Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-337/2023 15.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) X10, cavabdehin nümayəndəsi X8 iştirakı ilə iddiaçı X1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində X15 və X11 cəlb edilməklə) «torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmirşdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi uzun müddət iddiaçınln faktiki istifadəsində və sahibliyində olmuş, Bakı şəhəri Səbail RİH başçısının 7 aprel 1995-ci il tarixli 1042 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün onun adına sənədləşdirilmişdir. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına zərurət yarandığından, iddiaçı torpaq sahəsinin sənədləşdirilməsi ilə əlaqədar cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, həmçinin bütün hüquq müəyyənedici sənədləri ərizəsinə əlavə etmişdir. Cavabdeh tərəfindən verilmiş 26 oktyabr 2020-ci il tarixli **********58 saylı cavab məktubu ilə ərizə təmin edilməmişdir. İmtina məktubunda göstərilmişdir ki, təqdim edilmiş torpaq sahəsinin yerləşmə sxemində istinad və məsafələr qeyd olunmamış və faktiki vəziyyəti ilə uyğunsuzluq var. Həmçinin, torpaq sahəsinin bir hissəsi digər şəxsin adına keçmiş DTXK tərəfindən mülkiyyət hüququ haqqında verilmiş şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşür. Bundan əlavə, qeyd edilən sahənin 13 metr məsafəsindən d=700.0 mm-lik qaz xətti keçir və ümumi ərazi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın ərizənin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla, onun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının əldə edilməsinə maneçilik törədir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.2ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: (10.2.1) hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (10.2.2) torpaq sahəsinin planı və ölçüsü; (10.2.3) torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; (10.2.4) dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunvericilikdə qeyd olunan bütün sənədlər hazırda mövcuddur və baxılması üçün sizə təqdim edilir. Torpaq sahəsinin ayrıldığı 1995-ci ildən keçən 26 il müddətində təyinatı üzrə iddiaçı tərəfindən istifadə olunur və həmin torpaq sahəsi ilə bağlı qonşularla hər hansı formada mübahisə mövcud deyildir. Bundan başqa, Bakı şəhəti Səbail RİH başçısının 7 aprel 1995-ci il tarixli 1042 saylı sərancamı «Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri hesab olunur. Eləcə də, qeyd olunan torpaqayırma sərancamının ləvğ edilməsi, dəyişdirilməsi və ya məhkəmə qaydasında ləğv edilməsi barədə sübut təqdim etmədən iddiaçıya imtina cavabı verməkdə cavabdeh haqlı olmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasma keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. Həmin Məcəllənin 56-cı maddəsinə görə Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bundan başqa, «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Qeyd olunan qanunvericiliyin tələbində göründüyü kimi, iddiaçı 600 kv.m torpaq sahəsindən istifadənin qanuniliyini təsdiq edən sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir ki, həmin sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən çıxarış verilməli idi. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 157.1-ci maddəsinə, İPM-in 2.2.2-ci maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 20.1, 28.1.1-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 15.2-ci maddəsinə əsaslanaraq, məhkəmədən iddiaçının Bakı şəhəri Səbail RİH başçısının 7 aprel 1995-ci il tarixli 1042 saylı sərəncamı əsasında ayrılmış və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 577 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddia ilə bağlı 23 avqust 2021-ci il tarixli məktubunda – iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbi ilə bağlı İdarəyə 25 sentyabr 2020-ci il tarixdə müraciət etmişdir. Təqdim edilmiş torpaq sahəsinin yerləşmə sxemində istinad və məsafələr qeyd olunmamış və faktiki vəziyyəti ilə uyğunsuzluq təşkil edir. Həmçinin, torpaq sahəsinin bir hissəsi digər şəxsin adına keçmiş DTXK tərəfindən mülkiyyət hüququ haqqında verilmiş şəhadətnamənin (JN- 30074) baza məlumatı ilə üst-üstə düşür. Bundan əlavə, qeyd edilən sahənin 13 metr məsafəsindən d=700.0 mm-lik qaz xətti keçir və ümumi ərazi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 23-cü maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları»nın 2.7-ci bəndinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X15 və X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan X6 məhkəməyə təqdim olunmuş notarial qaydada təsdiqlənmiş yazılı ərizəsində qeyd olunur ki, X11 28 iyun 2006-cı il tarixdə X7 Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda etibarnamə əsasında Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 24 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi X1 adına ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür və onun (X6) X2 qarşı heç bir torpaq iddiası yoxdur, gələcəkdə də olmayacaqdır. Ona görə də X1 adına Bakı şəhəri Səbail RİH başçısının 1042 saylı 7 aprel 1995-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin X1 adına dövlət qeydiyyatına alınmasına və reyestrdən çıxarışın verilməsinə heç bir etirazı yoxdur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının Bakı şəhəri Səbail RİH başçısının 7 aprel 1995-ci il tarixli 1042 saylı sərəncamı əsasında ayrılmış və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 577 kv.m faktiki ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər gəlmiş, üçüncü şəxslər gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X18 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X16 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı X3 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Səbail RİH-in 7 aprel 1995-ci il tarixli 1042 nömrəli sərəncamı ilə Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin inzibati orqan məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin yerləşmə sxemində istinad və məsafələr qeyd olunmamış, faktiki vəziyyəti ilə uyğunsuzluq var, onun bir hissəsi digər şəxsin (X9) adına keçmiş DTXK tərəfindən mülkiyyət hüququ haqqında verilmiş şəhadətnamənin (JN-30074) baza məlumatı ilə üst-üstə düşür, sahənin 13 metr məsafəsindən d=700 mm-lik qaz xətti keçir və ümumi ərazi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır. İddiaçı hazırda inzibati orqanın imtinasını mübahisələndirir və mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Səbail rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi”nin 3.1.2-ci maddəsində təsbit edilmişdir ki, dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin vəzifəsidir. İnzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, hazırkı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı ərazi İdarəsinin həmin qurumun bazasında (yenidən təşkil edilməklə) yaradıldığından, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Səbail rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 2.2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər sırasında aşağıdakı sənəd nəzərdə tutulmuşdur: – rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar. Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 7-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər: Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının, eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, o cümlədən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin siyahısını konkret müəyyən etmiş və rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərarları bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarında olan Bakı şəhəri Səbail RİH-in 7 aprel 1995-ci il tarixli 1042 nömrəli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m ölçüdə olan torpaq sahəsinin hazırkı iddiaçı X1 qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin qərar ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Odur ki, hazırkı iddiaçı həmin torpaq sahəsinin (7 aprel 1995-ci il tarixli 1042 nömrəli sərəncamda göstərilən ölçüdə) qanuni istifadəçisi kimi ona «Torpaq islahatı haqqında» Qanunun 9 və 10-cu maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir. lakin iddiaçı hazırda faktiki ölçüdə 577 kv.m torpaq sahəsinə hüququnun qeydiyyatını tələb edir. Nəzərə alınmalıdır ki, müvafiq dövrdə qüvvədə olmuş torpaq qanunvericiliyinin müddəalarına (9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 7-ci maddəsinə) görə dövlət mülkiyyətində olan torpaqların vətəndaşların xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə ayrılması səlahiyyətləri xalq deputatları sovetlərinin ixtiyarında olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının “Keçid müddəaları”na gösrə isə, bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Məhkəmə cavabdeh tərəfin imtina ilə bağlı məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazdakı dəlilləri ilə razılaşmır və hər bir dəlil üzrə aşağıdakıları diqqətə çəkir: 1) Etirazda bildirilir ki, torpaq sahəsinin yerləşmə sxemində istinad və məsafələr qeyd olunmamışdır, faktiki vəziyyəti ilə uyğunsuzluq var. Qeyd olunmalıdır ki, məhkəmənin iş üzrə 11 yanvar 2022-ci il tarixli qərardadı ilə məhkəmə ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi müvafiq qurumun mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 28 iyun 2022-ci il tarixli 10/3968 nömrəli ekspert rəyində qərardadda qoyulmuş müvafiq suallara cavab olaraq bildirilir ki, 1 saylı Bakı Ərazi İdarəsinin mürəxəssis rəyinə əsasən X1 iddiası ilə Bakı şəhəri Səbail RİH-in 7 aprel 1995-ci il tarixli 1042 nömrəli sərəncamı ilə Səbai rayonu, Badamdar qəsəbəsində ona ayrılmış 600 kv.m torpaq sahəsinin faktiki koordinatları və ölçüsü müəyyən edilmişdur. Mürəxəssis rəyinə əsasən torpaq sahəsinin yerləşmə cizgisində miqyas, koordinatlar və istinad nöqtələri göstərilmədiyindən, sözügedən sərəncamla X2 ayrılmış torpaq sahəsinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kvm torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi”nin 3.1.20-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin vəzifəsidir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndi ilə aidiyyəti quruma (hazırkı İqtisadiyyat Nazirliyinə) tapşırılmışdır ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Belə olan halda məhkəmənin qənaətinə görə Bakı şəhəri Səbail RİH-in 7 aprel 1995-ci il tarixli 1042 nömrəli sərəncamında nəzərdə tutulmuş torpaq sahəsinin yerləşmə sxemində istinad və məsafələrin qeyd olunmaması, sahəsnin faktiki vəziyyəti ilə uyğunsuzluq təşkil etməsi hüquqların qeydiyyatına maneə deyil və bu sahədə hər hansı uyğunsuzluğun aradan qaldırılması hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid olduğundan, cavabdeh tərəfindən də müvafiq tədbir görülməlidir. 2) Etirazda bildirilir ki, torpaq sahəsinin bir hissəsi digər şəxs X9 adına keçmiş DTXK tərəfindən mülkiyyət hüququ haqqında verilmiş şəhadətnamənin (JN-30074) baza məlumatı ilə üst-üstə düşür. Bununla bağlı isə qeyd olunmalıdır ki, məhkəmənin iş üzrə 11 yanvar 2022-ci il tarixli qərardadı ilə təyin edilmiş ekspertizanın nəticələrinə dair Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 28 iyun 2022-ci il tarixli 10/3968 nömrəli ekspert rəyində bildirilir ki, 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən iddiaçı X1 iddiasına əsasən Səbail RİH-in 7 aprel 1042 saylı sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m (faktiki 577 kv.m) torpaq sahəsinin faktiki koordinatlarının vahid elektron kadastr məlumat bazasına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” JN 30075D saylı şəhadətnamə ilə X9 adına ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 24 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Torpaq sahəsinə dair cizgidə miqyas, koordinatlar və hər hansı istinad nöqtələrindən məsafənin olmaması səbəbindən sözügedən torpaq sahəsinin X9 adına ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 24 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin nəzərə alınmalıdır ki, X12 aid müvafiq torpaq sahəsi sahibliyində və istifadəsində olan X6 məhkəməyə təqdim olunmuş notarial qaydada təsdiqlənmiş yazılı ərizəsində ona aid sahəsinin hazırkı iddiaçı X1 adına ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, yuxarıdakılara əsasən iddiaçı X1 iddia etdiyi torpaq sahəsi faktiki olaraq başqa şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olan hər hansı sahəsi ilə üst-üstə düşmədiyindən və bu sahədə mövcud olan uyğunsuzluğun aradan qaldırılması hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid olduğundan imtina üçün gətirilən bu dəlil də mötəbər qiymətləndirilə bilməz. 3) Etirazda bir xüsusat da vurğulanır ki, torpaq sahəsinin 13 metr məsafəsindən d=700 mm-lik qaz xətti keçir və ümumi ərazi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır. Bu məsələ ilə bağlı isə, məhkəmə qeyd edir ki, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2022-ci il tarixli 10/3968 nömrəli ekspert rəyində Bakı şəhəri, Səbail rayonu, badamdar qəsəbəsində yerləşən 600 kv.m (577 kv.m) torpaq sahəsinin vahid elektron kadastr məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olduğu, həmçinin torpaq sahəsinin qonşuluqlarının ictimai iaşə obyektləri olduğu müəyyən olunmuşdur. Torpaq sahəsinin 13 metr məsafəsindən d=700 mm-lik qaz xəttinin (yeraltı) keçdiyi müəyyən edilmişdir. Həmin torpaq sahəsi “Qaz Təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarının 2.7-ci bəndnə əsasən müəyyən olunmuş qaz xəttinin 50 metrlik mühafizə zonasına düşür. Bundan başqa, işdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) hazırkı iddiaçı X2 ünvanlanmış 21 fevral 2023-cü il tarixli məktubunda bildirilir ki, torpaq sahəsi barədə ARDNŞ-ə (SOCAR) ünvanlanmış 14 fevral 2023-cü il tarixli ərizəyə baxılmış, qoşmada olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 28 aprel 2022-ci il tarixli yerquruluşu planında göstərilən koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, UTM WGS 84 koordinat sistemində X 399275.40 Y 4467584.28, X 399310.79 Y 4467591.24, X 399312.09 Y 4467586.67, X 399302.89 Y 4467584.47, X 399306.38 Y 4467569.93, X 399276.35 Y 4467566.88 koordinatlarda olan sözügedən 578 kv.m torpaq sahəsi ARDNŞ-nın (SOCAR-ın) istismarına olan qaz boru kəmərinin mühafizə zonasında yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinin 42 metrlik məsafəsində 2630 saylı 75 metrlik 2971 saylı ləğv olunmuş neft quyusu yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisənin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları»nın təsdiq edilməsi haqqında 6 fevral 2017-ci il tarixli qərarının 3.3-cü bəndnə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2022-ci il tarixli 259 nömrəli qərarı ilə edilən dəyişikliyə əsasən əhalinin sağlamlığı, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərarac əsasən ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. Qanunvericiliyin qeyd olunan tələbinin, eyni zamanda təhlükəsizliyinin təmin olunması məqsədi ilə, həmin torpaq sahəsində hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmalıdır. Lakin məhkəmə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsə də, Fərmanın 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Məhkəmənin mövqeyi belədir ki, iddia olunan torpaq sahəsi ərazidə olan d=700 mm-lik yeraltı qaz kəmərinin 13 m məsafəsində olsa da, magistral boru kəmərlərinin, eləcə də neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyindən, habelə hazırda mübahisənin predmetini ərazidə tikinti işlərinin aparılması deyil, torpaq sahəsinə hüququn qeydiyata alınması təşkil etdiyindən, cavabdeh tərəfin bur dəlili əsassızdır. Həm də cavabdehin imtina üçün gətirdiyi dəlildə yeraltı qaz borusunun sahənin yaxınlığından keçməsi qeyd olunsa da, əmlaka hüququn əmələ gəldiyi anda həmin qaz xəttinin olub-olmaması da cavabdeh tərəfindən müəyyən edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə alınmış ekspertiza rəyinə görə iddia olunan torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Sahənin qonşuluqlarında ictimai iaşə obyektlərinin mövcudluğu, eləcə də yuxarıda göstərilən digər xüsusatlar isə, torpaq sahəsinə hüququn qeydiyyata alınmasına maneə kimi çıxış edə bilməz. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə icraatında Ədliyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 28 iyun 2022-ci il tarixli 10/3968 nömrəli ekspertiza rəyi ilə razılaşmamaq üzrə hər hansı əsas başqa əss müəyyən edilməsə də, rəy qoyulan məsələlər üzrə tam əhatəli və əsaslandırılmış qiymətləndirilmir. Nelə ki, həmin ekspertiza rəyi hazırkı cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən verilmişdir və tam şəkildə obyektiv sayıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X4 ona Bakı şəhəri Səbail RİH-in 7 aprel 1995-ci il tarixli 1042 nömrəli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 577 kv.m ölçüdə olan torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalıdır. Məhkəmənin qənaətinə görə inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunun, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 16, 19, 24-cü maddələrinin tələblərinə ziddir və mülkiyyətçi kimi iddiaçı X1 hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçı X1 Bakı şəhəri Səbail RİH-in 7 aprel 1995-ci il tarixli 1042 nömrəli sərəncamı ilə ona Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində ayrılmış 577 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 68 – 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı X1 Bakı şəhəri Səbail RİH-in 7 aprel 1995-ci il tarixli 1042 nömrəli sərəncamı ilə ona Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində ayrılmış 577 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-337/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-337/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver