Məhkəmə qərarları › İş №2-1(112)-3360/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3360/2022

13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3360/2022 13.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 14 oktyabr 2021-ci il tarixli, **********2 №-li “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” qərarının ləğv edilməsini və ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Ərizəyə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmış və Mərkəzi Filialın 14 oktyabr 2021-ci il tarixli, **********2 №-li “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” qərarı ilə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya dair etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı işlədiyi iddia etdiyi müəssisələrin mövcudluğunu və onun xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" kiçik müəssisəsində və “Azəravtoyol” İstehsalat Birliyinin 19 №-li Yol Tikinti İdarəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara-işə daxil olma, işdən azad edilmə, məzuniyyət əmrləri, əmək haqqı cədvəllərinin təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə, sözügedən müəssisələrdə işləyib-işləmədiyi, işlədiyi təqdirdə işə daxilolma, işdən azad edilmə, məzuniyyət əmrləri, əmək haqqı cədvəlləri və digər zəruri məlumatların təqdim edilməsi ilə bağlı "xxxx" İnstitutu MMC-yə müvafiq sorğular göndərilmişdir. İş materiallarına əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təqdim edilmiş 11 yanvar 2022-ci il tarixli 4/39 nömrəli məktubda "xxxx" kiçik müəssisəsinin, “Azəravtoyol” İstehsalat Birliyinin 19 №-li Yol Tikinti İdarəsinin və "xxxx" ASC-nin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd edilmişdir. Digər tərəfdən, məlum olduğu kimi, işə daxilolma və işdən azad edilmə barədə qeydlər müəssisədə mövcud olan əmrlər kitabına əsasən yazılaraq təqdim olunur. Lakin iddia ərizəsinə əlavə olunmuş "xxxx" İnstitutu MMC tərəfindən İddiaçı təqdim olunmuş 17 sentyabr 2021-ci il tarixli 259 №-li və 31 avqust 2021-ci il tarixli 245 №-li arayışlarda "xxxx" kiçik müəssisəsində, “Azəravtoyol” İstehsalat Birliyinin 19 №-li Yol Tikinti İdarəsində və "xxxx" ASC-də işə daxil olması və işdən azad edilməsi barədə qeydlər olsa da, həmin qeydlərin yazılmasına əsas olan əmrlər kitabı, əmək haqqı cədvəlləri təqdim edilməmiş, həmin əmrlər kitabı, əmək haqqı cədvəllərinin mövcud olub-olmaması barədə məlumat göstərilməmişdir. Həmçinin həmin arayışların yazılmasına əsas olan sənəd kimi yalnız “əmək kitabçası” qeyd edilmişdir. Bu faktın özü İddiaçı həmin müəssisələrdə işləməsinə dair əmrlər kitabı, əmək haqqı cədvəllərinin olmamasına dəlalət edir. Bu isə arayışlarda qeyd edilmiş həmin məlumatların qeyri-mötəbər olması barədə şübhə doğurur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təqdim edilmiş 11 yanvar 2022-ci il tarixli 4/39 nömrəli məktubda "xxxx" kiçik müəssisəsinin, “Azəravtoyol” İstehsalat Birliyinin 19 №-li Yol Tikinti İdarəsinin və "xxxx" ASC-nin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd edilmişdir. İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə, ümumiyyətlə, pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. İddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 65 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş, etirazın dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Dəvəçi rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır; КВ 015053 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1979-cu ildə Azərbaycan Mühəndis İnşaat İnstitutuna daxil olmuş və 1984-cü ildə həmin institutda tikinti və yol maşınları və avadanlığı ixtisası üzrə tam kursu bitrimişdir; НЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmət keçmişdir; Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" İnstitutu MMC-nin 31 avqust 2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı əmək kitabçasında göstərildiyi kimi, xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilə kimi "xxxx" X3 Cəmiyyətində ştat cədvəlinə əsasən Baş mexanik vəzifəsində işləmişdir. İddiaçı "xxxx" X3 Cəmiyyətində 2001-2002-ci illər üzrə iş stajı aşağıdakı kimi olmuşdur: 1. "xxxx" X3 Cəmiyyətinin xx.xx.2001-ci il tarixli, 05-k №-li əmri ilə Cəmiyyətdə ştat cədvəlinə əsasən Baş mexanik vəzifəsinə qəbul edilmişdir. Cəmiyyətin xx.xx.2002-ci il tarixli, 27-k əmri ilə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin a-bəndinə əsasən (öz xahişi ilə) azad edilmişdir; Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" İnstitutu MMC-nin 17 sentyabr 2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı əmək kitabçasında göstərildiyi kimi, xx.xx.1991-ci ildən xx.xx.1997-ci ilə kimi “Avtoyol’ Kiçik Müəssisəsində və “Azəravtoyol" İstehsalat Birliyinin 19 №-li Yol Tikinti İdarəsində baş mexanik vəzifəsində işləmişdir. İddiaçı sözügedən idarələrdə 1991-1997-ci illər üzrə iş stajı aşağıdakı kimi olmuşdur: 1."xxxx" Kiçik Müəssisəsinin xx.xx.1991-ci il tarixli, 03-k №-li əmri ilə, ştat cədvəlinə əsasən, müəssisədə baş mexanik vəzifəsinə qəbul edilmişdir. 2. Müəssisənin xx.xx.1993cü il tarixli, 51a/k №-li əmri ilə, Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən, 19 №-li Yol Tikinti İdarəsinə köçürmə yolu ilə tutduğu vəzifədən azad edilmişdir. 3. “Azəravtoyol” İstehsalat Birliyi 19 №-li Yol Tikinti İdarəsinin xx.xx.1993-cü il tarixli, 01-k №-li əmri ilə idarəyə baş mexanik vəzifəsinə qəbul edilmişdir. 4. İdarənin xx.xx.1997-ci il tarixli, 08-k №-li əmri ilə, Azərbaycan Respublikası ƏQM-nin 38-ci maddəsinin 1-ci bəndinə əsasən ixtisara düşdüyü üçün işdən azad edilmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.1970-ci il tarixində keçmiş 11 №-li Texniki Peşə Məktəbinə əyani “Avtomobil təmirçisi üzrə çilingər” (3 illik) ixtisasına qəbul olmuşdur. Həmin ixtisasın xx.xx.1973-cü il tarixində tam kursunu bitirmiş və ona ixtisası üzrə № 534403 diplom verilmişdir. Keçmiş 11 №-li Texniki Peşə Məktəbi 10 №-li Bakı Peşə Məktəbi adlandırılıb. Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2020-ci il tarixli F-202 nömrəli əmrinə əsasən 1 №-li X2, 12 №-li Bakı Peşə Liseyi, 17 №-li Bakı Peşə Liseyi və 10 №-li Bakı Peşə Məktəbinin bazasında “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs yaradılmışdır; DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 14 oktyabr 2021-ci il tarixli, **********2 saylı imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən hərbi xidmət müddəti nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi sığorta stajı 20 il 1 ay təşkil etməklə qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı sığorta stajına (20 il 1 aya) uyğun olaraq 15304,90 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinə kimi fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək "xxxx" kiçik müəssisəsində və “Azəravtoyol” İstehsalat Birliyində və xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək "xxxx" ASC-də əmək haqqı almağı barədə heç bir məlumat olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 11 yanvar 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd olunan "xxxx" kiçik müəssisəsinin, “Azəravtoyol” İstehsalat Birliyinin 19 №-li Yol Tikinti İdarəsinin və "xxxx" ASC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir; Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" İnstitutu MMC-nin 04 iyul 2022ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əmək kitabçasında göstərildiyi kimi, xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilə kimi "xxxx" kiçik müəssisəsində və “Azəravtoyol" İstehsalat Birliyinin 19 Nfi-li Yol Tikinti İdarəsində, o cümlədən xx.xx.2001-ci il tarixdən 11,03.2002-ci il tarixədək "xxxx" X3 Cəmiyyətində baş mexanik vəzifəsində işləmişdir. İddiaçı "xxxx" kiçik müəssisəsində və “Azəravtoyol" İstehsalat Birliyinin 19 №-li Yol Tikinti İdarəsində 1992-1997-ci illər üzrə iş stajı aşağıdakı kimi olmuşdur: 1. "xxxx" kiçik müəssisəsinin xx.xx.1992-ci il tarixli, 03-k №-li əmri ilə müəssisəyə ştat cədvəlinə əsasən baş mexanik vəzifəsinə qəbul edilmişdir. 2. Müəssisənin xx.xx.1993-cü il tarixli, 51a/k №-li əmri ilə Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin-5-ci bəndinə əsasən 19 №-li Yol Tikinti İdarəsinə köçürmə yolu ilə tutduğu vəzifəsindən azad edilmişdir. 3. “Azəravtoyol” İstehsalat Birliyi 19 №-li Yol Tikinti İdarəsinin xx.xx.1993-cü il tarixli, 01-k №-li əmri ilə idarəyə baş mexanik vəzifəsinə qəbul edilmişdir. İdarənin xx.xx.1997-ci il tarixli, 08-k №-li əmri ilə, Azərbaycan Respublikası ƏQM-nin 38-ci maddəsinin 1-ci bəndinə əsasən ixtisara düşdüyü üçün işdən azad edilmişdir. İddiaçı "xxxx" X3 Cəmiyyətində 2001-2002-ci illər üzrə iş stajı aşağıdakı kimi olmuşdur: 1. "xxxx" X3 Cəmiyyətinin xx.xx.2001-ci il tarixli, 05-k №-li əmri ilə Cəmiyyətdə ştat cədvəlinə əsasən Baş mexanik vəzifəsinə qəbul edilmişdir.

2. Cəmiyyətin xx.xx.2002-ci il tarixli, 27-k №-li əmri ilə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin a-bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir; Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" İnstitutu MMC-nin 12 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" kiçik müəssisəsinin və “Azəravtoyol” İstehsalat Birliyinin 19 №-li Yol Tikinti İdarəsinin 1992-1997-ci illərə, o cümlədən "xxxx" X3 Cəmiyyətinin 2001-2002-ci illərə aid sənədləri İnstitutun arxivində mövcud deyil. Bu səbəbdən, İddiaçı qeyd olunan illər üzrə əmək fəaliyyəti barədə məlumat vermək tərəflərindən mümkün olmamışdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür, 65 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Qaydalar”ın 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının xx xxxxxx 1956-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu 06 yanvar 2021-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Cavabdeh iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" kiçik müəssisəsində və “Azəravtoyol” İstehsalat Birliyində, o cümlədən xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işlədiyi dövrü sosial sığorta stajına daxil etməkdən imtina edərkən o hala istinad edir ki, həmin dövrlərə dair arxiv sənədləri aşkar edilməmişdir. Məhkəmə həmin dəlillərlə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi "xxxx" kiçik müəssisəsinin və xx.xx.2001-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işlədiyi "xxxx" X3 Cəmiyyətinin faktiki və arxiv sənədlərinin təhvil verilməməsi iddianın əsaslılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Digər tərəfdən, iddiaçının "xxxx" kiçik müəssisəsində və “Azəravtoyol” İstehsalat Birliyində, o cümlədən "xxxx" ASC-də işlədiyi dövrün 2006-cı il yanvarın 1-dək iş stajı kimi nəzərə alınmalı olması ilə bağlı məhkəmə bir daha qeyd edir ki, hazırda qüvvədə olan və yuxarıda istinad olunan “Qaydalar”da da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisələrin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar