Məhkəmə qərarları › İş №2-1(112)-3367/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3367/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3367/2025 18.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" Mənzil-Tikinti Kooperativi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın etibarsız hesab olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" Mənzil-Tikinti Kooperativi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı, X9, X7 və X6 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi üçüncü şəxs qismində göstərilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı Sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İddiaçılardan X6 xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək, iddianın ona aid hissədə geri götürülmüş hesab olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X1 ərizəsi təmin edilərək, iddiaçılar İddiaçı, X8, X2 və X1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi üçüncü şəxs qismində göstərilməklə “sərəncamın ləğv edilməsi” tələbi barədə iş üzrə icraata iddiaçı X3 münasibətdə xitam verilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-14401/2024 saylı qərardadı ilə "xxxx" Mənzil-Tikinti Kooperativi (bundan sonra mətndə "xxxx" MTK) zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-14401/2024 saylı qərardadı ilə İddiaçı, X8 və X2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi üçüncü şəxs qismində göstərilməklə və "xxxx" MTK zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması barədə iddiaçılar İddiaçı, X8 və X2 vəsatəti təmin edilməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3367/2025 saylı qərardadı ilə iddiaçılar X12 və X2 iddiadan imtina barədə ərizələri təmin edilərək, iddiaçılar İddiaçı, X8, X2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbi barədə iş üzrə icraata iddiaçılar X12 və X5 münasibətdə xitam verilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı Sərəncamının etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazisində qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün MTK-nın icarə əsasında istifadəsinə verilmişdir. Sərəncamı aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edirlər. Belə ki, Mülki Məcəllənin 227.1-ci maddəsinə əsasən yaşayış binasının yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Yəni, binanın altındakı torpaq sahəsi onun istifadəsindədir. Belə ki, Mülki Məcəllənin 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Məcəllənin 243.3-cü maddəsinə görə özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. Buna görə də cavabdeh inzibati orqan onun istifadəsində olan torpaq sahəsini üçüncü şəxsin istifadəsinə verə bilməz. Sərəncamın 2.4-cü bəndində “Kursus-Nizami" MTK-nin üzərinə torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının təmin edilməsi vəzifəsi indiyədək icra olunmayıb. İcra oluna da bilməz. Çünki torpaq sahəsi onun mülkiyyətində olan mənzilin yerləşdiyi bina onunla bərabər bir çox vətəndaşın istifadəsindədir. Cavabdeh inzibati orqanın və üçüncü şəxsin iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh inzibati orqan müvafiq olaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmasını xahiş edi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri”ndən MH seriyalı, ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində istifadədə olan 0.0726 ha torpaq sahəsində yerləşən 39 №-li 3 mərtəbəli binada ümumi sahəsi 49 kv. metr olan 2 otaqlı 10 nömrəli mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 398 nömrəli reyestr kitabının 37050 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli 338 saylı Sərəncamının surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 11-13/468 nömrəli "xxxx" MTKnın xx.xx.2021-ci il tarixli, 1/14 nömrəli müraciətlərini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-07818 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********06 nömrəli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun xx.xx.2021-ci il tarixli, xx/xx-01239 nömrəli razılıq məktublar nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələbləri rəhbər tutularaq Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazisində qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün "xxxx" MTK-nın icarə əsasında istifadəsinə verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ... Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. ... Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. ... Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ... Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. ... Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. ... Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. ... Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: ... 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. ... Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. .. Maddə 15. Yaşayış sahəsindən istifadə Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Maddə 6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: .. bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlətehtiyacları üçün alınması; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: ... Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Maddə 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: 4.2.1. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; 4.2.2. Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması; ... Maddə 7.0. Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 7.0.1. sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; 7.0.2. təhlükəsizliyin təmin edilməsi. 17.1. Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydaları 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; .... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət ... 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. ... Maddə 11. Qanunçuluq prinsipi. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 65. İnzibati aktın etibarsız sayılması. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. MƏHKƏMƏNİN MÖVQEYİ Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı Sərəncamının etibarsızlığının tanınmasına nail olmaqdan ibarətdir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı Sərəncamı əsasında iddiaçının xüsusi mülkiyyətində olan mənzilin də yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində yerləşən 3 mərtəbəli yaşayış binasının yerləşdiyi torpaq sahəsi icarə hüquqi əsasında "xxxx" MTK-nın istifadəsinə verilmişdir. İlk olaraq, mübahisə, iddiaçıya məxsus mənzilə mülkiyyət hüquqları və onun itirilməsi ilə bağlı olduğu üçün mülkiyyət hüququ və ona müdaxilə imkanları, bu çərçivədə tərəflərin öhdəlikləri nəzərdən keçirilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Mülki Məcəlləyə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, mülkiyyət hüququ Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyərdir. Eyni zamanda, bu hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Qanunvericiliklə mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları aydın tənzimlənmişdir. Məhdudlaşdırılmanın həmin müddəalar çərçivəsində yolverilən sayılması üçün mülkiyyət hüququna müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir. Hazırkı işdə iddiaçının ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququna müdaxilənin mümkünlüyünü nəzərdə tutan aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. O cümlədən, qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yeniləri inşa edilməklə, mülkiyyət hüququnun kompensasiyası mümkündür. Bununla yanaşı, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşımalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(007)-1887/2024 saylı qətnaməsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə xx.xx.2021ci il tarixli rəydən görünür ki, ərazidə (Q.Qarayev prospekti, İmaməddin Nəsimi, Kamil Balakişiyev və Şirin Mirzəyev küçələrinin kəsişməsindəki məhəllə) 36a, 38, 42, 44,46, Qara Qarayev prospektinə paralel, 19/48, 15, 35, 54, 56 nömrəli 5 mərtəbəli yaşayış binaları, 39, 41, 43, 45, 47/13 nömrəli 3 mərtəbəli yaşayış binaları, 2 mərtəbəli uşaq bağçası, 2 mərtəbəli qeyri-yaşayış, 1 mərtəbəli qazanxana və kiçik daş tikililər mövcuddur. Tikililər 1960-cı illərdə inşa edilmişdir. Vizual texniki baxış zamanı binaların yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi müşahidə olunmuş, döşəmələrin ağac elementlərində müxtəlif deformasiyalar, bioloji zədələnmələr yaranmışdır. Pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcud olduğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Dam örtükləri yararsız vəziyyətdədir. Şiferlər sınmış, köhnəlmiş, müəyyən sahələrdə yerdəyişmələr, çardağın ağac elementlərində çatlar, əyintilər, yumşaq örtüklü damlarda çoxsaylı zədələr yaranmışdır. Atmosfer şüalarının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunmuşdur. Sakinlər tərəfindən yaşayış binalarına bitişik və söykənmiş primitiv tikililər inşa edilmiş, tikililər əsasən balkonların üstündəvə baş fasadın konstruktiv elementlərinə bağlandığından binalar əlavə yüklənmişdir. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlılığı yolverilməzdir. Tikililərin mövcud texniki vəziyyəti bu günki qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdədir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.3-cü maddəsində şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin müvafiq icra hakimiyyəti orqanları, yəni səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsi müəyyən olunmuşdur. Həmçinin, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli, xx.xx.2012-ci il tarixli Fərmanının 3.11.1-ci və 3.11.2-ci bəndlərində qeyd edilmişdir ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir. Göründüyü kimi, köhnə binaların sökülüb yerinə yeni binaların tikilməsinə müvafiq icra hakimiyyət orqanları nəzarət edir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki: - Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Piraliahı, Xəzər rayonlarının ərazisində abadlıq- quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. - Göründüyü kimi, Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz. - Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuş; Qeyd edilən qaydalar təkmilləşdirilənədək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalı olduğu bildirilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri İcra Hakimiyyətinin müvafiq sərəncamı qəbul edilən zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə xx.xx.2021-ci il tarixli rəy ilə ünvan 2 ünvanında yerləşən yaşayış evinin texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, şəhərsalma və tikinti normalarına cavab verməməsi barədə rəy verilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz onlar üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Məhkəmə hesab edir ki, konkret halda iddiaçı pozulmuş hesab etdiyi hüquqlarını (öz əmlak hüquqlarından sui-istifadə etməməklə) mənzilin əvəzinə bazar qiymətinə uyğun kompensasiya ödənilməsi (tələbi) ilə daha münasib və effektiv yolla bərpa etməsi mümkündür. Eyni zamanda işin faktiki hallarından müəyyən olunur ki, "xxxx" MTK tərəfindən müvafiq sərəncamın icrası ilə mülkiyyət hüququnun pozulması hallarına yol verilməmiş, ona mülkiyyətində olan əmlakın müqabilində ədalətli təkliflər edilmişdir. Belə olan halda MTK-nın üzərinə düşən öhdəlikləri icra etməsi və sakinlərə ədalətli mənzil sahələri və kompensasiya təklifləri onların öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bundan əlavə mübahisələndirilən inzibati aktın etibarsız sayılması barədə iddiaçının dəlilləri ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “İnzibati İcraat haqqında” Qanun inzibati aktın ləğv edilmə və etibarsız sayılma əsaslarını müstəqil qaydada nizamlamışdır. “İnzibati İcraat haqqında” Qanunun “İnzibati aktlar” adlanan 6-cı fəslində inzibati aktın forması, İnzibati akta dair ümumi tələblər, yazılı inzibati aktın rekvizitləri, inzibati aktda əlavə müddəaların (göstərişlərin) nəzərdə tutulması, inzibati aktın əsaslandırılması, inzibati aktın qəbul olunması haqqında məlumat verilməsi qaydaları nəzərdə tutulmuşdur ki, həmin qaydaların pozulması qəbul olunan inzibati aktın Qanunun 67.1-ci maddəsinə əsasən inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunan qanunsuz inzibati akt kimi qiymətləndirməklə ləğv edilməsinə əsas verir. İddiaçının mübahisələndirdiyi sərəncamın etibarsızlığı üçün iddia etdiyi hallar- Qanunun 67-ci maddəsinin tələbləri baxımından inzibati orqanın sərəncamının etibarsızlığı üçün əsas deyil. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" Mənzil-Tikinti Kooperativi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar