Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3355/2025 14.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi vəzifədə olduğu müddətdə yüksək maaşlı Kəşfiyyat İdarəsinin rəisi vəzifəsini icra etdiyi müddət xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin vəzifə maaşına görə əlavə pul təminatının hal-hazırkı məbləğləri nəzərə alınmaqla hesablanaraq birdəfəlik ödənilməsi və həmin vəzifəyə əsasən (sonuncu) icra etdiyi vəzifənin vəzifə maaşı üzrə (yəni kəşfiyyat idarəsinin rəisi vəzifəsinin vəzifə maaşının) pul təminatının eləcə də, 2-ci məharət dərəcəyə görə əlavə daxil edilməklə yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Fililına göndərilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı- ehtiyatda olan polkovnik İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrdə təqvimi 26 il 4 ay müddətdə xidmət etmişdir. X11 X1 Kəşfiyyat İdarəsinin planlaşdırılması şöbəsinin rəisi - idarə rəisinin müavini, X5 birinci müavini-qərargah rəisinin 15 iyul 2021-ci tarixli 187 №-li əmri ilə həmin idarənin rəisi vəzifəsini müvəqqəti icra edərək xx.xx.2021-ci il tarixdə vəzifədən azad olunaraq hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 2021-ci ilin istifadə etmədiyi 45 gün növbəti məzuniyyət verilməklə bütün növ təminatlarından və şəxsi heyətin siyahısından 09 dekabr 2021-ci il tarixdən çıxarılaraq Müdafiə Nazirliyindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Əlavə olaraq qeyd edir ki, Müdafiə Nazirinin müavini - X11 Komandanının 13 avqust 2021-ci il tarixli 096 №-li əmri ilə ona “2-ci məharət dərəcəsi” verilmişdir. Buna baxmayaraq ƏƏSM-nin yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə pensiyanın hesablanması üçün “məlumat vərəqi ” göndərilərkən təminat xərcliyinə 2-ci məharət dərəcəsinə görə əlavə qeyd edilməmişdir. Həmin əlavəni halhazırkı əmək pensiyasında almır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 01520 nömrəli 12 oktyabr 2021-ci il tarixli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “J” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq, X10 X2 (N nömrəli hərbi hissə) Kəşfiyyat İdarəsinin Kəşfiyyatın planlaşdırması şöbəsinin rəisi- idarə rəisinin müavini polkovnik X9 həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əlavə olaraq, iddiaçının sonuncu xidmət etdiyi X10 X2 (N nömrəli hərbi hissə) Kəşfiyyat İdarəsinin, Kəşfiyyatın planlaşdırması idarəsi tərəfindən tərtib edilmiş 050931 nömrəli 01 noyabr 2021-ci il tarixli “Pul attestatına” baxış keçirilən zaman “2”-cı məharət dərəcəsinə görə pul əlavəsinin alması barədə hər hansı bir qeydiyyat tərəfimizdən aşkar edilməmişdir. Bu səbəbdən də Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin Sosial təminat və pensiya şöbəsi tərəfindən MN-16362 nömrəli “Məlumat vərəqi”ndə iddiaçının hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifə üzrə aldığı təminat xərcliyi (pul təminatı) vəzifə maaşı- 1000 manat, rütbə maaşı-159 manat, xidmət illərinə görə faiz əlavəsi 30% -347,70 manat,məxfiçiliyə görə 20 faiz-200 manat, ərzaq payına görə 64 manat cəmi- 1770,70 manat təşkil etmişdir. Bu məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. X11 komandanının xx.xx.2021-ci il 096 saylı əmri ilə İddiaçı “2cı” məharət dərəcəsindən məhrum edilmişdir.Məharət dərəcəsinin uçotu vərəqəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il “2-ci” məharət dərəcəsindən məhrum edilmişdir, (müvafiq pul attestatı və məharət dərəcəsinin uçotu vərəqi əsas götürülməklə), bu zaman inzibati orqan tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin Sosial təminat və pensiya şöbəsi tərəfindən MN-16362 nömrəli “Məlumat vərəqi”ndə iddiaçının hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifə üzrə aldığı təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, etirazın dəlillərinə uyğun izahat vermiş, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, MN-16362 nömrəli məlumat vərəqindən görünür ki, xx.xx.1977ci il təvəllüdlü İddiaçı hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifə üzrə aldığı təminat xərcliyi (pul təminatı) vəzifə maaşı- 1000 manat, rütbə maaşı-159 manat, xidmət illərinə görə faiz əlavəsi 30%-347,70 manat, məxfiçiliyə görə 20 faiz-200 manat, ərzaq payına görə 64 manat cəmi- 1770,70 manat təşkil etmişdir; N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 3891 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xidmət dövründə verilmiş tapşırığın icrasına səhlənkar yanaşaraq kəşfiyyat müşahidə cihazlarının bölüşdürülməsi və onlara düzgün texniki qulluğun göstərilməsinə nəzarət, tabelikdə olan birləşmə və hissələrin döyüş və ictimai-siyasi hazırlığına rəhbərlik etmədiyinə görə, sabiq Müdafiə Nazirinin müavini- X11 Komandanının 11 avqust 2021-ci il tarixli 094 nömrəli əmri ilə “Vəzifənizə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası ilə cəzalandırılmış və həmin intizam cəzası olduğundan sabiq Müdafiə Nazirinin müavini-X11 Komandanının 13 avqust 2021-ci il tarixli, 096 nömrəli əmri ilə malik olduğu 2-ci məharət dərəcəsindən məhrum olunmuşdur. Uyğunsuzluğun aradan qaldırılması məqsədilə 2-ci məharət dərəcəsindən məhrum edilməyi haqqında sabiq Müdafiə Nazirinin müavini-X11 Komandanının xx.xx.2021-ci il tarixli 096 nömrəli əmrindən çıxarışı şəxsi işinə əlavə edilməsi üçün xx.xx.2024-cü il tarixdə 0891 nömrəli xaricolan məktubla Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə göndərilib; Müdafiə Nazirinin müavini-X11 Komandanının xx.xx.2021-ci il tarixli, 096 nömrəli əmrindən görünür ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.2.7-ci bəndinə əsasən Müdafiə nazirinin müavini - X11 Komandanının 11 avqust 2021-ci il tarixli 094 nömrəli əmri ilə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası verildiyinə görə X8 Kəşfiyyat İdarəsinin Kəşfiyyat planlaşdırılması şöbəsinin rəisi-idarə rəisinin müavini polkovnik İddiaçı malik olduğu 2-ci məharət dərəcəsindən məhrum edilmiş, X8 Maliyyə-Plan şöbəsinin rəisi məharət dərəcəsindən endirilən və məhrum edilən hərbi qulluqçulara malik olduğu məharət dərəcəsinə görə pul mükafatının ödənilməsi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır; İddiaçı aid məharət dərəcəsinin uçotu vərəqindən görünür ki, şəxs xx.xx.2021-ci il tarixdə 2-ci məharət dərəcəsindən məhrum edilmişdir; N nömrəli hərbi hissənin Kəşfiyyat İdarəsinin, Kəşfiyyatın planlaşdırması idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 050931 nömrəli “Pul attestatı”nda İddiaçı 2ci məharət dərəcəsi olması ilə bağlı qeyd yoxdur. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; ... 22.4. hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X4 Xidmətində, Azərbaycan Respublikasının Strateji X6 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir;
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
“Hərbi vəzifə və hərbi xidmət haqqında“ Azərbaycan Respublikasının Qanunu: 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Maddə 28. Həqiqi hərbi xidmətin növləri 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 28.2. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. 28.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. 28.4. Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: İş materiallarından məlum olur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. xx.xx.2022-ci il tarixli, MN-16362 nömrəli məlumat vərəqindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifə üzrə aldığı təminat xərcliyi (pul təminatı) vəzifə maaşı- 1000 manat, rütbə maaşı- 159 manat, xidmət illərinə görə faiz əlavəsi 30%-347,70 manat, məxfiçiliyə görə 20 faiz- 200 manat, ərzaq payına görə 64 manat cəmi- 1770,70 manat təşkil etmişdir. İddiaçı pul təminatı ilə bağlı məlumatların DSMF orqanına tam formada göndərilməməsi əsası ilə yeni məlumat vərəqinin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbindən və iddiaçının izahatından məlum olur ki, iddiaçının narazı olduğu iki məqam vardır: 1. 2-ci məharət dərəcəyə görə əlavənin qeyd edilməməsi; 2. Kəşfiyyat İdarəsinin rəisi vəzifəsini icra etdiyi müddətin həmin vəzifə maaşına görə əlavə pul təminatının nəzərə alınmaması. Qeyd edilənlərlə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə alınan məbləğlərlə bağlıdır ki, iddiaçıya da təminat xərcliyi əsaslı olaraq ehtiyata buraxıldığı gün aldığı məbləğlərə əsasən hesablanmışdır. İddiaçı 2-ci məharət dərəcəsi ilə tərxis olunduğunu qeyd etsə də, iş materialları ilə sübut olunur ki, o, Müdafiə Nazirinin müavini-X11 Komandanının xx.xx.2021-ci il tarixli, 096 nömrəli əmri ilə “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 37.2.7-ci bəndinə əsasən Müdafiə nazirinin müavini - X11 Komandanının 11 avqust 2021-ci il tarixli 094 nömrəli əmri ilə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası verildiyinə görə malik olduğu 2-ci məharət dərəcəsindən məhrum edilmiş, məharət dərəcəsinə görə pul mükafatının ödənilməsi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Qeyd edilənlər məharət dərəcəsinin uçotu vərəqi və N nömrəli hərbi hissənin Kəşfiyyat İdarəsinin, Kəşfiyyatın planlaşdırması idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 050931 nömrəli “Pul attestatı” ilə də təsdiq olunur. Göründüyü kimi, iddiaçının 2-ci məharət dərəcəsindən məhrum edilməsi barədə yuxarıda qeyd olunan əmr qüvvədə olduğundan (iddiaçı tərəfindən mübahisələndirilməmişdir), həmin əmrin qanuniliyi hazırkı inzibati işin baxış predmeti olmadığından, cavabdeh inzibati orqan tərəfindən məlumat vərəqəsinin “2-ci” məharət dərəcəsinə uyğun olaraq tərtib edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur. İddiaçının tələbinin ikinci hissəsi ilə bağlı qeyd olunur ki, hərbi hissə idarə rəisinin müavinin öz rəisinin vəzifələrini müvəqqəti icra edərkən öz maaşını deyil, icra olunan vəzifəyə görə maaş alması ilə bağlı hər hansı norma müəyyən edilməmişdir. Əvəzetmə əsasında əvəz edilən vəzifənin məvacibinin alınması barədə normalar bu hala şamil edilə bilməz, çünki rəis olmadığı müddətdə onun vəzifələrinin müvəqqəti icra edilməsi bilavasitə müavinin vəzifələrindən irəli gəlir. Eyni zamanda, iddiaçı xidmət dövründə müavinin vəzifə maaşını aldığı halda (rəisin vəzifə maaşını aldığına istinad etməmişdir) pensiyasının rəisin vəzifə maaşına uyğun hesablanmasını tələb edir ki, bu da, öz növbəsində, əsaslı tələb deyildir. Bundan əlavə, məhkəmə bir məqama da diqqət çəkir ki, iddia ərizəsinin 2-ci səhifəsində iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 №-li əmri ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə istinad etmişdir. Xüsusilə istinad olunan bəndlərdən biri 5.3.2-ci bənddir ki, orada qeyd olunmuşdur: komandirlərin və rəislərin bütün adlardan olan müavinləri və köməkçiləri,eyni zamanda qərargah rəisləri vəzifə borclarından asılı olmayaraq bilavasitə öz komandirlərinin və rəislərinin vakant olmayan vəzifələrini icra edərkən, müvəqqəti icra edilən vəzifələrə görə deyil, əsas vəzifələrinə görə maaşlar ödənilir. İddiaçının öz ərizəsində istinad etdiyi normanın mənasına görə iddiaçı rəisin vəzifələrini müvəqqəti icra etdiyi vaxt icra etdiyi vəzifəyə görə deyil, əsas vəzifəsinə görə maaş almalı idi. Beləliklə, bu halla bağlı da cavabdeh tərəfindən hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Odur ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov