Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3383/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndələri Nümayəndə2 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış pensiya məbləğinin fərqinin ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək hərbidə işləmiş X8 keçmiş müddət üçün hesablanmamış və alınmamış pensiya kapitalının arvadı İddiaçı təyin edilmiş əmək pensiyasının üzərinə yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya 29 noyabr 2021-ci il tarixindən 1 yanvar 2024-cü il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası hazırda 1139,79 manat məbləğində müəyyən edilmişdir. Lakin, mərhum ərinin pensiya kapitalına yığılan pul vəsaiti nəzərə alınıb hesablanaraq onun hesabına köçürülməmiş və pensiya məbləği düzgün hesablanmamışdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının ailə başçısını itirməyə görə təyin edilən əmək pensiyası hesablanarkən mərhum ərinin pensiya kapitalına yığılan pul vəsaitinə dair hesablamalar barədə məlumatlar inzibati aktda tamlıqla və dəqiqliklə nəzərə alınmamışdır. Baxmayaraq ki, iddiaçı pensiya təyini üçün tələb edilən sənədləri tamlıqla təqdim etmiş və pensiya kapitalının nəzərə alınması üçün dəfələrlə inzibati orqana müraciət etmişdir. Lakin cavabdehin 05 iyul 2024-cü il tarixli, 3- 17-1/2-İ-156295/2024 saylı cavab məktubundan göründüyü kimi, nəzərə alınmayan pensiya kapitalı nəzərə alınaraq hesablanmış olduğu bildirilərək imtinaedici inzibati akt qəbul edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçıya 29 noyabr 2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya cavabdeh tərəfindən Qanununun xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş 20.17.2-ci maddəsinə əsasən mərhum X4 müvafiq təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 1139,79 manat məbləğində müəyyən edilmişdir. İddiaçıya Mərkəzi Filial tərəfindən mərhum X4 müvafiq təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən istifadə olunmamış pensiya kapitalı nəzərə alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, həmçinin bildirdi ki, iddiaçının mərhum ərinin hesabında olan bütün pensiya kapitalı ona pensiya təyini zamanı nəzərə alınmamışdır. Belə ki, həmin kapital nəzərə alınsaydı iddiaçının pensiya məbləğ daha yüksək olmalı idi. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraza uyğun izahat verərək həmçinin bildirdi ki, iddiaçıya pensiya təyini zamanı X8 hesabında olan bütün pensiya kapitalı nəzərə alınıb. İddiaçı öz iddiasını əsaslandıra bilməmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. AZ-İİ seriyalı, 124481 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X5 20 noyabr 2020-ci il tarixdə ölmüşdür. İİİ-ЖГ seriyalı, 489551 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X5 ilə X3 arasında 22 avqust 1985-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlanandan sonra arvada Qədirova soyadı verilmişdir. Cavabdehin əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********9 nömrəli Qərarına əsasən iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsində əsasən ailə başçısını itirdiyinə görə 812,20 manat məbləğində pensiya təyin edilmişdir (Vəfat edən: X5; Cəmi təminat xərcliyi: 1015,25 manat; Pensiya faizi: 80; Pensiya müddəti: xx.xx.2021-xx.xx.2026). Cavabdehin Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-1-52216/2024 nömrəli Qərarına əsasən iddiaçının yenidən hesablanmış pensiya məbləği 1139,79 manat təşkil etmişdir. Cavabdehin məhkəmə sorğusuna 29 dekabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı Mərkəzi Filial tərəfindən 29 noyabr 2021ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşı X1 xidmət keçdiyi vəzifə üzrə təminat xərcliyinin (1015,25 manat) 80 faizi-812,20 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsin Mərkəzi Filiala əmək pensiyasının yenidən hesablanması ilə bağlı 12 iyun 2024-cü il tarixində müraciət etmişdir. X8 əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 84716,99 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. X8 tələb olunan sığorta stajı (61 il yaş - 15 yaş (əmək qabiliyyəti olmayan yaş dövrü)=46 il hər ilə münasibətdə x 4 ay=184 ay) 200-ə bölünməklə sığorta davamiyyəti əmsalı müəyyən edilir: 184 ay/200=0,92 Daha sonra sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,92x144=132,48) və pensiya sığorta kapitalı alınmış rəqəmə bölünərək əmək pensiyasının sığorta hissəsinin üzərinə əlavə olunur. Qeyd olunanları nəzərə alaraq, X8 fərdi hesabının sığorta hissəsində toplanmış pensiya sığorta kapitalı Sahibə Qafarovanın ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı tarixədək (xx.xx.2021-ci il) indeksləşdirilməklə 84716,99 manat təşkil etmişdir. Həmin məbləğ Qanunun 13.2-ci və 37.3.2-ci maddələrinin tələblərinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayına – 132,48-ə bölünərək (84716,99:132,48=639,47 manat) X8 əmək pensiyasının sığorta hissəsinin (235,31 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi xx.xx.2021-ci il tarixinə 874,78 (235,31+639,47) manat müəyyən olunmuşdur. Eyni zamanda, sözügedən Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsi 0 manat müəyyən edilmişdir. 1 yanvar 2022-ci il tarixindən Sahibə Qafarovanın əmək pensiyasının sığorta hissəsi 3,4% indeksləşdirilərək 904,52 (874,78+3,4 %) manat müəyyən edilmişdir. 1 yanvar 2022-ci il tarixindən 200,00 manat məbləğində maddi yardımın 12 aya nisbəti şəklində pensiyanın sığorta hissəsinə hər ay 16,67 manat əlavə edilərək 921,19 manat müəyyən edilmişdir. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və Qanunun 29.1-ci maddəsinin həmin tarixdən qüvvədə olan redaksiyasına əsasən ümumi pensiya məbləği 14,7 % indeksləşdirilməsi nəticəsində Sahibə Qafarovanın pensiyası 1056,61 manata artırılmışdır. 1 yanvar 2024-cü il tarixindən ümumi pensiya məbləğinin 11,2 % indeksləşdirilməsi nəticəsində adıçəkilən şəxsin əmək pensiyası 1174,95 (1056,61+11,2%) manat məbləğində müəyyən olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Cavabdehin 05 iyun 2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində X8 keçmiş müddət üçün hesablanmamış və alınmamış pensiya kapitalının arvadı İddiaçı təyin edilmiş əmək pensiyasının üzərinə yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azəbaycan Respublikası Qanununun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən sözügedən Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Qanunun 37.3.2- 1-ci maddəsinə əsasən həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında həmin Qanuna uyğun olaraq həyata keçirilir. Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə əsasən, “Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviriəsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. Qanunun 18.2-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği həmin Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Qanunun 18.3-cü maddəsinə əsasən, “vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Qanunun 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanması mexanizminə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. İşdən görünür ki, iddiaçı X8 keçmiş müddət üçün hesablanmamış və alınmamış pensiya kapitalının ona təyin edilmiş əmək pensiyasının üzərinə yenidən hesablanaraq ödənilməsini xahiş edir. Cavabdeh isə iddiaçıya Mərkəzi Filial tərəfindən mərhum X4 müvafiq təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən istifadə olunmamış pensiya kapitalının nəzərə alındığını əsas gətirərək imtina etmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından görünür ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mexanizmi əlilliyə görə əmək pensiyası təyin edilməsi mexanizminə uyğun aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum əri Eynulla Qədirov hərbi qulluqçu kimi 2001-ci tərxis olunmuş və ona ilə əmək pensiyası təyin edilmişdir. O, bundan sonra mülki işlərdə çalışmış və 2020-ci ildə vəfat etmişdir. İddiaçıya ailə başçısını itirməyə görə Eynulla Qədirovun sonuncu təminat xərcliyinin 80 faizi miqdarında pensiya təyin edilmişdir. Eyni zamanda Eynulla Qədirovun toplanmış 84716,99 manat sığorta kapitalı iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2021-ci il tarixinədək indeksləşdirilməklə gözlənilən pensiya ödənişi müddəti aylarının sayına, yəni 132,48-ə bölünərək (84716,99:132,48=639,47 manat) Eynulla Qədirovun əmək pensiyasının sığorta hissəsinin (235,31 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi xx.xx.2021-ci il tarixinə 874,78 (235,31+639,47) manat müəyyən olunmuşdur. İddiaçı ona pensiya təyin edilərkən Eynulla Qədirovun bütün sığorta kapitalının nəzərə alınmadığını qeyd etsə də, öz mövqeyini əsaslandıra bilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsində qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslərin əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablandığı üçün iddiaçı onun əmək pensiyasının düzgün hesablanmadığı qənaətinə gəlmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı X8 keçmiş müddət üçün hesablanmamış və alınmamış pensiya kapitalının ona təyin edilmiş əmək pensiyasının üzərinə yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-3383/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3383/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver