Məhkəmə qərarları › İş №2-1(112)-3371/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3371/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3371/2024 20.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 19 saylı torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ümumi sahəsi 500 kv.m olan 19 saylı bağ sahəsi X11 Həmkarlar İttifaqının xx.xx.1991-ci il tarixli, 06 saylı Protokoluna əsasən İddiaçı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə torpaq sahəsinin planı hazırlanmışdır. Həmin bağ sahəsi İddiaçı tərəfindən hasarlanmış və faktiki istifadəsindədir. İddiaçı Bakı Şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 19 saylı bağ (torpaq) sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-213-30/2- 10684-8/2023 nömrəli məktubu iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtina məktubunu onunla əsaslandırmışdır ki, arxiv məlumatlarına əsasən eyni bağçılıq-yoldaşlıq nəzdində eyni nömrəli bağ sahəsi müqavilə əsasında digər şəxsin adına qeydə alınmışdır. Əlavə olaraq, bağçılıq-yoldaşlığın bölgü sxemi idarənin arxiv əsaslarında aşkarlanmadığından torpaq sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır. Lakin göründüyü kimi cavabdeh imtina əsası tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, idarənin arxiv əsaslarında eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində eyni nömrəli bağ sahəsinə dair digər şəxsin (X7) adına üzvlük kitabçası mövcuddur. O cümlədən bağçılıq-yoldaşlığın bölgü sxemi idarənin arxiv əsaslarında aşkarlanmadığından torpaq sahəsininin yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamış, həmçinin təqdim edilən sənədlərdə torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3371/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin “İddiaçı istifadəsində olan 0.05 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri X12 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/437 nömrəli qərarı ilə torpaq sahələri kollektiv bağların yaradılması üçün rayon sovetlərinin icraiyyə komitələri yanında işçi komissiyalar tərəfindən baxılan materiallara uyğun olaraq aşağıda göstərilən təşkilatlara və müəssisələrə ayrılsın: "Bakısukəmər" İstehsalat idarəsinə, yoldaşlığın 32 üzvünə Kirov rayonu Sulu-Təpə qəs. rayonunda bağçılıq yoldaşlıqları massivində boşalan ərazilər hesabına torpaq ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı bağ-torpaq sahəsinin ayrılması ilə bağlı məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki: -“Bakı su kəməri” İİ yanında yaradılmış bağçılıq idarəsinin həmkarlar ittifaqı komitəsinin və kooperativinin rəhbərliyi tərəfindən təsdiq edilmiş siyahıdan görünür ki, İddiaçı həmin idarədə mühasib vəzifəsində işləmişdir. -“Bakı su kəməri” İİ yanında yaradılmış bağçılıq idarəsinin həmkarlar ittifaqı komitəsinin və kooperativinin rəhbərliyinin 30 yanvar 1991-ci il tarixli ümumi yığıncağının xx.xx.1991-ci il tarixli 6 nömrəli protokolundan görünür ki, Sulutəpə bağ sahələrinin “Kommun su kəməri” İİ yanında bağçılıq yoldaşlığına daxil olmuş üzvlər arasında İddiaçı adı siyahıda 19-cu yerdədir. İş materiallarına əlavə edilmiş Həmkarlar komitəsi rəhbərliyinin və xx.xx.1991-ci ildə “Bakısukəmər” İİ yanında yaradılan Bağçılıq üzrə idarəetmə kooperativinin ümumi yığıncağının protokolundan xx.xx.1991-ci il tarixli 6 nömrəli çıxarışından görünür ki, “Bakısukəmər" İİ həmkarlar komitəsi sədri yol. M.N.Aşumovanın püşkatma yolu ilə və zərfin açılması zamanı nömrələnmiş bağ sahələrinin paylanması, yol. İddiaçı bağ sahəsinə 19 nömrəsinin verilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********10 nömrəli məktubu ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 19 saylı bağ sahələrinə aid müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki: -“Komunsənayesutəchizatı”İİB-nin İTKİ-nin Həmkarlar təşkilatının və bağçılıq kooperativinin ümumi iclasının xx.xx.1996-cı il tarixli 3 nömrəli protokolundan çıxarışa əsasən -“Komunsənayetəchizatı”İİB-nin işçisi kimi X4 19 saylı bağ sahəsi ayrılmışdır. - Sulu-Təpə qəsəbəsində yerləşən 0.08 ha olan 19 nömrəli bağ sahəsinin X4 verilməsinə dair Bağın icarəyə verilməsi haqqında xx.xx.1997-ci il tarixdə müqavilə bağlanılmışdır. - Həmkarlar komitəsi rəhbərliyinin və xx.xx.1992-ci ildə “Bakısukəmər” İİ yanında yaradılan Bağçılıq üzrə idarəetmə kooperativinin ümumi yığıncağının protokolundan xx.xx.1992-ci il tarixli 1 nömrəli çıxarışından görünür ki, “Bakısukəmər" İİ həmkarlar komitəsi sədri yol. M.N.Aşumovanın püşkatma yolu ilə və zərfin açılması zamanı nömrələnmiş bağ sahələrinin paylanması, yol. İsmayılova Sahibəyə bağ sahəsinə 19 nömrəsinin verilməsi qərara alınmışdır. -X1 və X3 ərizələri nəzərə alınaraq İsmayılova Sahibəyə ayrılan bağ sahəsi X3 adına keçmişdir. -Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Sulu-Təpə ərazisindəki 19/566 nömrəli bağın istifasdəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixdə 32341 nömrəli Müqavilədən görünür ki, X5 Sulu-Təpə ərazisində 0.05ha olan 19/566 nömrəli bağ sahəsi verilmişdir. - xx.xx.2011-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 500kv.m olan 19/566 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli, **********69 nömrəli məktubu ilə daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı, yerləşmə koordinatları və ortofoto görüntüsü məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki: -İddia olunan torpaq sahəsinin yerləşdiyi ərazinin ortofoto görüntüsündən görünür ki, mübahisələndirilən 500,0 torpaq sahəsinin qonşuğlunda 328547, 33/548A, 33/548 nömrəli bağ torpaq sahələri yerləşir. - xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyərini əks etdirən müayinə (baxış) aktı”na əsasən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə -, faktiki olaraq 806.0 (+34.0kv.m qonşu tərəfindən ayrılmış sahə) kv.m-dir. 19 saylı bağ sahəsi kimi göstərilən sahə hasar daxilindədir. Ümumi sahəsi 806.0 kv.m təşkil edir. Sahədə tikili yoxdur. Vətəndaşın nümayəndəsi bildirdi ki, şərq hissədə yerləşən qonşu onun razılığı olmadan əvvəl hasarı daxilində olan ona məxsus 34.0 kv.m sahəni sonradan yeni hasar çəkərək öz sahəsinə birləşdirib, keçid kimi istifadə edir. Onun bağının ümumi sahəsi 840.0 kv.m olmalıdı. Təqdim edilmiş protokoldan çıxarışda bağın sahəsi göstərilməyib. Hasar daxilində olan 806.0 kv.m sahənin və qonşu tərəfindən sonradan ayrılaraq faktiki keçid kimi istifadə olunan 34.0 kv.m sahənin koordinatları əlavə olundu. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən, eyni bağçılıq –yoldaşlıq nəzdində eyni nömrəli bağ sahəsi müqavilə əsasında digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əalvə bağçılıq-yoldaşlığın bölgü sxemi idarənin arxiv əsaslarında aşkarlanmadığından torpaq sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır. Həmçinin təqdim edilən hüquqmüəyyənedici sənəddə torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1.hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2.torpaq sahəsinin planı və ölçüsü; 10.2.3.torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4.dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhəri X12 İcraiyyə Komitəsinin xx.xx.1990cı il tarixli, 7/437 nömrəli qərarı ilə "Bakısukəmər" İstehsalat idarəsinə bağçılıq yoldaşlıqları massivində torpaq sahələri ayrılmış, həmin torpaq sahələrindən Həmkarlar komitəsi rəhbərliyinin və xx.xx.1991-ci ildə “Bakısukəmər” İİ yanında yaradılan Bağçılıq üzrə idarəetmə kooperativinin ümumi yığıncağının xx.xx.1991-ci il tarixli 6 nömrəli protokolu ilə İddiaçı 19 nömrəli bağ sahəsi ayrılmış, iddiaçının adı xx.xx.1991-ci il tarixli 6 nömrəli protokolu təsdiq edilmiş adlı siyahıya (19-cu sıra) daxil edilmişdir. Beləliklə, Həmkarlar komitəsi rəhbərliyinin və “Bakısukəmər” İİ yanında yaradılan Bağçılıq üzrə idarəetmə kooperativinin ümumi yığıncağının xx.xx.1991-ci il tarixli 6 nömrəli protokolundan çıxarışı bağçılıq üzvlərinin adlı siyahısına uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 19 nömrəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı imtina və etirazının dəlilləri aşağıdakılardan ibarət olmuşdur: -Təqdim olunmuş hüquqmüəyyənedici sənəddə torpaq sahəsinin ölçüsü göstərilməmişdir. -Eyni bağçılıq –yoldaşlıq nəzdində eyni nömrəli bağ sahəsi müqavilə əsasında digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi olmadığından göstərilən torpaq sahəsinin yerləşməsini nüəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə ilk öncə cavabdehin etirazında qeyd etdiyi təqdim olunmuş hüquqmüəyyənedici sənəddə torpaq sahəsinin ölçüsünün göstərilməməsi bağlı bildirir ki, qeyd edilən dəlil müraciətin təmin edilməsindən imtinaya əsas vermir. Belə ki, Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinin məhkəmə sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş “Bakı su kəməri” İİ yanında yaradılmış bağçılıq idarəsinin üzvlərinin adlı siyahısında olan şəxslərə ayrılmış torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Eyni zamanda iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərdə, eləcə də analoji 2-1(112)- 5127/2024 saylı iş üzrə məhkəmə sorğusu ilə əldə edilmiş həmin ərazidə “Bakı su kəməri” İİ yanında yaradılmış bağçılıq idarəsinin üzvlərinin adlı siyahısında olan digər şəxslərə ayrılmış bağ sahələrinin (20, 23, 26 və s. nömrəli bağ sahələrinin) ölçüsünün cavabdeh tərəfindən məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavabla təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən 0.05 ha olduğu müəyyən edilmişdir. Eyni zamanda, cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinədə torpaq sahəsinin ölçüsünün faktiki olaraq 806.0 kv.m olduğu qeyd edilmişdir, iddiaçı isə hazırkı tələblə 500 kv.m torpaq sahəsini mübahisələndirir. Beləliklə, cavabdeh iddiaçıya ayrılmış torpaq sahəsinin 500 kv.m-dən az olması ilə bağlı əks sübut təqdim etmədiyindən qeyd edilən məsələ iddiaçının ziyanına şərh edilə bilməz. Cavabdehin digər imtina dəlili- eyni bağçılıq–yoldaşlıq nəzdində eyni nömrəli bağ sahəsi müqavilə əsasında digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına gəlincə məhkəmə icraatı gedişində məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2023-cü il tarixli, **********10 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağlar massivində yerləşən 19 saylı bağ sahəsinə dair sənədlərin surətindən görünür ki, xx.xx.1992-ci ildə X1 adına “Bakı su kəməri”, iddiaçının adına isə “Kommun su kəməri” İİ yanında bağçılıq yoldaşlığına aid torpaq sahəsi ayrılmışdır. X2 Bakı şəhəri, Sulutəpə qəsəbəsində yerləşən 19 saylı bağ sahəsi ayrılsa da, daha sonra onun ərizəsi əsasında həmin bağ sahəsi X3 adına keçmiş və rəsmiləşdirilərkən (32341 nömrəli xx.xx.2004-cü il tarixli Müqavilədə, BM seriyalı 002888 nömrəli Qeydiyyat vəsiqəsində, Torpaq sahəsinin planı və ölçüsü sənədində) bağ sahəsinin nömrəsi 19/566 kimi göstərilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, X5 məxsus torpaq sahəsinin koordinatları ilə İddiaçı iddia etdiyi torpaq sahəsinin koordinatları fərqlidir. Eyni zamanda cavabdehin təqdim etdiyi sənədlərdən də göründüyü kimi, X6 adına Bakı şəhəri, Sulutəpə qəsəbəsində yerləşən 19 saylı bağ sahəsində 2 mərtəbəli bağ evi tikilmiş və qeydiyyata alınmışdır. Lakin, iddiaçının iddia etdiyi bağ sahəsində isə tikilinin mövcud olmaması xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyərini əks etdirən müayinə (baxış) aktı”nda öz əksini tapmışdır. Belə olan halda həmin torpaq sahələrinin eyni torpaq sahəsi olması istisna olunur. O cümlədən, həmin bağ sahələrinin naturada üstüstə düşməsi barədə sübut məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. Bundan əlavə, cavabdehin xx.xx.2023-cü il tarixli, **********10 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağlar massivində yerləşən 19 saylı bağ sahəsinə dair sənədlərin surətindən görünür ki, Bakı şəhəri, Sulutəpə qəsəbəsində yerləşən bağ sahəsi X4 “Kommunsənayesutəchizatı” İİB-nin İTKİ-nin həmkarlar təşkilatının və bağçılıq kooperativinin ümumi iclasından xx.xx.1996-cı il tarixli protokolundan çıxarışına əsasən ayrılmışdır. İddiaçı ilə eyni nömrəli həmin bağ sahəsinin naturada üst-üstə düşməsi barədə sübut məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. Başqa sözlə, bağ sahələrinin nömrələri eyni olsa da, lakin iddiaçıya ayrılmış 19 nömrəli bağ sahəsi “Kommun su kəməri” İİ bağçılıq yoldaşlığı tərəfindən, digər qeydiyyata alınmış 19 nömrəli bağ sahələri isə “Kommunsənayesutəchizatı” İİB-nin və “Bakı su kəməri” İİ bağçılıq yoldaşlığı tərəfindən ayrılmışdır. Göründüyü kimi bağ sahələri müxtəlif hüquqmüəyyənedici sənədlə ayrılmış və müxtəlif bağçılıq yoldaşlıq tərəfindən fərqli bağ torpaq sahələrinə aiddir və həmin bağ sahələrinin naturada üst-üstə düşməsi barədə sübut məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. Bundan əlavə, cavabdehin istinad etdiyi bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi olmadığından göstərilən torpaq sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün olmamasına gəlincə isə qeyd edilməlidir ki, analoji 2-1(112)-5127/2024 saylı iş üzrə məhkəmə sorğusu ilə "xxxx" ASC tərəfindən bağçılıq yoldaşlığa aid torpaq sahəsinin xx.xx.1990-cı il tarixli cizgisi məhkəməyə təqdim edilmiş, həmin cizgidə bağçılığa aid 20.3 ha torpaq sahəsinin yerləşmə vəziyyəti öz əksini tapmışdır. Eyni zamanda cavabdehin mütəxəsisləri tərəfindən keçirilmiş yerli müayinə nəticəsində iddia olunan torpaq sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən Bakı Su Kəmərləri bağçılıq yoldaşlığı ayrıc aktı daxilində yerləşmədiyi ilə bağlı hər hansı qeyd əlavə edilməmişdir. İşin hallarından görünür ki, iddiaçı tərəfindən naturada göstərilən bağ torpaq sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmiş və həmin koordinatlarda olan bağ sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınması və digər şəxsin istifadəsində olması halı müəyyən edilməmişdir. Beləliklə, iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hüquqi əsas mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 19 saylı 500 kv.m ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 19 saylı 500 kv.m ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar