Məhkəmə qərarları › İş №2-1(112)-3363/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3363/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3363/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondununa qarşı məhkəməyə müraciət edərək əmək pensiyasının 20 iyul 2023cü il tarixdən hesablanaraq ona təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əvəz edilmişdir.

3. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, 2023-cü ilin iyul ayında 60 yaşı tamam olduğu görə həmin ilin sentyabr ayının əvvələrində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra Nazirliy) DOST mərkəzinə müvafiq ərizə ilə müraciət olunmuşdur. Müraciəti Nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra Fond) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında baxılmış və müvafiq iş stajının az olduğu qeyd edilərək pensiya təyinatından imtina olunması barədə qərar qəbul edilmiş və həmin qərar poçt vasitəsi ilə tərəfindən xx.xx.2023-cü ildə alınmışdır. Hesab edir ki, aşığıda qeyd olunan səbəblərə görə həmin qərar əsassız və qanunsuzdur. Belə ki, imtinanın əsası kimi Fond, BBTİ 12 saylı tikinti idarəsinin natamam arxiv sənədlərinə əsasən 1996-cı ilə dair əmr kitablarında işə qəbul olunmağına dair heç bir məlumatı olmadığı barədə verilən 1 sentyabr 2023-cü il tarixli 3-48-2F/2-İ-06243/2023 nömrəli arxiv arayışını əsas götürərək, ümumi stajı 25 ildən az (20 il 10 ay 15 gün (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2006-2014-cü illər üzrə 7 il 6 ay) güzəştli iş stajının isə 12 il 6 aydan az (12 il 1 gün (xx.xx.1989-xx.xx.1996-cı il, xx.xx.2009xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) olması qeyd etmişdir. Bundan əlavə imtina qərarında o da göstərilmişdir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Təmir Tikinti İdarəsinin əsaslı tikinti sahəsində qaz qaynaqçısı peşəsində xx.xx.2008-ci ildənxx.xx.2014-cü ilə kimi işlədiyi müddətdə xx.xx.2008-xx.xx.2008-ci il və xx.xx.2014xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər üzrə (ümumilikdə 7 ay) ödənilməli olan məcburi dövlət sosial sığorta ödənişləri fərdi hesabının sığorta hissəsində öz əksini tapmamışdır. 1988-ci ildən 2000-ci ilə və 2008-ci ildən 2014-cü ilə kimi müxtəlif müəssisələrdə qazla kəsici və qaz qaynaqçısı peşələrində çalışaraq 17 ildən artıq güzəştli iş stajına malikdir. Bu fakt 9 oktyabr 1984-cü il tarixli ИТ-İ ******* saylı əmək kitabçasında da öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” - nın 35-ci hissəsinin (Ümumi peşələr) 25-26 bəndlərinə əsasən qazla kəsicilər və qaz qaynaqçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olan şəxslər siyahısına aid edilmişlər. Bundan əlavə 12 saylı Tikinti idarəsində işlədiyini həmin dövrdə onunla birgə çalışmış iş yoldaşları Əliyev Qabil və digərləri də təsdiq edə bilərlər. Lakin Fondun əməkdaşları Əmək Məcəlləsinin bu maddəsinin tələblərinə zidd olaraq əmək kitabçasında qeyd olunanları nəzərə almadan Tikinti İdarəsinin natamam arxiv sənədləri əsasında verilmiş olduğu yuxarıda göstərilən arxiv arayışına istinad edib xx.xx.1996-xx.xx.2000-ci il tarixləri arasında 12 saylı Tikinti idarəsində qazla kəsici peşəsində işlədiyi dövrü iş stajına daxil etməyərək süni şəkildə ümumi və güzəştli iş stajını azaltmışlar. Əgər həmin dövr iş stajına daxil edilərsə ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 17 il çox təşkil edəcəkdir.

5. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyiniz 9 oktyabr 1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1996-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində BBTl-nin Santexnik işləri üzrə Tikinti idarəsində qaynaqçı peşəsində işlədiyiniz qeyd olunub. Lakin "Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı”nın 1 sentyabr 2023-cü il tarixli 3- 48-2F/2-İ-06243/2023 nömrəli sizə dair arayışında BBTİ 12 saylı Tikinti İdarəsinin 1996-cı ilə dair əmr kitablarında işə qəbul olunmağınız barədə heç bir məlumat qeyd olunmadığı göstərilib. Bu səbəbdən də həmin dövrü sizin iş stajınıza daxil etmək mümkün olmamışdır. Həmçinin "xxxx" QSC-nin 18 avqust 2023-cü il tarixli 23 nömrəli sizə dair arayışında isə xx.xx.2008-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Təmir Tikinti İdarəsinin əsaslı tikinti sahəsində qaz qaynaqçısı peşəsində işlədiyiniz qeyd olunmuşdur. xx.xx.2008-xx.xx.2008-ci il və xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər üzrə işlədiyiniz müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabınızın sığorta hissəsində (ümumilikdə 7 ay) sığorta ödənişləri öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi dövrləri sizin iş stajınıza daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də sizin ümumi iş stajınız 25 ildən az (20 il 10 ay 15 gün (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2006-2014-cü illər üzrə 7 il 6 ay)), güzəştli iş stajınız isə 12 il 6 aydan az (12 il 1 gün ( xx.xx.1989-xx.xx.1996-cı il, xx.xx.2009-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33784,92 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.”

6. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 9 oktyabr 1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1996-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər ərzində BBTİ-nin Santexnik işləri üzrə Tikinti İdarəsində qaynaqçı peşəsində işlədiyi qeyd edilmişdir. Araşdırma zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçıya dair xx.xx.2023-cü il tarixli 3-48-2F/İ-06243/2023 nömrəli arayışında BBTİ 12 saylı Tikinti İdarəsinin 1996-cı ilə dair əmr kitablarında İddiaçı işə qəbul olunmağı barədə heç bir məlumat qeyd edilməmişdir. Bu səbəbdən də həmin dövrün iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Həmçinin "xxxx" QSC-nin iddiaçıya dair 18 avqust 2023-cü il tarixli 23 nömrəli arayışında isə xx.xx.2008-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Təmir Tikinti İdarəsinin əsaslı tikinti sahəsində qaz qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. xx.xx.2008-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər üzrə İddiaçı həmin müəssisədə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi hesabının sığorta hissəsində (ümumilikdə 7 ay) sığorta ödənişləri öz əksini tapmamışdır. Qanunvericiliklə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta hissəsinə daxil edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi dövrləri iddiaçının iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən İddiaçı ümumi iş stajı 25 ildən az (20 il 10 ay 15 gün (xx.xx.1982-xx.xx.1984cü il, xx.xx.1984-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2006-2014-cü illər üzrə 7 il 6 ay)), güzəştli iş stajı isə 12 il 6 aydan az (12 il 1 gün (xx.xx.1989-xx.xx.1996-cı il, xx.xx.2009-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 33784,92 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunur.

7. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məktubunda qeyd olunur ki, BBTİ 25 saylı Tikinti İdarəsinin 1984, 1996 və 12 saylı Tikinti İdarəsinin 2000-ci illərə dair əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

8. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC İstehsalat Xidmətləri İdarəsinin xx.xx.2023-cü il tarixli 23 nömrəli arxiv arayışında qeyd olunur ki, xx.xx.1963-ci il təvəllüdlü İddiaçı həqiqətən "xxxx" Təmir Tikinti idarəsinin əsaslı tikinti sahəsinə xx.xx.2008-ci il tarixdə 15 /kş №-li əmrə əsasən 6-cı dərəcəli qaz qaynaqçısı peşəsinə işə qəbul olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2014-cü il tarixdə 122 /k №-li əmrə əsasən işdən azad edilmişdir.

9. Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin təqdim etdiyi 21 avqust 2024-cü il tarixli 716 nömrəli arxiv arayışına əsasən X2 24 avqust 1978-ci il tarixli 238-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Sənaye avadanlıqlarının quraşdırılması və təmiri” ixtisasına qəbul olunması, 03 aprel 1982-ci il tarixli 139-c saylı əmrə əsasən isə həmin ixtisası bitirməsi müəyyən edilmişdir.

10. Azərbaycan Texniki Universitetin nəzdində Bakı Texniki Kollecinin xx.xx.2024-cü il tarixli 716 saylı arxiv arayışında qeyd olunur ki, X3 həqiqətən xx.xx.1978-ci il 238-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyanı) şöbəsinin “Sənaye avadanlıqlarının quraşdırılması və təmiri" ixtisasına daxil olmuşdur. xx.xx.1982-ci il 139-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin "Sənaye avadanlıqlarının quraşdırılması və təmiri” ixtisasını bitirmiş Dövlət ixtisas Komissiyasının qərarı ilə ona “texnik –mexanik” İxtisas dərəcəsi və ДТ-1 779824 №-li diplom verilmişdir.

11. İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən, iddiaçı xx.xx.1984-cü il tarixdə pr 136p №-li əmrə əsasən SSU-25 saylı tresti - BBTİ 25 saylı Tikinti İdarəsində 3-cü dərəcəli çilingər vəzifəsində işə qəbul olunmuş, xx.xx.1985-ci il tarixdə 4-cü dərəcə, xx.xx.1987-ci il tarixdə 3-cü dərəcə, xx.xx.1988-ci il tarixdə 4-cü dərəcə verilmiş, xx.xx.1989-cu il tarixdə pr.9a №-li əmrə əsasən 5-ci dərəcəli qaz qaynaqçısı peşəsində işə qəbul olunmuş, xx.xx.1994-cü il tarixdə 6-cı dərəcə verilmiş, pr 1-05 №-li əmrə əsasən xx.xx.1996-cı il tarixdə işdən azad olunmuş, xx.xx.1996-cı il tarixdə pr 1a №-li əmrə əsasən SSU-12 tresti - BBTİ 12 saylı Tikinti İdarəsində qaynaqçı peşə vəzifəsində işə qəbul olunmuş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən xx.xx.2000-ci il tarixdə 04/k nömrəli əmr ilə işdən azad olunmuş, xx.xx.2008-ci il tarixdə 15 /kş №-li əmrə əsasən "xxxx" Təmir Tikinti idarəsinin əsaslı tikinti sahəsində 6-cı dərəcəli qaz qaynaqçısı peşəsinə işə qəbul olunmuş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2014-cü il tarixdə 122/k №-li əmr ilə işdən azad edilmişdir.

12. DT-İ 779824 nömrəli diplomunun surətinə əsasən, iddiaçı xx.xx.1978-xx.xx.1982-cı il tarixlərdə Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Sənaye avadanlıqlarının quraşdırılması və təmiri” ixtisası üzrə təhsil almışdır.

13. İZ ******* nömrəli hərfbi biletin surətinə əsasən, iddiaçı xx.xx.1982-xx.xx.1984-cü il tarixlərdə hərbi xidmətdə olmuşdur.

14. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddianın məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.

15. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

16. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

17. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

18. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

19. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

21. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

22. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

23. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir.

24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

25. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

27. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

28. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.

29. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

31. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. - əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

32. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, xx.xx.1978-xx.xx.1982-ci il tarixlərdə təhsil almış, xx.xx.1982-xx.xx.1984-cü il tarixlərdə hərbi xidmətdə olmuş, əmək fəaliyyətinə xx.xx.1984cü il tarixdə başlamışdır.

33. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının ümumi və xüsusi iş stajı mübahisələndirilmiş (xx.xx.1996-xx.xx.2000, xx.xx.2008-xx.xx.2009 və xx.xx.2014xx.xx.2014), Bakı Politexnik Texnikumunda təhsil aldığı dövrlər ümumi iş stajına əlavə edilməmişdir. Belə ki, DT-İ 779824 nömrəli diplomun surəti və Elm və Təhsil Nazirliyinin təqdim etdiyi arxiv arayışından görünür ki, iddiaçı Texnikumun əyani şöbəsində xx.xx.1978-xx.xx.1982-ci il tarixlərdə təhsil alaraq ona “texnik –mexanik” ixtisas dərəcəsi verilmişdir.

34. Bununla bağlı məhkəmə qeyd edir ki, həm qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun “ğ” bəndi, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə” Əsasnamənin 8-ci bəndi ilə müəyyən edilmişdir ki, peşə təhsil məktəbində təhsil müddəti sosial sığorta stajına daxil edilməlidir.

35. İddiaçının mübahisələndirilən (xx.xx.1996-xx.xx.2000) iş stajına münasibətdə məhkəmə qeyd edir ki: - İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, BBTİ-nin Santexnik işləri üzrə Tikinti İdarəsində xx.xx.1996-cı il tarixdə qaynaqçı peşəsinə işə götürülmüş (xx.xx.1996-cı il tarixli əmrlə), xx.xx.2000-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir.

36. Cavabdeh tərəfindən isə iddiaçının xx.xx.1996-xx.xx.2000-ci illərdə işlədiyi dövr - əmr kitablarında işə qəbul olunmağı barədə heç bir məlumat qeyd olunmadığından iş stajına daxil edilməmişdir.

37. Məhkəmə cavabehin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

38. Eyni zamanda xüsusilə qeyd olunmalıdır ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

39. İddiaçının mübahisələndirilən (xx.xx.2008-xx.xx.2014) iş stajına münasibətdə məhkəmə qeyd edir ki: - Əmək kitabçası və işəgötürənin arxiv arayışından görünür ki, "xxxx" Təmir Tikinti idarəsinin əsaslı tikinti sahəsində xx.xx.2008-ci il tarixdə 6-cı dərəcəli qaz qaynaqçısı peşəsinə işə qəbul olunmuş, xx.xx.2014-cü il tarixdə işdən azad edilmişdir.

40. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2008-xx.xx.2014-cü illərdə işlədiyi vaxta məcburi dövlət sosial sığorta haqlarının hesablanması qanunauyğun olmuşdur.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 44.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;

42. İddiaçının "xxxx" QSC-nin Təmir Tikinti İdarəsinin əsaslı tikinti sahəsində qaz qaynaqçısı peşəsində işlədiyi xx.xx.2008-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi hesabının sığorta hissəsində (ümumilikdə 7 ay: xx.xx.2008-xx.xx.2008 və xx.xx.2014-xx.xx.2014-cü illər) sığorta ödənişləri öz əksini tapmasa və cavabdeh həmin 7 ayı onun iş stajına daxil etməsə belə, məhkəmə hesab edir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çox olmuşdur.

43. Belə ki, iddiaçının xx.xx.1989-cu ildən xx.xx.1996-cı ilədək SSU-25 trestində (BBTİ 25 saylı Tikinti İdarəsində), xx.xx.1996-cı ildən xx.xx.2000-ci ilədək SSU-12 trestində (BBTİnin 12 saylı Santexnik işləri üzrə Tikinti İdarəsində) və xx.xx.2009-cu ildən xx.xx.2014-cü ilədək "xxxx" Təmir Tikinti idarəsində işlədiyi qaz kəsicisi və qaz qaynaqçısı vəzifələri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın”da 23200000 şifrəli “XXXİİİ. Ümumi peşələr” bölməsində n23200000—11618 şifrə ilə göstərilmiş “qazla kəsicilər” və 23200000—11620 şifrə ilə göstərilmiş “qaz qaynaqçıları” peşəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “35. Ümumi peşələr” bölməsində “qazla kəsicilər” və “qaz qaynaqçıları” vəzifələrinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.

44. Göründüyü kimi, iddiaçının xx.xx.1989-xx.xx.1996, xx.xx.1996-xx.xx.2000, xx.xx.2009xx.xx.2014-cü illərdə çalışdığı qazla kəsicilər və qaz qaynaqçıları vəzifələri güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşələr olmaqla güzəştli iş stajı 12 il 6 aydan çoxdur.

45. Nəticə etibarı ilə iddiaçının xx.xx.1978-xx.xx.1982-ci illərdə təhsil dövrü, xx.xx.1982xx.xx.1984-cü illərdə hərbi xidmət dövrü, xx.xx.1984-xx.xx.1996, xx.xx.1996-xx.xx.2000 və xx.xx.2009-xx.xx.2014-cü il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi stajı mövcuddur.

46. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.

47. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

48. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

49. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

50. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar