Məhkəmə qərarları › İş №2-1(112)-3386/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3386/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3386/2024 10.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi idarə heyətinin xx.xx.2023-cü il tarixli qərarının İddiaçı aid hissədə ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz olaraq 2-ci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı bir müddət əlilliyə görə əmək pensiyası almış, lakin cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixdə 3-17-4/2-B-11299/2023 saylı məktubla iddiaçıya müraciət edərək onu xx.xx.2023cü il tarixində Agentliyə əyani müayinəyə dəvət etmiş, həmçinin adıçəkilən bildirişdə əyani müayinəyə gəlmədiyi halda iştirakı olmadan barəsində müvafiq inzibati aktın qəbul ediləcəyi qeyd edilmişdir. Cavabdeh orqan həmin bildirişi tərtib edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndinə istinad etmişdir. İddiaçı bildirişdə qeyd olunan tarixdə əyani müayinəyə getməmiş, bundan sonra cavabdeh orqan xx.xx.2023-ci il tarixli Qərar ilə iddiaçıya təyin edilmiş əlilliyin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Daha sonra cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli, 3-17-4/2-N- 21098/2023 saylı bildirişlə iddiaçıya müraciət edərək ona xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz 2-ci dərəcəli əlilliyinin ləğvi barədə qərar qəbul edildiyini bildirmişdir. Ləğvetmə barədə qərarın mətni ilə e-sosial portalından tanış olunması göstərilsə də, həmin qərar bu günə qədər şəxsi kabinetdə öz əksini tapmamışdır. İddiaçı, cavabdehin ləğvetmə barədə qərarı ilə yalnız Bakı İnzibati Məhkəməsinin hakimi G.Sevidmalıyevanın icraatında olan iş üzrə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının təqdim etdiyi sənədlər əsasında məlumatlı olmuşdur. Bu əsasdan iddiaçı heab edir ki, xx.xx.2023-cü il tarixli qərarının mübahisələndirilməsi üçün müddəti ötürməmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan onun əlillik qiymətləndirilməsini ləğv edərkən düzgün qənaətə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxs əyani müainəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində alt sistemə daxil edilir. Göründüyü kimi cavabdeh inzibati orqan ləğvetmə barədə bildirişdə və qərarda adıçəkilən normaya istinad etsə də, əlilliyin qiymətləndirilməsi qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların nədən ibarət olması, həmin sübutların kim tərəfindən təqdim edilməsi, eləcə də risk qrupu dedikdə bu qrupa kimlərin hansı meyar əsasında daxil edilməsini əsaslandırmamışdır. İş materiallarından göründüyü kimi xx.xx.2021-ci il tarixdə müddətsiz olaraq cavabdeh inzibati orqan tərəfindən əlillik təyin edilmişdir. Həmin əlillik təyin olunan zaman cavabdeh inzibati orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş bütün prosedurlara riayət olunmuşdur. Buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən hər hansı bir mötəbər və əsaslı sübut göstərilmədən qanunverciliklə ona verilmiş səlahiyyətindən sui-istifadə etməklə iddiaçının əlillik qiymətləndirilməsinin ləğvinə yönələn hərəkətlər etməsi əsassızdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həmin şəxslərin əyani müayinəyə cəlb olunması nəzərdə tutulmuş və müvafiq qaydada ünvanlarına dəvət məktubları göndərilmiş, müayinəyə gəlməyəcəkləri təqdirdə əlillik vəziyyətlərinin onların iştirakı olmadan qiymətləndiriləcəyi barədə məlumat verilmişdir. Bakı şəhər sakini xx.xx.1954-cü il təvəllüdlü İddiaçı dair tibb müəssisəsinin 2782003AAB6T nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir (ESDAS:**********9). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-B-11299/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilsin. Göstərilənlərə əsasən, iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iş materialları ilə mübahisələndirilən qərarın iddiaçıya təqdim edilməsi müəyyən olunmur. Belə ki, sözügedən qrarın iddiaçıya təqdim (elan) olunması barədə müvafiq sübutlar inzibati orqandan tələb edilsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının mübahisələndirilən qərardadan məhkəmənin digər inzibat iş üzrə məhkəmə icraatı gedişində xəbərdar olunmasına dair dəlillərini təkzib edən hal müəyyən olunmur. İddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materillarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı 16.06.023-cü il tarixdə, saat 11:40-da Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunmuşdur. Bildirişdə həmçinin iddiaçının əyani müayinəyə gəlmədiyi halda, iştirakı olmadan barəsində müvafiq inzibati aktın qəbul ediləcəyi qeyd edilmişdir. -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz, 2-ci dərəcə əlilliyin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən X6, ÜİX gərginlik stenokardiyası İİİ f.s xəstəliyi diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-30467/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş: -İddiaçı dair X12 çıxarışdan görünür ki, xx.xx.2012-ci il tarixdə müayinə edilərək “Ümumi Xəstəlik; X3 İX X10 Xəstəlikləri=>İ20-İ25-X9=>İ20-Stenokardiya (Döş İnağı) =>İ20.9-Dəqiqləşdirilmiş Stenokardiya; Diaqnozun Mətni: Ürəyin işemik xəstəliyi gərginlik stenokardiyası 2fs; Meyar: 2.3 üçüncü dərəcəli əlillik => Digər: X16 xəstəlikləri ilə əlaqədar 1 il müddətinə əlillik təyin edilmişdir. -İddiaçı dair X12 çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixdə müayinə edilərək “Ümumi Xəstəlik; X3 İX X10 Xəstəlikləri=>İ20-İ25-X9=>İ20-Stenokardiya (Döş İnağı) =>İ20.8- Tənifatı X6, Diaqnozun Mətni: Ürəyin işemik xəstəliyi gərginlik stenokardiyası fs3 Arterosklerotik kardioskleroz; Meyar: 2.2 ikinci dərəcəli əlillik => Digər: X16 xəstəlikləri. -İddiaçı dair X12 çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixdə müayinə edilərək “Ümumi Xəstəlik; X3 İX X10 Xəstəlikləri=>İ20-İ25-X9=>İ20-Stenokardiya (Döş İnağı) =>İ20.8- Tənifatı X6, Diaqnozun Mətni: Ürəyin işemik xəstəliyi gərginlik stenokardiyası fs İİİ Aortanın sklerozu. Hipertoniya xəstəliyi, ürəyin zədələnməsi ilə. Hipertonik ensefalopatiya. 2.2 ikinci dərəcəli əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meyilliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi. -İddiaçı dair X12 çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixdə müayinə edilərək 5 il müddətinə əlillik dərəcəsi müəyyən edilmişdir. “Ümumi Xəstəlik; X3 İX X10 Xəstəlikləri=>İ20-İ25-X9=>İ20-Stenokardiya (Döş İnağı) =>İ20.8- Tənifatı X6, Diaqnozun Mətni: Ürəyin işemik xəstəliyi gərginlik stenokardiyası fsİİİ Aortanın sklerozu. Hipertoniya xəstəliyi İİ mərhələ, ürəyin zədələnməsi ilə. Hipertonik ensefalopatiya. 2.2 ikinci dərəcəli əlillik => 2.2.3. Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meyilliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi. -İddiaçı dair X12 çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə müayinə edilərək müddətsiz olaraq əlillik dərəcəsi müəyyən edilmişdir. “Ümumi Xəstəlik; X3 İX X10 Xəstəlikləri=>İ20-İ25-X9=>İ20-Stenokardiya (Döş İnağı) =>İ20.8- Tənifatı: Qeyri-stabil stenokardiya. Diaqnozun Mətni: X6, ÜİX gərginlik stenokardiyası İİİ fs. 2.2 ikinci dərəcəli əlillik => 2.2.1.ürək qüsurları və y miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davmlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109, 111.0,113-113.2,120- 125,...) Sürətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meyilliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi. -İddiaçı dair X12 çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə müayinə edilərək, X3 İX X10 Xəstəlikləri=>İ20-İ25-X9=>İ20-Stenokardiya (Döş İnağı) =>İ20.0, Təsnifat: Qeyri-stabil stenokardiya. Diaqnozun Mətni: X6, ÜİX.Gərginlik Stenokardiyası İİİ f/s, səbəbi ilə” diaqnozu ilə qiymətləndirilmiş və “diaqnoz öz təsdiqini tapmadı barədə qərar qəbul edilmişdir” səbəbi ilə əlilliyin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. -İddiaçı ikinci dərəcə əlillik təyin edilməsi barədə qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların məhkəməyə təqdim edilməsi barədə sorğuya DTSERA-nın cavab xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “Əlillik təyinatı barədə qəbul edilmiş qərarların əsaslılığına şübhə yaradan halların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırması çərçivəsində “Ürək xəstəliklərinə dair şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Sözügedən vətəndaşın xx.xx.2021-ci il tarixli “Əlavə müalicəyə ehtiyacın olması” səbəbli imtina qərarının xx.xx.2022-ci il tarixində etibarsız edilərək əlillik təyinatının bərpası işinə elektron formada baxış keçirilən zaman bu təyinatla bağlı “Əlillik” altsisteminə daxil edilmiş, xx.xx.2022-ci il tarixli, **********9 nömrəli əyani müayinə aktında X15 (FİN: 40KWSG5) barədə məlumatlar aşkar olunmuşdur. Bununla da İddiaçı (FİN: xxxxxxx) əyani müayinədə iştirak etməməsi şübhəsi yarandığından vətəndaş xx.xx.2023-cü il tarixli, 3-17-4/2-B-11299/2023 nömrəli xəbərnaməli çağırış məktubu ilə xx.xx.2023-cü il tarixində Agentliyə dəvət olunmuşdur. Lakin cari tarixədək müraciəti qeydə alınmamışdır. Bundan irəli gələrək mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində barəsində xx.xx.2021-ci il tarixli əlillik təyinatı qərarı ləğv edilərək xx.xx.2023-cü il tarixində diaqnozun öz təsdiqini tapmaması qərarı qəbul edilmişdir. Məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli əyani müayinə aktında aşağıdakılar göstərilmişdir: “Biz, aşağıda imza edənlər bu aktı tərtib edirik ondan ötrü ki, əlilliyin qiymətləndirilməsindən narazı olan Qobustan rayon sakini X15 DTSERA-da əyani müayinədə olmuş, tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, Qobustan, Təkiə-Mirzəbaba K-Di. ünvanında qeydiyyatda olan X11 (Fin- 40KWSG5) vəziyyəti səhiyyə müəssisəsinin 2574003AAR7S nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “ əlavə müalicəyə ehtiyacın olması" barədə qərar verilmişdir. Ətraflı səbəb: “ 2012-ci ildən sonra xəstə bu günə qədər heç bir stasionar müalicə almamışdır. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür”. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Səhiyyə müəssisəsinin 2574003AAR7S nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında "əlavə müalicəyə ehtiyacın olması” barədə qərar düzgün verilmişdir. Lakin xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı X11 hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (F20.8 Şizofreniyanın digər tipi Senestopatik şizofreniya Şizofreniyaya bənzər, Şizofreniyaya bənzər pozuntu Ağırlaşma F50.0 Sinir anoreksiyası) diaqnoza uyğunluq təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.5. bəndinə əsasən İİİ (üçüncü) dərəcə 5 il müddətinə əlillik təyini qərarı verilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 3-17- 4/3-1-16381/2023 saylı, iyun 2023-cü il tarixli qərarının 1-ci bəndindən görünür ki, Bakı şəhər sakini xx.xx.1954-cü il təvəllüdlü İddiaçı (FİN:OYBTZAP) dair tibb müəssisəsinin 2782003AAB6T nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir (ESDAS:**********9). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-B- 11299/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarının ləğv edilməsi qərara alınmışdır. -Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Heyətinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3- 16348/2023 saylı Qərarında qeyd olunmuşdur ki, X8 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin və “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin tələblərinə uyğun olaraq 12 nəfərə dair xx.xx.2023-cü il tarixdə əyani müayinəyə cəlb olunması nəzərdə tutulmuşdur və müvafiq qaydada ünvanlarına sifarişli-xəbərnaməli dəvət məktubları göndərilmişdir, müayinəyə gəlməyəcəkləri təqdirdə əlillik vəziyyətlərinin onların iştirakı olmadan qiymətləndiriləcəyi barədə məlumat verilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşlardan 6 nəfərin əyani müayinəsini həyata keçirmiş, digər 6 nəfərin isə tibbiekspert sənədlərini araşdırılmışdır. Həmin vətəndaşlardan 1 nəfərin “əlilliy təyinatı barədə qərarı qüvvədə saxlanılması", 6 nəfərin “əlillik təyinatı barədə qüvvədə olan qərarının ləğv edilməsi”, 2 nəfər barəsində “Müalicənin davam etdirilməsi”, 3 nəfər barəsində “Tam reabilitasiya olması”na dair qərar qəbul edilmişdir, (siyahı əlavə olunur). Aparılmış inzibati icraatın nəticələrini və əyani müayinənin həyata keçirilməsi haqqında Tibbi-Sosial Ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 16045/2023 nömrəli qərarını nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 21, 62 və 67-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.2.4 və 4.5.18-ci yarımbəndlərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasfnın 3.7-ci bəndini rəhbər tutaraq X13 qərara alır:...4. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən 6 nəfərə dair tibbi-sosial ekspert komissiyalarının əlillik təyinatı barədə qüvvədə olan qərarları ləğv edilsin. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-SosialEkspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi Tibbi Sosial Ekspert komissiyası tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərarqəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2-ci maddəsinə əsasən, İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. -13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. -67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə materiallardan və işin araşdırılmış hallarından qeyd olunan qanunun 67.6-cı maddəsində maddələrində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə cavabdehin əlillik alt sisteminə daxil edilmiş 20 iyun 2022-ci il tarixli əyani müayinə aktında X15 barədə məlumatların aşkar olunması barədə dəlilinə münasibətdə qeyd edir ki, sözügedən məlumatların iddiaçı tərəfindən təqdim edilməsinə dair sübutlar cavabdeh tərəfindən təqdim edilmədiyindən, Qanunun 67.6.2-ci maddəsinin təsirinə düşmür. Belə olan halda məhkəmə hesab edir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadığı halda, cavabdeh qurum iddiaçını əyani müayinəyə cəlb etməkdə haqlı olmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin Qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.2-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında”Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə,qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsini rəhbər tutaraq hesab edir ki, cavabdeh qurum iddiaçıya əlilliyin təyin edilməsi barədə inzibati aktın qanunsuz olduğunu hesab etsə belə, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edə bilərdi. Əks təqdirdə, yəni əlilliyin təyin edilməsinə dair aktın ləğv olunmasını şərtləndirən, inzibati araşdırma tələb olunan hallar cavabdehə məlum olduğu vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra əlilliyinin ləğv edilməsi “İnzibati icraat haqqında” Qanunun 67.12- ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradır. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bilavasitə iddiaçının əlilliyinin ləğv olunmasına dair mövcud olan bütün sənədlərin sübutların məhkəməyə təqdim edildiyini bildirmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 2-1(102)-1685/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarında da oxşar mvqe əks etdirilmişdir. Belə ki istinad olunan Qərarın 44-cü bəndində qeyd edilmişdir ki, icraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. 45. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. 47. Kollegiya hesab edir ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Məhkəmə istinad olunan qərarda müəyyən edilən hallardan çıxış edərək qeyd edir ki, inzibati orqan əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olmasını müəyyən etmədən qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahib olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilərək Tibbi-Sosial EkspertKomissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16348/2023 nömrəli qərarı İddiaçı aid hissədə ləğv olunmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16348/2023 nömrəli qərarı İddiaçı aid hissədə ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar