Məhkəmə qərarları › İş №2-1(112)-3358/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3358/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3358/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş 2430,56 manat dövlət vəsaitinin iddiaçının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X6 21 mart 2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Mərkəzi Filiala məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 01 aprel 2020-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Nəticədə mərhum İradə Əkbərovaya məxsus kart hesabına köçürülmüş artıq pul vəsaiti 3030,56 manat təşkil etmişdir. Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. İddiaçı tərəfindən ünvan 1 ünvanında yaşayan Cavabdeh yaranmış 2430,56 manat borcun Mərkəzi Filialın hesabına ödəməyi barədə cavabdehə xx.xx.2022-ci il tarixdə **********8 nömrəli məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmçinin, vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə ölkə üzrə minimum əmək pensiyasının üç misli məbləğində 600 manat dəfn müavinəti hesablanmışdır. X10 müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 3030,56 manat vəsaitdən 600 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 2430,56 manat məbləğində pul vəsaitini qaytarmağı bildirilmişdir. Sözügedən Qanunun 39.4-cü maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası üzrə borc ödənilib qurtarmamış əmək pensiyasının ödənişi dayandırılırsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında həqiqətən anasının pensiya kartına onun vəfatından sonra pensiya məbləğinin köçürüldüyünü, lakin bu barədə iddiaçıya məlumat vermədiyini bildirmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinə əsasən əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçının vəfat etdiyi gündən sonrakı ayın 1-dən dayanır. X6 21 mart 2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 1 aprel 2020-ci il tarixindən 30 sentyabr 2021-ci il tarixədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Bu səbəbdən də mərhum İradə Əkbərovaya məxsus kart hesabına 3030,56 manat artıq pul vəsaiti köçürülmüşdür. İradə Əkbərovanın vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq sizə ölkə üzrə minimum əmək pensiyasının (200,00 manat) üç misli məbləğində 600,00 manat dəfn müavinəti hesablanmışdır. X10 müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 3030,56 manat vəsaitdən 600,00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 2430,56 manat məbləğində pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. AZ-İ seriyalı, 184599 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.1996cı ildə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Cavabdeh nikahı və övladları haqqında məlumat aşkar edilmədi. Həmçinin informasiya sisteminə baxış keçirilərkən valideynləri xx.xx.1940-cı il təvəllüdlü X5 ilə xx.xx.1955-ci il təvəllüdlü X8 olan xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh, xx.xx.1979- cu il təvəllüdlü X3, xx.xx.1980-ci il təvəllüdlü X4, xx.xx.1981 -ci il təvəllüdlü X9 və xx.xx.1989-cu il təvəliüdiü X2 doğumu haqqında məlumat aşkar edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehə artıq ödənilmiş pensiya məbləğinin qaytarılmasını xahiş edir. Tərəflər arasında publik hüquqi münasibətlər olduğundan hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, artıq ödənilmiş pensiya məbləğinin təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulması pensiya qanunvericiliyində birbaşa göstərilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısı vəfat etdiyi aydan sonrakı ayın 1-dən dayandırılır (37.8.1). Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur (38.1). Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur (39.1). Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır (39.4). Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir (42.2). İş materialları ilə müəyyən olunur ki, cavabdehin anası X6 21 mart 2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 1 aprel 2020-ci il tarixindən 30 sentyabr 2021-ci il tarixədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Bu səbəbdən də mərhum İradə Əkbərovaya məxsus kart hesabına 3030,56 manat artıq pul vəsaiti köçürülmüşdür. X10 müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 3030,56 manat vəsaitdən 600 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 2430,56 manat məbləğində pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması cavabdehə təklif olunmuş, lakin o, bunu etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz (67.6.3). Göründüyü kimi, cavabdehin qanuna zidd hərəkətləri nəticəsində ona 1 aprel 2020ci il tarixindən 30 sentyabr 2021-ci il tarixədək artıq dövlət vəsaiti ödənilmiş, iddiaçı həmin vəsaitin geri qaytarılması üçün məhkəməyə müraciət müddətini ötürməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 2430 (iki min dörd yüz otuz) manat 56 (əlli altı) qəpik artıq ödənilmiş dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının hesabına ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar