təyin olunması üçün Fərmanda göstərilmiş şərtlər eyni zamanda mövcud olmalıdır: 1) elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 sığorta stajı olduqda; 2) elmi dərəcəsi olduqda; 3) aktiv əmək müqaviləsi olmadıqda; 4) əmək pensiyası hüququ olduqda. İddiaçı mübahisələndirilməyən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 16 il 10 ay 23 gün sosial sığorta stajına xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1992- ci il tarixədək olan fəaliyyət dövrü daxil edilmişdir. Eyni zamanda İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində işlədiyini iddia edir. Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli qərarı ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların” siyahısına daxil edilməmişdir. Sözügedən idarənin adı xx.xx.2005-ci il tarixində dəyişdirilərək “Geofizika və geologiya” idarəsi adlandırılmışdır. Həmçinin İddiaçı halhazırda aktiv əmək müqaviləsi mövcuddur və aktiv vergi ödəyicisi kimi qeydiyyatdadır. Yuxarıda qeyd olunan Fərmana əsasən İddiaçı sığorta stajı qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az olduğu, aktiv əmək müqaviləsi və aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğundan (VÖEN: **********) cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunanlara əsasən bildirilir ki, Fərmana əsasən, İddiaçı münasibətdə Mərkəzi Filial tərəfindən 500 (beş yüz) manat məbləğində təqaüdün ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Yuxarıda sadalananları və Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini nəzərə alaraq, İddiaçı “əmək stajının mövcud olduğunun təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1 (112)-3353/2024 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı cavabdehin etirazına qarşı yazılı münasibət təqdim edərək aşağıdakıları qeyd etmişdir: “Cavabdeh tərəfindən bildirilib ki, iddiaçı guya təqaüd təyin edilməsi üçün müraciət etmişdir, ona görə də etiraz edilir. Bununla bağlı iddiaçı qəti etiraz edir, o, təqaüd təyin edilməsi üçün müraciət etməmişdir. İddia ərizəsində açıq və aydın formada bunu ifadə etmişdir. Cavabdeh tərəfindən bildirilib ki, iddiaçı Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində işlədiyini iddia etmişdir. Bu tamamilə yanlış fikirdir, çünki iddiaçının Geofizika və Geologiya İdarəsində işlədiyini iddia etməyə ehtiyacı yoxdur, bununla bağlı mübahisə yoxdur, onun əmək fəaliyyəti dövrünü təsdiq edən rəsmi məlumatlar məhkəməyə təqdim edilib, bir daha qeyd edilir ki, vaxtilə Geofizika və Geologiya İdarəsində işlədiyi faktı mübahisə predmeti deyil. Cavabdeh tərəfindən bildirilib ki, AR NK-nın 21 dekabr 2017-ci il tarixli 584 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahı”sında Geofizika və Geologiya İdarəsinin adının olmaması səbəbindən iddiaçının həmin qurumda iş stajı elmi müəssisədə iş stajı hesab edilə bilməz. Bununla bağlı iddiaçı etiraz edərək bildirir ki, adı çəkilən Qərar ilə "Baza maliyyələşdirilməsinin subyektləri olan" elmi müəssisə və təşkilatların siyahısı müəyyən edilib, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün elmi müəssisə və təşkilatların siyahısı deyil. Siyahıya diqqət etdikdə görünür ki, həmin siyahıda Mərkəzi İcra Hakimiyyəti orqanlarının nəzdində, tabeliyində fəaliyyət göstərən elmi müəssisə və təşkilatlar sadalanır. Mülkiyyət formasından asılı olmayaraq bütün elmi müəssisə və təşkilatlar deyil. Məhkəməyə təqdim etdiyi Geofizika və Geologiya İdarəsinin Nizamnaməsindən görünür ki, İdarənin əsas fəaliyyət istiqamətlərindən biri məhz elmi fəaliyyətdir, təcrübi-konstruktor, layihəkonstruktor, təcrübi-istehsal, layihə-texnoloji fəaliyyətdir, Nizamnamədə sadalanır və İdarə bu fəaliyyəti həyata keçirməkdən ötrü Elm haqqında Qanunun verdiyi səlahiyyətlər əsasında elmi fəaliyyətlə məşğul olur. X2 hansı mülkiyyət formasına malik olan elmi müəssisə və təşkilatlar göstərilmir, görünən odur ki, elmi müəssisə və təşkilatların mülkiyyət formasından asılı olmayaraq bütün elmi müəssisə və təşkilatlarda çalışan əsas iş yeri üzrə 25 il staja malik olan fiziki şəxslər nəzərdə tutulmuşdur. Elm haqqında Qanunun tələblərinə əsasən: maddə 10.1. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və xüsusi, təşkilati-hüquqi formasına görə isə publik, kommersiya və qeyri-kommersiya elmi müəssisə və təşkilatları fəaliyyət göstərir. Maddə 10.2. Dövlət mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün elmi müəssisə və təşkilatların inkişafına dəstək verir. Dövlət Neft Şirkətinin hüquqi statusu onun haqqında olan Nizamnamə ilə müəyyən edilmişdir. Geofizika və Geologiya İdarəsi Dövlət Neft Şirkətinin strukturu na daxil olan müəssisələrdən biridir, hüquqi şəxsdir, Nizamnaməsi mövcuddur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti kommersiya fəaliyyətini həyata keçirir. Şirkət hüquqi şəxsdir, müstəqil balansa (Şirkətin balansı), banklarda, o cümlədən xarici banklarda, hesablaşma və digər hesablara malikdir. Şirkət illik maliyyə hesabatları ilə yanaşı, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün elmi müəssisə və təşkilatların təsdiqlənmiş və qeydiyyat proseduru çərçivəsində müəyyən edilmiş siyahısı mövcud deyil. Əgər belə bir siyahı varsa, Cavabdeh onu məhkəməyə təqdim etsin, həqiqət müəyyən edilsin. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hər hansı qurumun elmi müəssisə və təşkilatlar kimi tanınması üçün hər hansı qeydiyyat proseduru müəyyənləşdirilməyib. Elm haqqında Qanunla elmi müəssisə anlayışı müəyyən edilib. Elmi müəssisə və təşkilatların bütün xüsusiyyətləri Elm haqqında Qanunla müəyyən edilib. Elm haqqında Qanunla elmi müəssisə və təşkilatların ümumi fəaliyyətinin qiymətləndirilməsi məqsədilə onların Akkreditasiyası (maddə 24) həyata keçirilir. Akkreditasiya prosesi elmi müəssisə və təşkilatların qeydiyyatı proseduru deyil, elmi fəaliyyətin təşkili və idarə edilməsinin, elmi müəssisələrin (təşkilatların) maddi-texniki bazasının və infrastrukturunun, elmi proqramların, elmi tədqiqatların nəticələrinin və səmərəliliyinin, kadr potensialının, maliyyə resurslarının normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə aparılır. Göründüyü kimi Akkreditasiya elmi müəssisə və təşkilatların fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə aparılır. Akkreditasiya nəticəsində hər hansı qurumun elmi müəssisə və təşkilat kimi qeydə alınması təsdiq edilmir. Xüsusilə qeyd edim ki, X2 Akkreditasiya prosesindən keçmiş elmi müəssisə təşkilatlar yazılmayıb. Akkreditasiyadan keçən elmi müəssisələrə (təşkilatlara) akkreditasiya haqqında şəhadətnamə verilir. Akkreditasiyadan keçə bilməyən elmi müəssisə (təşkilat) 3 (üç) il müddətinə təkrar akkreditasiyadan keçmək hüququna malikdir. Akkreditasiyadan keçməmək haqqında qərar yalnız məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. Bir daha xüsusi olaraq qeyd edilir ki, X2 Akkreditasiyadan keçmiş elmi müəssisə təşkilatlarda əsas iş yeri üzrə 25 il staja malik olmaq tələbi müəyyən edilməyib. Elmi müəssisə təşkilatların akkreditasiyadan keçməsi zərurəti müəyyən edilməyib. Elmi müəssisə və təşkilatların akkreditasiyadan keçməsi Qaydası onların qeydə alınması prosedurunu müəyyən etmir, hər hansı qurumun elmi müəssisə və təşkilat kimi qeydiyyatdan keçməsini müəyyən etmir, ümumi fəaliyyətinin qiymətləndirilməsinin həyata keçirilməsini təmin edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddianın mümkünlük məsələsinin müzakirəsini zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı olduğu kimi müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, hazırda işlədiyinə görə indiki halda ona Prezident təqaüdünün təyin edilməsini tələb etmir. Hazırkı tələbi üzrə hüquqi marağı gələcəkdə, işləmədiyi zaman problemsiz şəkildə Prezident təqaüdü təyin edilməsinə nail olmaqdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh inzibati orqan əmək stajını təsdiq edən orqan deyil. İddiaçının müraciətinə cavab məktubu isə təqaüdün təyin olunması ilə bağlı verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qeyri-mümkün hesab edilməlidir. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (5.1, 5.2, 6.1 və 6.2-ci bəndlər). İddia ərizəsinin mahiyyətindən və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilir ki,ki, iddiaçının hazırkı tələbi üzrə məqsədi mahiyyət etibarilə gələcəkdə elmi müəssisə və təşkilatlarda işləmiş şəxs kimi Prezident təqaüdünün alınmasından ibarətdir. Baxılan iddia isə bu məqsədin həyata keçirilməsi üçün indidən sübut toplama vasitəsi kimi çıxış edir. Məhkəmə Plenum qərarında vurğulanan halları hazırkı işə tətbiq edərək bu qənaətə gəlir ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün əlverişli iddia növündən istifadə etməmişdir. Belə ki, hazırkı tələbin iddiaçı üçün uğurlu olması belə, onun istədiyi məqsədə çatması ilə nəticələnmir. Halbuki, iddiaçının tələbinin əsasını təşkil edən hallar, yəni elmi stajının olub-olmaması ilə bağlı məsələlər onun hüquqi marağına yönəlmiş təqaüd tələbinə dair icraat çərçivəsində araşdırıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur və o, arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən, o cümlədən əlverişli iddia növündən istifadə etməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, aparılmış araşdırma ilə iddiaçı hüquqi marağına uyğun olmayan əlverişsiz iddia növündən istifadə etdiyindən və iş üzrə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3353/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3353/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver