Məhkəmə qərarları › İş №2-1(112)-3354/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3354/2023

15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3354/2023 15.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabddeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiya hüququnun yarandığı tarixdən yaşa görə güzəştli əmək pensiyasının təyin edilməsi vəzifəsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə müraciət edərək, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı pensiya hüququ yarandığı yəni, 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. 1977-1982-ci illərdə SSRİ Yollar Nazirliyinin Bakı Dəmiryol nəqliyyatı texnikumunda təhsil almışdır. xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətini davam etdirmişdir. Ona məxsus olan əmək kitabçalarında xx.xx.1981-ci ildə əmək fəaliyyətinə başlamışdır və hal-hazırda da işləyir. Onun işlədiyi peşələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilmişdir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, onun güzəştli pensiya almaq hüququ yaranmışdır. Bu səbəblə əmək pensiyasının təyin edilməsi üçün dəfələrlə sənədlərini Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etsə də, cavabdeh ona güzəştli şərtlərlə pensiyası təyin etməkdən hər dəfə imtina etmiş və sonuncu dəfə ona xx.xx.2022-ci il tarixli **********0 nömrəli imtina məktubu göndərmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli arayışında şəxsin həmin müəssisədə müxtəlif illərdə hərəkət heyətinin təmiri üzrə çilingər və vaqon müayinəçisi kimi peşələrdə işlədiyi qeyd edilir. Arayışda yazılanlara əsasən şəxsin bu peşələr üzrə iş stajı 11 il 23 gün təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş “X5” MMC-nin xx.xx.2022-ci il tarixli arayışında qeyd olunur ki, 27 iyul 2018-ci il tarixli **********872500 nömrəli Dövlət Reyestrindən çıxarışa əsasən "xxxx" MMC-nin adı “X5” MMC olaraq dəyişdirilmişdir. Arayışda yazılanlara əsasən İddiaçı güzəştli pensiya üçün stajı 2 il 8 ay 4 gün təşkil edir. İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçının 60 yaşı tamam olmuşdur. İddiaçıya məxsus ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə xx.xx.2022-ci il tarixdə çatmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, və göstəricilərin siyahısı”nın müvafiq bəndinə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnu yaradan vəzifə arasında dəqiq uyğunluq olmalıdır. İş materiallarından da göründüyü kimi, arayışda yazılan Keşlə vaqon deposunda böyük vaqon təmirçisi vəzifəsi ilə müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vaqonların baxıcı-təmirçiləri vəzifəsinə aid etmək mümkün olmamışdır. Eyni zamanda qatar tərtibatı üzrə yardımçı fəhlə vəzifəsi sözügüdən siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) nəzərdə tutulmamışdır. Bundan ziyadə, qeyd edilən iki vəzifə arasında dəqiq uyğunluq mövcud deyildir. Çünki qeyd edilən siyahıda istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verən istehsalat, peşə, vəzifə və göstərici arasında dəqiq uyğunluq təşkil edilməlidir, yəni bunlar arasında müvafiq oxşarlığın olması hüququn yarandığı anlamına gəlmir. Bu səbəbdən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (3 il 10 ay 22 gün (xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı müvafiq dövrlərdə çalışdığı vəzifə siyahı ilə müəyyən edilmiş vəzifəylə uyğunluq təşkil etməmişdir. Bu səbəbdən də cavabdeh orqan tərəfindən verilmiş imtina qanunidir. Yuxarıda qeyd edilənləri, İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, 2-1(112)- 13722/2022 nömrəli inzibati iş üzrə İddiaçı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi"nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından iştirak edən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. xx.xx.1962-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1962-ci ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.1982-ci il tarixdə verilmiş ДТ-İ seriyalı, 772290 №-li diplomun surətindən müəyyən olunur ki, İddiaçı 1979-cu ildə SSRİ Yollar Nazirliyinin Bakı Dəmiryol nəqliyyatı texnikumuna daxil olmuş və 1982-ci ildə həmin texnikumunun Dəmir yollarının istismarı ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İxtisas Komissiyasının 1982-ci il 29 aprel tarixli qərarı ilə ona Dəmir yollarının istismarının texniki ixtisası verilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, NUA-A/2 №-li arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı SSRİ Yollar Nazirliyinin Bakı Dəmiryol nəqliyyatı texnikumunun xx.xx.1979-xx.xx.1982-ci illərdə “Dəmir yollarının istismarı ’’ fakültəsini əyani şöbəsini bitirmişdir. Qeyd: 1981-1983-cü illər üçün şəxsi işlər və əmr kitabları arxivə təhvil verilməyib. Siyahıya əsasən təhsilini əyani bitirməsi haqqında 683 sıra nömrəsi ilə qeyd olunmuşdur. НЭ seriyalı ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək SSR ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Dəmir Yolları Bakı şəhərin stansiyası tərəfindən İddiaçı adına 03 dekabr 1985-ci ildə tarixdə açılmış ИT-İ ******* №-li əmək kitabçasının notarial qaydada tərcümə təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1981-ci ildə Yolayırma postunun növbətçisi təcrübəçi qəbul edilmiş (Əmr № 246 a, xx.xx.1981-ci il); xx.xx.1981-ci ildə Yolayırma postunun növbətçisi işinə keçirilmişdir (Əmr № 246, xx.xx.1981-ci il); xx.xx.1982-ci ildə öz arzusu ilə işdən azad edilmişdir (Əmr № 74, xx.xx.1982); xx.xx.1984-cü ildə Azərbaycan Dəmir Yolları Bakı şöbəsinin Pirşağı stansiyasının növbətçisi təcrübəçisi qəbul edilmiş (Əmr № 847/NODK, xx.xx.1984-cü il); xx.xx.1984-cü ildə Pirşağı stansiyasının növbətçisi işinə keçirilmişdir (Əmr № 1009/NODK, xx.xx.1984-cü il); xx.xx.2019-cu ildə AR ƏM-nin 68-ci maddəsi 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləso ləğv edilmişdir. (Əmr № 500, xx.xx.2019-cu il). xx.xx.2019-cu ildə Pirşağı stansiyasına stansiya növbətçisi peşəsinə qbul edilmişdir (Əmr № 102, xx.xx.2019-cu il), hal-hazırda orada işləyir. İddiaçının adına xx.xx.1981-ci ildə tarixdə açılmış ИT-İ ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1984cü il tarixli “Avtomobilçi” istirahət bazasında bağban vəzifəsinə təyin olunmuşdur (Əmr № 87, xx.xx.1984-cü il), xx.xx.1998-ci ildə tutduğu vəzifədən azad edilmişdir. (Əmr № 35, xx.xx.1998-ci il); xx.xx.2006-cı il Konteyerlərin təmiri üzrə Keşlə vaqon deposu Dübəndi texniki xidmət məntəqəsinə 3-cü dərəcəli hərəkət heyətinin təmiri çilingər vəzifəsinə işə qəbul olmuşdur (Əmr № 174, xx.xx.2006-ci il); xx.xx.2007-ci ildə 4-cü dərəcəli vaqon müayinəsinin təmirçisi vəzifəsinə keçirilmişdir (Əmr № 05, xx.xx.2010-cu il); xx.xx.2010-cu ildə 6-cı dərəcəli böyük vaqon müayinəçisi təmirçisi peşəsinə Dübəndi TMM-nin Pirşağı Nəzarət məntəqəsinə keçirilmişdir (Əmr № 240, xx.xx.2010-cu il); xx.xx.2017-ci ildə AR ƏM 69.1-ci maddəsinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir (Əmr № 116, xx.xx.2017-cu il); "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı adına 05 iyun 2009-cu ildə tarixdə açılmış ******* №-li əmək kitabçasının notarial qaydada tərcümə təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.2009-cu ildə "xxxx" ASC-nin Pirşağı beton zavodunda qatar tərtibatçısı vəzifəsinə qəbul edilmiş (Əmr № 1130, xx.xx.2009-cu il); xx.xx.2010-cu ildə AR Əmək Məcəlləsinin 75.2-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur (Əmr № 1066, xx.xx.2010-cu il); xx.xx.2010-cu ildə “X3” MMC-ə qatar tərtibatçısı vəzifəsinə qəbul edilmişdir (Əmr № 01, xx.xx.2010-cu il); xx.xx.2012-ci ildə Pirşağı Beton zavodunun qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir (Əmr № 01, xx.xx.2012); xx.xx.2014cü ildə AR ƏM-nin 68.2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. (Əmr № 1414, xx.xx.2014); xx.xx.2014-cü ildə "xxxx" MMC-nin daxili daşımalar bölməsi Pirşağı yükləmə məntəqəsinə yardımçı fəhlə (qatar tərtibatçısı) vəzifəsinə işə qəbul edilmişdir (Əmr № 02, xx.xx.2014); xx.xx.2016-cu ildə AR ƏM-nin 68.2-ci “a” bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir (Əmr № 335, xx.xx.2016-cu il); xx.xx.2016cu ildə "xxxx"-nin Beton departamenti logistika şöbəsinə Qatar tərtibatı üzrə yardımçı fəhlə (əvəzçilik üzrə) vəzifəsinə işə qəbul edilmişdir (Əmr № 225k, xx.xx.2016-cu il); xx.xx.2017ci ildə həmin vəzifə ilə logistika şöbəsi Dəmiryolu daşımaları bölməsinə keçirilmişdir (Əmr № 42k, xx.xx.2017-cü il); xx.xx.2018-ci ildə "xxxx" MMC-nin adı xx.xx.2018-ci il tarixli **********87250 №-li Dövlət Reyestrindən çıxarışa əsasən “X5” MMC olaraq dəyişdidirilmişdir; xx.xx.2019-cu ildə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir (Əmr 189k, xx.xx.2019). "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 102444 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı "xxxx" QSC-nin Keşlə vaqon deposunda xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, xx.xx.2007-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək vaqon müayinəçisi təmirçisi peşələrində çalışmışdır. Bu peşələr üzrə İddiaçı iş stajı 11 il 23 gün təşkil edir. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SiyahısTnda nəzərdə tutulmuşdur (21.4-cü bənd) "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 03A-22 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən xx.xx.2009-cu il tarixdə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Pirşağı beton zavodunda ИЗО saylı əmrə əsasən qatar tərtibatçısı vəzifəsinə qəbul edilmiş və xx.xx.2014-cü il tarixdə 1414 saylı əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2014-cü il tarixdə 02 saylı əmrə əsasən isə "xxxx" MMC-nin Daxili daşımalar böməsi Pirşağı Yükləmə məntəqəsinə yardımçı fəhlə (qatar tərtibatı üzrə) vəzifəsinə qəbul edilmişdir və xx.xx.2016-cı il tarixdə 335 saylı əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının 29- cu bəndinin “b” yarımbəndinə görə güzəştli əmək pensiyasına çıxacağına əsas verir. Güzəştli pensiya üçün staj: 7 il 3 ay 27 gün təşkil edir. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 175346 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı "xxxx" QSC-nin Keşlə vaqon deposunda xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək “hərəkət heyətinin təmiri üzrə çilingər”, xx.xx.2007-ci il tarixindən xx.xx.2017-ci il tarixədək “vaqon müayinəçisi” peşələrində çalışmışdır. Bu peşə üzrə tam iş saatı ilə zərərli işlə məşğul olmuş, zərərli işə görə vəzifə maaşına əlavə ödənilmişdir. Bu peşələr üzrə İddiaçı iş stajı 11 il 23 gün təşkil edir. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007- ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində nəzərdə tutulmuşdur. Qeyd: “Vaqon müayinəçisi” və ya “vaqon baxıcısı-təmirçisi” eyni vəzifədir, 2000-ci ildən etibarən rus dilindən tərcümədə bəzi struktur vahidlərinin ştat cədvəllərində “vaqon müayinəçisi”, bəzi struktur vahidlərində də “vaqon baxıcısı-təmirçisi” kimi tərcümə edilib. “X5”nun xx.xx.2022-ci il tarixli, S/37 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı 03 oktyabr 2016-cı il tarixdə "xxxx" MMC-nin Beton Departamentinin Logistika şöbəsinə 225 К saylı əmrə əsasən "Qatar tərtibatı üzrə yardımçı fəhlə (əvəzçilik üzrə)" vəzifəsinə işə qəbul edilmişdir. 27 iyul 2018-cı il tarixli İ Kül **********00 nömrəli Dövlət Reyestrindən çıxarışa əsasən "xxxx" MMC-nin adı "X5” MMC olaraq dəyişdirilmişdir. İddiaçı 07 iyun 2019-cu il tarixli, 189 k saylı əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. "Güzəştli şərtlərlə уaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinin "a" yarınıbəndinə görə güzəştli əmək pensiyasına çıxacağına əsas verir. Güzəştli pensiya üçün staj 2 il 8 ay 4 gün təşkil edir. Məhkəmənin müvafiq sorğusuna əsasən, "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 255869 №-li cavab məktubunda qeyd olunmuşdur ki, sorğu edilən İddiaçı "xxxx" QSC-nin Keşlə vaqon deposunda xx.xx.2010-cu ii tarixindən xx.xx.2017-ci il tarixinədək çalışdığı “böyük vaqon baxıcısı-təmirçisi” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 10-cu abzasında əks olunmuş “vaqonların baxıcı-təmirçiləri” peşələri ilə uyğunluq təşkil edir. Həmçinin, sözügedən peşə üzrə işlərin xüsusiyyətləri “Texnoloji iş prosesinin” tələblərinə uyğun olaraq qatarlara texniki xidmətin keçirilməsindən, qatarların zəmanət məsafəsində təhlükəsiz hərəkətinin təmin edilməsindən, qatarlara texniki baxış zamanı aşkar olunmuş nasaz vaqonların keyfiyyətli təmir olunmasından, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarına riayət olunmasına nəzarət edilməsindən, habelə iş prosesində istifadə olunan alətlərin və ölçü vasitələrinin saz vəziyyətdə olmasının yoxlanılmasından ibarətdir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş: - 05 may 2022-ci il tarixli **********6 №li imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə zəsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol okomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) vaqonların baxıcı-təmirçiləri nəzərdə tutulmuşdur. xx.xx.2007xx.xx.2017-ci il tarixləri arasındakı İ dövr ərzində "xxxx" QSC-nin Keşlə vaqon deposunda vaqon müayinəçisi təmirçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vaqon müayinəçisi təmirçisi vəzifəsi yuxarıda qeyd olunan vaqonların baxıcı-təmirçiləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (3 il 10 ay 22 gün (xx.xx.2006- xx.xx.2010-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alınaraq, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinat qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. - 24 iyun 2022-ci il tarixli **********7 №li imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21), dəmiryol nəqliyyatı bəndində (21.4) vaqonların baxıcı-təmirçiləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə onun xx.xx.2010-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Keşlə vaqon deposunda böyük vaqon baxıcısı təmirçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifəyə uyğun deyil. Eyni zamanda xx.xx.2016- xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyiniz qatar tərtibatı üzrə yardımçı fəhlə vəzifəsi “X5” tərəfindən ona dair verilmiş 20 may 2022-ci il tarixli S/37 nömrəli arayışında istinad edilən sözügedən siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) nəzərdə tutulmamışdır. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (3 il 10 ay 22 gün (xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alınaraq, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. - 29 sentyabr 2022-ci il tarixli **********0 №li imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21), dəmiryol nəqliyyatı bəndində (21.4) vaqonların baxıcı-təmirçiləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə onun xx.xx.2010-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Keşlə vaqon deposunda böyük vaqon baxıcısı təmirçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifəyə uyğun deyil. Eyni zamanda xx.xx.2016-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyiniz qatar tərtibatı üzrə yardımçı fəhlə vəzifəsi “X5” tərəfindən ona dair verilmiş 20 may 2022-ci il tarixli S/37 nömrəli arayışında istinad edilən sözügedən siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) nəzərdə tutulmamışdır. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (3 il 10 ay 22 gün (xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 60 yaşınadək mövcud olmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1962-cı il təvəllüdlüdür. İddiaçının 60 yaşına çatması (xx.xx.2022) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası, hərbi bileti və diplomu ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun müəyyən dövrdə işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı və bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi qeyd edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”) da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında da nəzərdə tutulmuşdur: 21-ci bənd –Nəqliyyat-21.4 Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: vaqonların baxıcıları, vaqonların baxıcı-təmirçiləri, qatar tərtibçiləri. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixədək, qanunla müəyyən olunmuş 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2022-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə görə Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar