Məhkəmə qərarları › İş №2-1(112)-3364/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3364/2025

18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3364/2025 18.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 241 saylı xx.xx.1999-cu il tarixli sərəncamı əsasında İddiaçı ayrılmış 17 ar “köhnə bağ sahəsi” torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 241 saylı sərəncamına və Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş yerləşmə cizgisinə istinad edərək, Badamdar qəsəbəsində 1-ci yaşayış massivində (17.68 ar) mövcud olan bağ sahəsində İddiaçı fərdi yaşayış evinin tikilməsinə və digər məsələlər barədə sərəncam verilmişdir. Bağ sahəsi həmin tarixdən istifadəsindədir. Bağ sahəsi ilə bağlı hər hansı bir iddia qaldırılmamışdır. Müvafiq sənədləri toplayaraq “köhnə bağ sahəsi" torpaq sahəsinə çıxarış alınması üçün X1 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Lakin cavabdeh İdarə tərəfindən çıxarış verilməsindən imtina edilərək əsas gətirmişlər ki, müraciətinizlə əlaqədar olaraq bildirik ki, təqdim edilmiş Səbail rayon icra hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 241 saylı sərəncamına “köhnə bağ sahəsi" torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin, həmin sərancamla sənədlər toplusuna əlavə edilmiş yerləşmə cizgiləri arasında sahənin yerləşmə ünvanı ilə bağlı sahəsi”' kimi, cizgilərdə isə “2-ci yaşayış massivi” kimi qeyd olunmuşdur. Təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələri qeyd edilməmiş, cizgidəki sahə ilə faktiki göstərilən sahə arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqləri olduğundan sənədin həmin sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. İddia olunan torpağın sahəsi elektron kadastr məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 241 saylı sərəncamı ilə iddiaçının istafədəsinə ayrılmış “köhnə bağ sahəsi” torpaq sahəsinin coğrafi yerləşmə mövqeyini müəyyənləşdirməyə imkan verən dəqiq istinad və məsafələr qeyd olunan cizgidə əks olunmuş, bununla da torpaq sahəsinin hüquqi statusu (təyinatı), konfiqurasiyası, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti müəyyən edilmişdir. İddia olunan torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasının mülkiyyətinə aid ərazidə yerləşir. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Daha sonra Səbail Rayon İcra hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 241 saylı sərəncamına aid olan Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşmə 17,68 ar “köhnə bağ sahəsi” torpaq sahəsi ərazidə yerləşdiyi qeyd olunur. Ona görə də qeyd edir ki, 17,68 ar “köhnə bağ sahəsi” torpaq sahəsi icra hakimiyyəti tərəfində Dövlət torpaqlarının hüdüdlarında qanununa uyğun ayrılmışdır. Hesab edir ki, imtina tamamilə əsassızdır.

3. Cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, “təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının 241 saylı, xx.xx.1999-cu il tarixli sərəncamında torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin, həmin sərəncamla sənədlər toplusuna əlavə edilmiş yerləşmə cizgiləri arasında sahənin yerləşmə ünvanı ilə bağlı uyğunsuzluq mövcuddur. Belə ki, sərəncamda ünvan “köhnə bağ sahəsi” kimi, cizgilərdə isə “2-ci yaşayış massivi” kimi qeyd olunmuşdur. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır.”

4. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, təqdim edilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçının 241 nömrəli xx.xx.1999-cı il tarixli torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin həmin sərəncamla sənədlər toplusuna əlavə edilmiş yerləşmə cizgiləri arasında sahəsinin yerləşmə ünvanı ilə bağlı uyğunsuzluq mövcuddur. Belə ki, sərəncamda ünvan “köhnə bağ sahəsi” kimi, cizgilərdə isə ”2-ci yaşayış massivi” kimi qeyd edilmişdir. Bundan başqa torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinad məsafələr, peremetrik ölçülər və konfiqurasiyasında ciddi uyğunsuzluq olduğundan sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olunmaması müəyyən etmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən baxış keçirilən zaman şərti göstərilən torpaq sahəsinin faktiki ölçüsünün 1700 kv.m olduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilir.

5. Məhkəmə sorğusu əsasında Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçının xx.xx.1999-cu il tarixli 241 nömrəli “Badamdar qəsəbəsində “köhnə bağ” sahəsinin sənədləşdirilməsi barədə” sərəncamında qeyd edilmişdir ki, Badamdar qəsəbəsində mövcud olan “köhnə bağ” sahəsinin İddiaçı adına sənədləşdirilməsi və orada fərdi evin tikilməsinə icazənin verilməsinə dair sərəncam verilmişdir.

6. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Səbail rayonu Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinin faktiki ölçüsü 1700 kv.m təşkil edir. Torpaq sahəsi hər tərəfdən daş hasara sərhədlənmişdir. Torpaq sahəsi üzərində iki mərtəbəli yaşayış evi vardır.

7. İddiaçı tərəfindən təqdim edilmiş cizgidən qeyd edilmişdir ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçının xx.xx.1999-cı il tarixli 241 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 68 saylı evin torpaq sahəsinin yerləşmə gizgiləri müəyyən edilmişdir.

8. Məhkəmə sorğusu əsasında əldə edilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il 5-19/2-296/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, sorğunuza əlavə edilmiş Sərəncam və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) Səbail Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, müraciətinizə əlavə edilmiş sxemdə qeyd olunan torpaq sahəsinin faktiki yerini təyin etmək mümkün olmamışdır. Bundan başqa qeyd etmək istərdik ki, İddiaçı Səbail Rayon İcra Hakimiyyətinə hər hansı müraciəti daxil olmamışdır.

9. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 73 saylı fərdi yaşayış evinin tikintisinə dair 1310 saylı və xx.xx.1994-cü il tarixli 2008 nömrəli, xx.xx.1995-ci il tarixli 807 nömrəli sərəncamlarına aid olan sənədlər daxilində Badamdar qəsəbəsi 2 saylı yaşayış massivində yerləşən 55, 64 və 73 nömrəli torpaq sahələrinə dair cizgilərdən 68 saylı torpaq sahəsinin yerləşdiyi yer müəyyən edilmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

13. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

16. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

17. İddia mümkündür

III. Məhkəmənin mövqeyi

18. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçının xx.xx.1999-cu il tarixli 241 nömrəli “Badamdar qəsəbəsində “köhnə bağ” sahəsinin sənədləşdirilməsi barədə” sərəncamına əsasən Badamdar qəsəbəsində mövcud olan “köhnə bağ” sahəsinin İddiaçı adına sənədləşdirilməsi və orada fərdi evin tikilməsinə icazənin verilməsinə dair sərəncam verilmişdir. İddiaçı cavabdehə həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir.

19. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

20. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

21. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

23. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

25. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir.

26. Cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri məhkəmə əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, torpaq ayırma sənədi ilə (Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 241 nömrəli sərəncamı) İddiaçı Badamdar qəsəbəsində mövcud olan “köhnə bağ” sahəsində fərdi evin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Əlavə edilmiş sxematik planın cizgiləri ilə iddia olunan torpaq sahəsinin konfiqurasiyasının üst-üstə düşdüyü müəyyən edilmişdir. Torpaq sahəsinin faktiki ölçüsü ilə hüquqi sənəd əsasında müəyyən edilmiş ölçüləri eynilik təşkil edir, torpaq sahəsi iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. İddiaçı isə məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir. Cavabdeh tərəfindən həmin hüquqmüəyyənedici sədədlərin qanunvericiliklə tələb olunan müvafiq sənədlərə uyğunluğu yoxlanılmadan, qanuni əsaslarla torpaq sahəsindən istifadə olmasına baxmayaraq, əsassız olaraq torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Eyni zamanda, sözügedən hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş sənədlərin mötəbərsizliyinə dair cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

27. Cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri, yəni təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının 241 saylı, xx.xx.1999-cu il tarixli sərəncamında torpaq sahəsinin ölçüsü qeyd olunmaması, həmin sərəncamda ünvan “köhnə bağ sahəsi” kimi, cizgilərdə isə “2-ci yaşayış massivi” kimi qeyd olunması halını məhkəmə əsassız hesab edir.

28. Belə ki, məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının torpaq sahəsinin qonşuluqda yerləşən Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 807 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsi “köhnə bağ” sahəsi qeyd edilsə belə, cizgidə “2-ci yaşayış massivi” kimi göstərilmişdir.

29. Göründüyü kimi torpaq sahəsinin ünvanın adında dəyişiklik olub. Bununla yanaşı məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş məktubdan bəlli olur ki, iddiaçının torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə Səbail rayonu, Badamdar qəsəbəsi hüdudları daxilində yerləşir.

30. Cavabdehin digər dəlili - Səbail Rayon İcra Hakimiyyəti başçısının 241 saylı, xx.xx.1999cu il tarixli sərəncamında torpaq sahəsinin ölçüsünün qeyd olunmamasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, sərəncamda torpaq sahəsinin ölçüsü qeyd edilməsə də, yerləşmə cizgisində torpaq sahəsinin ölçüsü göstərilməklə icra hakimiyyətinin sərəncamına istinad edilmişdir.

31. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

32. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

33. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 241 saylı xx.xx.1999-cu il tarixli sərəncamı əsasında İddiaçı ayrılmış 17 ar (1700 kv.m) “köhnə bağ sahəsi” torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1in 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar