Məhkəmə qərarları › İş №2-1(112)-3357/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3357/2025

17.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3357/2025 17.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh X1 iştirakı ilə, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh X2 qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi ““22.251,85 manat məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 25 aprel 2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Mərkəzi Filiala vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 01 may 2020-ci il tarixindən 30 sentyabr 2021-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Nəticədə mərhum Akif Qorçubəyliyə məxsus kart hesabına köçürülmüş artıq pul vəsaiti 27572,46 manat təşkil etmişdir. ünvan 1 ünvanında yaşayan Cavabdeh yaranmış 27572,85 manat borcun Mərkəzi Filialın hesabına ödəməyi barədə cavabdehə xx.xx.2022-ci il tarixində **********9 nömrəli məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmçinin bildirilirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.1-ci maddəsinin 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısının vəfat etdiyi gündən dayanır. Sözügedən Qanunun 39.4-cü maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası üzrə borc ödənilib qurtarmamış əmək pensiyasının ödənişi dayandırılırsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Həmin Qanunun 37.8-ci maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısı vəfat etdiyi aydan sonrakı ayın 1- dən dayandırılır. Belə ki, Akif Qorçubəylinin vəfat etməsi ilə əlaqədar Cavabdeh 27251,85 manat pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarılması bildirilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı Etiraza əsasən, cavabdehin həyat yoldaşı vəfat etdikdən sonra ölüm kağızı vaxtında aidiyyəti üzrə müvafiq orqanlara verilərək məlumatlandırılmışdır. Ölüm kağızı veriləndə ona bildirilmişdir ki, ailə başçısını itirməyə görə pensiya təyin olunacaq və bununla bağlı ona müvafiq məlumat veriləcəkdir. Bir müddət keçdikdən sonra xəbər olmadığından o, düşündü ki, həmin pensiya məbləği yoldaşının kartına köçürülə bilər. Həmin pensiya məbləğinin ora köçürülməsini müəyyən etdikdən sonra onu ailə başçısını itirməyə görə təyin olunan pensiya hesab edərək mütəmadi olaraq hər ay pensiya məbləğini götürmuşdur. Aradan uzun müddət keçməsinə baxmayaraq, iddiaçı təşkilat tərəfindən mənə bununla bağlı heç bir pretenziya bildirilməmiş və bu məbləğin ödənilməsi tələb olunmamışdır. İddia ərizəsindən də görünür ki, artıq ödənilmiş pensiya məbləği xx.xx.2020-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək ödənilmişdir. Müəyyən olunur ki, iddiaçı təşkilat artıq xx.xx.2021-ci il tarixdə artıq ödənilmiş pensiya məbləğindən xəbərdar olmuşdur. Buna baxmayaraq üzərindən 3 ildən çox müddət keçdikdən sonra belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçının iddia ərizəsi cavabdehin əsassız varlanması ilə əlaqələndirilmişdir. Bir daha qeyd olunur ki, əsassız varlanma cavabdehin qəsdən edilmiş hərəkətləri ilə əlaqəli olmamış, bir başa olaraq iddiaçı təşkilatın məsuliyyətsizliyindən və onun pensiya qanunvericiliyindən xəbərsiz olmağı ilə əlaqədar olmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarı ilə X3 yaşa görə əmək pensiyası təyin edilmişdir. Artıq ödənilmiş pul vəsaiti haqqında cavabdehə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinin 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısının vəfat etdiyi gündən dayanır. X5 25 aprel 2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 2020-ci ilin aprel (vəfat etdiyi gündən ayın sonuncu gününədək) ayından etibarən 30 sentyabr 2021-ci il tarixədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Bu səbəbdən də mərhum Akif Qorçubəyliyevə 27572,46 manat artıq pul vəsaiti ödənilmişdir. X6 müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 27572,46 manat məbləğində pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunması barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1.Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; ... İş materialları ilə müəyyən olunur ki, iddiaçının qərarı ilə cavabdehin ərinə əmək pensiyası təyin edilmiş və cavabdehin əri pensiyanı hər ay mütəmadi olaraq almış, 25 aprel 2020-ci il tarixdə cavabdehin əri vəfat etmiş, iddiaçı bu barədə məlumatlı olmamış, lakin nəticədə xx.xx.2020-xx.xx.2021-ci il tarixlər arasında pensiya məbləğı cavabdehin mərhum ərinin bank kartına tam məbləğdə köçürülmüşdür. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsi əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarını tənzimləyir. Həmin maddənin tələbinə görə təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısı vəfat etdikdə sonrakı ayın 1dən dayandırılır. Məhkəmə diqqətə çatdırır ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -“qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, hazırkı iş üzrə “etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd olunanlarda nəzərə alınmalıdır. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6 və 67.6.3-cü maddələrinin müddəalarına əsasən, əgər maraqlı şəxs inzibati aktın qanunsuz xarakter daşıdığını bilmiş və ya onu kobud ehtiyatsızlıq nəticəsində bilməmişdirsə, bu halda həmin şəxs etimadın qorunması prinsipinə əsaslanmaq hüququndan məhrum edilir. Eyni zamanda, məhkəmələr bu prinsiplərə istinadın əsaslı olub-olmadığını müəyyənləşdirmək, etimad hüququnu istisna edən halların mövcudluğunu hərtərəfli və obyektiv şəkildə araşdırmaq səlahiyyətinə malikdirlər. Bu kontekstdə cavabdehin öz ərinin vəfatından sonra əmək pensiyası ödənişlərinin davam etməsinin hüquqi əsasa malik olmadığını bilməsi və ya heç olmasa bilməli olması ehtimalı tam şəkildə istisna edilə bilməz. Belə ki, ödənişlər bilavasitə cavabdehin mərhum ərinin adına yönəldilmişdir və bu halda cavabdehin müvafiq faktlardan xəbərsiz olması hüquqi baxımdan əsaslı görünmür. Qanunvericiliyin tələbinə görə isə əmək pensiyaçısının vəfat etdiyi tarixdən etibarən ona təyin olunmuş əmək pensiyasının ödənişi dayandırılmalıdır. Lakin cavabdeh ərinin vəfatı barədə müvafiq orqanı məlumatlandırmaq əvəzinə, pensiya ödənişlərinin həyata keçirilməsinə şərait yaratmış və həmin vəsaitlərin istifadəsini davam etdirmişdir. Nəticə etibarilə, mövcud hallarda cavabdehin etimad hüququna istinad etməsi inzibati hüquq normaları çərçivəsində mümkünsüz sayılır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-300/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hazırkı qərar məhz adıçəkilən qərarda nəzərdə tutulmuş mövqe də əsas götürülməklə qəbul edilir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə ödənilmiş 22.251,85 manat (artıq ödənilən 27.251,85 manat məbləğdən ödənilmiş 5000 manat çıxıldıqdan sonraki məbləğ) artıq vəsaitinin geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsində qeyd edilmişdir ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 7.5-ci bəndinə görə əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği artıq ödəmənin aşkar olunduğu tarixdən əmək pensiyaçısından son üç il üçün hesablanaraq tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği Qanunun 39-cu maddəsinə əsasən pensiyaçının yazılı razılığına əsasən, yaxud məhkəmə qaydasında tutulur. İşin faktiki hallarından da göründüyü kimi iddia 07 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş, cavabdehə xəbərdarlıq məktubu 18 iyul 2022-ci il tarixdə olmuşdur. Ödənilən məbləğ isə 25 aprel 2020-ci il tarixdən, yəni vəfat etmə tarixindən, ödənişlərin edildiyi 30 sentyabr 2021-ci il tarixədəkdir. Məhkəmə, bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, yuxarıda normativ tələblərlə müəyyən edilmiş 3 illik müddət, iddianın verilməsi ilə əlaqədar yox, ödənilən pulun 3 illiyi ilə əlaqədardır. Nəzərə alınmalıdır ki, Qaydada göstərilən artıq ödəmənin aşkar olunduğu tarixdən son üç il üçün hesablanaraq tutulma, eləcə də Qanunda göstərilən son 3 il üçün tutulma müəyyən müddət üçün ödənilmiş ödənişlərin geri tələb olunması hədd kimi qoyulmuş, əmək pensiyaçının vəziyyətinin ağırlaşdırılmaması məqsədi güdmüşdür. Misal üçün şəxsə 10 il artıq əmək pensiyası məbləği ödənilmişdirsə, bu zaman tutulma zamanı yalnız aşkar edilmə tarixindən son 3 il üzrə tələb edilə bilər. Qalan illər üzrə ödənişin edilməsi isə tələb edilə bilməz. Lakin, həmin norma indiki vəziyyətdə olduğu kimi son ödənişin 30 sentyabr 2021-ci il tarixədək olmasına baxmayaraq iddianın 3 il sonra verilməsi halına aid olmamışdır ki, göstərilən normativ müddəanın tələbinə uyğun olaraq da iddia tələbinin təminini istisna edən hər hansı hal mövcud olmamışdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin olunsun. 22.251,85 manat məbləğin iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ödənilməsi öhdəliyi Cavabdeh X1 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar