Məhkəmə qərarları › İş №2-1(112)-3380/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3380/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3380/2020 31.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinə qarşı “pensiya məbləğinin düzgün hesablanması və yaranacaq fərqin ödənilməsi, dəymiş mənəvi ziyana görə təzminatın ödənilməsi” tələbinə dair işə məhkəmə hazırlıq icraatı mərhələsində məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “pensiya məbləğinin düzgün hesablanması və yaranacaq fərqin ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərinə əsasən öz yardım etmək vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən iddiaçıya 10 iyun 2020-ci il tarixli məktub ünvanlanaraq, ona iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçı tərəfindən məhkəmənin dəftərxanası vasitəsilə 14 iyul 2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim olunaraq ödənilməyən 1 ilin əlavəsinin ödənilməsi, hesablanmış əlavənin 2015-ci ildən başlayaraq beşillik faizlərin əlavə edilməsi, 1000 manat məbləğində vurulmuş mənəvi ziyana görə təzminatın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, iddiaçı tərəfindən məhkəməyə məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə ərizə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia tələbi üzrə iddiaçı ödənilməyən 1 ilin əlavəsinin ödənilməsi, hesablanmış əlavənin 2015-ci ildən başlayaraq beşillik faizlərin əlavə edilməsi, 1000 manat məbləğində vurulmuş mənəvi ziyana görə təzminatın ödənilməsi barədə olmaqla əsaslandırılmamış, həmçinin tələbin qeyri-müəyyən olduğu müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini, MPM-in 74.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinə qarşı “pensiya məbləğinin düzgün hesablanması və yaranacaq fərqin ödənilməsi, dəymiş mənəvi ziyana görə təzminatın ödənilməsi”tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar