Məhkəmə qərarları › İş №2-1(112)-3379/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3379/2022

21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3379/2022 21.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ərizənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, onun işdən azad edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin adına onun yazdığı ərizənin yazıldığı tarixdən etibarsız hesab edilməsi, həmin ərizə əsasında edilmiş qeydlərin ləğv edilməsi və onun işdən azad edilməsi barədə rəsmi sənədlərin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, cavabdehin tabeliyində X1 Quba rayon məşğulluq mərkəzindən işdən onun azad edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin adına yazdığı tarixsiz ərizəsi əsasında onu məşğulluq mərkəzindən işdən azad etmişdir. X11 Xidmətinin Quba rayon məşğulluq mərkəzindən işdən azad edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin adına yazdığı ərizəsi, vəzifəli şəxsin hədə təsiri altında məcburetmə ilə ona yazdırıldığından, yazıldığı andan etibarsız hesab edilməli, həmin ərizənin nəticələri aradan qaldırılmalıdır. O, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əsasında Nazirliyin tabeliyində X7 publik hüquqi şəxs yaradıldığı ana qədər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Quba rayon Məşğulluq Mərkəzinin aparıcı məsləhətçi vəzifəsində qulluq etmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020 -ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə X7 publik hüquqi şəxsə keçmişdir. Həmin Fərmandan irəli gələn tədbirlər çərçivəsində Quba rayon Məşğulluq Mərkəzinin əməkdaşları vəzifə üzrə öhdəliklərinin Dövlət Məşğulluq Xidmətindən yeni təsis olunmuş X3 keçməsi ilə bağlı keçid dövründə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onlayn qaydada (e-gov.az) Nazirliyin Quba məşğulluq mərkəzinin internet saytına 2 (iki) müxtəlif ərizə nümunələri göndərmişdir, biri əməkdaşın işdən azad edilməsinə dair, ikincisi isə işə qəbul edilməsinə dair. Nazirliyin Quba məşğulluq mərkəzinin direktoru Cəfərov Cəfər Nazirliyin adından əməkdaşlardan hər 2 (iki) ərizə nümunələrinə uyğun öz adlarından ərizələr yazaraq onun vasitəsi ilə nazirliyə təqdim edilməsini tələb etmişdir - birinci ərizə Quba rayon Məşğulluq Mərkəzindən işdən azad edilmələri barədə, ikinci ərizə isə X3 müvafiq işlə təmin olunmaları barədə. Həmin tələbin qanunsuz olduğunu C.Cəfərova bildirmiş və demişdir ki, işçilərin, əvvəlki təşkilatın bazasında yaradılmış yeni təşkilata vəzifəyə təyin edilmələri üçün işçilər ərizələr yazmalı deyillər, işçilərin yeni vəzifələrə təyin edilməsi üçün işəgötürən daxili əmr verməlidir. Həmin əsasla o, ərizələr yazmaqdan imtina etmişdir. Bundan sonra Cəfər Cəfərov onu öz otağına çağıraraq onun qarşısına, işdən könüllü azad edilməsi və işə qəbul edilməsi barədə 2 (iki) ərizə nümunəsi və digər 2 (iki) sənəd qoymuş, o da onları oxumuşdur. Sənədlərdən biri Cəfər Cəfərovun adından tərtib edilmiş tarixsiz və qeydiyyat kitabında qeydiyyatdan keçməmiş “Xidməti məruzə”, digəri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Fuad Musayevin adından imza edilmiş “İşə bərpa edilmə barədə” 27 avqust 2020-ci il tarixli, № **********9 nömrəli məktub idi. “Xidməti məruzə”-də Nazirliyin 20 noyabr 2019-cu il tarixli, **********8 nömrəli əmri ilə ona töhmət verilməsi, onun 2019-cu ilin sonundan “indiyədək” əmək fəaliyyətinin olmaması, yəni 30 dekabr 2019-cu il tarixdən 18 fevral 2020-ci il tarixədək əmək məzuniyyətinə çıxması, məzuniyyət dövründə 16 gün bülletendə olduğu üçün məzunuyyət müddətinin uzadıldığı və yalnız 10 mart 2020-ci il tarixdə işə çıxması, daha sonra da karantin zamanı onun yaşına görə işə çıxmaması, özünüməşğulluq proqramının icrası zamanı çoxlu vətəndaş şikayətləri yaratdığı üçün həmin proqramın icrasından uzaqlaşdırıldığı, fəaliyyətinin hiss olunmadığı və s. kimi hallar qeydə alınmışdır. 27 avqust 2020-ci il tarixli, № **********9 nömrəli məktubda, X1 09.07.2020-ci il tarixli daxili xidməti məruzəsinə əsasən onun işində yol verdiyi nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinə Nazirliyin 28.07.2020-ci il tarixli, **********2 nömrəli əmri ilə 29.07.2020-ci il tarixdə xitam verilməsi göstərilmişdir. O, həmin iki sənədi oxuduqdan sonra Nazirliyin 20 noyabr 2019-cu il tarixli, **********8 nömrəli əmri ilə ona verilmiş töhmətin, tənbehlə bağlı 6 (altı) ay müddət ötdüyündən töhmətin hüquqi qüvvəsinin olmadığını Cəfər Cəfərova bildirdikdə o, buna məhəl qoymadan ona öz şərtini elan etmişdir - “Ya sənə təqdim etdiyim işdən azad edilmək barədə və işə yenidən qəbul edilmək barədə ərizə nümunələrinə uyğun öz adından iki ərizə yazıb mənə təqdim edirsən, ya da ki cənab Fuad Musayevin məktubunda göstərildiyi kimi səni ləkələyib işdən azad edirik. Ərizələri yaz ki, səni yenidən işə bərpa edim”. Cəfər Cəfərovun, onun əmək stajını ləkələyəcəyi ilə onu hədələdiyindən o, C.Cəfərovun onun qarşısına qoyduğu işdən azad edilmək barədə və işə yenidən qəbul edilmək barədə ərizə nümunələrinə uyğun ərizələr yazaraq Cəfər Cəfərova təqdim etmişdir. C.Cəfərovun tələbi əsasında həmin ərizələrə tarixləri qeyd etməmişdir. Həmin tələb əsasında Dövlət Məşğulluq Xidmətinin Quba rayon məşğulluq mərkəzinin digər əməkdaşları kimi o da Quba rayon Məşğulluq Mərkəzindən işdən azad edilməsi və X3 müvafiq işlə təmin olunması barədə ərizələr yazaraq Quba məşğulluq mərkəzinin direktoru Cəfər Cəfərova təqdim etmişdir. Cavabdeh onun ərizələrinin iki fərqli nüsxədən ibarət olmasından onun əleyhinə istifadə edərək X11 Xidmətinin Quba rayon məşğulluq mərkəzindən işdən azad edilməsi barədə ərizəsi əsasında onu işdən azad etmiş, lakin X7 publik hüquqi şəxs tərəfindən onun işə qəbul edilməsi təmin edilməmişdir. Eyni hüquq pozuntusu üsulu ilə Quba rayon məşğulluq mərkəzinin digər əməkdaşları kimi “işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoru”-nda böyük məsləhətçi vəzifəsində qulluq keçən X6 da cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sıralarından kənarlaşdırılmışdır. Hazırki iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 iyul 2020-ci il tarixli, №**********2 nömrəli əmrinin surətindən göründüyü kimi həmin əmrə əsasən 29 iyul 2020-ci il tarixdən o, Quba rayon X8 məşğulluq tədbirləri sektorunda aparıcı məsləhətçi vəzifəsində işdən azad edilməklə əmək müqaviləsinə xitam verilmişdir. Eyni ilə həmin sektorun böyük məsləhətçisi X6 işdən azad edilməklə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin “X1 yerli orqanlarının işçilərinin kollektiv mükafatlandırılması haqqında” 29 iyul 2021-ci il tarixli əmrinin surətindən göründüyü kimi Agentliyin yerli orqanlarının işçilərinə vəzifə maaşının 100% miqdarında mükafatlandırma təyin edilmişdir. Həmin mükafatlandırılanlar sırasına o da daxil edilmişdir. Həmin fakt da onu təsdiq edir ki, onun işdən azad edilməsi barədə rəsmi sənədlərdə qeyd edilmiş 29 iyul 2021-ci il tarixində o, öz vəzifə qulluğunu həyata keçirirdi. Pozulmuş əmək hüquqlarının müdafiəsi üçün cavabdehə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 iyul 2020-ci il tarixli, №**********2 nömrəli əmri ilə “dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutduğu vəzifədən azad olunması barədə və yenidən struktur dəyişikliyi ilə əlaqədar işə qəbul barədə ərizələrini nəzərə alaraq, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə yeni yaranmış “X7”-də müvafiq işlə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, № 2-1(118)-652/2021 saylı qərarı ilə iddia ərizəsi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.07.2021-ci il tarixli, № 2-1(105)- 372/2021 saylı qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, № 2- 1(118)-652/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İnzibati məhkəmə mübahisəsi zamanı ona bəlli olmuşdur ki, onun işdən azad edilməsi ilə bağlı ona yazdırılmış tarixsiz ərizəsi 13 iyul 2020-ci il tarixli kimi qeydə alınmışdır. Həmin məhkəmə aktlarından göründüyü kimi, həmin iş üzrə onun mübahisələndirdiyi hallar, işdən azad edilməsi barədə onun yazdığı 13 iyul 2020-ci il tarixli ərizəsindən törənən hüquqlardır. Məhz həmin səbəbdən o, ilk növbədə həmin ərizənin etibarsızlığını və bundan sonra həmin ərizədən törənən əqdləri və qeydləri mübahisələndirməlidir. Onun işdən azad edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin adına yazdığı ərizəsi hədə təsiri altında məcburetmə ilə ona yazdırıldığından həmin ərizə yazıldığı gündən etibarsız hesab edilməli və həmin ərizəsi əsasında edilmiş qeydlər ləğv edilməli, verilmiş rəsmi sənədlər etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 izahatında bildirdi ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır. İddiaçı daha əvvəl Sumqayıt İnzibati Məhkəməsində Nazirliyə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 iyul 2020-ci il tarixli **********52 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutduğu vəzifədən azad olunmağı barədə əmrin ləğv edilməsi və yenidən struktur dəyişikliyi ilə əlaqədar işə qəbul barədə ərizələrini nəzərə alaraq, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə yeni yaranmış “X2” müvafiq işlə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 16.03.2021-ci il tarixli 2-1(118)-652/2021 nömrəli Qərarı ilə İddiaçı iddiası təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 05.07.2021-ci il tarixli 2-1(105)-372/2021 nömrəli Qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-652/2021 nömrəli qərarı qüvvədə saxlanılmışdır. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 05.07.2021-ci il tarixli 2- 1(105)-372/2021 nömrəli qərarından kassasiya şikayəti vermiş və Ali Məhkəmənin İnzibati Kollegiyasının 27.10.2021-ci il tarixli 2-1(102)-1983/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin Ali Məhkəmənin İnzibati Kollegiyasının 27.10.2021-ci il tarixli 2-1(102)-1983/2021 nömrəli qərarında göstərilmişdir ki, iddiaçı özü kassasiya şikayətində yazdığı və iş materialları ilə sübut olunduğu kimi tutduğu vəzifədən azad olunması barədə ərizə vermişdir. Bu səbəbdən həmin ərizə əsasında işdən azad olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 iyul 2020-ci il tarixli **********2 nömrəli əmrinin ləğv edilməsi mümkün deyil. Qərarda göstərilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan 28 iyul 2020-ci il tarixli əmr İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 28.07.2020-ci il tarixli ərizəsi əsasında qəbul edilmişdir. İddiaçı ərizəsinin etibarsız sayılmasını xahiş etmişdir, lakin işdən çıxmaq haqqında ərizə inzibati akt sayılmır və ayrılıqda mübahisələndirilə bilməz. Həmin ərizə əsasında qəbul edilmiş əmr inzibati aktdır və məhkəmə qərarı ilə həmin akta hüquqi münasibət bildirilmişdir. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinliyərək, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 iyul 2020-ci il tarixli **********2 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Quba rayon X8 məşğulluq tədbirləri sektorunda aparıcı məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı 29 iyul 2020-ci il tarixdən öz arzusu ilə tutduğu vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı işdən azad edilməsi barədə cavabdehə ünvanladığı ərizəni mübahisələndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göründüyü kimi, inzibati akt aşağıdakı əlamətlərlə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; - ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməli; - ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; - hakimiyyət tədbiri olmalıdır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Hazırda mübahisələndirilən ərizə qeyd olunan əlamətlərə malik deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, qeyd olunan ərizə inzibati akt hesab edilmir. Bundan başqa, iddia ərizəsində iddia tələbi konkret və aydın göstərilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya təklif edilməsinə baxmayaraq, konkret və aydın iddia tələbi məhkəməyə təqdim edilməmiş, aydın olmayan iddia tələbi dəqiqləşdirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (bənd 1.1). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (bənd 1.2). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (bənd 1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (bənd 1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (bənd 2.1). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (bənd 8.6). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (bənd 11). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (bənd 12). İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın (bənd 13). İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər (bənd 14.1). İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır (bənd 14.2). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1-ci bənd). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2-ci bənd). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3-cü bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar