Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3379/2021 24.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 (hüquq şöbəsinin aparıcı mütəxəssisi, Bakı şəhəri, Günəşli qəsəbəsi, AB y/s, ev 129, mənzil 61 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik statusunun verilməsi və əlillik dərəcəsinin təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik statusunun verilməsi, əlillik dərəcəsinin və əlillik pensiyasının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya əlillik statusunun və əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xəstə olduğu üçün ona birinci dərəcəli əlillik təyin edilməlidir. Belə ki, ayaqları və əlləri işləmir, yalnız ev şəraitində müayinə və müalicə ola bilər, həm də parkinson və şəkər xəstəsidir. Öd kisəsindən və sağ gözündən əməliyyatlar olunmuşdur. Lakin cavabdeh orqan onu süründürür, elektron sistemdə qeyd olunan sənədləri silinib yoxa çıxarılmışdır. Bununla bağlı dəfələrlə müraciət etsə də, lakin artıq yorulmuşdur və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun ayaqları, əlləri işləyəsi deyil, əllərindəki əsmə tam keçməyəcəkdir, şəkər xəstəliyi isə sağalmayacaqdır. Əmək qabiliyyətsiz şəxsdir. Buna görə də ona imtina verilməsi əsassızdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı tərəfindən irəli sürülən tələblər qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. “Qayda”nın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Göndəriş adsızlaşdırıldığından və qiymətləndirmə şəxsin iştirakı olmadan aparıldığından onun kimə aid olması komissiyaya məlum olmur. “Qayda"nın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Balakən Rayon Mərkəzi Xəstəxanasının 0228003AAHMM saylı göndərişi 22.01.2020-ci il tarixdə şəxsin iştirakı olmadan təhlil olunarkən, “Göndərişin natamam doldurulması - Səbəb: Stasionar müalicə aldığı diaqnoz yaşına və əsas diaqnozuna uyğun deyildir” əsası ilə göndərişdə müvafiq qeyd aparılmaqla imtina verilmiş və bu barədə bildiriş altsistem vasitəsilə onu rəsmiləşdirənə geri göndərilmişdir. Balakən Rayon Mərkəzi Xəstəxanasının 0228003AAJAJ saylı göndərişi 22.12.2020-ci il tarixdə şəxsin iştirakı olmadan təhlil olunarkən, “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstəliyin başlanma tarixindən qısa müddət keçib. Qeyd edilən qısa müddətli stasionar müalicələr göndərişlərin tarixçəsində öz əksini tapmır. Ətraflı müayinə olunmayıb. İxtisaslaşmış Xəstəxanada ətraflı müayinə və müalicə məsləhətdir” əsası ilə göndərişdə müvafiq qeyd aparılmaqla imtina verilmiş və bu barədə bildiriş altsistem vasitəsilə onu rəsmiləşdirənə geri göndərilmişdir. Səhiyyə müəssisə tərəfindən daxil olan göndəriş natamam olduğu üçün sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi barədə qərar qəbul etmək mümkün deyil. Hazırkı işdə şəxsin qeyd edilən qısa müddətli stasionar müalicələr göndərişlərin tarixçəsində öz əksini tapmamış, ətraflı müayinə olunmamış, onun hüquqları Agentlik tərəfindən deyil, tibb müəssisəsi tərəfindən pozulmuşdur. Beləliklə də iddiaçıya sağlamlıq imkanlarının məhdudluğunun təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını və hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən Nümayəndə ünvanlanmış 29 noyabr 2020-ci il tarixli, **********5 saylı məktubdan görünür ki,İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə müraciətə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-cı il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0228003AAHMM nömrəli göndərişi əsasında 22.01.2020-cı il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. Belə ki, İddiaçı dair Balakən Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 0228003AAHMM nömrəli göndərişdə diaqnoz və ağırlaşmaları təsdiq edən instrumental müayinələr səthi qeyd edildiyi üçün əlillik təyinatının aparılması mümkün olmamışdır. Sonrakı dövrdə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə İddiaçı dair göndəriş daxil olmamışdır. Bununla əlaqədar İddiaçı səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə olunub, sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdirildikdən sonra əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəyi bildirilmişdir. İşdə olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş TSEK müayinələrinə dair Əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı barəsində Balakən Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 0228003AAHMM nömrəli göndəriş 22.01.2020-cı il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması – səbəb: stasionar müalicədə aldığı diaqnozun yaşına və əsas diaqnoza uyğun gəlmədiyi barədə barədə qərar qəbul edilərək, imtina edilmişdir. Balakən Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 0228003AAHMM nömrəli göndərişində İddiaçı əsas diaqnoz parkinson xəstəliyi, ağırlaşma aşağı ətrafın monoplegiyası, yanaşı xəstəliklər insulindən asılı olmayan şəkərli diabet, çıxsaylı ağırlaşmalarla tip İİ, vertebrobazilyar atretial sistem sindromu, serebrovaskulyar xəstəliklərin nəticələri diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.3-cü bəndinə əsasən əlilliyin və reablitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Beləliklə işdə olan sənədlərdən görünür ki, İddiaçı əlillik vəziyyəti Balakən Rayon Mərkəzi Xəstəxanasının 0228003AAHMM nömrəli Forma 88 arayışı əsasında qiymətləndirilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh tərəfindən 22.01.2020-ci il tarixdə qiymətləndirilmə aparılarkən, göndərişin natamam doldurulması – səbəb: stasionar müalicədə aldığı diaqnozun yaşına və əsas diaqnoza uyğun gəlmədiyi barədə qərar qəbul edilərək imtina edilmiş, bu barədə bildiriş altsistem vasitəsilə onu rəsmiləşdirənə geri göndərilmişdir. Göründüyü kimi cavabdeh öz səlahiyyətləri daxilində hərəkət edərək, səhiyyə müəssisə tərəfindən daxil olan göndəriş natamam olduğu üçün iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi barədə qərar qəbul etmək mümkün olmadığından TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla, yəni natamam doldurulmasının səbəblərini göstərməklə bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya geri göndərmişdir. Lakin bundan sonra həmin natamamlıq aradan qaldırılmamış, İddiaçı ətraflı müayinə olunub, sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməmişdir. Belə olan halda iddiaçının əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndirilməsi cavabdeh tərəfindən mümkün olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsinə əsas olmuş səhiyyə müəssisəsinin 0228003AAHMM nömrəli göndərişi natamam doldurulduğundan, bununla da iddiaçıya əlilliyin təyin edilməsinin qiymətləndirilməsi mümkün olmadığından, cavabdeh tərəfindən əlilliyin təyin edilməsindən imtina edilərək, göndərişin tamamlanması üçün onu rəsmiləşdirənə geri göndərilməsi əsaslı olmuşdur. İddiaçının tələbi əsassız olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3379/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3379/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver