Məhkəmə qərarları › İş №2-1(112)-3368/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3368/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3368/2022 09.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Nizami rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 6 yaşayış sahəsinə onun və birgə nikahdan anadan olmuş X3 qeydiyyata alınmaları barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 04 iyun 2014-cü il tarixdə Rövşən Hüseynov ilə ailə qurmuş və ona məxsus ünvan 6 yaşayış sahəsinə 04 iyun 2014-cü il tarixdə cehiz əşyaları ilə birgə gəlin köçmüşdür. Onların birgə nikahından 23.02.2015-ci il təvəllüdlü X6 anadan olmuşdur. 2014-cü ildən öz ailə üzvləri ilə birlikdə orada yaşayır. O, həmin yaşayış sahəsinə qeydiyyata alınması barədə cavabdehə müraciət etmişdir. Cavabdehin 25 sentyabr 2021-ci il tarixli məktubu ilə müraciət təmin olunmamışdır. Qeyd edir ki, həmin yaşayış sahəsinə qeydiyyata alınmasına ailə üzvləri də razıdılar. Cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsi lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının 28.07.2017-ci il tarixli, AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuşdur, yaşayış yeri ünvan 1 ünvanıdır. - 2 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən verilmiş AZ-İ 997849 №-li, 03.10.2014-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X8 arasında 03.10.2014-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada isə Hüseynova soyadı verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, 18.11.2021-ci il tarixli arayışdan görünür ki, 06.09.1977-ci il təvəllüdlü X5 və 24.09.1993-cü il təvəllüdlü X1 24.12.2019-cu il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadırlar. - Nizami rayonu Xalq Deputatları İcra Komitəsinin 20/3006 №-li qərarının surətindən görünür ki, vətəndaş Z.H.Misirova mənzilin verilməsi haqqında 6/1630 №-li, 27.05.1989-cü il qərarına qismən dəyişiklik edilməsi, Z.Misirovun Zakir küçəsi 11/10 ünvanında yerləşən 24,5 kv.m yaşayış sahəsinə malik özütikili evində M.Ə.Hüseynovun ailəsinin yaşamasına icazə verilməsinə, M.Ə.Hüseynovun Zakir küçəsi 11 ünvanında 14,5 kv.m yaşayış sahəsinə malik evin sökülməsinə qərar verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 12.11.2021-ci il tarixli, **********33 №-li məktubdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi, ev 11, 10 saylı mənzilin qeydiyyatdan keçməsi haqqında məlumat İdarənin arxivində aşkar edilməmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 25.09.2021-ci il tarixli, 087-262324- 3221 №-li məktubdan görünür ki, yaşadığı ünvana qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Göstərilən ünvana yaşayış yeri üzrə qeydiyyata alınması üçün "Yaşayış yeri üzrə və olduğu yer üzrə qeydiyyat haqqında "Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həmin mənzilin qanunvericiliklə nəzərdə tutulmuş sənədini (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakin dövlət reyesterindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və mülkiyyət sahibinin razılıq ərizəsini QMB-nə təqdim etməlidir. Qeyd olunan sənədlərin hər hansı birini X2 təqdim edə bilmədiyi təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edə bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 6 ünvanında qeydiyyatsız yaşayır. Həmin ünvanda iddiaçının əri qeydiyyatdadır. Həmin ünvan üzrə ev özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı sözügedən ünvana qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, yaşadığı həmin yaşayış sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi təqdim etmədiyindən cavabdeh inzibati orqan onu yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. Hazırda iddiaçı cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaa üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb oluna bilməz. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun qeyd edilən tələblərindən görünür ki, şəxsin yalnız qanuni əsaslarla yaşadığı ev onun yaşayış yeri sayıla bilər ki, həmin yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün də həmin şəxs tərəfindən ərizə-anketlə birlikdə şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin müvafiq icra hakimiyyəti orqanına təqdim olunması tələb olunur. Qeyd edilən Qanunun 8-ci maddəsinin tələbindən isə görünür ki, bu qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İşin halları ilə isə iddiaçının daimi yaşamaq məqsədilə qanuni əsaslarla həmin yaşayış evinə köçüb yaşamasına hüquq verən sənədlərin mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı mübahisəli ünvanda olan yaşayış sahəsinə qeydiyyata alınmasını tələb etsə də həmin yaşayış sahəsinə qanuni əsaslarla köçüb yaşaması və buna hüquq verən sənədlərin, yəni ünvan 6 ünvanına dair orderin, qeydiyyat vəsiqəsinin (və ya reyestrdən çıxarışın), kirayə və ya icarə müqaviləsinin mövcudluğu tərəfindən sübuta yetirilmədiyindən cavabdeh orqan iddiaçını qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Bu imtina qanuna zidd deyildir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Ona görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar