Məhkəmə qərarları › İş №2-1(112)-3362/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3362/2024

23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3362/2024 23.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X4rşı “diplom üzrə ixtisasın tanınması və müvafiq şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun Gürcüstan Respublikasının “X9” Universitetinin İqtisadiyyat, Biznes, İdarəetmə ixtisası üzrə bitirməsinə dair xx.xx.2020-ci il tarixdə verilmiş 000479 saylı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və nostrifıkasiya haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 08 avqust 2020-ci il tarixdə Gürcüstan Respublikasının “X9” universitetində İqtisadiyyat, Biznes və İdarəetmə ixtisası üzrə təhsil almış və müvafiq diplomla təmin edilmişdir. Diplomun tanınması və müvafiq şəhadətnamənin alınması məqsədi ilə Təhsildə Keyfiyyət Təminat Agentliyinə müraciət etmişdir. Agentliyin 02 oktyabr 2023-cü il tarixli qərarı ilə diplomun nostrifikasiya edilməsindən imtina edilmişdir. Bu səbəbdən də o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İmtinanın əsas səbəbi kimi tədris müddətinin üçdə ikisinin ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması kimi qeyd edilmişdir. Bununla əlaqədar iddiaçı qeyd edir ki, onun ənənəvi formada təhsil ala bilməməsinin səbəbi bütün dünyada mövcud olmuş pandemiya olmuşdur. Pandemiyadan başqa olan bütün tədris proseslərində iştirak etmişdir. Bu faktı onun xarici pasportu təsdiq edir. Bundan əlavə, Gürcüstan Respublikasında onunla eyni universitet və eyni fakültədə təhsil alan qrup yoldaşı X1 diplomu Azərbaycan Respublikasında təsdiq edilmişdir. Bu fakt məhkəmə tərəfindən sorğu edilərsə, öz təsdiqini tapar. Həmçinin iddiaçı ali təhsilli kimi 1 il müddətində hərbi xidmətdə olmuşdur. Bu faktı hərbi biletinin surəti təsdiq edir. İkinci Qarabağ müharibəsi dövründə hərbi xidmət keçmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş yazılı münasibətdə (etiraz) bildirilmişdir ki, iddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xx.xx.2023-cü il tarixində elektron ərizə sistemi vasitəsilə Agentliyinə müraciət etmişdir. Cavabdeh orqan onun müraciəti üzrə aparılan inzibati icraat zamanı iddiaçının xarici ali təhsil aldığı ölkədə müddətinin aşağıdaki kimi olduğunu müəyyən etmişdir: 2016/2017-ci tədris ili üzrə - 3 ay, 15 gün, 2017/2018-ci tədris ili üzrə - 2 ay 11 gün, 2018/2019-cu tədris ili üzrə -1 ay 11 gün, 2019/2020-ci tədris ili üzrə - 2 ay 13 gün. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)- 265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)- 251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları”na (bundan sonra - Qaydalar) uyğun olaraq həyata keçirilir. Sözügedən qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 30 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı Təhsildə X4rşı Gürcüstanda yerləşən X9 Universiteti tərəfindən Biznesin idarə edilməsi ixtisası üzrə aldığı ali təhsilə dair kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Təhsildə Keyfiyyət X8 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, NA00017627 saylı qərarından görünür ki, iddiaçının müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edildiyi üçün xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilmişdir. -X9 Universitetinin xx.xx.2020-cü il tarixli, THTU № 000479 nömrəli bakalavr diplomunun tərcümə və təsdiq edilmiş surətindən görünür ki, İqtisadiyyat, Biznes və idarəçilik fakültəsinin 2020-ci il 08 avqust tarixli 09 nömrəli qərarı ilə İddiaçı “Biznesin idarə olunması” ixtisası üzrə bakalavr ali dərəcəsi verilmişdir. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı 2016-2020-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2016 – Çıxış-Gürcüstan, xx.xx.2016- Giriş- Gürcüstan, xx.xx.2016 -Çıxış- Gürcüstan, xx.xx.2016- Giriş- Gürcüstan, xx.xx.2016- Çıxış- Gürcüstan, xx.xx.2016- Giriş- Gürcüstan, xx.xx.2016- Çıxış-Gürcüstan, xx.xx.2016- Giriş- Gürcüstan, xx.xx.2017-Çıxış- Gürcüstan, xx.xx.2017-Giriş- Gürcüstan, xx.xx.2017-Çıxış- Gürcüstan, xx.xx.2017-Giriş - Gürcüstan, xx.xx.2017- Çıxış- Gürcüstan, xx.xx.2017-Giriş- Gürcüstan, xx.xx.2017-Çıxış - Gürcüstan, xx.xx.2017- Giriş - Gürcüstan, xx.xx.2018-Çıxış - Gürcüstan, xx.xx.2018- Giriş- Gürcüstan, xx.xx.2018- Çıxış- Gürcüstan, xx.xx.2018- Giriş- Gürcüstan, xx.xx.2018- Çıxış- Gürcüstan, xx.xx.2018- Giriş- Gürcüstan, xx.xx.2018- Çıxış- Gürcüstan, xx.xx.2018- Giriş- Gürcüstan, xx.xx.2018- Çıxış- Gürcüstan, xx.xx.2018- Giriş - Gürcüstan, xx.xx.2019- Çıxış - Gürcüstan, xx.xx.2019- Giriş- Gürcüstan, xx.xx.2019- Çıxış- Gürcüstan, xx.xx.2019- Giriş- Gürcüstan, xx.xx.2019- Çıxış- Gürcüstan, xx.xx.2019- Giriş- Gürcüstan, xx.xx.2019- Çıxış- Gürcüstan, xx.xx.2019- Giriş- Gürcüstan, xx.xx.2019- Çıxış- Gürcüstan, xx.xx.2019- Giriş- Gürcüstan, xx.xx.2020- Çıxış- Gürcüstan, xx.xx.2020- Giriş- Gürcüstan. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil hüququ vardır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan: -1.0.4. Təhsil- sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. -13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən). 13.1.4. sərbəst (eksternat). -27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. -29. Təhsil sahəsində dövlətin vəzifələri: 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək. -44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.5.9-cu bəndinə əsasən, tanınma dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən, tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən, tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydalardan: -3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə aid kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə aid kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə aid kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi. -3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. -4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”ndan: -1.6. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. -2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”ndan: -5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. -8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci bəndinə əsasən ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Beləliklə, işin mübahisələndirilməyən hallarına görə, iddiaçı 2016-2020-ci illərdə X9 Universitetinin “İqtisadiyyat, Biznes, İdarəetmə” ixtisası üzrə, əyani formada təhsil almış və ona Universitet tərəfindən xx.xx.2020-ci il tarixli diplom verilmişdir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərindən göründüyü kimi diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı işdə də əyani formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də, tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri, təhsil alınan ölkədə faktiki olunan müddətləri də özündə ehtiva edir. İş materiallarında olan iddiaçının sərhədkeçmə məlumatlarından görünür ki, o, təhsil aldığı ölkənin - Gürcüstan Respublikasının ərazisində 2016-2017-ci tədris ili ərzində 3 ay, 15 gün, 2017-2018-ci tədris ili ərzində 2 ay 11 gün, 2018-2019-cu tədris ili ərzində 1 ay 11 gün, 2019-2020-ci tədris ili ərzində isə 2 ay 13 gün müddətində olmuşdur. Göründüyü kimi iddiaçı müvafiq ixtisas üzrə əyani təhsil alsa da, onun həmin dövr üzrə Gürcüstan Respublikasında olduğu müddət əyani təhsil alma forması üzrə tədris ili üçün qanunla müəyyən edilmiş müddətdən az təşkil etmişdir. Bu hal isə onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini şübhə altına alır. Məhkəmə iddiaçının onunla eyni dövrdə, eyni təhsil müəssisəsində təhsil alan X2 diplom üzrə ixtisasınınn tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi ilə bağlı müvafiq araşdırma aparmış və cavabdeh inzibati orqana sorğu göndərmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubunda bildirilmişdir ki, X3 xx.xx.2023-cü il tarixdə xarici kvalifikasiyanın tanınması barədə şəhadətnamə verilmişdir. Adları qeyd olunmuş vətəndaşların (İddiaçı və X5) hər ikisinin işi üzrə inzibati icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olaraq aparılmışdır. Həmin Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında yer almışdır. Belə ki, X2 inzibati orqan onun müraciəti üzrə aparılan inzibati icraat zamanı ərizəçinin xarici ali təhsil aldığı ölkədə müddətinin aşağıdakı kimi olduğunu müəyyən etmişdir: 2016/2017-3 ay 17 gün 2017/2018-2 ay 2 gün 2018/2019-1 ay 5 gün 2019/2020- 3 ay 3 gün/ikinci yarımilpandemiya dövrü. 2020/2021 pandemiya dövrü. 2021/2022- pandemiya dövrü. X2 təhsil aldığı 12 tədris yarımilində ümumilikdə 5-i pandemiya dövrünə təsadüf etmişdir, qeyd olunan dövrlər ərizəçinin ümumi təhsil dövrünün önəmli bir hissəsini əhatə etmiş, bu dövr üzrə tədris yükü pandemiya səbəbindən ölkəmizdə də olduğu kimi onlayn qaydada dərslərə qoşularaq ödənilmişdir. Əlavə olaraq nəzərə alınmalıdır ki, ərizəçi ona ali təhsil müəssisəsindən təqdim olunmuş diplom əlavəsində təhsil proqramı üzrə nəzərdə tutulmuş 240 AKTTS-lik (Avropa Kredit Toplanması və Transfer Sistemi) tədris yükünü ümumilikdə 6 ildə yerinə yetirmiş və əvvəlki illərdəki akademik borclar təhsil müddətinə əlavə olaraq tədrisdə iştirak edilmiş dövrdə ödənilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, İddiaçı tədris ili ərzində normativ müddətdən az tədris aldığı ölkədə olmuşdur. Belə ki iddiaçı 2016/2017-ci tədris ili üzrə - 3 ay, 15 gün, 2017/2018-ci tədris ili üzrə - 2 ay 11 gün, 2018/2019-cu tədris ili üzrə -1 ay 11 gün, 2019/2020-ci tədris ili üzrə - 2 ay 13 gün/ikinciyarımil- pandemiya dövrü təhsil aldığı ölkə ərazisində olmuşdur. Buna qarşılıq iddia tələbi üzrə məhkəmə icraatı davam edən vətəndaş İddiaçı eyni həcmdə tədris yükü üzrə ümumilikdə 4 il təhsil almış, bu dövrün isə sadəcə bir yarımili pandemiya dövrünə təsadüf etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.3-cü bəndinə əsasən tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. Beləlikdə İddiaçı 4 il üzrə tədris prosesində iştirak üçün xarici ali təhsil aldığı ölkədə olma müddətləri ərizəçi X5 ilə oxşarlıq təşkil etsə də, iddiaçının işi üzrə onun təhsil dövrünə əlavə olaraq tədrisdə iştirakı müəyyən olunmamışdır. Yekun olaraq qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci yarımbəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda müraciət üzrə imtina qərarı verilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, xx.xx.2023-cü il tarixində İddiaçı tanınma haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Həmçinin oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(102)-5/2021 nömrəli qərarında göstərilmişdir ki: "Kollegiya iddiaçının tədris prosesində iştirak etmədiyi dövrlərdə yaranan akademik borclarının yaranmasını, lakin daha sonra həmin borcların iddiaçı üçün təhsil müəssisəsi tərəfindən hazırlanmış fərdi plan əsasında ödənilməsini, nəticədə ona diplom verilməsini nəzərə alır və hesab edir ki, qeyd edilənlər diplomun tanınmasından imtina üçün əsas deyildir və belə halların mümkünlüyü dövlətdaxili qanunvericilikdə də nəzərdə tutulmuşdur, yəni dövlət standartlarına uyğundur. Belə ki, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili” Qaydaları ölkə ərazisində kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətlərini müəyyən edir. Həmin xüsusiyyətlərdən biri hər bir təhsilalanın (tələbənin) fərdi tədris planının olmasıdır. Həmçinin, Qaydalarda qeyd edilmişdir ki, hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir. Həmçinin, sözügedən Qaydalarda “akademik borcu olan tələbə” terminindən istifadə edilmiş və ona belə bir anlayış verilmişdir ki, “akademik borcu olan tələbə” fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir. Göründüyü kimi, istinad olunan Qaydalarda akademik borcların tədris prosesində yaranmasının və onların ləğv edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Bundan əlavə, “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının 2.17-ci bəndində qeyd edilmişdir ki, ixtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr (əsas (baza ali) tibb təhsilində “həkim”)” ali peşə-ixtisas dərəcəsi verilir. İstinad olunan müddəaların təhlili onu deməyə əsas verir ki, Azərbaycanda təşkil olunan təhsilin dövlət standartlarına görə bakalavriat təhsili kredit sistemi əsasında təşkil olunur, tədris prosesində tələbəyə fərdi tədris planı hazırlanır, tədris çərçivəsində bu və ya digər səbəbdən akademik borc yarandıqda daha sonra onu ləğv etmək mümkündür, yalnız tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə, yəni ixtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı ilə “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Qeyd olunan müddəaların işin hallarına tətbiqi zamanı belə nəticəyə gəlmək olur ki, iddiaçı akademik borcu yaransa da, onun üçün tərtib edilmiş fərdi tədris planına uyğun olaraq həmin akademik borclarını ləğv etmişdir". Göründüyü kimi, İntiqam İsmayılzadə təhsil aldığı ölkənin ərazisində 2016-2017-ci tədris ili üzrə 3 ay 17 gün, 2017-2018-ci tədris ili üzrə 2 ay 2 gün, 2018-2019-cu tədris ili üzrə 1 ay 5 gün, 2019-2020-ci tədris ili üzrə 3 ay 3 gün/ikinci yarımil-pandemiya dövrü olmaql, akademik borcunun ödənilməsi üzrə əlavə təhsil aldığı 2020-2021-ci və 2021-2022-ci tədris ili üzrə isə pandemiya dövrünü əhatə etdiyi üçün hər tədris ilinə 4 ay hesablanmaqla, ümumilikdə 8 ay müddətində olmuşdur. Beləliklə, o, tədris yükünü ümumilikdə 6 ildə yerinə yetirmiş və əvvəlki illərdəki akademik borcları təhsil müddətinə əlavə olaraq tədrisdə iştirak etdiyi dövrdə ödənilmişdir. Odur ki, cavabdehin istinad olunan məsələdə hərəkətləri iddiaçıya münasibətdə bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməsi kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanunazidd hesab edilməməli, iddia əsassız olduğundan təmin olunmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar