Məhkəmə qərarları › İş №2-1(112)-3368/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3368/2021

08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3368/2021 08.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X5 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X5 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Bakı şəhəri, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış sahəsinin layihəyə əsasən dövlət qeydiyyatına alınaraq, reyestrdən onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirr. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, qəsəbəyə gedən Mərkəzi yolun sol tərəfində yerləşən onun istifadəsində olan torpaq sahəsinin üzərində layihə əsasında ticarət obyektinin tikintisinə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 736 nömrəli, xx xxxxxxx 2014-cü il tarixli sərəncamı ilə icazə verilmişdir. Həmin vaxtdan qeyri-yaşayış binası layihəyə uyğun tikilmişdir. Eyni zamanda eskiz layihə İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış, istismara hazırlıq aktı, müvafiq icra hakimiyyəti orqanlarının rəyləri də əlavə olunmuşdur. Qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X5 Xidməti ilə onun arasında icarə müqaviləsi bağlanmışdır. İstifadəsində olan qeyri-yaşayış sahəsinə dair müvafiq sənədlərlə çıxarışın alınması üçün cavabdehə müraciət edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci, Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müxtəlif qərarlarına istinad edərək çıxarış verməkdən imtina etmişdir. Cavabdehin imtinası qanunsuzdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, sözügedən qeyri-yaşayış binasının Tikinti Obyektinin istismarına icazə təqdim edilməmişdir. Bundan əlavə, obyektin tikintiyə icazə verilməsi barədə qərar və eskiz layihəsi Bakı Şəhər icra Hakimiyyəti tərəfindən təsdiq olunmamışdır. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********41 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 736 №-li, xx.xx.2014-cü il tarixli sərəncamın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Zirə qəsəbəsi, qəsəbəyə gedən Mərkəzi yolun sol tərəfində istifadəsində olan torpaq sahəsində layihə əsasında ticarət obyektinin tikintisinə icazə verilmişdir. - “xxxx” MMC tərəfindən tərtib edilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində İddiaçı tərəfindən inşa edilmiş ticarət obyektinin eskiz layihəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin eskiz layihəsi Xəzər rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 37/D- 00073 №-li, xx.xx.2020-ci il tarixli iddiaçıya ünvanlanan məktubundan və məktuba əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentiliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən təsdiq edilmiş Ö/003585 №-li, xx.xx.2020-ci il tarixli istismara hazırlıq aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, qəsəbəyə gedən yolun sol tərəfində ümumi sahəsi 84,0 kvm. olan 1 mərtəbəli ticarət obyekti Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 736 nömrəli sərəncamına əsasən İddiaçı tərəfindən “xxxx” MMC-nin layihəsinə əsasən xx.xx.2015-ci ildə tikintisinə başlanmış və xx xxxx 2016-cı ildə qurtarmışdır. Həmin akt obyektdə tikinti-quraşdırma işlərinin sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, Müfəttişlik tərəfindən Dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq edir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 1037 №-li, xx.xx.2020-ci il tarixli rəyinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, qəsəbəyə gedən mərkəzi yolun sol tərəfində yerləşən fiziki şəxs İddiaçı məxsus tiarət obyektinin təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2020-ci il tarixli, 1037 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X5 Xidməti (icarəyəverən) ilə İddiaçı (icarəçi) arasında bağlanmış özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 91 №-li, xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanındakı qeyri-yaşayış sahəsinin yerləşdiyi 84.0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. İcarə müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında (qeydiyyat 7609 №-li) olan daşınmaz dövlət əmlakı haqqında xx.xx.2020-ci il tarixli registrdən çıxarışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, qeyri-yaşayış binasının yerləşdiyi 84 kv.m torpaq sahəsi üzrə icarə müqaviləsi qeydə alınmışdır. - İdarə tərəfindən iddiaçıya ünvanlanan **********41 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən qeyriyaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmışdır. Sözügedən qeyri-yaşayış binasının Tikinti Obyektinin İstismarına icazə təqdim edilməmişdir. Bundan əlavə, obyektin tikintiyə icazə verilməsi barədə qərar və eskiz layihəsi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunmamışdır. Bu səbəblərdən ərizənizin icrası tərəflərindən mümkün olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 736 nömrəli sərəncamına əsasən İddiaçı Zirə qəsəbəsi, qəsəbəyə gedən Mərkəzi yolun sol tərəfində istifadəsində olan torpaq sahəsində layihə əsasında ticarət obyektinin tikintisinə icazə verilmiş, həmin ərazidə İddiaçı tərəfindən icra hakimiyyətinin təsdiq etdiyi layihəyə uyğun olaraq sahəsi 84 kvm. olan qeyri-yaşayış obyekti inşa edilmişdir. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi icarə müqaviləsinə əsasən İddiaçı istifadəsindədir. İnşa edilmiş qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən istismara qəbul edilmişdir. İddiaçı inşa etdiyi qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciəti cavabdeh inzibati orqan tərəfindən qeyri-yaşayış binasının Tikinti Obyektinin İstismarına icazəsinin təqdim edilməməsi, obyektin tikintiyə icazə verilməsi barədə qərarın və eskiz layihəsinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunmaması əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.9-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı əsas hesab olunur. - 8.0.10-cu maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası X5 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxx 2015-ci il tarixli 1262-İVQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə aşağıdakı məzmunda 80.1-1-ci maddə əlavə edilmişdir: - “80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1.400 kvadratmetrdən və tikinti sahəsi 1.000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.”. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxx 2017-ci il tarixli 673-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində 80.1-1-ci maddə ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.12-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək səlahiyyəti mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçının mövcud qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlərinin mövcud olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmışdır. Bundan əlavə mübahisəli daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadəsini istisna edən hallara dair, həmçinin həmin tikilinin İİİ məsuliyyət səviyyəli binaya aid olmamasını istisna edən hallar müəyyən edilmədiyindən, bununla bağlı məhkəmə icraatında cavabdeh tərəfindən başqa sübutlar təqdim edilmədiyindən, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyatı qanuna zidd deyildir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nətcəyə gəlir ki, İddiaçı Bakı şəhəri, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən sahəyə mülkiyyət hüquqları əldə etmişdir və onun müvafiq qeyriyaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalı və bu barədə reyestrdən çıxarış verilməli idi. Belə olan halda məhkəmə cavabdehin imtinasını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək Bakı şəhəri, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış sahəsinin layihəyə əsasən dövlət qeydiyyatına alınaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin qeyri-yaşayış sahəsinə dair texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən qeyriyaşayış sahəsinin layihəyə əsasən dövlət qeydiyyatına alınaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin qeyri-yaşayış sahəsinə dair texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası X5 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar