Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3378/2022 21.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona güzəştli şərtlərlə əmək pensiyasının təyini və pensiyanın həmin pensiyanı almaq hüququ yarandığı tarixdən hesablanıb verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona yəni xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 57 yaşdan yəni, 25.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o xx.xx.1961-ci il təvəllüdlü olmaqla əmək kitabçası üzrə 01 avqust 1979-cu ildə əmək fəaliyyətinə başlamışdır və 01.01.2006-cı il tarixədək əmək kitabçasında qeyd edilən sosial sığorta stajının müddətləti 01.08.1979-cu ildən 01.10.1979-cu ilədək 2 ay, 02.10.1979-cu ildən 19.03.1980-ci ilədək 5 ay 17 gün, 1980-1982-ci illər hərbi xidmət dövrü 2 il, 10.07.1982-ci ildən-16.08.1982-ci ilədək 1 ay 6 gün, 01.09.1982-ci ildən 22.08.1983-cü ilədək 11 ay 21 gün, 02.09.1983-cü ildən 10.10.1994-cü ilədək 11 il 1 ay 8 gün, 20.12.1994-cü ildən 04.12.2001-ci ilədək 6 il 11 ay 14 gün, 10.12.2001-ci ildən 31.12.2005-ci ilədək 4 il 21 gün. Beləliklə 07 mart 2006-cı il tarixli “Əmək Pensiyaları haqqında” AR Qanunu qüvvəyə minənədək, yəni 31 dekabr 2005-ci ilədək onun sosial sığorta stajı 26 il 8 ay 21 gün təşkil edir. Lakin cavabdeh inzibati orqan onun 31.12.2005-ci ilədək olan sosial sığorta stajı üzrə müxtəlif vaxtlarda işə qəbul və işdən çıxarılma barədə qeyd etdikləri tarixlər onun, onlara təqdim etdiyi əmək kitabçası ilə uzlaşmır və həmin rəqəmlərin hardan götürülməsi bəlli deyildir. Hesab edir ki, cavabdehin ona güzəştli şərtlərlə pensiya təyinindən imtinası əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 08 oktyabr 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazında (mülahizəsi) göstərilmişdir ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsini və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, aşağıdakı hüquqi əsaslara görə icraatda olan 2-1(112)-11806/2021 nömrəli iş üzrə iddia tələbi rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək Pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaoiunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı tərəfindən cavabdeh quruma təqdim edilmiş sənədlərdən məlum olur ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az, yəni 24 il 11 ay 26 gün təşkil edir (14.04.1980- 15.04.1982-ci il, 01.09.1982-15.07.1983-cü il, 02.09.1983-10.10.1994-cü il, 20.12.1994- 04.12.2001-ci il, 10.12.2001-08.08.2002-ci il, və 09.08.2002-31.12.2005-ci il tarixləri arasındakı dövrlər). Bundan başqa, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41600,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 38975,24 manat təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əməkk pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün sayılmır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. İddiaçı-İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək, məhkəmədən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1961-ci ildə İsmayıllı rayonu, İsmayıllı kənində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı Dəniz Yolları məktəbi tərəfindən verilmiş 21.07.1983-cü il tarixli 68 №-li attestatın notarial qaydada təsdiq olunmuş surətindən və Azərbaycan Xəzər Dəniz X2 Cəmiyyəti Azərbaycan Dövlət Dəniz Akdemiyası Azərbaycan Dənizçilik Kolleci tərəfindən verilmiş 27.01.2021-ci il tarixli 21 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı oğl 01.09.1982-ci ildən 15.07.1983-cü ilədək əyani təhsil fomrasında 1-ci dərəcəli motorçu ixtisası üzrə bitirmiş və ona 68 №-li attestat verilmişdir. ИТ-İ ******* №li 01.10.1979-cu il tarixli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən, İddiaçı 02.10.1979-cu ildə İsmayıllı rayonu PMK-14-ə 2-ci (ikinci) dərəcəli dülgər-montajçı vəzifəsinə qəbul edilmişdir (Əmr № 772 k, 02.10.1979); 19.03.1980-ci ildə Azərbaycan SSR ƏQHM 29-cu maddəsinə əsasən hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq işdən azad edilmişdir (Əmr № 18-k k, 19.03.1980); 01.09.1982-ci ildə Bakı Dənizçilik məktəbinə Motorçu ixtisası üzrə kursant kimi qəbul edilmişdir (Əmr № 1 k, 01.09.1982); 29.08.1983-cü ildə məktəbi bitirdikdən sonra X3 gəmilərinə daimi işə verilmişdir (Əmr № 52 k, 31.08.1983); 02.09.1983-cü ildə Bakı Dənizçilik məktəbini bitirdikdən sonra nəqliyyat donanmasının üzmə heyətinə motorçu vəzifəsinə qəbul edilmişdir (Əmr № 153/y , 02.09.1983); 15.02.1990-cı ildə Donanmanın texniki xidmət bazasında 2-ci dərəcəli dülgər-gəmi təmirçisi vəzifəsinə keçirilmişdir (Əmr № 17 b, 15.02.1990); 01.05.1990-cı ildə eyni yerə 3cü dərəcəli dülgər-gəmi təmirçisi vəzifəsinə keçirilmişdir (Əmr № 38 b, 28.04.1990) 14.01.1991-ci ildə eyni yerə 4-cü dərəcəli dülgər-gəmi təmirçisi vəzifəsinə keçirilmişdir (Əmr № 6/b, 14.01.1991); 10.10.1994-cü ildə öz xahişi ilə vəzifəsindən azad edilmişdir (Əmr № 60/ok, 10.10.1994); 20.12.1994-cü ildə kənd əhalisinin tələbatını daha dolğun ödəmək məsələsinə müvəqqəti olaraq səyyar satıcı vəzifəsinə təyin olunmuşdur (Əmr № 121); 04.12.2001-ci ildə vəzifəsindən azad edilmişdir (Əmr № 76, 04.12.2001). Azərbaycan Xəzər Dəniz X2 Cəmiyyəti Dəniz Nəqliyyat Donanması tərəfindən verilmiş 17.01.2021-ci il tarixli AM03/02-62 saylı məktubda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən 02.09.1983-cü il tarixdən 14.02.1990-cı il tarixədək və 08.08.2002-ci ildən halhazıradək Azərbaycan Dövlət Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının- gəmilərində “motorçu” 15.02.1990-cı il tarixindən 10.10.1994-cü il tarixədək və 10.12.2001-ci il tarixdən 07.08.002-ci il tarixədək Donanmanın Texniki Xidmət Bazasında “çilingər” vəzifələrində işləmişdir. Onun işlədiyi "motorçu" vəzifəsi üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyat donanmasına aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı Gəmiçiliyin üzücü və sahil heyətində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı 30 il 02 ay 25 gün, ümumi iş stajı 39 il 11 ay 00 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007- ci il tarixli,12 №li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə və 11.6 bəndinin "a" yarımbəndinə həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21- iyun 1993-cü il tarixli, 320 N-li qərarı ilə təstiq edilmiş 2 №li siyahının XXYLLİ hissəsinin 3-cü bəndinin ( kod ********) 1-ci yarımbəndinə (kod ********) və XİV hissəsinin 3-cü bəndinin "a" yarımbəndinə (kod (********) və XİV hissəsinin 3-cü bəndinin "a" yarımbəndinə (kod2150300a - 18451) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.1998-ci il tarixli 154 №li Qərarına əsasən X7 Azərbaycan Dövlət X7 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 №li və 10.01.2014-cü il tarixli 213 №li sərəncamlarına əsasən Azərbaycan Dövlət X3 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X5 yenidən təşkili yolu ilə "Azərbaycan X7" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. Azərbaycan Mərkəzi Kooperativ İttifaqı “Azərittifaq” tərəfindən verilmiş 20.04.2021ci il tarixli 07 nömrəli arayışda qeyd olunmuşdur ki, İsmayıllı kənd sakini İddiaçı həqiqətən 20 dekabr 1994-cü il tarixdə (sərəncam № 121) İsmayıllı rayon Kooperativ Cəmiyyətinin tərkibində olan X6 Cəmiyyətinə səyyar-satıcı vəzifəsinə təyin olunmuş, 04 dekabr 2001-ci il tarixdə (sərəncam № 76) vəzifəsindən azad edilmişdir. Qeyd: 29 dekabr 2004-cü il tarixdə təsdiq olunmuş Nizamnaməyə uyğun İsmayıllı rayon Kooperativ Cəmiyyətinin adı dəyişdirilərək İsmayıllı rayon İstehsal- İstehlak Kooperativi adlandırılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsi tərəfindən verilmiş 05.04.2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, 1961-ci il təvəllüdlü İddiaçı 04.1980-ci il tarixdən 04.1982-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 15.04.1982-ci ildə SSRİ MN-nin 85 №-li 28.03.1982-ci il əmrinə əsasən SSRİ Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş 28.02.2022-ci il tarixli 26 №-li məktubda qeyd olunmuşdur ki, İsmayıllı rayon Kökəltmə birliyinin 1961- 1972-ci illərin sənədləri arxiv fonduna təhvil verilb. 1972-ci ildən sonra fəaliyyətinə xitam verilənədək sənədləri arxiv fonduna təhvil verilməyib.Ona görə də İddiaçı 1979-cu ildə Kökəltmə birliyində işləməsi, qazandığı əmək haqqı barədə müsbət cavab təqdim edə bilməmişlər. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş aşağıdakı: - 05.04.2021-ci il tarixli **********0 saylı imtina məktubunda qeyd olunmuşdur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə 1 oktyabr 1979cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında 20.12.1994-04.12.2001-ci il tarixləri arasındakı dövr ərzində İsmayıllı rayon "İstehlak cəmiyyətləri ittifaqında işlədiyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunaraq müvafiq arxiv sənədləri Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. - 13.09.2021-ci il tarixli **********77 saylı məktubda qeyd olunmuşdur ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan görünüdüyü kimi, onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 11 ay 26 gün), (14.04.1980- 15.04.1982-ci il, 01.09.1982-15.07.1983-cü il, 02.09.1983-10.10.1994-cü il, 20.12.1994- 04.12.2001-ci il, 10.12.2001-08.08.2002-ci il və 09.08.2002-31.12.2005-ci il arasındakı dövrlər)) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 41.600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38.975,24 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006cı il tarixədək mövcud olmalıdır. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla qanunla müəyyən olunmuş yaş həddinə (57 yaş) 25.12.2018-ci il tarixdə çatmışdır. İddiaçının ümumi iş stajı ilə bağlı cavabdeh inzibati orqan, arxiv arayışları ilə müəyyən edilmiş dövrü nəzərə almadığı üçün, onun 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajının tamamlanmadığına istinad etmişdir. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, həmin qeydlər qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam uyğundur (İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın günü, ayı və ili barədə qeydlər göstərilmiş, həmin qeydlər müvafiq əmrlərlə rəsmiləşdirilərək, müəssisənin rəhbəri tərəfindən imzalanmaqla, müəssisənin möhürü ilə təsdiqlənmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi, iddiaçının əmək kitabçasındakı qeydlər, arxiv arayşları, təhsil və hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: “Nəqliyyat” XXVİİİ fəsil (kod 23000000, fəsil); Dəniz və çay donanması- bölmə 3 (kod ********); 1) Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) (kod ********). Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bu zaman məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə hazırki halda iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması şərti nəzərdə tutulmamışdır Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İddia ərizəsindən və iş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 05 aprel 2021-ci il tarixli **********0 №li “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 2021-ci ilin fevral ayının 1-də (müraciəti 05 aprel 2021-ci il tarixli **********0 №li cavab məktubu ilə cavablandırılmışdır) müraciət etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni 25.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3378/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3378/2022
21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver