Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3369/2022 08.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı “akt qeydinə düzəliş edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, doğumunun və valideynlərinin nikahı haqqında akt qeydində atasının adının “Elçin”dən “Elşın”a düzəliş edilməsini xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2021-ci il tarixli 05/Q-286/68 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və məktubda göstərmişdir ki, sənədlər nəzərdən keçirilərkən iddiaçının valideynlərinin Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixdə tərtib edilmiş 132 saylı nikah haqqında akt qeydində kişi haqqında məlumat qarafasında, eləcə də Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1994-cü ildə tərtib edilmiş 1665 saylı doğum haqqında akt qeydində ata haqqında məlumat qarafasında adı “Elçin” yazıldığı halda, 2 saylı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021ci ildə tərtib edilmiş 607 saylı ölüm haqqında akt qeydində adı “Elşın” göstərildiyi müəyyən edilmişdir. Cavabdeh Ailə Məcəlləsinin 161-ci maddəsinə istinad etmiş və bildirmişdir ki, qeydiyyat şöbəsində müvafiq düzəlişin edilməsi mümkün deyildir.
3. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz sayılması, xx.xx.1994cü il tarixli 1665 saylı doğum haqqında akt qeydində və xx.xx.1994-cü il tarixdə tərtib olunmuş 132 saylı nikah haqqında akt qeydində qeyd olunmuş “Elçin” adının “Elşın” adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması:
4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə şəhadətnamə xx.xx.1994-cü il tarixli 1665 saylı doğum haqqında akt qeydi ilə qeydiyyata alınmışdır. Şəhadətnaməsinin ata adı qrafasında X5 qeyd edilmişdir. Həmçinin valideynlərinin Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixdə tərtib olunmuş 132 saylı nikah haqqında akt qeydində kişi haqqında məlumat qrafasında atasının adı Elçin kimi qeyd olunmuşdur. Əslində isə adı "Elşın" olmuşdur. Onun şəxsiyyət vəsiqəsində də, adına olan əmlaklarda da, 2 saylı Asan xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş 607 saylı ölüm haqqında akt qeydində də adı "Elşın” kimi göstərilmişdir. Əslində olan da belədir, atasının adı "Elşın” olmuşdur və bütün sənədlərdə də bu cür qeyd olunmuşdur. Atası vəfat etdikdən sonra iddiaçı vərəsəlik şəhadətnaməsini almaq üçün müraciət etdikdə doğum haqqında şəhadətnamədə və valideynlərinin nikah haqqında akt qeydində atasının adı düzgün qeyd olunmadığından vərəsəliyi qəbul etməkdə çətinlik yaranmışdırr. İddiaçı 1ci qrup əlildir və gəzə bilmir. Qeydiyyat şöbəsi isə akt qeydində düzəliş etmək əvəzinə onun işini ləngidərək süründürməçiliyə yol vermişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaya yazılı münasibətini məhkəməyə təqdim etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
6. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda isə iddiaçının iddiasına etiraz etmədiyini və işin həllinin məhəkəmənin mülahizəsinə buraxıldığını bildirmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər.
8. Cavabdeh xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarla iş üzrə keçiriləcək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
9. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
10. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
11. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
12. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
14. Hazırkı iddia akt qeydinə düzəliş edilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
15. İddianın mahiyyətinə gəldikdə məhkəmə qeyd edir ki, xx.xx.1994-cü il tarixli 132 nömrəli nikah haqqında akt qeydindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X8 və xx.xx.1968-ci il təvəllüdlü X6 arasında bağlanmış nikah qydə alınmış 424344 saylı şəhadətnamə verilmişdir.
16. İddiaçıya məxsus 1665 nömrəli xx.xx.1994-cü tarixli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydi tərtib edilməklə 325861 nömrəli şəhadətnamə verilmişdir. Akt qeydində iddiaçının atası kimi “xx.xx.1962-ci il təvəllüdlü “X5” Elçin” göstərilmişdir.
17. İddiaçıya məxsus xx.xx.2019-cu il tarixdə verilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının ata adı “Elçin” kimi göstərilmişdir.
18. İş materiallarında olan AZE seriyalı 14896388 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1962-ci il tarixdə doğulmuşdur, şəxsiyyət vəsiqəsində adı “Elşın” kimi qeyd olunmuşdur.
19. Eyni zamanda işdə olan X3 məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.2007-ci il tarixdən etibarən ona verilən şəxsiyət vəsiqələrində onun adı X1 qeyd olunmuşdur.
20. AZ-İİ №199468 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Şəhadətnamədə şəxsin adı “Elşın” kimi göstərilmişdir.
21. 03.12.2019-cu il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ 2106 minik markalı nəqliyyat vasitəsi X3 məxsus olmuşdur.
22. 21.12.2011-ci tarixdə verilmiş AB №443707 saylı sürücülük vəsiqəsindən görünür ki, vəsiqənin sahibi X4r.
23. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X2 xüsusi mülkiyyətində olmuşdur.
24. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********89-05101-093018 reyestr nömrəli texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzrə hüquq subyekti X7 olmuşdur.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən E.Alıbəyovun doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır.
26. Beləliklə, istinad olunanlardan müəyyən olunur ki, iddiaçının atası olan X2 doğum haqqında akt qeydi mövcud deyil, ona xx.xx.2007-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində, daha sonra tərtib edilmiş bütün hüquqmüəyyənedici sənədlərdə və ölüm haqqında şəhadətnamədə adı “Elçin” deyil, “Elşın” kimi qeyd olunmuşdur.
27. İddiaçı hazırda onun akt qeydində ata adının “Elşın” deyil, “Elçin” kimi qeyd olunmasını, buna görə də vərəsəliklə bağlı şəhadətnamə ala bilmədiyini bildirməklə akt qeydinə düzəliş edilməsini xahiş edir.
28. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: - maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. - maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir.
30. Həmin hissənin 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. - 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. - 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. - 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. - 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. - 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
31. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydlərində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.
32. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd.
33. Yuxarıda istinad olunanlardan məlum olur ki, iddiaçının atası X2 doğum haqqında akt qeydi mövcud olmasa da, ona xx.xx.2007-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində adı “Elçin” deyil, “Elşın” kimi qeyd olunmuşdur.
34. Şəxsiyyət vəsiqəsinin vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verildiyini nəzərə alan məhkəmə qeyd edir ki, həmin şəxsin doğum haqqında akt qeydində adının “Elçin” olması iş materialları ilə müəyyən edilmir və bu barədə hər hansı bir sübut yoxdur. Elşın Alıbəyov hazırda ölmüşdür, buna görə də yeni şəxsiyyət vəsiqəsi əldə etmək imkanı mövcud deyildir.
35. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti nəticəsində akt qeydlərində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına, o cümlədən vərəsəlik hüquqularını həyata keçirməsinə mane olmamalıdır. Buna görə də məhkəmə həmin şəxsin adının “Elşın” olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının tələbində göstərdiyi akt qeydlərinə düzəliş edilməli və ata adı “Elçin” kimi deyil, “Elşın” kimi göstərilməlidir.
36. «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin olunsun. 19 avqust 1994-cü il tarixli 1665 saylı doğum haqqında akt qeydinə düzəliş edilməsi və akt qeydində İddiaçı ata adının “Elşın” kimi göstərilməsi, xx.xx.1994-cü il tarixli 132 saylı nikahın bağlanması haqqında akt qeydinə düzəliş edilməsi və “X8” sözlərinin “X7” kimi göstərilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova