Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3354/2025 23.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 İsgəndər qızının sədrliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2009-cu il təvəllüdlü İddiaçı anadangəlmə nitq və eşitmə qüsurludur. xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək sağlamlıq imkanları mədud uşaq hesab edilmiş, əlilliyə görə sosial müavinət də almışdır. İddiaçı xx.xx.2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında müayiənədən keçmişdir. Qiymətləndirmə nəticəsində ona "eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, ikitərəfli koxlear nevrit. Sol tərəfli İİİ-İV dərəcə, sağ tərəfli İV neyrosensor ağır eşitmə və anadangəlmə nitqin pozulması" diaqnozu qoyulmuşdur. Bu diaqnoz əsasında əlillik təyinatından imtina edilmişdir. Əlillik müddətinin bitdiyi tarixdən sonrakı dövrdə İddiaçı əlillik vəziyyəti Bakı Baş Səhiyyə İdarəsinin D00039361AJP ve A00140005NQN nömrəli göndərişləri əsasında xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixlərdə qiymətləndirilmiş və hər iki halda natamam doldurulması səbəbindən göndərişlər tibb müəssisəsinə geri qaytarılmışdır. Müraciət əsasında İddiaçı, xx.xx.2023-cü il tarixdə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası tərəfindən qəbul edilmişdir. Keçirilən qəbulda, aparılmış obyektiv müayinənin nəticəsi, həmçinin A00140005NQN nömrəli göndərişdə qeyd olunmuş diaqnoz (ikitərəfli koxlear nevrit) əlillik təyinatına əsas vermədiyindən əlilliyin müəyyən edilməsi mümkün olmamışdır”. İddiaçının (uşağın) 2022-ci ildə müayinəsi aparılmışdır. Aparılmış medikamentoz yuxuda BERA testi nəticəsində hər iki qulaqda 70 db n HL intensivlikdə V dalğa forması əldə edilmiş və nəticə olaraq ikitərəfli orta ağır (İİİ-İV) dərəcəli sensonevral tip eşitmə azlığı müəyyən edilmişdir. Təkrar olaraq 2024-cü ildə analoji test aparılmış və nəticəsində sağ qulaqda 90 db, sol qulaqda 70 db n HL intensivlikdə V dalğa forması əldə edilmiş və nəticə olaraq sağ tərəfli ağır (İV), sol tərəfli orta ağır (İİİ-İV) dərəcəli sensonevral tip eşitmə azlığı müəyyən edilmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 19 nömrəli Uşaq Poliklinikasının xx.xx.2019-cu il tarixdə verdiyi əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişi (bundan sonra – göndəriş) əsasında xx.xx.2019-cu il tarixdə iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş, ona ilkin olaraq 3 il müddətinə “İki tərəfli xroniki çox ağır İV dərəcəli sesonevral ağır eşitmə, eşitmə protezləşdirilib, nitq qüsursuzdur” diaqnozu üzrə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. İşdə olan Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli göndərişindən görünür ki, iddiaçıya “H90.3- Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, ikitərəfli koxlear nevrit. Sol tərəfli lll-İV dərəcə, sağ tərəfli İV neyrosensor ağır eşitmə və anadangəlmə nitqin pozulması” diaqnozu qoyulmuşdur. Göndərişdə qeyd edilmişdir ki, “xx.xx.2024-cü il tarixdə medikamentoz yuxuda Bera testi aparılmış, sağ qulaq 90 db, sol qulaqda 70 db n HL intensivlikdə V dalğa forması əldə edilmiş, “Sağ tərəfli ağır (İV), sol tərəfli orta ağır (İİİ-İV) dərəcəli sensonevral tip eşitmə azlığı” müəyyən edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı dair dövlət tibb müəssisəsi tərəfindən A00203932AXK nömrəli göndəriş rəsmiləşdirilmiş və şəxsin əlillik hüququnun dəqiqləşdirilməsi məqsədilə yaşadığı ərazi üzrə xidmət göstərən TSEK-ə yaxınlaşması zərurəti yaranmışdır. Bu səbəbdən vətəndaş xx.xx.2024-cü il tarixində 3 nömrəli Tibbi-sosial ekspert komissiyası tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X6-sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı hazırda bu imtinanı mübahisələndirərək, ona əlillik təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:
1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.
2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.
3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İşdən görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixli göndəriş ilə H90.3- Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, ikitərəfli koxlear nevrit, Sol tərəfli lll-İV dərəcə, sağ tərəfli İV neyrosensor ağır eşitmə və anadangəlmə nitqin pozulması diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir və həmin Meyarlar əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Meyarlardan görünür ki, şəxsə əlillik onun sağlamlığının pozulması, yəni qoyulmuş diaqnoz üzrə xəstəliyin onun özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığına təsir etmə imkanı nəzərə alınmaqla qiymətləndirilir. Yəni şəxsdə hər hansı bir xəstəliyin olması ona əlillik təyin edilməsi üçün hələ əsas deyildir. Həmin xəstəlik Meyarlarda göstərilən qiymətləndirmə göstəricilərinə uyğn dəyərləndirilməli, yalnız bundan sonra həmin xəstəliyin əlillik təyin edib etməməsi müəyyən olunmalıdır. Meyarların 9.1.3-cü bəndinə əsasən “eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə” diaqnozu üzrə şəxsin əlilliyinin müəyyən edilməsi üçün əsasdır. İşin materiallarını araşdıran məhkəmə hesab edir ki, göstərilən qiymətləndirmə Meyarının iddiaçıda olması müəyyən edilir. Belə ki, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin T 383/2025 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: H90.3- Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. İkitərəfli koxlear nevrit. Soltərəfli İİİ-İV dərəcə, sağtərəfli İV neyrosensor ağır eşitmə və anadangəlmə nitqin pozulması” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı audiometriyada sağ qulaq-35 DB, sol qulaq-40 DB müəyyən edilmiş və əlillik səviyyəsində olmamışdır. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı Azərbaycan Tibb Universietinin X4 göndərilmiş və xx.xx.2025-ci il tarixində aparılan medikamentoz yuxu altında BERA testi zamanı onda sağ qulaqda 3-4-cü dərəcə, sol qulaqda 3-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunmuşdur. Rəydə qeyd edilmişdir ki, müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. Sağ qulağında eşitmə cihazı var. İddiaçı müayinə üçün mütəxəssisə göndərildi. Azərbaycan Tibb Universietinin X3 xx.xx.2025-ci il tarixində medikamentoz yuxu altında BERA testi aparıldı. 33.1 rate 2000 sweep click şiddətində aparılan BERA testi zamanı sağ qulaqda 70 dBnHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 60 dBnHL intensivlikdə V dalğa əldə edildi. Nəticə: Sağ qulaqda 3-4-cü dərəcə, sol qulaqda 3-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur. Göründüyü kimi, iddiaçının qulağında bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İİİ-İV dərəcə eşitmə zəifliyi aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, ağıreşitmənin ümumdünya təsnifatına əsasən:
1. İ dərəcə - 26-40 db – danışıq məsafəsi – 4-6 m;
2. İİ dərəcə -41-55 db - danışıq məsafəsi – 1-4 m;
3. İİİ dərəcə - 56-70 db - danışıq məsafəsi – 0,25-1 m;
4. İV dərəcə 71-90 db- 0 metr;
5. eşitmənin ikitərəfli tam itirilməsi (karlıq) - > 91 db – 0 m. Hazırda sol qulaqda 60 dBnHL intensivlikdə V dalğa əldə edilməsi, iddiaçının həmin qulağında İİİ dərəcə eşitmə zəifliyinin olduğunu göstərir. Sağ qulaqda isə 70 dBnHL intensivlikdə V dalğa əldə edilmişdir. Məhkəmə qeyd edir ki, 70 db İİİ dərəcə eşitmənin son həddi, İV dərəcə eşitmənin başlanğıcıdır, buna görə də ekspert iddiaçının sağ qulağında İİİ-İV dərəcə eşitmə zəifliyi olduğu qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, 70 db intensivlikdə əldə olunan dalğa funksional olaraq İV dərəcə eşitmə zəifliyinə bərabər tutulmalıdır. Çünki işdən görünür ki, iddiaçıda eşitmə protezləşdirilmiş, yəni sağ qulağa eşitmə cihazı qoyulmuşdur, həmçinin nitqi nisbətən qüsurludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-in 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı əlilliyinin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Qənbərova