Məhkəmə qərarları › İş №2-1(112)-3376/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3376/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3376/2021 23.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə bakı İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon X5 İcraiyyə Komitəsinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və X4 Komitəsinin 23, xx.xx.1990-cı il tarixli) qərarına uyğun olaraq fərdi ev tikmək üçün iddiaçıya Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində ayrılmış ümumi sahəsi 0,03 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq, torpağa dair çıxarışın verilməsi tələbinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və X4 komitəsinin qərarına (protokol 23, xx.xx.1990-cı il) uyğun olaraq fərdi ev tikmək üçün ona 0.03 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin cizgisi var. Həmin vaxtdan orada ev tikərək ailəsilə birlikdə yaşayır. Torpağın mülkiyyətinə verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, kadastr baza məlumatına əsasən torpaq sahəsi Donuz Kökəltmə sovxozu ərazisindən kənarda yerləşir və təqdim edilmiş yerləşmə cizgisinə istinad və məsafələr qeyd edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq çıxarış verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Bildirirlər ki, iddia predmeti ilə vətəndaşın idarəyə müraciət ərizəsinin məqsədi fərqlidir. Belə ki, vətəndaş torpaq sahəsinin deyil, fərdi yaşayış evinin qeydiyyata alınması məqsədilə İdarəyə müraciət etmiş, lakin elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin sovxoz ərazisindən (ayrıc aktından) kənarda yerləşdiyi və sözügedən torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələrin göstərilmədiyi, cizgi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcud olduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaçıya verilmiş imtinanın əsaslı olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan, - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, F-1114 saylı Abşeron rayon Donuzkökəltmə sovxozunun əmrindən çıxarışa əsasən və Abşeron rayon X3 İcraiyyə Komitəsinin 12 iyul 1990-cı il tarixli, 135 saylı qərarından görünür ki, 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və X4 komitəsinin qərarına (protokol №23, xx.xx.1990-cı il) uyğun olaraq fərdi ev tikdirmək məqsədilə İddiaçı 0,03 ha torpaq sahəsi ayrılmışdır. - Abşeron rayon Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixli Əmrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və bu qərar əsasında X4 komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 №li Qərarın tələbinə uyğun olaraq fərdi ev tikdirmək məqsədilə İddiaçı 0,03 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. - Abşeron rayon X1 tərəfindən verilmiş, Aktın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin aktda Donuzkökəltmə Sovxozunun həmkarlar təşkilatının sədri S.Adığözəlov, sovxozun baş aqronomu B.Babayev, sovxozun əmək kollektivinin şurasının sədri E.Şahverdiyeva yoldaşlarının iştirakı ilə tərtib və təsdiq edilmiş Akta əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına əsasən sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının 10 iyul 1990-cı il 23 №li qərarına və sovxozun 135 №li 12 iyul 1990-cı il tarixli əmrinə əsasən İddiaçı ayrılmış torpaq sahəsini ölçüb sərhədinə taxta nişangah qoyduqdan sonra İddiaçı təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 20 noyabr 2020-ci il tarixli, **********96 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən əmlakın dövlət qeydiyyatına alınmasına dar müraciətinə baxılmış, aparılna araşdırma zamanı kadastr baza məlumatına əsasən torpaq sahəsinin Donuz Kökəltmə sovxozu ərazisindən kənarda yerləşdiyi və təqdim edilmiş yerləşmə cizgisinə istinad və məsafələrin qeyd edilmədiyinə istinad edilməklə iddiaçının müraciətini təmin edilməsindən imtina edilmişdir. Halbuki işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı sahibliyində olduğu Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, F-1114 saylı Abşeron rayon Donuzkökəltmə sovxozunun əmrindən çıxarışa əsasən və Abşeron rayon X3 İcraiyyə Komitəsinin 12 iyul 1990-cı il tarixli, 135 saylı qərarına , o cümlədən 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və X4 komitəsinin qərarına əsaən fərdi ev tikdirmək məqsədilə ona ayrılmış torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması məqsədilə cavabdehə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, F-1114 saylı Abşeron rayon Donuzkökəltmə sovxozunun əmrindən çıxarışa əsasən və Abşeron rayon X3 İcraiyyə Komitəsinin 12 iyul 1990-cı il tarixli, 135 saylı qərarına əsasən iddiaçıya fərdi ev tikdirmək məqsədilə 0,03 ha torpaq sahəsi ayrıldığı, Abşeron rayon Donuzkökəltmə Sovxozunun həmkarlar təşkilatının sədri S.Adığözəlov, sovxozun baş aqronomu B.Babayev, sovxozun əmək kollektivinin şurasının sədri E.Şahverdiyeva yoldaşlarının iştirakı ilə tərtib və təsdiq edilmiş Akta əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına əsasən sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının 10 iyul 1990-cı il 23 №li qərarına və sovxozun 135 №li 12 iyul 1990-cı il tarixli əmrinə əsasən İddiaçı ayrılmış torpaq sahəsinin ölçüb sərhədləri taxta nişangah qoyulmaqla iddiaçıya təvil verildiyi müəyyən edilmişdir. Məhkəmə cavabdehin etirazında göstərdiyi iddia predmeti ilə vətəndaşın idarəyə müraciət ərizəsinin məqsədinin fərqli olması barədə arqumentə dair münasibət bildirərək qeyd edir ki, iddiaçının sahibliyində olan torpaq sahəsinə dair hüquqlarının qeydə alınmasından öncə həmin torpaq sahəsi üzərində inşa edilən fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatına alınmasını inandırıcı hesab etməyərək etirazın əsassız olduğu qənaətindədir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən ortofotodan müəyyən edilir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin sovxozun ərazisi hüdudlarında mövcud olan digər şəxslərə ayrılmış qonşu torpaq sahələri ilə eyni səmtdə yerləşdiyindən imtinada qeyd olunan halların əsassız olduğu qənaətindədir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanlarla yanaşı məhkəmə həmçinin cavabdehin imtinasının aşağıda göstərilənlərə əsasən əsassız olduğunu hesab edir. Belə ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə 01 fevral 2008-ci il tarixli Qanununa əsasən «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilmişdir: «Bu Qanunun 9-cu maddəsinin müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmadığından iddia təmin edilməli, Abşeron rayon X5 İcraiyyə Komitəsinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və X4 Komitəsinin 23, xx.xx.1990-cı il tarixli) qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən ümumi sahəsi 0,03 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia təmin edilsin. Abşeron rayon X5 İcraiyyə Komitəsinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və X4 Komitəsinin 23, xx.xx.1990-cı il tarixli) qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən ümumi sahəsi 0,03 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar