Məhkəmə qərarları › İş №2-1(112)-3360/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3360/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3360/2023 27.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin (DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin) nümayəndəsi X4, cavabdehin (Cavabdeh2) nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Saladulla qızının cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı «evə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və reyestrdən çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Saladulla qızı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı «evə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və reyestrdən çıxarışın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, 2003-cü ildə iddiaçı ailəsi ilə Bakı şəhərində mənzil almaq qərarına gəlmişlər və bu məqsədlə müəyyən qədər vəsait toplamışlar. Münasib sayılan evlər içərisindən X2 məxsus evi seçmişlər. Daha sonra iddaçı yaxın qohumlarının da iştirakı ilə həmin şəxsə evinə görə X2 6.000 ABŞ dolları məbləğində pul vəsaiti vermiş və evi almışdır. Adıçəkilən şəxs evin açarlarını təqdim etmiş və iddiaçının ailə üzvləri ilə birlikdə evə qeydiyyata alınmasını təmin etmişdir. İddiaçı həmçin vaxtdan etibarən evə köçüb yaşamışdır. Onun övladları bu ünvandan məktəbə getmişlər. O, evin kommunal haqlarını ödəmişdir. Hazırda da orada yaşayır. Qeyd olunan ev köhnə və təmirsiz olmaqla bir mərtəbədən, bir otaqdan ibarət idi və yaşayış sahəsi 40 kv.m təşkil edirdi. İddiaçı 2016cı ilin yay və payız aylarında həmin evi sökərək yerində iki mərtəbəli, 3 otaqlı yeni ev inşa etdirmişdir. Qonşu ilə həyətyanı sahə ilə bağlı narazılıq olmaması üçün torpaq sahəsinin sərhədləri X5 ilə dəqiqləşdirilmişdir. Bir müddət sonra X5 vəfat etmişdir. Sonradan məlum olmuşdur ki, X1 övladı Cavabdeh2 atasının ölümündən sonra həmin evə dair heç bir məlumat vermədən hüquqların reyestrdə qeydiyyatı barədə çıxarış almışdır. Daha sonra Cavabdeh2 məhkəməyə müraciət edərək, hazırkı iddiaçının və onun ailə üzvlərinin istifadə hüquqlarının olmamasının müəyyən edilməsi tələbini irəli sürmüşdür. Halbuki, həmin evə dair reyestrdən çıxarışın verilməsi tam qanunsuz və əsassızdır. ünvan 1 ünvanında yerləşən evə dair Cavabdeh2 adına verilən 27 may 2017-ci il tarixli RX seriyalı ******* saylı reyestrdən çıxarış ləğv edilməlidir. Belə ki, qeyd olunduğu kimi, mərhum X5 2003-cü ildə qeyd olunan evi iddaçıya satmış və dəyərini də almışdır. Həmin ildən etibarən iddiaçı və ailə üzvləri köçüb o evdə yaşamağa başlamış və evə daimi qeydiyyata alınmışlar. Həmin vaxtdan etibarən iddiaçı mülkiyyətçi kimi qeyd olunan evə sahiblik etmiş və evdən istifadə etmişdir. Evin bütün kommunal xidmət haqlarını o ödəmiş və evdən öz ünvanı kimi istifadə etmişdir. 2016-cı ilin sentyabr – oktyabr aylarında isə, həmin ev tamamilə sökülmüş və iddiaçı tərəfindən həmin ünvanda başqa ölçüdə yeni ev tikilmişdir. Hazırda da həmin yeni ev ona məxsusdur və istifadəsindədir. Mübahisəli ev fərdi yaşayış evidir və evin 1/2 hissəsi mərhum X1 mülkiyyətində olmuşdur. Həmin hissə birmərtəbəli və bir otaqdan ibarət olmuş və sahəsi 40 kv.m təşkil etmişdir. Lakin hazırkı ev ümumi sahəsi 120 kv.m təşkil edən 3 otaqlı iki mərtəbəli evdir. Yəni cavabdehin adına verilən reyestrdən çıxarışda göstərilən ev faktiki olaraq mövcud deyil və həmin ünvanda iddiaçıya məxsus yeni bir ev tikilmişdir. Bu mənada iddiaçı hesab edir ki, cavabdehə verilən reyestrdən çıxarış reallığı əks etdirmir və bu qeydiyyat əsassızdır. Bundan başqa hesab olunur ki, cavabdehin adına verilmiş reyestrdən çıxarış və əmlakın qeydiyyatı həmin evin tamamilə sökülməsi səbəbindən də ləğv edilməlidir. Həmçinin hesab olunur ki, cavabdeh təşkilat həmin ünvanla bağlı maraqlı şəxsin hüquqlarını qeydə almazdan əvvəl araşdırma aparılmasını təmin etməli və müəyyən etməli idi ki, həmin daşınmaz əmlak artıq mövcud deyil və onun yerində həmin əmlakın texniki göstəricilərinə uyğun olmayan başqa daşınmaz əmlak vardır. Bu faktiki hal ərazidə fəaliyyət göstərən 64 saylı MKİS-in 20 noyabr 2019-cu il tarixli 69 saylı məktubu ilə də təsdiq olunur. Həmin məktubda qeyd olunur ki, İddiaçı Yasamal rayonu, K.Kazımzadə küçəsi 13 ünvandakı evin 2-ci mərtəbəsində öz vəsaiti hesabına 54,7 kv.m ev inşa edib. Bu isə o deməkdir ki, Cavabdeh2 xeyrinə mülkiyyət hüquqları qeydə alman daşınmaz əmlak artıq mövcud deyil. Bu isə, qeydiyyatın ləğvi üçün əsasdır. Odur ki, aparılmış qeydiyyat ləğv edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2, 150-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə, İPM-in 2, 34, 45 – 67, 68, 80-ci maddələrinə əsaslanaraq, ünvan 1 ünvanında yerləşən evə dair Cavabdeh2 adına verilən 27 may 2017-ci il tarixli RX seriyalı ******* saylı reyestrdən çıxarışın və qeydiyyatın ləğv edilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 27 sentyabr 2022-ci tarixdə İdarəyə müraciət etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həl edilir. Bununla bağlı iddiaçıya 12 oktyabr 2022-ci il tarixli məktub ünvanlanmışdır. İddia ərizəsində qeyd edilən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 2/4 hissədə Cavabdeh2, 1/4 hissədə X3, 1/4 hissədən qalan hissə X6 və 1/4 hissədən 1 otaq (y/s 14,8 kv.m, k/s 8,8 kv.m) X7 paylı mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh2 mülkiyyətində olan 2/4 hissə 2V-67 nömrəli 22 may 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140cı maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 23-cü maddələrinə, İPM-in 35.1-ci maddəsinə əsaslanaraq, İPM-in 48.2ci maddəsini rəhbər tutaraq, iddianın mümkün sayılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin (DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin) nümayəndəsi X8 iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin (Cavabdeh2) nümayəndəsi Vəkil2 iddiaçının hazırkı iddianı qaldırmaü üçün hüququnun olmadığını, bununla bağlı müvafiq məhkəmə aktlarının qəbul olunduğunu bildirdi və iddianı əsassız olduğunu qeyd etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndinə vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, İddiaçı Saladulla qızı iddiasında ünvan 2 ünvanında yerləşən evə Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı mübahisələndirir, lakin iddiaçının həmin iddianı qaldırmağa subyektiv hüququnun mövcudluğu məhkəmə icraatında müəyyən edilmir. Evə pasport qeydiyyatına alınma isə, mülkiyyət hüququnun mübahisələndirilməsi üçün hüquq verən nəricə yaratmır. Odur ki, iddiaçının hazırkı iddianı irəli sürmək üzrə hüququ olmadığından, iddia mümkün sayıla bilməz. Bundan başqa, Azərbaycan Respiblikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində aşağıdakılar qeyd edilir: - Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mübahisələndirilən – daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (evin 1/2 hissəsinə) mülkiyyət hüququnun qeydiyyatına 2V-67 nömrəli 22 may 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin müvafiq hissəsinə Cavabdeh2 mülkiyyət hüququnun (paylı) daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı inzibati məhkəmə icraatı qaydasında deyil, müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamə ilə birlikdə mülki məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Beləliklə məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh2 cavabdeh qimsində göstərilməsi formal xəta kimi qiymətləndirilir. Bu xüsusatla bağlı həmin şəxsin cavabdeh qimsində iştirakına xitam verilməklə üçüncü şəxs kimi icraata cəlbinə isə, iddia mümkün sayılmadığından, zərurət yaranmamışdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar