Məhkəmə qərarları › İş №2-1(112)-3381/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3381/2022

11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3381/2022 11.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2224-cü məhəllədə yerləşən 0,14 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin layihəyə uyğun dövlət qeydiyyatına alınaraq, reyestrdən İddiaçı-nin adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2224-cü məhəllədə yerləşən 0,14 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyriyaşayış sahəsi İddiaçı-nin qanuni istifadəsindədir. Bakı şəhər İcra Hakimiyyətinin 10.08.1993-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2224-cü məhəllədə istehsalat bazası və ticarət kommersiya mərkəzinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. 2008-ci ildən torpağın daimi istifadəyə verilməsinə dair ayrıc aktı da verilmişdir. Daha sonra ticarət və iş mərkəzi layihələndirilərək, müvafiq qurumlardan razılıqlar və rəylər alındıqdan sonra inşa həyata keçirilmişdir. Layihə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır. Qeyri-yaşayış sahəsinə çıxarışın alınması üçün ərizə ilə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədlərlə müraciət edilmiş, lakin imtina məktubu ilə bildirilmişdir ki, istismara icazə sənədi və tikintiyə icazə sənədi idarəyə təqdim olunmamışdır. Halbuki, bütün sənədlər verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia ərizəsinə etirazla məhkəməyə müraciət edilərək, qeyd edilmişdir ki, torpaq sahəsi ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının 1512 nömrəli, 10.08.1993-cü il tarixli sərəncamında digər hüquqi şəxsin adı qeyd edilmiş və həmin hüquqi şəxs ilə İddiaçı arasında əlaqələndirici sənəd İdarəyə təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış binasına dair tikintiyə icazə, istismara icazə sənədləri və layihənin lisenziyası sənədlər toplusuna əlavə edilməmişdir. Qeyri-yaşayış binasının zirzəmisinə giriş-çıxış üçün əlavə torpaq sahəsi istifadə edilir. Həmçinin qeyri-yaşayış binasına dair təqdim olunan razılaşdırılmış eskiz layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1512 nömrəli, 10.08.1993-cü il tarixli sərəncamının surətindən görünür ki, "xxxx" layihə-istehsalat kiçik müəssisəsinə Nizami rayonu, Babək prospektinin 2224-cü məhəlləsində istehsalat bazası və ticarət kommersiya mərkəzinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır; Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq Şəhərsalma Baş İdarəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər şöbəsinə ünvanlanmış 17.02.2006-cı il tarixli 18/03- 8/876 saylı məktubundan görünür ki, "xxxx" MMC-nin daimi istifadəsində olmuş olmuş Nizami rayonu, Babək prospekti 2224-cü məhəllədə yerləşən 0,26 ha torpaq sahəsinin 0,14 hektarının daimi istifadə hüququnun başqa istifadəçiyə verilməsinə etiraz edilməmişdir; 21 fevral 2016-cı il tarixli “Torpaqdan daimi istifadə hüququnun alqı-satqısı müqaviləsi”nə əsasən, "xxxx" MMC ona məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2224-cü məhəllədə yerləşən 0,26 ha torpaq sahəsindən 0,14 ha torpaq sahəsinin daimi istifadə hüququnu İddiaçı-yə satmışdır; JN-1551 KOD 00900003 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı”na əsasən, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2224-cü məhəllədə yerləşən 0,14 ha torpaq sahəsinə daimi istifadə hüququ Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontorunun 21 fevral 2006-cı il tarixli 3M-110 saylı daimi istifadə hüququnun alqı-satqı müqaviləsi ilə İddiaçı-yə satılmışdır; Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq Şəhərsalma Baş İdarəsinin 18/04-178 nömrəli, 01.04.2008-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 10.08.1993-cü il tarixli, 1512 saylı sərəncamı və 9089 saylı inşaat pasportu əsasında hazırlanmış Nizami rayonu, Babək prospekti 2224-cü məhəllədə tikiləcək ticarət-iş mərkəzi binasının təqdim olunmuş eskiz layihəsi razılaşdırılmışdır; Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq Şəhərsalma Baş İdarəsinin 18/04-14 nömrəli, 21.01.2009-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 10.08.1993-cü il tarixli, 1512 saylı sərəncamı, 9089 saylı inşaat pasportu və 01.04.2008-ci il tarixli 18/04-178 saylı məktub əsasında əsasında hazırlanmış Nizami rayonu, Babək prospekti 2224-cü məhəllədə tikiləcək ticarət-iş mərkəzi binasının təqdim olunmuş işçi layihəsinin memarlı hissəsi razılaşdırılmışdır; Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq Şəhərsalma Baş İdarəsinin 02.03.2009-cu il tarixli 3776 nömrəli “Tikinti-quraşdırma işlərinin aparılmasına icazə”nin surətindən görünür ki, Bakı şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2224-cü məhəllədə ticarət-iş mərkəzi binasının tikintisini qeydiyyatdan keçirmiş və tikinti-quraşdırma işlərinin başlanılmasına icazə vermişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş imtina məktubunda göstərilmişdir ki, torpaq sahəsi ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının 1512 nömrəli, 10.08.1993-cü il tarixli sərəncamında digər hüquqi şəxsin adı qeyd edilmiş və həmin hüquqi şəxs ilə İddiaçı arasında əlaqələndirici sənəd İdarəyə təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış binasına dair tikintiyə icazə, istismara icazə sənədləri və layihənin lisenziyası sənədlər toplusuna əlavə edilməmişdir. Qeyri-yaşayış binasının zirzəmisinə giriş-çıxış üçün əlavə torpaq sahəsi istifadə edilir. Həmçinin qeyriyaşayış binasına dair təqdim olunan razılaşdırılmış eskiz layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” İş materiallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2224-cü məhəllə ünvanında yerləşən 0,14 ha torpaq sahəsinə daimi istifadə hüququ iddiaçıya məxsusdur. İddiaçı həmin torpaq sahəsində qeyri-yaşayış obyekti inşa etmişdir. İnşa edilmiş tikilinin layihəsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikintiyə icazə sənədi verilmişdir. Cavabdehin imtinasının dəlillərindən biri olan, torpaq sahəsinin ayrılması haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1512 nömrəli, 10.08.1993-cü il tarixli sərəncamında digər hüquqi şəxsin adının qeyd edilməsi ilə bağlı məhkəmə vurğulayır ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi, "xxxx" MMC ona məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2224-cü məhəllədə yerləşən 0,26 ha torpaq sahəsindən 0,14 ha torpaq sahəsinin daimi istifadə hüququnu İddiaçı-yə satmışdır. Bundan əlavə cavabdehin imtinasın tikintiyə icazə sənədinin olmaması bildirilsə də, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq Şəhərsalma Baş İdarəsinin 02.03.2009-cu il tarixli 3776 nömrəli “Tikinti-quraşdırma işlərinin aparılmasına icazə” sənədi iş materiallarına əlavə edilmişdir. Həmçinin, cavabdeh qeydiyyata alınması nəzərdə tutulan qeyri-yaşayış sahəsinin cizgisində qeyd olunan mövqeyi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun olmasını bildirməsinə baxmayaraq, buna dair hər hansı sübutun məhkəməyə təqdim edilməməsi səbəbindən cavabdehin bu dəlili əsassızdır. Məhkəmə cavabdeh orqanın imtinasının dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. Belə ki, hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində müəyyən olunmuşdur. İddiaçının sözügedən qeyri-yaşayış obyektinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün cavabdeh tərəfindən irəli sürülmüş etiraz dəlillərinin heç biri, həmin Qanunun 15-ci maddəsində müəyyən olunan əsaslara aid edilmir. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının inşa etdiyi qeyri-yaşayış obyektinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2224-cü məhəllə ünvanında yerləşən 0,14 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2224-cü məhəllə ünvanında yerləşən 0,14 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar