Məhkəmə qərarları › İş №2-1(112)-3356/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3356/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3356/2025 04.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 04 mart 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 236,72 manat dövlət vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 20 iyul 2020-ci il tarixində ölmüş, lakin bu barədə Mərkəzi Filiala vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına iyul (12 gün) və avqust ayları üzrə əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Nəticədə mərhum Şirin Şamilova məxsus kart hesabına köçürülmüş artıq pul vəsaiti 1160,61 manat təşkil etmişdir. Əlavə olaraq, Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. Tərəflərindən ünvan 1 ünvanında yaşayan Cavabdeh yaranmış 1160,61 manat borcun Mərkəzi Filialın hesabına ödəməyi barədə cavabdehə xx.xx.2021-ci il tarixdə **********0 nömrəli məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmçinin, Şirin Şamilovun ölməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq ölkə üzrə minimum əmək pensiyasının (200 manat) üç misli məbləğində 600 manat dəfn müavinəti hesablanmışdır. X5 müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 1160,61 manat vəsaitdən dəfn müavinəti çıxılmış, qalan 560,61 manat məbləğində pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması bildirilmişdir. Həmin Qanunun 37.8-ci maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısı vəfat etdiyi aydan sonrakı ayın 1-dən dayandırılır. Belə ki, Şirin Şamilovun ölməsi ilə əlaqədar Cəmilə Şamilovnaya 236,72 manat pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarılması bildirilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, qanunvericiliyə əsasən artıq ödənilmiş pensiya məbləği son üç il üçün tutulur. Artıq ödənilmiş məbləğ 2020-ci ilin iyul və avqust ayları üçün ödənilmişdir. İddia ərizəsi isə 2024-cü ildə məhkəməyə verildiyindən iddia əsassızdır və təmin edilməməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, AZ-İ seriyalı 186059 №-li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydlləri kitabında 2020-ci ilin iyul ayının 21-i tarixdə 003/20 nömrə ilə qeyd edilmişdir; Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, ərinin xx.xx.2020-ci il tarixdə öldüyünü bildirərək dəfn xərcinin ödənilməsini xahiş etmişdir; DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə X2 Cəmilə Qədirovnaya ünvanladığı xx.xx.2021ci il tarixli, **********0 saylı məktubdan görünür ki, iddiaçı cavabdehdən artıq ödənilmiş 560,61 manat məbləğində pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: … 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; … 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə əmək pensiyası dayandırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Bu səbəbdən də iddiaçı pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsası artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasının qanuni hesab edilib-edilməməsi ilə bağlıdır. Belə ki, artıq ödəmənin mövcud olub-olmaması, ödəmənin qanuni olubolmamasının araşdırılmasının hazırkı iddia çərçivəsində zəruri deyildir. Çünki ilk növbədə iddia tələbinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin şərtlərini ödəyib-ödəmədiyi araşdırılmalıdır. Həmin maddəyə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. İş materiallarından məlum olur ki, iddiaçının artıq ödənildiyini iddia etdiyi məbləğ 2020-ci ilin iyul və avqust aylarına aiddir. Cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin avqust ayında ərinin ölməsi barədə məlumat verilmişdir. Hətta iddiaçı tərəfindən 2021-ci ilin may ayında cavabdehə artıq ödənilmiş məbləğin qaytarılması ilə müraciət edilmişdir. Yəni iddiaçı məbləğin qaytarılması ilə bağlı cavabdehə aylar sonra müraciət etmiş, razılıq almadığı halda məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddiaçı bununla bağlı məhkəməyə heç bir üzrlü səbəb də təqdim etməmişdir. Qeyd edilənlərdən məlum olur ki, qanunvericilik artıq ödənilmiş məbləği son üç il üçün tutulmasına yol verir, lakin iddianın verildiyi 2024-cü ildən 3 il geri, yəni 2021-ci ildən bəri heç bir artıq ödəmə məbləği müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının iddiasının hüquqi əsası yoxdur və bu səbəbdən hazırkı iddia tələbi təmin oluna bilməz. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar