Məhkəmə qərarları › İş №2-1(112)-3373/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3373/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3373/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd olunmuş dövrlərin sığorta stajına əlavə edilməklə, ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 02.06.2020-ci il tarixdə ərizə ilə cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon xidmət nümayəndəliyinə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 30.10.2020-ci il tarixli **********3 saylı məktubunda iş stajını təsdiq edən əmək kitabçasında qeyd olunmuş iş dövrü barədə məlumatların tam şəkildə Dövlət Arxivinə təhvil verilmədiyini və Arxivdə yalnız 15 il 11 ay iş stajını təsdiq edən məlumatların olduğunu əsas götürərək, ona əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Halbuki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericilikə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Onun əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən fasiləsiz olaraq ümumi iş stajının 25 ildən (1971-2007-ci illər üzrə) artıq olmasına baxmayaraq, müxtəlif illər üzrə iddiaçının əmək fəaliyyətinin təsdiq edən müvafiq məlumatların işəgötürənlər tərəfindən Dövlət arxivinə təhvil verilmədiyi əsas tutularaq, cavabdeh tərəfindən həmin dövrlərin iddiaçının sığorta stajına əlavə olunmasından imtina edilmişdir. Belə ki, iş materiallarında mövcud olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla inzibati orqana müraciət etdiyi zaman yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı qanunvericilikdə 64,6 yaşın tamam olması nəzərdə tutulmuşdur. Eyni zamanda iş üzrə təqdim olunmuş arxiv arayışları (15 il 11 ay təsdiq olunur) ilə iddiaçının tələb olunan qalan (9 il 1 ay) iş stajı öz təsdiqini tapmadığından cavabdehin iddiaçıya pensiya təyin edilməsindən imtina etməsi əsassız olmaqla iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmuşdur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 29.12.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı inzibati icraatı apardıqdan sonra, iddiaçının 1987-2006-ci illərdə işlədiyini iddia etdiyi müəssisələrlə bağlı arxiv sənədlərinin qarşılıqlı yoxlamasının, yəni iddiaçının işə girmə və çıxma əmrlərinin əmək kitabçasındakı qeydlərlə uyğunluğunun, iddiaçının əmək haqqı alıb-almaması və iddiaçının həmin müəssisələrdə faktiki işləyib-işləməməsi barədə məlumatların yoxlanılmasının mümkün olmaması səbəbindən, onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Bundan sonra, İddiaçı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddiasında həmin illərə dair qeydlərin əmək kitabçasında mövcud olduğu üçün, sosial sığorta stajına əlavə edilməsini əsaslandırır. Hesab edirlər ki, sözügedən iş üzrə iddia əsassızdır və təmin edilməməlidir.“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027- ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: - Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı vəziyyətində isə, birinci əsasla bağlı qeyd olunmalıdır ki, o, qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1955- ci ildə doğulmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, 09.03.2020-ci ildə yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının mübahisələndirilməyən ümumi iş stajı 15 il 11 aydır. İddiaçının 1987-2006-ci illər arasında işlədiyini iddia etdiyi illər onun mübahisələndirilməyən ümumi iş stajına əlavə edildiyi təqdirdə, iddiaçının subyektiv hüquqi marağı - pensiya almaq hüququ yaranır. Lakin həmin illərin iddiaçının ümumi iş stajına əlavə edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması" Qaydalarının 3.1 -ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1 .Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa (3 nömrəli əlavə) əsasən müəyyən olunur. Yuxanda sadalanan qanunvericilik normalarından göründüyü kimi, şəxsin 01.01.2006-cı ilə qədər işlədiyi dövrün öz təsdiqini tapması üçün əmək kitabçası ilə yanaşı dövlət arxivinin arayışları da mövcud olmalıdır. Bundan əlavə olaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Lakin, iş materiallarından məlum olur ki, inzibati icraat zamanı iddiaçının işlədiyini iddia etdiyi müəssisələrlə bağlı araşdırma aparılmış və müvafiq sənədlərin X13 təhvil verilmədiyi məlum olmuşdur. Qeyd olunanlara əsasən İddiaçı “işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialının adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X7 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə işin materiallarını araşdıraraq və iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur. - İddiaçıya məxsus İT-İ seriyalı ******* №li və İT-İ seriyalı ******* №li əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki, İddiaçı 06.09.1971-ci ildə Naxçıvan Respublikası Maarif işçiləri evi nəzdindəki musiqi kurslarına tar müəllimi təyin edilmiş, 01.09.1978-ci ildə həmin vəzifədən azad edilmişdir. 01.09.1983cu ildə Naxçıvan Respublikası Maarif işçiləri evinə böyük mühasib və musiqi kurslarının musiqi tərbiyəsi müəllimi vəzifəsinə təyin edilmiş, 01.02.1987-ci ildə həmin vəzifədən azad edilmişdir. 12.01.1987-ci ildə Xalq təhsili elmi işçiləri X8 Vilayət Komitəsinə sığorta ödəmələri üzrə təlimatçı təyin edilmiş, 15.07.1987-ci ildə Naxçıvan Vilayəti Komitəsinə baş mühasib təyin edilmiş, 01.08.1990-cı ildə işdən azad edilmiş, 29.06.1990-cı ildə Naxçıvan Vilayət X6na təftişçi təlimatçı təyin edimiş, 08.10.1991-ci ildə həmin vəzifədən azad edilmiş və baş mühasib vəzifəsinə təyin edilmiş, 15.01.1992-ci ildə həmin vəzifədən azad edilmiş, 16.01.1992-ci ildə “Ağrıdağ” qəzetinə mühasib təyin olunmuş, 31.08.1993-cü ildə tutduğu vəzifədən azad edilmişdir. 10.09.1993-cü ildə “Nəriman-N” aptekinə müdir təyin olunmuş, 25.03.1995-ci ildə tutduğu vəzifədən azad olunmuşdur. 01.09.1995-ci il “Ukrfarm-Qedeon-Rixter” BM-nə təminatçı-təşkilatçı vəzifəsinə təyin olunmuş, 05.06.1995ci ildə işdən azad olunmuşdur. 20.07.1995-ci ildə “xxxx” firması nəzdində Naxçıvan şəhər 156 №li aptekin müdiri vəzifəsinə təyin edilmiş, 31.07.1996-cı ildə tutduğu vəzifədən azad edilmişdir. 01.08.1996-cı ildə “xxxx” firmasına məxsus olan binada yerləşən 2 saylı İ dərəcəli aptek məntəqəsinə müdir vəzifəsinə təyin edilmiş, 02.02.2000-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. 15.02.2000-ci il tarixdə aptekə müdir təyin edilmiş, 14.02.2005ci ildə tutduğu vəzifədən azad edilmişdir. 18.02.2005-ci ildən aptekə müdir müavini təyin olunmuş, 08.01.2007-ci ildən tutduğu vəzifədən azad edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 26.11.2020-ci il tarixli 13/815 saylı arxiv arayışından müəyyən olunur ki, Qazıyev X9 İdarəsində işləmiş və aylar üzrə aşağıdakı qaydada əmək haqqı almışdır; - 1996-cı il yanvar-, fevral-, mart-, aprel-, may-, iyun-, iyul-, avqust -64500, sentyabr -60270, oktyabr-80850, noyabr 80850, dekabr 80850; 1997-ci il yanvar -80850, fevral 80850, mart 80850, aprel 80850, may 80850, iyun 80850, iyul 101624, avqust 80850, sentyabr-, oktyabr 80850, noyabr -, dekabr 110250; 1998-ci il üzrə yanvar 48510, fevral 68722, mart 48510, aprel 40425, may 40425, iyun 16500, iyul 40425, avqust 40425, sentyabr 23788, oktyabr-: noyabr-; dekabr-. Arayışda qeyd olunmuşdur ki, 691 №-li aptekin 1999, 2000-ci illərə dair əmək haqqı cədvəlləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməyib. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin 20.04.2021-ci il tarixli **********573500 nömrəli məktubunda qeyd olunmuşdur ki, “NƏRİMAN-N” kiçik müəssisəsi 10 fevral 1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 164 nömrəli şəhadətnamə ilə Dövlət qeydiyyatına alınmışdır. Müəssisənin hüquqi ünvanı ünvan 3erləşir və rəhbəri X1r. Müəssisə bu günədək Naxçıvan Muxtar Respublikasının vergi orqanlarında vergi uçotuna durmadığından heç bir fəaliyyəti barədə və təsis sənədləri barədə məlumatı təqdim edə bilmirlər. Naxçıvan Muxtar Respublikası X5 21 aprel 2021-ci il tarixli 15 saylı məktubunda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası X6 özündə saxladığı arxiv sənədlərini (son beş il istisna olmaqla) Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə təhvil vermişdir. ’’Ağrıdağ” qəzetinin isə nəşri və fəaliyyəti haqqında məlumatları yoxdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat şöbəsi tərəfindən verilmiş 27 aprel 2021-ci il tarixli 05 nömrəli məktubunda qeyd olunur ki, “Nəriman-N müəssisəsinin dövlət qeydiyyatı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində aparılmamışdır. Naxçıvan Muxtar Respublikasının dövlət Arxiv İdarəsinin 26 may 2021-ci il tarixli 02/60 nömrəli məktubunda qeyd olunur ki, Naxçıvan Vilayət X5 1986-2000-ci illərə aid sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməsi haqqında məlumatlar mövcud deyil. “Ağrıdağ” adlı qəzetinin sənədləri Dövlət Arxivində mühafizə olunmur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsininn 21 aprel 2021-ci il tarixli 02/88 nömrəli məktubunda qeyd olunmuşdur ki, “xxxx firması” 25.01.1992-ci il tarixdə statistik vahidlərin dövlət reyestrində qeydiyyata alınmışdır. İdentifikasiya (statistik) kodu - 1557104, VÖEN-i - ********* olan müəssisənin əsas fəaliyyəti 91110 (kommersiya, sahibkar və peşəkar təşkilatların fəaliyyəti), hüquqi ünvanı Naxçıvan şəhəri, Atatürk küçəsi 54, rəhbəri X4r. “Nərıman-N” kiçik müəssisəsi isə 20.12.1993-cü il tarixdə statistik vahidlərin dövlət reyestrində qeydiyyata alınmışdır identifikasiya (statistik) kodu - ******* olan müəssisənin əsas fəaliyyəti 91110 (kommersiya, sahibkar və peşəkar təşkilatların fəaliyyəti), hüquqi ünvanı Naxçıvan şəhəri, İstiqlal küçəsi 127/23, rəhbəri X1r. Müəssisənin statistik vahidlərin dövlət reyestrində VÖEN-i yoxdur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş çıxarışdan görünür ki, iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 11.799,02 manat qeyd olunmuşdur Naxçıvan Muxtar Respublikası Dövət Vergi Xidmətinin “Fides” Vəkil Bürosuna ünvanladığı 21 may 2021-ci il tarixli **********728900 nömrəli məktubundan müəyyən olunur ki, İddiaçı (köhnə VÖEN 0********) 28.10.1998-ci il tarixə Naxçıvan şəhər Vergilər İdarəsində fərdi sahibkar kimi qeydiyyata alınmış lakin 2005-ci ildə AVİS-ə keçiddən sonra yeni 10 rəqəmli VÖEN almaq üçün müraciət etməmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış 30.10.2020-ci il tarixli **********3 saylı məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.(kişilərin yaş həddi 2017ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilmiş sənədlərdən göründüyü kimi ümumi iş stajı 15 il 11 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. 16.02.1984-cü il tarixli, № ******* nömrəli əmək kitabçasında qeyd olunmuş 1987-2006-cı il tarixlərində işlədiyi dövr araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Naxçıvan Vilayət X6nın 1987-1992-ci illərin, Afridaf Qəzetinin 16.01.1992-31.08.1993-cü illərin , “Nəriman-N” müstəqil kiçik müəssisəsinin, 20.07.1995-31.07.1996-cı illərə dair “xxxx" Firması nəzdində 156 №-li aptekin, 2000-2006-cı illərə dair aptekin (VÖEN **********) sənədləri Naxçıvan MR Dövlət arxivinə təhvil verilmədiyindən həmin dövrlərin sığorta stjına əlavə olunması mümkün hesab olunmur. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, 01.01.2006-cı il tarixədək olan sığorta stajına uyğun (15 il 11 ay) sığorta kapitalı 11.799,02 manat olmaqla tələb olunan 28.800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, “pensiya kapitalının məbləğinin sözügedən Qanunun 45ci maddəsinin birinci cümləsinə və “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11 -ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə-144 aya bölünməsi ilə alınan məbləğ "Əmək pensiyaları haqqında" Qanunun 6-1.ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır. Qeyd olunanları nəzərə alaraq müraciətçiyə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müvainətin təyin edilməsi üçün müvafiq xidmət nümayəndəliyinə müraciət etməsi tövsiyə olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait (17000,970 ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Eləcə də hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı sosial sığorta stajının olması ilə bağlı məhkəməyə yalnız əmək kitabçasını təqdim etmiş, cavabdeh tərəfindən əmək kitabçasında olan qeydlərin müəyyən dövr (1987-2006-ci illər) üzrə mötəbərliyi mübahisələndirilmiş, məhkəmə tərəfindən bununla bağlı müvafiq sorğular göndərilməsinə baxmayaraq, həmin dövrlərin bir hissəsi üzrə (iddiaçının əmək kitabçasında qeyd olunan X10 İttifaqı Şurası və “Ağrıdağ” adlı qəzetlə bağlı) qeyd olunan sübutların əldə edilməsi mümkün olmamışdır. Beləliklə iddiaçı barəsində 25 il sığorta stajına malk olduğunu nəzərə almaqla yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də bunu təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar