Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3363/2023 25.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı5 iştirakı ilə, İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ünvan 11al Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası ünvan 11al Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1971-ci il təvəllüdlü İddiaçı5, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı4, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı3, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı2, xx.xx.2003-cii il təvəllüdlü İddiaçı1 ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilə daimi passport qeydiyyatına alınmaqları vəzifəsinin Bakı şəhəri ünvan 11al rayon Polis İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar əvvəllər ünvan 11al rayonunda yerləşən evlərində qeydiyyatda olmuşdurlar. Həmin evi satdıqdan sonra məcburiyyət qarşısında qalaraq ünvan 11al Rayon Polis İdarəsinin inzibati binasına daimi qeydiyyata alınmışdırlar. Məlum səbəblərdən isə Polis İdarəsinin inzibati binasından da daimi pasport qeydiyyatından çıxarılmışdırlar. Hal-hazırda ünvan 1 ünvanında yerləşən 66 saylı mənzildə ailələri birlikdə yaşayırlar. Belə ki, sözügedən mənzili 13 fevral 2021-ci ildə "xxxx" saylı MTK-dan almışdırlar. Bu fakt öz təsdiqini MTK ilə bağladıqları 66 saylı müqavilə, maliyyə arayışı və MTK tərəfindən verilmiş digər arayışlarla da öz təsdiqini tapmaqdadır. Amma faktiki olaraq sözügedən ünvanda yaşasalar da həmin ünvana daimi passport qeydiyyatına alına bilmirlər. Qanunvericiliyinin tələblərinə müvafiq olaraq onlar faktiki olaraq yaşadıqları ünvana daimi passport qeydiyyatına alınmaq istəyirlər. Bu səbəbdən də ünvan 11al Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdirlər. Lakin ünvan 11al RPİ tərəfindən ərizə təmin edilməmiş, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu hal isə təbii olaraq onların hüquqlarını pozur və onlara bir sıra çətinliklər yaradır. Belə ki, İddiaçı5 ailə başçısı olaraq işləmək məcburiyyətindədir. Lakin daimi passport qeydiyyatı olamaması səbəbindən şəxsiyyət vəsiqəsi hüquqi qüvvəsini itirmiş olduğu üçün işləməyi də qeyri-mümkün olmuşdur. Ona görə də faktiki olaraq yaşadığı ünvana daimi passport qeydiyyatına alınmağı zərurəti yaranmışdır. Eyni zamanda onunla yanaşı həyat yoldaşı və övladları da mülkiyyətlərin olan və faktiki olaraq yaşadıqları mənzilə daimi passport qeydiyyatına alınmama səbəbindən müəyyən çətinliklərlə rastlaşırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı5 Bakı şəhəri, ünvan 11al rayonu, Əbdülvahab Salamzadə küçəsi ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı4 Bakı şəhəri, ünvan 11al rayonu, Əbdülvahab Salamzadə küçəsi ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı3 Bakı şəhəri, ünvan 11al rayonu, M.Davudov Küç, ev.43, mənzil 15 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı2 Bakı şəhəri, ünvan 11al rayonu, Akim Abbasov küçəsi, ev 16, mənzil 20 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı1 Bakı şəhəri, Pirallahi rayonu, Pirallahi qəsəbəsi, Süleyman Bağırov küçəsi,111 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 66 nömrəli xx.xx.2021-ci il tarixli 196 saylı MTK ilə İddiaçı5 arasında bağlanmış müqaviləyə əsasən MTK Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Bakı şəhəri X1 İcraiyyə Komitəsinin kooperativ yaşayış binalarının tikintisi ilə bağlı müvafiq qərarlarının icrası barədə 698 saylı sərəncamına əsasən binanın normativlərə və qaydalara ciddi surətdə riayət etməklə yüksək keyfiyyətlə tikintisini təmin edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı5 (AA*******) ondan ötəri ki, onun 196 saylı MTK-dan almış olduğu 66 №-li, 131 kv.m-lik 3 otaqlı mənzilə görə borcu yoxdur. İş materiallarına əlavə edilmiş 196 saylı MTK-nın xx.xx.2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, ünvan 11al rayonu 196 saylı MTK-ya məxsus Dadaş Bünyadzadə 39 mənzil 66 həqiqətən alqı-satqı müqaviləsi ilə İddiaçı5 məxsusdur. Həmin vətəndaş öz ailə üzvləri ilə həmin mənzildə yaşayır. Ailə üzvləri həyat yoldaşı İddiaçı4, oğlu İddiaçı3, qızları İddiaçı2, İddiaçı1. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********27 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, ünvan 11al rayonu, D.Bünyatzadə küçəsi, ev 39, mənzil 66 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-19859-12 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, ünvan 11al rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 39, mənzil 66 ünvanında qeydiyyatda olan şəxslər barədə məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Baki şəhəri ünvan 11al Rayon İcra Hakimiyyəti ünvan 11al Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli, 13487 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 11al rayonu, D.Bünyadzadə küçəsi, ev 39, mənzil 66 saylı ünvan ünvan 11al rayon MKTB-nin balansında olmadığı üçün cavablandırılması imkan xaricindədir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********33 nömrəli məktubunda bildirilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində Bakı şəhəri, ünvan 11al rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 39 ünvanında yerləşən 66 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********30 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, ünvan 11al rayonu, Dadaş Bünyatzadə küçəsi, ev 39, 66 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri ünvan 11al Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 091-67624Ə-3222 nömrəli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq Maddəsinə əsasən ünvan 10 ünvanına Sizin və ailə üzvləriniz olan İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı2 qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin olunmanızla əlaqədar Siz tələb olunan sənədlərlə (qeydiyyat vəsiqəsi və ya order) birlikdə Bakı şəhərində yerləşən "Asan xidmət” Mərkəzlərinin birinə müraciət etməlisiniz. Əks halda Siz mülki qaydada məhkəməyə müraciət edə bilərsiniz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən mənzilə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişlər. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, işin sadalanan hallarından görünür ki, iddiaçılar Bakı şəhəri, ünvan 11al rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 39 ünvanında yerləşən 66 saylı mənzil ünvanında faktiki yaşadıqları ünvan üzrə qeydiyyata alınmaları ilə bağlı cavabdeh Daxili İşlər Nazirliyi Bakı şəhəri ünvan 11al Rayon Polis İdarəsinə müraciət etmişlər. Lakin cavabdeh mənzilə dair hüquqmüəyəynedici sənə (qeydiyyat vəsiqəsi və ya order) təqdim etmədiyini əsas gətirərək iddiaçılara imtina cavabı vermişdir. Hazırda iddiaçılar cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək Bakı şəhəri, ünvan 11al rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 39, mənzil 66 ünvanına qeydiyyata alınmalarını inzibati məhkəmə icraatında mübahisələndirirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 5-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşin hallarına görə iddiaçıların iddia etdikləri mənzilə dair hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçılar yaşayış sahəsinin onların qanuni istifadəsində olmalarına dair MTK ilə bağlanmış müqavilə, maliyyə arayışını təqdim etmişlər. Qeyd edilməlidir ki, iddiaçıların istinad etdikləri sənədlər mənzilə dair ilkin hüqumüəyyənedici sənədlər kimi qəbul edilsə belə bu hal iddia tələbinin təmininə əsas vermir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. Həmin Qaydaların: -1.5-ci bəndinə görə ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir -2.1-ci bəndinə əsasən ünvan reyestrində daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.1-3.7.6-cı bəndlərində göstərilən rekvizitləri, Azərbaycan Respublikasının ərazisi üzrə ərazi vahidləri və nəqliyyat infrastrukturu obyektlərinin (prospekt, küçə və s.) mövcud və əvvəlki adları, bu adların verilməsinin, habelə onların əmələ gəlməsinin və dəyişdirilməsinin əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektinin növü, onun mülkiyyətçisi (sahibi) haqqında məlumatlar sistemləşdirilmiş şəkildə saxlanılır. -2.2-ci bəndinə əsasən ünvan reyestrində saxlanılan məlumatlar, növündən asılı olaraq, reyestrin dəqiq aparılması, digər məlumat bazaları ilə inteqrasiyanın təmin edilməsi, axtarış sisteminin sadələşdirilməsi məqsədləri üçün müvafiq hissələrə (fəsillərə, bölmələrə) bölünür, nömrələnir və ya digər işarələr vasitəsilə sistemləşdirilir. -3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Dövlət Xidmətinə müraciət edir. -3.7-ci bəndinə görə daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). -3.9-cu bəndinə əsasən çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. -4.1-ci bəndinə əasənn ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatların müvafiq internet saytında yerləşdirilməsi Dövlət Xidməti tərəfindən təmin edilir. -4.2-ci bəndinə görə dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər. Sadalanan normalara istinadən məhkəmə qeyd edir ki, daşınmaz əmlak obyektlərinin yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvanlar mərkəzləşdirilmiş qaydada ünvan reyestrində qeydiyyata alınır. Qanunvericilik dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslərin rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməli olmalarına dair imperativ tələb müəyyən etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Qeyd edilməlidir ki, vətəndaşın şəxsiyyətini müəyyən edən şəxsiyyət vəsiqəsi rəsmi sənəddir və rəsmi sənəddə də məhz ünvan reyestrində qeydiyyatdan keçmiş ünvan göstərilməlidir. Başqa sözlə, şəxsin qeydiyyatı daşınmaz əmlaka görə deyil, həmin əmlakın (fərdi yaşayış evi, mənzil) məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvanı üzrə aparılır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçıların qeydiyyata alınmaq istədikləri Bakı şəhəri, ünvan 11al rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 39, mənzil 66 ünvanı ünvan reyestrində qeydiyyatdan keçməmiş rəsmi ünvan deyildir. Bu halda müvafiq icra hakimiyyəti orqanlarının əlaqələndirilmiş informasiya ehtiyatlarında aşkar olunmayan ünvan üzrə iddiaçıların qeydiyyata alınmaları mümkün hesab edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıların müraciətini təmin etməməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ünvan 11al Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3363/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3363/2023
25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver