Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3371/2025 07.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xətai rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinə dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiаçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinə dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 07 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Gədəbəy rayonu Orcanikidze icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli, 12 saylı doğum haqqında akt qeydinin soyad qrafasında “Məhərrəmov” əvəzinə “Məmmədov” kimi dəyişdirilməsi, təkrar doğum haqqında şəhadətnamə verilməsi üçün cavabdeh Xətai rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Xətai rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus xx.xx.1962-ci il tarixli, 12 saylı doğum haqqında akt qeydinin soyad qrafasında “Məhərrəmov” əvəzinə “Məmmədov” kimi dəyişdirilməsi, doğum haqqında akt qeydləri kitabında düzəliş edilməsi və buna müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Gədəbəy rayonu, Ağamalı kəndində doğulmuşdur, ona məxsus doğum haqqında şəhadətnamədə soyad qrafasında əvvəl “Məhərrəmov” kimi qeyd olunmuş daha sonra onun üstündən xətt çəkilərək “Məmmədov kimi qeyd olunmuşdur (doğum haqqında şəhadətnamə Gədəbəy rayonu, Orcanikidze icra nümayəndəliyinin xx.xx.1962-ci il tarixli 12 saylı akt qeydi ilə qeydiyyata alınarkən valideyn kimi tək anası X4 qeydə alınmış, onun da soyadı həmin doğum haqqında şəhadətnamədə əvvəl “Məhərrəmov” kimi qeyd olunmuş, daha sonra onun üstündən xətt çəkilərək “Məmmədov kimi qeyd olunmuşdur). İddiaçı doğulduqdan 5 il sonra anası X4 atası X1 ilə rəsmi nikaha daxil olmuş (20 dekabr 1966-cı il tarixli 32 saylı akt qeydi ilə nikah qeydə alınmışdır) və nikah haqqında şəhadətnamədə anasının soyadı “Məmmədova” kimi göstərilmişdir. Bundan başqa, SSRİ pasportunda soyadı “Məmmədov” kimi olaraq qeyd edilmişdir. Daha sonra isə SSRİ pasportunun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətinə dəyişdikdə soyadı “Məmmədov” olaraq da qeyd edilmişdir. Onun soyadı “Məmmədov” kimi qeyd edildiyindən uşaqlarının soyadları məhz “Məmmədov” soyadıdır. Eyni zamanda, iddiaçıya məxsus bütün sənədlər “Məmmədov” soyadı üzrə tərtib edilmişdir. Belə ki, AZ-İ 671597 saylı səkkizillik təhsil haqqında şəhadətnamədən, Aİ 236195 saylı orta təhsil haqqında attestatdan, ona məxsus NZ seriyalı, ******* nömrəli hərbi biletdən, İT seriyalı, ******* nömrəli əmək kitabçasından, bundan savayı, xx.xx.1985-ci il tarixli, ZT seriyalı, 057352 saylı ali təhsil barədə diplomdan, xx.xx.1993-cü il tarixli, ÇV seriyalı, 853679 saylı ali təhsil barədə diplomdan, V- JQ 403531 saylı xx.xx.1990-cı il tarixli nikah haqqında şəhadətnamədən göründüyü kimi onun soyadı məhz “Məmmədov”dur. Bu fakt sözügedən sənədlərdə birmənalı olaraq öz təsbitini tapmışdır. Üstündən xətt çəkilmiş “Məhərrəmov” soyadına ümumiyyətlə əhəmiyyət vermədən belə qaydada da sənədlərini istifadə etmişdir. Ona məxsus doğum haqqında şəhadətnamədə (üstündən xətt çəkilmiş) “Məhərrəmov” soyadının yazılması onun bir sıra hüquqlarını məhdudlaşdırır, qanunla qorunan hüquq və mənafelərimə toxunur, hüquqlarının realizəsini çətinləşdirir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi,məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi və konsulluq idarəsinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Gədəbəy rayonu Orcanikidze icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 12 saylı, xx.xx.1962-ci il tarixli doğumu haqqında akt qeydində soyadın “Məhərrəmov”dan “Məmmədov”a dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən İddiaçı oğlıunun doğum haqqında akt qeydinə dəyişiklik edilməsinə dair iddiasının təmin edilməsi tərəflərindən mümkün deyil. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, Gədəbəy rayonu Orcanikidze icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli, 12 saylı doğum haqqında akt qeydinin soyad qrafasında iddiaçının soyadı “Məhərrəmov” kimi yazılmışdır. İddiaçıya məxsus doğum haqqında şəhadətnamədə onun və anasının soyadı soyad qrafasında əvvəl “Məhərrəmov” kimi qeyd olunmuş daha sonra onun üstündən xətt çəkilərək “Məmmədov kimi qeyd olunmuşdur. İddiaçıya məxsus digər sənədlərdə - şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, nikah haqqında şəhadətnamə, hərbi bilet, attestat, diplomlar, əmək kitabçası və s.də onun soyadı “Məmmədov” kimi qeyd edilmişdir. İddiaçıya aid doğum haqqında şəhadətnaməsində yalnız ana adı qeyd edilmişdir ki, ona aid nikah və ölüm haqqında şəhadətnamədə adı X2 qeyd edilmişdir. İddiaçı Gədəbəy rayonu Orcanikidze icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli, 12 saylı doğum haqqında akt qeydində soyadının ““Məhərrəmov”dan “Məmmədov”a dəyişdirilməsini tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”:
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda.
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.
Azərbaycan Respublikası Ailə Məcəlləsi: 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus digər sənədlərdə- şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, nikah haqqında şəhadətnamə, hərbi bilet, attestat, diplomlar, əmək kitabçası və s.də onun soyadı “Məmmədov” kimi qeyd edilsə də, Gədəbəy rayonu Orcanikidze icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli, 12 saylı doğum haqqında akt qeydində soyadı “Məhərrəmov” qeyd edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə onun və anasının soyadı soyad qrafasında əvvəl “Məhərrəmov” kimi qeyd olunmuş daha sonra onun üstündən xətt çəkilərək “Məmmədov kimi qeyd olunmuşdur. Həmin şəhadətnamədə yalnız ana adı qeyd edilmişdir ki, ona aid nikah və ölüm haqqında şəhadətnamədə adı X2 qeyd edilmişdir. Bu, onu deməyə əsas verir ki, iddiaçının soyadı ansının soyadına əsasən verilmişdir. Anasına məxsus sənədlərdən də onun soyadının “Məmmədova” olduğu görünür. Belə ki, iddiaçının soyadının “Məhərrəmov” kimi qeyd edilməsinə heç bir əsas olmamışdır. Bunun, akt qeyd qeydi tərtib edildiyi zaman edilmiş texniki səhv olduğu aydın olur, çünki doğum haqqında şəhadətnamə verilərkən də akta əsasən “Məhərrəmov” soyadı yazılmış, lakin sonradan səhv edildiyi görülərək “Məmmədov” kimi düzəliş edilmişdir. Bundan sonra iddiaçıya aid bütün sənədlərdə də soyadı “Məmmədov” kimi qeyd edilmiş, hətta uşaqları da həmin soyada sahib olmuşlardır. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri nəzərə alındıqda, iddiaçının soyadı barədə məlumatların doğum haqqında akt qeydindən fərqli olaraq qeyd edildiyi (üst-üstə düşmədiyi) sonrakı sənədlər, şəxsiyyət vəsiqəsi və digər bütün sənədlər doğum haqqında akt qeydinin dəyişdirilməsi üçün əsas verən sənədlər kimi qəbul edilməlidir. Belə ki, həmin sənədləri tədqiq etdikdə aydın olur ki, akt qeydindəki mübahisə predmeti olan məlumat texniki səhv olaraq qeyd edilmişdir. Başqa sözlə, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcuddur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, cavabdeh inzibati orqanın iddiaçının “doğum haqqında akt qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi” barədə müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Odur ki, iddia təmin еdilməli, Gədəbəy rayonu Orcanikidze icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1962-ci il tarixli, 12 saylı doğum haqqında akt qeydində səhv düzəldilərək uşaq haqqında məlumatların “soyadı” qrafasında “Məhərrəmov”dan “Məmmədov”a dəyişiklik edilməsi öhdəliyi Xətai rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Gədəbəy rayonu Orcanikidze icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1962ci il tarixli, 12 saylı doğum haqqında akt qeydində səhv düzəldilərək uşaq haqqında məlumatların “soyadı” qrafasında “Məhərrəmov”dan “Məmmədov”a dəyişiklik edilməsi öhdəliyi Xətai rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Həmid Ağalarov