Məhkəmə qərarları › İş №2-1(112)-3358/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3358/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3358/2022 15.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X37 qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iştirakları ilə, iddiаçı İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və iki övladının – İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsi, ev 5 ünvanına qeydiyyata alınması vəzifəzinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 2000-ci ilin avqust ayından yaşayır. Həmin evə mərhum əri X23 ilə 05.08.2000-ci il tarixində nikah bağladıqdan sonra köçmüşdür. Bu nikahdan onların iki qızı - xx.xx.2002-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı3 doğulmuşdur. Əri 20.04.2021-ci il tarixdə ölmüşdür. O və iki övladı bu günə qədər də sözügedən evdə yaşamaqdadırlar. Həmin fərdi yaşayış evinə dair 1972-ci ildə tərtib edilmiş Evlər İdarəsi üzrə Texniki İnventarizasiya kartoçkasında qayınatası X11 ev sahibi kimi göstərilmişdir. Ancaq o və iki övladı hələ də evə qeydiyyata düşməmişlər. Onun və iki övladının həmin ünvana qeydiyyata düşməsi üçün 08.09.2021-ci il tarixdə Bakı şəhər Xətai Rayon Polis İdarəsinin Qeydiyyat məsələləri Bölməsinə ərizə ilə müraciət etmişdir. Lakin 23.09.2021-ci il tarixli 101-**********1 saylı məktubla onun ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı1, İddiaçı2 və İddiaçı3 ayrı-ayrılıqda 01.02.2022-ci il tarixdə “birgə iddiaçı qismində məhkəmə icraatına cəlb edilmə barədə” ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata düşməsi ilə bağlı müraciətlərini nəzərə alaraq, İddiaçı2 və İddiaçı3 İddiaçı1 cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə birgə iddiaçı qismində məhkəmə icraatına cəlb edilmələri barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 07.02.2022-ci il tarixli qərardadı ilə, ərizələr təmin edilmiş, İddiaçı2 və İddiaçı3 birgə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1975-ci ildə doğulmuşdur; AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.2002-ci ildə ünvan 3 ünvanda qeydiyyatdadır; AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.2003-cü ildə doğulmuşdur; VП-ЖГ № 898994 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X24 və X2 arasında 05 avqust 2000-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 612 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir; AZ-İİ № 161016 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 20.04.2021-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 645 nömrə ilə qeyd edilmişdir; Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 23.09.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində qeyd olunan sənədləri təqdim etdikdən sonra iddiaçının göstərilən ünvana qeydiyyata alınması məsələsi öz müsbət həllini tapacaqdır. Qanunvericilikdə nəzərdə tutulan sənədləri təqdim edə bilmədiyi halda məhkəməyə müraciət etmək hüququ var. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 14.12.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 ünvan 4 ünvanında, İddiaçı2 və İddiaçı3 isə ünvan 5 ünvanında qeydiyyatdadırlar; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 15.12.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sorğu edilən xx.xx.1975-ci il təvəllüdlü İddiaçı1 ünvan 6 ünvanında, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2003cü il təvəllüdlü İddiaçı3 ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20.12.2021-ci il tarixli məktubu ilə, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsi, 5 saylı evə dair arxiv qovluğunda saxlanılan sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əsasən, ünvan 1 ünvanında yerləşən ev X30 məxsus olmuş, həmin evi 27 fevral 1980-ci il tarixdə X1; “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”da və “Evlər İdarəsi üzrə Texniki İnventarizasiya kartoçkası”nda X11 ünvan 1 ünvanında yerləşən evin sahibi kimi göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 02.03.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş cədvəldən görünür ki, 30.05.1951-ci il təvəllüdlü İddiaçı3 Muğbil qızı ünvan 8 ünvanda, 19.04.1942-ci il təvəllüdlü X12, 10.02.1978-ci il təvəllüdlü X8, 31.07.1976-cı il təvəllüdlü X3, 18.02.1962-ci il təvəllüdlü X34, 27.01.1978-ci il təvəllüdlü X13 ünvan 9 ünvanda, 21.09.1976-cı il təvəllüdlü X4, 08.09.1978-ci il təvəllüdlü X14, 22.02.1979-cu il təvəllüdlü X9, 04.01.1988-ci il təvəllüdlü X15, 26.11.2012-ci il təvəllüdlü X25, 21.02.2009-cu il təvəllüdlü X16, 23.11.1989-cu il təvəllüdlü X17, 28.05.2006-cı il təvəllüdlü X21, 07.01.1981-ci il təvəllüdlü X10, 29.09.1967-ci il təvəllüdlü X26 ünvan 10 ünvanda, X18, X7 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsi, ev 5 ünvanda, X27 ünvan 11 ünvanda, X35, X36 ünvan 10 və X28 ünvan 1 ünvanda qeydiyyatdır. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınmasını istədiyi Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 adına hüquqmüəyyənedici sənədlər 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar edilmişdir. Həmçinin həmin ünvan üzrə qeydiyyatda olan digər şəxslər (iddiaçıların qohumları) vardır. İddiaçı1 həmin fərdi yaşayış evində yaşamış X24 ilə nikaha daxil olduqdan sonra həmin ünvana köçmüş, hal-hazırda digər iddiaçılar olan övladları ilə orada yaşayır. Buna görə də yaşadıqları ünvana pasport qeydiyyatına alınmasını istəyir. İddiaçı yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də, həmin inzibati orqan tərəfindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi əsas gətirilərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir; inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. İş üzrə müəyyən edilir ki, iddiaçılardan İddiaçı1 polis idarəsinin inzibati binasının ünvanı üzrə, digər iddiaçılar isə yaşamadıqları ünvan üzrə qeydiyyatdadır və iddiaçılar yuxarıda qeyd edilən ünvana qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh əsassız olaraq iddiaçıları həmin ünvana qeydiyyata almaqdan imtina etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçıların yaşadığı tikili vahid ünvan göstəricilərinə də (fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi) malikdir. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar sözügedən fərdi yaşayış evində yaşadığından, evə dair hüquqmüəyyənedici sənədlər və ünvan rekviziti mövcud olduğundan, cavabdeh inzibati orqanın iddiaçıların faktiki yaşadığı və başqa şəxslərin də qeydiyyatda olduğu həmin ünvana qeydiyyata alınma barədə müraciətinin təmin edilməsindən imtina etməsi əsassız, qanunsuz və “bərabərlik” prinsipinə zidd olmaqla, iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı1, İddiaçı3 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsi, ev 5 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhər Xətai Rayon Polis İdarəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı1, İddiaçı3 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsi, ev 5 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhər Xətai Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar