Məhkəmə qərarları › İş №2-1(112)-3384/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3384/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3384/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Alışanova (Məmmədzadə) Türkan Elşən qızının cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı "diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Hüseynova Sevinc Nizami qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Alışanova (Məmmədzadə) Türkan Elşən qızının cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı "diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi" iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Alışanova (Məmmədzadə) Türkan Elşən qızı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 29 iyul 2022-ci il tarixdə X2 Univeristeti tərəfindən iddiaçıya verilən НЕМ seriyalı, 000747 nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-2022-ci illərdə X2 Univeristetində “Biznesin idarə edilməsi" ixtisası üzrə əsas (baza ali) tibb təhsili almışdır. 29 iyul 2022-ci il tarixində ona verilən НЕМ seriyalı, 000747 nömrəli diplomu üzrə ixtisasın tanınması məqsədilə 18 avqust 2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Agentlik təhsili barədə hərtərəfli araşdırma aparmadan qısa bir zaman ərzində əldə etdiyi xarici ixtisasın tanınmasından 11 sentyabr 2023-cü il tarixində imtina etmişdir. Hesab edir ki, Agentlik tərəfindən qəbul edilən qərar qanunsuzdur. İmtina məktubunda göstərilir ki, ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Agentlik nəzərə almamışdır ki, onun təhsil aldığı dövrün yarısından çox bir hissəsi (2019/2020-ci, 2020/2021-ci və 2021/2022-ci tədris illəri) pandemiya dövrünə təsadüf etmişdir. Bu halda bütün dünya xüsusi karantin rejimi tətbiq etdiyi və dünya ölkələri təhsili distant əsaslarla tətbiq etdikləri bir dövrdə onun Gürcüstana getməyi mümkünsüz idi. Bununla da Agentliyin inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinin tələblərinin nəzərə almaması müəyyyən edilir. Belə ki, “İnzibati icraat haqqında" Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Agentlik imtina aktında heç cür normativ müddət anlayışına aydınlıq gətirmir və bu anlayışı izah etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na istinad edir. Halbuki cavabdeh 4-cü bənddə göstərilən standartların Gürcüstanda deyil, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil olunmasını nəzərə almamışdır. Gürcüstanda tədris Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi normativlərə uyğun deyil, yerli standartlara əsasən aparılır. Agentlik iddiaçını icraata cəlb etməmiş və bu səbəbdən də nəzərə almamışdır ki, o şəxsi həyatı ilk iki tədris ilində bəzi dərslərdə iştirak edə bilməmiş, məhz bu səbəbdən 8 semestr üçün nəzərdə tutulmuş təhsil proqramını 10 semestrə (4 il əvəzinə 5 il) başa vurmuşdur. Agentlik icraat apararkən hərtərəfli araşdırma aparmamış, əlavə sualların cavablandırılması üçün iddiaçını icraata cəlb etmək əvəzinə bütün hallarda şəxsi mülahizələr əsasında ona aydın olmayan detalları onun əleyhinə yozmaqla qanunsuz qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə ilkin cavabdehə göndərilmiş, iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair etirazda qeyd edilənlərə uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda bildirilmişdir ki, iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğu müəyyən edilmişdir: 2017/2018-ci tədris ili üzrə - 24 gün; 2018/2019cu tədris ili üzrə - 11 gün; 2019/2020-ci tədris ili üzrə -5 gün (İ semestr) (İİ semestr pandemiya dövrü); 2020/2021-ci tədris ili üzrə - getməyib (pandemiya dövrü); 2021/2022ci tədris ili üzrə - getməyib (pandemiya dövrü). təhsil müddəti 4 ildir. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir.Sonda iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - X2 Univeristeti tərəfindən 29 iyul 2022-ci il tarixdə verilmiş НЕМ seriyalı, 000747 nömrəli bakalavr diplomunun və ona əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı həmin Universiteti biznesin idarəedilməsi ixtisası üzrə əyani təhsil formasında oxuyub bitirmiş və ona bakalavr dərəcəsi verilmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli NA00016727 saylı qərarından görünür ki, iddiaçı sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. - İddiaçıya aid sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı 1-ci il 24 gün, 2-ci il 11 gün, 3-cü il 5 gün (İ semestr) (İİ semestr pandemiya dövrü) Gürcüstan Respublikasının ərazisində olmuşdur. 4-cü və 5-ci kurslar pandemiya dövrünə təsadüf etdiyindən getməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ...8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçıya X2 Univeristeti tərəfindən əyani təhsil formasında bakalavriat proqramını bitirdiyindən 29 iyul 2022-ci il tarixdə НЕМ seriyalı, 000747 nömrəli biznesin idarəedilməsi ixtisası üzrə bakalavr diplomu verilmiş, həmin diplom apostil olunmuşdur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət edərək, aldıgı diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən məsələnin həllindən imtina edilmişdir. İmtina isə onunla əsaslandırılmışdır ki, iddiaçı həmin təhsil müəssisəsinin tədris normativi üzrə tələb olunan müddətin qarşılığında ölkədə qısa müddətdə olmuş və bu müddət ərzində diploma əlavədə göstərilən tədris yükünü mənimsəməsi mümkün deyildir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə əyani formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Məhkəmə iddiaçının vəkilinin eyni ali təhsil müəssisəsini bitirmiş şəxslərin diplomlarının cavabdeh tərəfindən tanındıgından iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozulması barədə dəlillərinə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2762/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyinə uygun qeyd edir ki, “Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.” Məhkəmə hesab edir ki, hazırkı işin xüsusi halları baxımından iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyinə və buradan hərəkətlə Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunmadığına dair cavabdehin imtinası əsaslı hesab edilməlidir. Belə ki, iddiaçı 1-ci il 24 gün, 2-ci il 11 gün, 3-cü il 5 gün (İ semestr) (İİ semestr pandemiya dövrü) Gürcüstan Respublikasının ərazisində olmuşdur. 4-cü və 5-ci kurslar pandemiya dövrünə təsadüf etdiyindən getməmişdir. Məhkəmə nəzərə alır ki, pandemiya dövründə iddiaçının distant təhsil alması onun iradəsindən kənar xüsusi fövqəladə şəraitin diqtəsi ilə baglı olmuşdur. Lakin digər təhsil dövrü ilə baglı qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar təqdim olunmamışdır. İddiaçının əsas dəlili ondan ibarətdir ki, o, dörd il ərzində təhsil almış, mənimsəmə üzrə imtahanları yerinə yetirmiş, mütəmadi olaraq Gürcüstan Respublikasına gedibgəlmişdir, ona görə də iddiaçının dərs və imtahanlarda iştirakı yetərli hesab edilməlidir. Göstərilənlərə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin əyani formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq əyani və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə əyani təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin əyani formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış əyani formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin əyani formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. İddiaçı 1-ci il 24 gün, 2-ci il 11 gün, 3-cü il 5 gün (İ semestr) (İİ semestr pandemiya dövrü) Gürcüstan Respublikasının ərazisində olmuşdur. 4-cü və 5-ci kurslar pandemiya dövrünə təsadüf etdiyindən getməmişdir. Məhkəmə iddiaçının halında vəkilinin dəlillərinə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2762/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyinə uygun qeyd edir ki, xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricdə alınmış əyani bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin əyani formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını əyani formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının diplom üzrə ixtisasının tanınmasından imtina edilməsi işin hallarına, eləcə də qanunvericiliyə uyğun olduğundan imtina onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İddiaçının vəkili həmçinin qeyd etmişdir ki, onun diplomu və diploma əlavə apostil möhürü ilə təsdiq edilmişdir. Bu dəlili də əsassız hesab edən məhkəmə bildirir ki, iddiaçının diplomunun apostil möhürü ilə təsdiq edilməsi yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qismdə çıxış etdiyini təsdiq edir və bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru cavabdeh tərəfindən hər bir halda mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir ki, iş üzrə bu şərtə də əməl olunmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Alışanova (Məmmədzadə) Türkan Elşən qızının cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı "diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi" tələbinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar