Məhkəmə qərarları › İş №2-1(112)-3383/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3383/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3383/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X2 qarşı “xx.xx.2008-ci il tarixdən xx.xx.2015-ci il tarixədək əmək pensiyasının ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pensiya hüququm yarandığı xx.xx.2008-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün əmək pensiyasının hesablanaraq mənə ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və ƏSMN-nin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat X2 həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə yaşa görə ömürlük (müddətsiz) əmək pensiyası təyin olunmuşdur. İddiaçı 11 dekabr 2008-ci il tarixdə ehtiyata buraxılmış və həmin tarixdən də yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Lakin iddiaçıdan asılı olmayan səbəblərə görə əmək pensiyası xx.xx.2018-ci il tarixdə təyin edilmişdir. Bu zaman iddiaçıya yalnız əvvəlki 3 illik müddət üçün (xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) alınmamış pensiya məbləği hesablanaraq ödənilmişdir. İddiaçı hesab edir ki, pensiya hüququ yarandığı xx.xx.2008-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün əmək pensiyası hesablanaraq ödənilməlidir. İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün alınmamış əmək pensiyasının hesablanaraq ona ödənilməsinə göstəriş verilməsi xahişi ilə etibarnamə üzrə nümayəndə vasitəsilə xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti bu günə qədər cavabsız və nəticəsiz qalmışdır. İddiaçı müraciətin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə əsassız və qanunsuz hesab edir.

3. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsinə əlavədə qeyd edilmişdir ki, aşağıda göstərilən səbəblər nəzərə alınaraq iddia təmin edilməlidir:

1. İddiaçının pensiya hüququ xx.xx.2008-ci il tarixdə (hərbi xidmətdən ehtiyata buraxılarkən) yaransa da, xidmət keçdiyim AR Müdafiə Nazirliyi uzun müddət mənə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə “məlumat vərəqi”nin göndərilməsindən yayınmışdır.” AR Müdafiə Nazirliyi imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının xdimət illəri pensiya təyin olunması üçün kifayət etmir.

2. Yalnız Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 661/2018 saylı qətnaməsilə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək AR Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətkeçmə faktı müəyyən olunduqdan sonra AR Müdafiə Nazirliyi tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün AR Əmək və ƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat X2 müvafiq məlumat vərəqəsi göndərilmiş və iddiaçıya xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı pensiya təyin edilməsilə əlaqədar 2018-ci ildə cavabdeh qurumda qəbulda olarkən bildirilmişdir ki, iddiaçıya əvvəlki müddət üçün, yəni xx.xx.2008-ci il tarixdən pensiya təyin olunan xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqi hesablanaraq ödəniləcəkdir. Bu yaxınlarda, yəni 2023-cü ilin sentyabr ayında iddiaçıya məlum olmuşdur ki, ona ödənilmiş pensiya fərqi yalnız axırıncı 3 ili, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddəti əhatə edir. Bu hal iddiaçıya məlum olduqdan sonra cavabdehə xx.xx.2023-cü il tarixə ərizə ilə müraciət edərək xx.xx.2008-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh iddiaçının ərizəsi cavabsız və nəticəsiz qoymuşdur. Bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda izah olunanlardan görünür ki, əvvəlki müddət üçün pensiyanın təyin olunmaması və əvvəlki müddət üçün pensiya məbləğinin alınmaması iddiaçının təqsiri nəticəsində deyil, məhz AR Müdafiə Nazirliyinin və cavabdehin təqsiei səbəbindən baş vermişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək, ona təyin edilmiş pensiyanın yalnız 3 il əvvəlki tarixə ödənilməsini əsassız hesab etdiyini və pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən pensiyasının ödənilməli olduğunu bildirmiş, cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-S-253691/2023 nömrəli məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. Cavabdeh hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Həmin Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Həmin Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə həmin qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Həmin Qanunun 32.1-1 -ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İşin faktiki hallarına əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən 24 il 6 ay 19 gün (təqvimi xidmət illəri 21 il 4 ay 10 gün, güzəştli xidmət illəri 3 il 2 ay 9 gün) xidmət müddətinə görə iddiaçıya Qanunun 20.14.1-ci maddəsi tətbiq edilməklə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və Qanunun 32.1-1 və 37.7-cı maddələri tətbiq edilməklə keçmiş 3 il müddət üçün yenidən hesablanmışdır. Həmçinin Azərbaycan Respublikası Alı Məhkəməsinin inzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli 3/2020 nömrəli qərardadında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1 -ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il tarixli və 14 oktyabr 2020-ci il tarixli qərarları Azərbaycan Respublikası Konstitusiyasının 38 və 60-cı maddələrinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işlərə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsində Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarına istinad etsə də, həmin qərarın məzmununu Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müraciət edilən zaman müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamış olması təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Göründüyü kimi, iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2015-ci il tarixədək əmək pensiyasının hesablanaraq ödənilməsini xahiş etsə də, belə xahişlə 2018-ci ildə, yəni qərardadda nəzərdə tutulan tarixdən sonra inzibati orqana müraciət etmişdir. Bununla yanaşı, iddiaçı pensiyanın yenidən hesablanması üçün 2017-ci il 1 iyul tarixədək aidiyyəti inzibati orqana müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 15734,16 manat fərq məbləği xx.xx.2018-31 03.2021-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Qeyd olunanlardan aydın olduğu kimi, cavabdehin imtinası qanunauyğun olmaqla iddia tələbi əsassızdır və təmin edilməməlidir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli Qətnaməsi ilə istefada olan kapitan İddiaçı 07 may 1992-ci il tarixdən 16 aprel 1994-cü il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmət keçməsi faktı müəyyən edildikdən sonra İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5-ci maddəsinə müvafiq olaraq yaşa (xidmət illərinə) görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bu səbəbdən də, İddiaçı yaşa (xidmət illərinə) görə əmək pensiyasının təyin olunması məqsədi ilə tərtib olunmuş MN-10325 nömrəli 02 aprel 2018-ci il tarixli “Məlumat vərəqi” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X2 göndərilmişdir.

6. Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin Sosial Təminat və pensiya şöbəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2017-ci il tarixli məktubda qeyd olunmuşdur ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə müvafiq olaraq, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: - 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; - 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; - 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; - 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çemobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. İddiaçının hərbi xidmət illəri təqvimlə -19 il 06 ay 25 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 03 il 02 ay 09 gün, ümumi xidmət illəri isə 22 il 09 ay 04 gün təşkil edir. Yuxarıda göstərilənlər nəzərə alınaraq bildirilir ki, təqvimlə hərbi xidmət illəri kifayət qədər təşkil etmədiyi üçün iddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququna malik deyilsiniz.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-661/2018 nömrəli Qətnamə ilə İddiaçı ərizəsi təmin edilmişdir. İddiaçı 07 may 1992-ci il tarixdən 16 aprel 1994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçməsi faktı müəyyən edilmişdir.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən Maliyyə və Büdcə İdarəsinin rəisinə ünvanlanan xx.xx.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, ərizəçi İddiaçı “zabit kimi xidmət keçməsi faktının müəyyən edilməsi tələbinə” dair Müdafiə Nazirliyinə daxil olmuş Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-661/2018 №-li iş üzrə qəbul etdiyi qətnamə baxılması göndərilmişdir.

9. Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan MN-10325 nömrəli Məlumat vərəqinə əsasən İddiaçı xx.xx.2008-ci il tarixdə tərxis olunmuşdur, təqvimi xidmət illəri 21 il 04 ay 10 gün, güzəştli xidmət illəri 03 il 02 ay 09 gün, cəmi: iş stajı və xidmət illəri 24 il 06 ay 19 gün təşkil edir.

10. İddiaçı məxsus 18/1329 nömrəli Pensiyanın uçot vərəqi iş materiallarına əlavə olunmuşdur.

11. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən Maliyyə və Büdcə İdarəsinin rəisinə ünvanlanan xx.xx.2012-ci il tarixli məktubda qeyd edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2 inz-(81)-63/2012 №-li qərardadı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı pensiyanın hesablanması tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardad xx.xx.2012-ci il tarixdə Müdafiə Nazirliyinə daxil olmuşdur.

12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2 inz-(81)-63/2012 nömrəli Qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş, iddia ərizəsi geri qaytarılmışdır.

13. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

15. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. X1 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

18. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);

19. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

20. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113);

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; (“Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək) 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli, 2/2020 nömrəli Qərardadı: - "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Əmək pensiyaları haqqında” Azerbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci İl tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli Qərarı: - Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməsinin səbəblərini (belə müraciətlərin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uğun olaraq qərar qəbul etməlidirlər. - İşlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə xx.xx.2018-ci il tarixdə yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə bağlı məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1- 1-ci maddəsinə uyğun ödənilir.

24. Məhkəmə ilk növbədə müəyyən edir ki, xx.xx.2008-ci il tarixdə pensiya hüququ yaranmış İddiaçı cavabdeh orqana əmək pensiyasının təyin olunması haqqında ilkin müraciəti xx.xx.2017-ci il tarixdə olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası xx.xx.2018-ci il tarixdən təyin edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad edilməklə ona əvvəlki 3 illik (xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) müddət üçün ödənilməmiş pensiya hesablanmışdır.

25. İddia ərizəsinin məzmunundan görünür ki, hazırda İddiaçı pensiya hüququ yarandığı xx.xx.2008-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün əmək pensiyasının yenidən hesablanaraq ödənilməsini tələb etmişdir.

26. Məhkəmə müəyyən edir ki, hazırki iş üzrə mübahisənin həlli üçün pensiya hüququnu əldə etmiş şəxsin (iddiaçının) pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqana (cavabdehə) müraciət etməməsinin səbəbləri araşdırılmalıdır.

27. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, əvvəlki müddət üçün pensiyanın təyin olunmaması və həmin dövr üçün pensiya ödənişinin alınmaması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının təqsiri səbəbindən baş vermişdir. Belə ki, 2017-ci il tarixə kimi məlumat vərəqinin cavabdeh orqana göndərilməsi ilə bağlı müraciət etməməsinin səbəbi xidmət illərinin bərpa edilməsi ilə bağlı məhkəmə qaydasında mübahisənin mövcud olması ilə bağlıdır.

28. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - İddiaçı 26 avqust 2011-ci tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə “əmək pensiyasının hesablanması üçün xidmət illərinin nəzərə alınması” tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2 inz-(81)-63/2012 nömrəli Qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-661/2018 nömrəli Qətnaməsi ilə İddiaçı ərizəsi təmin edilmiş, İddiaçı 07 may 1992-ci il tarixdən 16 aprel 1994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçməsi faktı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli Qətnaməsi ilə istefada olan kapitan İddiaçı 07 may 1992-ci il tarixdən 16 aprel 1994-cü il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmət keçməsi faktı müəyyən edildikdən sonra İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5-ci maddəsinə müvafiq olaraq yaşa (xidmət illərinə) görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bu səbəbdən də, İddiaçı yaşa (xidmət illərinə) görə əmək pensiyasının təyin olunması məqsədi ilə tərtib olunmuş MN-10325 nömrəli 02 aprel 2018-ci il tarixli “Məlumat vərəqi” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X2 göndərilmişdir.

29. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2012-ci il tarixdən (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2 inz-(81)-63/2012 nömrəli Qərardadı ilə iddia ərizəsi geri qaytarıldıqdan sonra) xx.xx.2017-ci il tarixədək (məlumat vərəqinin cavabdeh orqana göndərilməsi ilə bağlı ilkin müraciət tarixinədək) olan dövr ərzində əmək pensiyasının hesablanması üçün məlumat vərəqinin göndərilməsi və ya əmək pensiyasının təyin edilməsi ilə bağlı müvafiq aidiyyəti orqanlara müraciət etməməsinin onun iradəsindən asılı olmayan obyektiv və üzrlü səbəblərlə bağlı olmasını əks etdirən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verdiyi izahatında da iddiaçı qeyd edilən müddətdə müraciət etməməsinin səbəblərini hüquqlarını bilməməsi ilə əlaqələndirmişdir.

30. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının əmək pensiyası hüququ yarandığı xx.xx.2008-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün əmək pensiyasının ödənilməsi ilə bağlı “qanuni gözləntisi” yoxdur.

31. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar