Məhkəmə qərarları › İş №2-1(112)-336/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-336/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-336/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndələri X4 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət etmişdir. Cavabdeh məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçıya 26 oktyabr 2021-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 18 il 5 ay 19 gün dövlət qulluğu stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq dövlət məvacibinin 1491,86 (Mərkəzi Filiala təqdim etdiyi əmək haqqı barədə arayışda göstərilən ümumilikdə ödənilmiş 23839,64 manatdan xəstəliklə əlaqədar ödənilmiş 465,54 manat çıxıldıqdan sonra alınan qalan pul vəsaitinin (23374,10 manat) 24-ə olan nisbəti) 60,25 faizi-586,79 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dövlət qulluqçusu kimi təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəiyinin cavabdehə həvalə edilməsinə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının dövlət qulluqçusu kimi stajı 18 il 5 ay 19 gün olduğu halda, 18 il 5 ay hesablandığından, beləliklə hesablanmamış 19 günün də hesablanması və təqdim edilmiş arayışda xəstəliklə əlaqədar ödənilmiş 465,54 manat ümumi məbləğdən çıxıldığından 24 aydan sonrakı aylarla əvəz edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, əmək pensiyaçısıdır. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsinə dair inzibati aktda onun əmək stajı və maliyyə arayışı tamlıqla və dəqiqliklə nəzərə alınmayıb. Belə ki, iddiaçı xx.xx.1997-ci il tarixdən (Dövlət Ekologiya və X1 Komitəsi) xx.xx.2021-ci il tarixə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir. Aparılan struktur dəyişiklikləri və müvəqqəti təyinatlarla əlaqədar dövlət qulluğu stajı 18 il 5 ay 19 gün olmuşdur. Lakin cavabdeh iddiaçının dövlət qulluğu stajını 18 il 5 ay götürməklə yanaşı, 24 ayın deyil, 23 ay 24 günün əmək haqqısını hesablamışdır. İddiaçı cavabdehə və yuxarı instansiyalara dəfələrlə müraciət edərək təyin edilən pensiyanın yenidən və düzgün hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarının 9-cu bəndinə əsasən “Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır”. Beləliklə, təyin edilən bu məbləğin üstünə sözügedən pul vəsaiti də əlavə edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, cavabdeh orqan tərəfindən vətəndaşın müraciətlərinə ünvanlanmış eyni məzmunlu - sonuncu 02 iyun 2022-ci il tarixli **********1 nömrəli məktuba müvafiq olaraq İddiaçı 26 oktyabr 2021-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 18 il 5 av 19 gün iddiaçının dövlət qulluğu stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq dövlət məvacibinin - 1491,86 manatın 60,25 faizi- 586.79 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. xx.xx.1997-ci il tarixdən (Dövlət Ekologiya və X1 Komitəsi) xx.xx.2021-ci il tarixə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif vəzifələrdə işlədiyini iddia edir. İddiaçının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.1-ci maddəsinə əsasən pensiya yaşına çatdığı üçün öz ərizəsi ilə dövlət qulluğuna xitam verilmişdir. İddiaçı dövlət qulluğu stajı 18 il 5 ay 19 gün təşkil edir. İddiaçı 26 oktyabr 2021-ci ildə sabiq dövlət qulluqçusu kimi yaşa görə 536.79 manat əmək pensiyası təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 26 oktyabr 2021-ci il tarixindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2- cı maddəsinə əsasən 18 il 5 ay 19 gün dövlət qulluğu stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq dövlət məvacibinin 1491,86 (Mərkəzi Filiala təqdim etdiyi əmək haqqı barədə arayışda göstərilən ümumilikdə ödənilmiş 23.839,64 manatdan xəstəliklə əlaqədar ödənilmiş 465,54 manat çıxıldıqdan sonra qalan pul vəsaitinin (23.374,10 manat) 24-ə olan nisbəti) 60,25 faizi – 586,79 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərək müvafiq kart hesabına köçürülür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia tələbinə etiraz edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdilər. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1956 ci il təvəllüdlü İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il tarixlər üzrə aldığı əmək haqqı 187,30 manat (bir yüz səksən yeddi manat otuz qəpik) təşkil edir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3- 7-17091/2023 nömrəli qərardan görünür ki, iddiaçının pensiya məbləği 740,35 manat, yenidən hesablanmış pensiya məbləği 746,28 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş 23 yanvar 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanının 1-ci bəndinə əsasən X5 departamentinin əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti yaradılmış və xx.xx.2020-ci il tarixindən X5 Departamentinin əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti yaradılmışdır. İddiaçı X2 Xidmətinin məsləhətçi-müfəttiş vəzifəsində işləmiş, xx.xx.2019-xx.xx.2021-ci il üzrə ümumilikdə 23.995,72 manat əmək haqqı almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3-1-85306/2024 nömrəli xidməti məktubdan görünür ki, İddiaçı sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası 26 oktyabr 2021-ci il tarixindən Qanunun 20.11.2-ci maddəsinə əsasən 18 il 5 ay 19 gün (xx.xx.1997xx.xx.2001-ci il, xx.xx.2002-xx.xx.2013-cü il, xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındaki dövrlər) qulluq stajına uyğun olaraq, vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının – 981,73 manatın (xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındaki dövr ərzində əmək haqqı barədə arayışda göstərilən ümumilikdə ödənilmiş 23.839,64 manat əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar ödənilmiş vəsait (465,54) çıxıldıqdan sonra qalan pul vəsaitinin (23.374,1+187 manatın) 24-ə olan nisbəti) 60,25 faizi – 591,49 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Maddi yardımın 1 yanvar 2023-cü il tarixindən pensiyanın tərkibinə daxil edilməsi, eyni zamanda həm qeyd olunan tarixdən, həm də növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilmə ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası 829,87 manat məbləğində müəyyən edilib. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş 23 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, iddiaçı 2019-cu il üzrə 3.640,24 manat, 2020-ci il üzrə 10.918,70 manat, 2021ci il üzrə 10.974,94 manat əmək haqqı almışdır. Sorğuya əlavə olunmuş xəstəlik qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, iddiaçının xx.xx.2020-xx.xx.2020 tarixlər arasında əmək fəaliyyəti qabiliyyəti olmamışdır. İddiaçının hazırda iddia tələbi iki hissədən ibarətdir:

1. iddiaçının dövlət qulluqçusu kimi stajı 18 il 5 ay 19 gün olduğu halda, 18 il 5 ay hesablandığından, 19 günün də stajına daxil edilməsi;

2. xəstəliklə əlaqədar ödənilmiş 465,54 manat ümumi məbləğdən çıxıldığından 24 aydan sonrakı aylarla əvəz edilməklə əmək pensiyasının yenidən hesablanması. Məhkəmə qeyd edir ki, iddiaçının 18 il 5 ay 19 gün dövlət qulluğu stajı olması işin mübahisələndirilməyən halıdır. İddiaçıya əmək pensiyası təyin edilən dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununa əsasən: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. İşdən görünür ki, iddiaçının 18 il 5 ay 19 gün (xx.xx.1997-xx.xx.2001-ci il, xx.xx.2002-xx.xx.2013-cü il, xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındaki dövrlər) qulluq stajına uyğun olaraq, orta aylıq əmək haqqının 60,25 faizi məbləğində əlavə müəyyən edilmişdir – 15 il üzrə 50%+3 il üzrə 9% +5 ay üzrə 1,25% = 60,25%. İddiaçı hazırda 19 günün də bu staja daxil edilməsini xahiş etsə də, yuxarıda istinad edilən qanunvericilikdən görünür ki, orada natamam ayların deyil, yalnız natamam illərin hesablanması nəzərdə tutulmuşdur. Yəni qüvvədə olan qanunvericilik tamamlanmayan ayın günlərinin dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilən zaman nəzərə alınmasını müəyyən etmir. Buna görə də iddiaçının tələbi 19 gün qulluq stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması hissəsində əsasızdır. İddia tələbinin xəstəliklə əlaqədar ödənilmiş 465,54 manat ümumi məbləğdən çıxıldığından 24 aydan sonrakı aylarla əvəz edilməsi barədə ikinci hissəsinə gəldikdə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarının:

1. Bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir.

2. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12ci bəndlərinə müvafiq olaraq hesablanır.

3. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.

4. əmək pensiyası üçün müraciət edən dövlət qulluqçusunun arzusuna əsasən dövlət qulluğuna işə qəbul edildiyi və işdən azad edildiyi natamam aylar, uşağa qulluğa görə qismən ödənişli məzuniyyət dövrü, əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr həmin aylardan çıxılır. Bu halda çıxılmış aylar göstərilmiş 24 və ya 60 aylıq müddətdən əvvəl və ya sonra gələn aylarla əvəz edilir. İşdən görünür ki, iddiaçı xx.xx.2020-xx.xx.2020 tarixlər arasında əmək fəaliyyət qabiliyyətli olmamış, xx.xx.2021-ci il tarixdə işdən azad olunmuşdur. İddiaçıya əmək pensiyası xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə aldığı orta aylıq əmək haqqı əsasında təyin edildiyindən pensiyasından çıxılan dövrün 24 aydan sonrakı aylarla əvəz edilməsi mümkün deyildir, çünki iddiaçı 24 aylıq müddətdən sonra gələn 2021-ci ilin noyabr ayında işləməmişdir. Əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr üzrə çıxılmış ayların 24 aylıq müddətdən əvvəl gələn aylarla əvəz edilməsinə gəldikdə, məhkəmə qeyd edir ki, bu hal iddiaçının əmək qabiliyyətini itirdiyi 2021-ci ilin oktyabr ayının 2019-cu ilin sentyabr ayı ilə əvəz edilməsi deməkdir. Lakin mübahisəsiz haldır ki, iddiaçının aldığı əmək haqqı 2021-ci ilin oktyabr ayında daha çox olmuşdiur, nəinki 2019-cu ilin sentyabr ayı üzrə. İddiaçının xəstəliklə əlaqədar ödənilmiş 465,54 manat vəsaitinin ümumi məbləğdən çıxılması halında da vəziyyət dəyişmir. Belə olan halda aydındır ki, iddiaçının ikinci tələbinin təmini onun vəziyyətini yaxşılaşdırmır, əksinə pisləşdirir. Bu isə onun hazırkı hüquqi marağına uyğun deyildir. Beləliklə, işin xüsusatlarından aydın olur ki, dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi məqsədilə dövlət məvacibinin hesablanma qaydası qanunverici tərəfindən tənzimlənmişdir. Həmin qaydaya əsasən, şəxsin dövlət qulluğunda aldığı məvacib, onun arzusu ilə, son 24 təqvim ayı və ya ardıcıl 60 təqvim ayı ərzində əldə etdiyi əmək haqqı göstəriciləri əsasında müəyyən edilir. Bununla yanaşı, qanunverici həmin müddətlərin hesablanması zamanı əmək qabiliyyətinin itirilməsi ilə bağlı olan dövrlərin müvafiq aylardan çıxarılmasını və bu çıxarılmış dövrlərin qeyd olunan 24 və ya 60 aylıq müddətdən əvvəl və ya sonra gələn müvafiq aylarla əvəzləşdirilməsini nəzərdə tutmuşdur. Konkret halda, iddiaçının son 24 aylıq dövr üzrə dövlət məvacibi xx.xx.2019-xx.xx.2021 tarixlərini əhatə edən müddət əsasında hesablanmış, lakin xx.xx.2020-xx.xx.2020 tarixlərinə təsadüf edən dövr həmin dövrlərdən çıxarılmışdır. Bununla belə, iddiaçının son haqq-hesab tarixinin oktyabr ayına təsadüf etməsi səbəbilə, növbəti aylardan istifadə edilməklə əvəzləşdirmə aparılması qeyri-mümkün olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh İddiaçı sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının 26 oktyabr 2021-ci il tarixindən Qanunun 20.11.2-ci maddəsinə əsasən 18 il 5 ay 19 gün (xx.xx.1997-xx.xx.2001-ci il, xx.xx.2002-xx.xx.2013-cü il, xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındaki dövrlər) qulluq stajına uyğun olaraq, vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının – 981,73 manatın (xx.xx.2019xx.xx.2021-ci il tarixləri arasındaki dövr ərzində əmək haqqı barədə arayışda göstərilən ümumilikdə ödənilmiş 23.839,64 manat əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar ödənilmiş vəsait (465,54) çıxıldıqdan sonra qalan pul vəsaitinin (23.374,1+187 manatın) 24-ə olan nisbəti) 60,25 faizi – 591,49 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Odur ki, Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar